1
Başında dəri papaq, əynində dəri palto, əli əlcəksiz, ayağı ayaqqabısız Nəyəsək avtobusdan düşən kimi qaçıb girdi bazarın gur yerinə. Bir yandan qar, bir yandan soyuq, bir yandan da aclıq - yazığın dişi-dişinə dəyirdi. Birdən külək səmtini dəyişib, kababxananın bacasından çıxan tüstünü Nəyəsəkə tərəf burdu. Bayaq Nəyəsək dik atıldı - burnunu göyə tutub, yağlı, bozumtul havanı ciyərlərinə çəkdi:
- Oxxxayy... sənin ətini yeyim!- Birdən ağlı başına gəldi. - Niyə?! - Əlini cibinə salıb, bir 50 dollarlıq, bir də 50 manatlıq çıxarıb tutdu gözlərinə. - 25 manatın başına daş salmağa nə var. - Fikrə getdi. - Bəs arvad?! - Çox da fikirləşmədi. - Evə çatanda qaş-qabağımı sallayıb, bir-iki ağız da ah çəkərəm...
- Nə olub, ay kişi?!
- Soruşmasan yaxşıdır!
- Sevimli arvadından gizləyirsən?!
- Cibimə giriblər...
- Nəəə?!. - Bir az özünü cırıb-tökəndən sonra inanacaq.
Aclıq Nəyəsəki necə gic eləmişdisə, beş addımlıqda dayanıb, gözlərini onun pullarına zilləyən köhnə qonşusu cibgir Urğo Naçisi görməmişdi. Nəyəsəkin ona fikir vermədiyini bilən kimi, dalı-dalı çəkilib girdi kababxanaya. Bir qədər pəncərədən çölə, qar altında dayanmış dostuna baxdı. Sonra başını eşiyə çıxartdı - əlini ağzına qoyub bağırdı:
- Nəyəsəəəəəək!
Nəyəsək dik atıldı - ayaqları yerə dəyən kimi o yan-bu yana baxdı:
- Bu kimdi, görəsən?!
- Adə, bəri bax - kababxanaya!
Səs gələn səmtə çevriləndə Nəyəsəkin sevincdən qulaqları dik durdu:
- Urğooo! Xoş gördük! Xoş gördük! Neylirsən orda?!
- Nəyəsək, nə axmaq sual verirsən?!
- Sualın da axmağı olur?!
- Kababxanada neyləyərlər?!
- Deyirəm, yəni pulun var?
- Mənim cibimdə yoxdu, səninkində olsun!
- Yox-yox! - Nəyəsək büzüşdü, - nə danışırsan, mənim cibimdə heç qarışqa da şıllaq atmır.
- Ay Nəyəsək, siçanların Allahı məni haçan pulsuz qoyub ki?! Bəri gəl, boğazımızı yaşlayaq.
Nəyəsəkə də bu lazım idi - bayaq atılıb girdi kababxanaya:
- Oxqay! Nə yaxşı istidi! - İki dost qucaqlaşdı.
- Bu nə ətirdi vurmusan?! - Urğo onun çiyinlərindən tutub, özündən bir qədər araladı, sonra yenidən qucağına çəkdi. - Tapdım. Tapdım - pul iyi gəlir səndən!
- Yox-yox, pul nə gəzir məndə?! - Nəyəsək onu kənara itələdi. Nə özüm işləyirəm, nə arvadım. Bir yığın da havayı yeyən...
- Onlar kimdi?
- Uşaqları deyirəm.
- Sağlığına qulağım dincdi.
- Evlənməməkdə kişi işi görmüsən!
- Nə yeyəcəyik, Nəyəsək?
- Mə-ən?! Mən heç nə!
- Bayaq axmaq sual vermişdin, indi də axmaq cavab verdin.
- Niyə?
- Bəs kababxanaya oynamağa girmisən?
- Pulum nə gəzir?!
- Səni bura mən çağırmışam, pul mənlikdi!
- Çox sağ ol. Nələri var, görəsən?
Keçib stolun dalında əyləşən kimi Nəyəsək burnunu havaya tutub iylədi və əlini əlinə sürtdü:
- Ləzzət!
- Adə! - Urğo xörəkpaylayanı çağırdı. Oğlan qaçaraq gəldi. - Nə verəcəksən bizə?
- Yaxşı atmilçəyi basdırması var, keçməli deyil.
- Elə bu?!
