Sabir Poeziya Günlərinin yaddaşı - Sərvaz Hüseynoğlu

 

Maraqlı və cazibədar prizma

Sözün doğrusu deməyin hünər işi olduğu bir dönəmdə cəmiyyətin hər cür zora qarşı duruş gətirməsinə yardımçı olan Mirzə Ələkbər Sabirin dünyaya göz açdığı qədim Şamaxı şəhərinə yola düşməzdən öncə bir qrup tanınmış ziyalı böyük şairin Bakıdakı heykəli önünə gələrək xatirəsini dərin ehtiramla yad etdilər. Ənənəvi Sabir Poeziya Günlərinin rəhbəri, tanınmış şair Əjdər Ol vurğuladı ki, Sabir prizmasından cəmiyyətə nəzər salmaq çox maraqlı və cazibədardı. Sabir bütün zamanlarda cəmiyyəti inkişafa, maariflənməyə dəvət edib. O, böyük hünərvər və hürriyyətçi şair kimi cəmiyyətdə gedən prosesi diqqətlə izləmiş, hər cür cəhalətə qarşı savaş meydanı açmaqdan çəkinməmişdi. Dünyagörüşünün genişliyi, Şərq dünyasını yaxşı tanıması onun ədəbi uğurlarının başlıca qaynağı olmuşdur...

Bu deyilənlər böyük şairin dünyaya göz açdığı Şamaxı şəhərində keçirilən tədbirlərin də başlıca mövzusu oldu.

Əvvəlcə Sabir Poeziya Günlərinin rəhbəri Əjdər Ol, eləcə də tanınmış şair və yazıçılar, mədəniyyət xadimləri, Şamaxı RİH-in və ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin əzəmətli heykəli önünə tər çiçək dəstələri qoyaraq ruhuna dualar oxudular.

Tədbir böyük şairin məzarı

başında davam etdirildi

Əjdər Ol və tanınmış bədii qiraət ustası Ağalar Bayram dahi satirikin şeirlərindən seçmələr səsləndirdilər, onun ədəbiyyatımızın inkişafındakı tarixi xidmətlərindən söz açdılar.

Tədbir iştirakçıları böyük satirikin ustadı, XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin məzarı önünə gələrək xatirəsini yad etdilər, şeirlərindən seçmələr səsləndirildi.

Sabir Poeziya Günləri çərçivəsində keçirilən tədbir Şamaxı şəhər Mədəniyyət Sarayında davam etdirildi.

Mərasimi Əjdər Ol açdı

Və öncə qeyd etdi ki, 1964-cü ildə xalq şairi Rəsul Rza və görkəmli ədəbiyyatşünas alim Məmməd Arif tərəfindən qoyulan Sabir Poeziya Günləri ənənəvi olaraq hər il yüksək səviyyədə keçirilir. Bayram ərəfəsində Azərbaycan Prezidenti böyük satirikin mənəvi övladları olan bir qurup şair və yazıçılarımızı yüksək fəxri adlarla təltif etdi. Bu, bir daha göstərir ki, dövlət səviyyəsində söz adamlarına yüksək diqqət göstərilir. Sabirin mənəvi övladları onun adına layiq şəkildə yazıb-yaradır, mədəniyyətimizin inkişafına yeni töhfələr verirlər.

Şəfaverici təbəssüm qaynağı

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Sabir poeziyasını bu fikir ucalığından dəyərləndirərək qeyd etdi ki, Sabir öz dəst-xətti olan, ədəbi məktəb yaratmış bir sənətkardı: "Onun yaradıcılığının öz xarakteri və tarixi missiyası var. Böyük sənətkar çox zəngin mədəni həyata sahiblik edən bir bölgədə dünyaya göz açmış, ilk növbədə maarifçi missiyasını mənimsəmişdir. Sabir hər şeydən əvvəl böyük vətənçi idi. Onun satira yaradıcılığı, tənqidi, əslində, millətə olan böyük sevgisindən qaynaqlanırdı. Bu satirika cəmiyyətin inkişafına xidmət edirdi. Bütün bunlar onun bir şair, vətəndaş kimi şəxsiyyətinin ucalığından irəli gəlirdi. Sabir əsl sənətkar kimi həyatın bütün sahələrinə nəzər salmağı bacarırdı. Onun poeziyası ilk növbədə yüksək əhval-ruhiyyə mənbəyidir. Sabir yaradıcılığı şəfaverici təbəssümü ilə yadda qalır. O, uşaq şeirlərində belə, böyük şair olaraq qalır. Sabir poeziyası hər kəsə yol göstərir, sözün doğrusunu deyir. Böyük şair sözlə gözəl işləyib. Dilimizin incəliklərini nümayiş etdirib, keşiyində durub. Bu baxımdan biz onu heç vaxt unutmur, onu bir nəğmə kimi səsləndiririk. Bu nəğmə ritmik və ahəngdardı. Sanki rəssam fırçası ilə çəkilmiş tablolardı.

Fərəhli haldır ki, ölkəmizin başçısı da, Birinci vitse-prezident Mehriban xanım da daim yaradıcı insanları diqqət mərkəzində saxlayır, onların əməyini yüksək qiymətləndirirlər. Bu, ilk növbədə, varislik ənənəsidir. Millətin, dövlətin ayaqda qalması üçün onun mədəniyyəti ayaq üstə durmalı, ayaqda olmalıdır".