- Çəyirtkə kababı, tarakan xaşı, soxulcan borşu, qarışqa yumurtası da gəlib, istəsəniz, tut qurusuyla qayğanaq verərəm sizə. Barmağınızın beşini də yalayarsınız.
- Adə, bizim yumurta yeyən vaxtımızdı?!
- Bəy, borcumdu sizə xörəklərimiz haqqında məlumat verim!
Urğo Nəyəsəkə tərəf çevrildi:
- Əziz dost, ürəyin nə istəyir?
- Mənə iki şiş çəyirtkə kababı - antrikot olsun.
- İki şiş çəyirtkə kababı - antrikot. - Xörəkpaylayan dəftərçəyə yazdı. - Bəs sizə? - Üzünü Urğoya tutdu.
- İki şiş də mənə antrikot, yarım kasa da soxulcan borşu. Nəyəsək, duru yeməyəcəksən?
- Mənimki kababdı.
- Göy-göyərti, pendir, çörək də öz qaydasıyla.
- Bəs içməyə?
- Mineralnı var?
- Təzə "Badamlı" gətirmişik.
- İki şüşə bəsimizdi. Amma sərin olsun.
- Yox, mənim badamcıqlarım otaq temperaturundan kənar heç nəyə dözmür. - Nəyəsək əlini boğazına sürtdü.
- "Badamlı"nın birini isit.
- Spirtli nə istəyirsiniz?
Urğo yenidən Nəyəsəkə baxdı:
- Əziz dost?
- İçki? Ruslar qədim Türk torpağı Krımı Ukraynanın əlindən alandan sonra, öz işğalçılığı şərəfinə araq buraxıb. Dayan-dayan, görüm, adını yadıma sala bilirəmmi?! - Nəyəsək xörəkpaylayanı köməyə çağırdı. - Bəlkə sən deyəsən?
- Nə?
- Ruslar təzə araq buraxıb ey, Krımı işğal eləyəndən sonra.
- "Dovşan sidiyi"ni deyirsiniz?
- Hə, hə!
- Bizdə çəkilən olmasın, ha! - Urğo xəbərdarlıq elədi.
- Birbaşa Moskvadan alırıq.
- Bacıoğlu, qəlyanaltını tez gətir. Acından qarnımız adam kimi fit çalır. - Urğo xörəkpaylayana göstəriş verib, əlini qoydu Nəyəsəkin çiyninə. - Maşallah, pis qalmamısan! Görünür, bəxtinə yaxşı arvad çıxıb.
- Arvadın yaxşısı olmaz!
- Bəs cavan görünməyinin sirri nədi?
- Özümə baxıram.
- O da böyük şeydi! - Urğo Naçis ah çəkdi. - Amma mən yazığın nə baxanım var, nə də özüm-özümə baxa bilirəm!
Xörəkpaylayan cəld yaxınlaşıb əlindəki məcməyini ortalığa qoydu.
- Adə, bu nədi? - Urğo hirsləndi. - Kərə yağı nəyimə lazımdı günün günorta çağı?! Hələ süzmə də gətirib!
- Bəy, nə istəyirsiniz, götürün, qalanını aparacam!
- Bir dənə kələm tutması, pendir, bir də göy-göyərti qalsın.
- İki diş də sarımsaq. - Nəyəsək dilləndi.
Xörəkpaylayan məcməyini götürdü:
- Nuş olsun!
Urğo əlini çörəyə uzatdı:
- Bismillah!
- Bismillah! - Nəyəsək də bir dilim çörək götürüb iylədi, o üz-bu üzünə çevirdi. - Yaxşı bişiriblər.
- Buyurun, - xörəkpaylayan yenidən qayıdıb, ortalığa dovşanın dal ayaqları üstə dayanmış vəziyyətini əks etdirən bir şüşə araq qoydu.
Urğo Naçis arağı əlinə alıb, başladı etiketini oxumağa:
- Birinci dəfədi görürəm! - Sonra hərəyə yüz-yüz süzdü. - Götür, görək. - Nəyəsək ağzındakı tikəni tələsik udub badəni qaldırdı. - Kimin sağlığına içək?
- Özümüzün desəm, bu, düzgün olmaz. - Nəyəsək dilləndi. - Çünki hələ nəfəsimiz gedib-gəlir, deməli sağıq. Bunu içək dünyada nə ki ac var, susuz var, onların sağlığına!
- Allaha and olsun, başın işləyir, Nəyəsək! - Urğo badəni boyu bərabəri qaldırdı.
Xörəkpaylayan kababları da gətirdi:
- Ayrı bir qulluq?
- Tez-tez gəlib başımızın üstünü kəsdirmə, qoy yediyimiz canımıza çıxsın. - Urğo onu acıladı.
Nəyəsək bir antrikot götürüb əvvəlcə iylədi, sonra da dişinə çəkdi:
- Həm əti təzədi, həm də həll bişib.
- Bura "Qəbələ" restoranlarından sonra birincidi.
Başladılar iştahla yeməyə.
- Nəyəsək.
- Hmmm...
- Deyirəm, bu dünyada varlılardan yazığı yoxdu!
Nəyəsək əlindəki tikəni boşqaba qoyub gözlərini zillədi Urğoya:
- Soruşmaq ayıb olmasın, bəs onda biz kimik?!
- Biz varlılardan xoşbəxtik!
Nəyəsək lap çaşıb qaldı:
- Ac adamın özünə təsəlli verməsindən hünər iş tanımıram!
- Mən deyim, sən eşit.
- De.
Urğo əlindəki tikəni qoydu boşqaba:
- Götürək özümüzü. Bax, elə bil bir cüt ac canavarıq, düşmüşük kababın üstünə!
- Hmmm...
- Səbəbini deyə bilərsən bu vəhşiliyimizin?
- Sənin bu haqsız iddialarına mat qalmışam! Haçandan acıb iştahla yemək vəhşilik hesab olunur?!
- Bax, atan oldu rəhmətlik, konkret dedin - acıb. Mən də onu deyirəm də, Nəyəsək. Yəni biz kasıblar acırıq. Bu yazıq varlılar aca bilmir axı! Ona görə də yemək xatirinə yeyirlər. Yəni candərdi. O yemək də təzə qana dönmək əvəzinə, dönüb olur qan təzyiqi, köklük azarı, şəkər xəstəliyi. Sən bilirsən şəkər xəstəliyi nədi?
- Mən bir "şəkər" tanıyıram, onunla da çay içirəm.
- Bu sənin xoşbəxtliyindi!
- Urğo, sən belə deyirsən, doğrudan da görürəm, dünyada varlılardan bədbəxti yoxdu! Gəl biz də kişilik eləyək!
- Necə?
- İçək onların sağlığına.
- Sözündən belə anlayıram ki, istəyirsən varlılar bir az da varlı olsun!
- Hələ bir yapış badədən. - Nəyəsək başını dik tutub, şax-şax ona baxdı. - Urğo!
- Can!
- İçək bu badələri aclığın nə olduğunu bilməyən varlıların sağlığına. Allah onları acdırsın!
Urğo sol əlini başı bərabəri qaldırdı:
- Tam səninlə razılaşa bilmərəm!
- Nəyi düz demədim?!
- Qulaq as, mən deyim, sən eşit - içək bu badələri varlılarn sağlığına...
- Mən erməninin xaçına söyürdüm?!
Urğo sol əlini açıb dikinə tutdu Nəyəsəkə tərəf, yəni "sakit ol". Nəyəsək də sol əlini üfüqi şəkildə açıb irəli uzatdı, yəni "buyur!".
- Nəyəsək, içək bu badələri varlıların sağlığına. Allah onlara ayda bir-iki dəfə də olmuş olsa aclıq qismət eləsin!
- Amin!
2
Nəyəsəklə Urğo Naçis, yəni Kəsəyənlə Oğru Siçan gecə yarıyacan yeyib-içdilər. Axırda hərəsi başını öz tərəfinə qoyub başladılar xoruldamağa. Xörəkpaylayan ha çağırdı, ha bağırdı, ha tutub onları silkələdi, ayılmadılar. Müdirin yanına qaçdı:
- Bəs bunların yeyib-içdiyinin xərcini kimdən alacam?!
- Gedək görək hansının cibində nə var.
Əvvəlcə Uğro Naçisin cibini eşələdilər - bir dənə çolaq qarışqa tapdılar.
- Bunun xasiyyəti onun-bunun hesabına yeyib-içmək olar. Pul nə gəzir bunda?!
Xörəkpaylayan Nəyəsəkin yan cibindən əlli manatı tapıb çıxardı.
- Çatar?! - Müdir soruşdu.