Oxuyun və həyatınıza tətbiq edin

Rayon başçısı çıxışının sonunda Sabir irsinə yüksək diqqət göstərdiyinə görə Azərbaycan dövlətinə, Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin rəhbərliyinə şamaxılılar adından dərin minnətdarlığını bildirdi: "Biz Sabir kimi görkəmli sənətkarlarımızın irsini daim əziz tutmalıyıq. İlk növbədə sözüm gəncliyədi, Sabir yaradıcılığını oxuyun və onun xalq, millət naminə yaşamını həyatınıza daxil edin".

Mədəniyyətimizin bayram günü

Görkəmli şair Vaqif Bəhmənli tədbirdə çıxış edərək dedi: "Sabir Poeziya Günlərini 1972-ci ildən davamlı olaraq izləyirəm. Dəfələrlə iştirakçısı olmuşam. Sabir Poeziya günləri mədəni həyatımızda özünə vətəndaşlıq pasportu qazanmış bir törəndir. Sabir poeziyasının əbədiyaşar, humanist xarakteri və çağdaşlığı bu bayramın ənənəvi olaraq keçirilməsinin təminatçısıdır. Böyük şairin mövzuları aktual və əbədi mövzulardı. O, çox böyük həqiqətləri sənətin möhtəşəm dililə ifadə etməyi bacarıb. Zaman keçsə də, biz hələ də Sabir poeziyasının cazibəsinin təsiri altındayıq. Sabir erası, Sabir epoxası mədəniyyətimizin möcüzəsi, oyadıcı zəlzələsidi. Bu zəlzələ məhv etmir, kimsəyə xətər yetirmir, əksinə, yeni bir aləm, möcüzə yaradır".

Sabir ağrıya gülürdü

Tənqidçi Əsəd Cahangir bildirdi ki, Şamaxı torpağı bəşər mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Təbiətin gözəlliyi ilə düşüncə, duyğu gözəlliyi bu torpaqda bir aradadı. Sabir bu təbiətin və duyğunun yaratdığı möcüzədi. Azərbaycan satirası Sabirin şəxsində dünyanı fəth etdi. Onun satirası ağrı satirasıdı. Eyni zamanda bu kədər, ağrı optimist səciyyə daşıyır. Sabir ağrıya gülürdü. Sabirin varlığı, onun bənzərsiz poeziyası Azərbaycan ədəbiyyatının, cəmiyyətinin səbri, həm də səbirsizliyi idi... Sabir ən kəskin, satirik şeirində belə Allahla həsbi-halda, təmasda idi...".

Şairlərdən Qəşəm Nəcəfzadə, Adilə Nəzər, Vaqif Aslan, Sərvaz Hüseynoğlu, Tofiq Nurəli, İnqilab İsaq, Elman Səmədoğlu, İlham Qəhrəman, Fəxrəddin Əsəd, Sərdar Amin və Ağaxan Mazan şeirlərini oxudular.

Sabir satirasının ironiya çaları

Tanınmış qiraət ustası Ağalar Bayram böyük satirikin şeirlərindən seçmələr səsləndirdi.

Türkiyəli yazar Şərəf Yılmaz dedi: "Adıma Şərəf deyirlər, hesab edirəm, bu törənə qatıldığıma görə şərəfim bir az da artacaq... Sabir satirasının gücü onun ironiyasında, tərbiyəedici, oyadıcı mahiyyətindədi...".

Görkəmli şairin nəvəsi Sevda xanım ailələri adından tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirərək dedi: "Atam Sabirin ev-muzeyinin ilkin durumuyla təmir edilməsini çox istəyirdi. Şadam ki, onun arzusu yüksək səviyyədə gerçəkləşdi; Sabirin ev-muzeyi ilkin halıyla təmir edildi. Atamın bir arzusu da Bakı civarında Sabirin ev-muzeyinin açılması idi. Texnologiyanın imkanlarından istifadə edib babamın virtual muzeyini yaratdıq. Onun bütün dillərdə nəşr olunmuş kitablarını, arxiv sənədlərini bu muzeydə yerləşdirdik... Şadam ki, Sabir yaradıcılığı həmişəyaşardı, sevilə-sevilə oxunur və bu, gələcəkdə də belə olacaq".

Böyük şairin adı ilə bağlı Poeziya Bayramı mayın 31-də Rəşid Behbudov adına Mahnı Teatrında davam etdirildi. Tədbirin aparıcısı Əjdər Ol, xalq şairi Ramiz Rövşən, tənqidçi Əsəd Cahangir Sabir yaradıcılığının bədii-estetik və milli dəyərlərindən ətraflı söz açdılar. Bədii qiraət ustaları Ağalar Bayram və Azad Şükürov Sabir yaradıcılığından seçmələr səsləndirdilər, gənc xanəndələr onun qəzəllərini muğam üstə ifa etdilər.

Şairlərdən Tofiq Nurəli, Yusif Nəğməkar, Qəşəm Nəcəfzadə, Şərəf Yılmaz, İlham Qəhrəman və başqaları yeni şeirlərini oxudular.

M.Ə.Sabirin nəvəsi Sevda xanım bir daha babasının xatirəsini əziz tutanlara və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!