- Çatmağına çatar, bəs mənim hörmətim?! - Xörəkpaylayan narazılıq elədi.
- O biri ciblərinə də bax.
Yan cibindən isə uzun bir siyahı çıxdı. Xörəkpaylayan diqqətlə höccələməyə başladı:
- 23 iyul 2015-ci il. Bazarlıq siyahısı. Almalıyam - 7 dənə tarakan, 7 dənə arpa, 3 soxulcan, 1 ədəd çəyirtkə...
- Dayan, dayan, hesab dərsi keçmə bizə. Döş cibinə bax!
Xörəkpaylayan 50 dolları çıxardıb uzatdı müdirə.
- Mənə niyə?! Xırdala, 2 manat zəhmət haqqını götür, qalanını da qoy yerinə.
- Bunlar elə burda da qalsın? - Xörəkpaylayan soruşdu.
- Yox, Nəyəsəki aparaq ataq zirzəmiyə, Urğo davakarın biridi, ayılanda özünü burda görməsə, bizimlə savaşar.
Müdir başından, xörəkpaylayan ayağından yapışıb Nəyəsəki götürdü.
- Pah atonnan! Arıq tarakana oxşayır, amma ağırlığına bax! - Müdir dilləndi.
- Səhərdən daşıyıb tökürəm bunların qarnına - 2 dənə "Dovşan sidiyi", 12 andrikot, 4 "Badamlı", 4 atmilçəyi basdırması...
- Yaxşı ki, partlamayıblar! - Müdir xörəkpaylayanı qoymadı sonacan fikrini desin.
3
Kababxana müdiriylə xörəkpaylayan yenidən salona qayıtdılar.
- Mən getdim, - Müdir paltosunu əyninə geydi. - Sən də otaqları sil-süpür, stol-stulu səliqəyə sal, get bu gecə evində dincəl!
- Burda qalmayım?
- Mətbəxin, bufetin ağzını yaxşı-yaxşı bağla, get. Gecən xeyrə qalsın! - Müdir qapıdan çıxdı.
- Xeyrə qarşı!
Xörəkpaylayan verilən tapşırıqları yerinə yetirib gödəkçəsini əyninə taxdı. Kababxananın qapısını daldan bağlayıb düşdü zirzəmiyə.
- Nəyəsək, yazığım gəlir sənə, gecə soyuq dəyər, xəstələnərsən, gəl min qucağıma! - Bayaq Nəyəsəki qollarının arasına aldı - sürüyə-sürüyə salona qaldırıb aparıb qoydu Urğo Naçislə üz-üzə. - Qoy görüm pulların yerindədi? - Yavaşca əlini saldı Nəyəsəkin döş cibinə, pulları çıxarıb başladı yenidən saymağa. - Dostum, yuxudan ayılıb, axtarıb pullarını tapmasan, Urğodan yapışarsan. Amma bundan sonra yaxşı-yaxşı yadında saxla - yeyib-içəndə yoldaşını tanı! Mən yazıq bir xörəkpaylayanam. Əlimdən dua eləməkdən başqa bir şey gəlmir - Gecən xeyrə qalsın, yuxun şirin olsun, Nəyəsək! - Xörəkpaylayan kababxananın qapısını bağlayıb, fitləyə-fitləyə avtobus dayanacağına tərəf getdi.
4
Yarım saat sonra kababxana müdiri qayıdıb gəldi. Qapını açıb ayağını içəri qoyan kimi tələsə-tələsə gedib girdi zirzəmiyə. Nəyəsəki yerində tapmayanda gözləri bərələ qaldı:
- Ayılıb gedib bu?! - Tez atılıb yuxarı qalxdı. - Bıy! - O yan-bu yana baxıb, yavaşca yaxınlaşıb əlini saldı Nəyəsəkin döş cibinə. - Qoy görüm pulların yerindədi?! - Baho!... cibin boşdu ki?! - Müdir Nəyəsəkin ayaqqabısını belə soyundurub içinə baxdı. - Həəə... quldur oğlu, quldur! - Xörəkpaylayanın ünvanına bir-iki də pis söz deyib kababxanadan çıxdı! - Sabah səni işdən qovmaq mənə borc olsun! Bir ay deyil gəldiyi üçüncü dəfədir müştərini soyur.
5
Dünyanın bicliyini bilən Nəyəsək bir şeyi başa düşmədi ki, varlıların sağlığına içmək hələm-hələm kasıba xeyir gətirməz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!