Modernizm - Tarixi-fəlsəfi planda “anlayış”ın tədqiqi - Espen Hovardsxolm

Son iki min il ərzində Avropa estetikasında “təqlid” sözü hakim mövqe daşıyır. Guya incəsənətin yeganə vəzifəsi təbiəti təsvir etmək, yamsılamaq və ya Per Laqerkvistin təbiriycə desək - təbiətin şəklini çəkməkdən ibarətdir. “Təqlid” məfhumu Aristoteldən gəlmədir. Baxmayaraq ki, “təqlid” Avropada renessans dövrünü yaşadı, ən nüfuzlu ədəbi məktəb olan klassizm mərhələsində yenidən formalaşdı,  XIX əsrin ikinci yarısında naturalizmin estetik nəzəriyyəsinin ayrıca bir qolunda özünün son ifadəsini tapmış oldu. Müasir incəsənət haqqında gedən söhbətlərdə bu məfhum demək olar ki, artıq işlədilmir.

Müasir dövrdə bu prinsip yazıçının imkanlarını xeyli məhdudlaşdırır. Steyn Mexren yazır:-“Naturalistlər dünyanı deyil, onun surətini təsvir ediblər”. Beləliklə o, təkcə gerçəkliyin surətini təsvir edən “yaradıcılar” barədə düşünmür (halbuki, indi fotoaparat vasitəsi ilə qat-qat az səy sərf edib, təbiətin şəklini olduğu kimi əldə etmək mümkündür), o, yaradıcı adamın roluna başqa bir aspektdən baxır: həmişə gördüyümüz şeylərin şəklini çəkib bizə göstərmək istəyən incəsənətin mahiyyəti varmı? Platon bu nəzəriyyəni məntiqi sonluğa çatdırır. Şəxsi bədii qərəzliyinə baxmayaraq o, nəticə etibarı ilə “təqlid” incəsənətini tam inkar edir. Gerçəyin surətini təsvir etməyi ideyalar dünyası və “bayağılıq” adlandırır.  Məgər bu qəbildən olan incəsənət insanı inandırmaq gücünə malik ola bilər? Baxmayaraq ki, o zaman yunan heykəltəraşlığı özünün çiçəklənmə dövrünü yaşayırdı, Platon bu suala  mənfi cavab verir.

Bu gün biz gerçəkliyi əks etdirən elə bir incəsənətlə üz-üzə dayanmışıq ki, bu kimi nəzəriyyələrin tələblərini qətiyyətlə  rədd edərək,  ona tamam başqa aspektdən baxır. Müasir yaradıcılıqda baş verən dəyişikliyi görən incəsənət nümayəndələri bundan yaxşı söz tapmayıb, onu “yeniləşmə” (“modernizm”) adlandırıblar. İfadə kimi bunu qənaətbəxş hesab etmək olmaz, çünki bu sözdən “qadın şlyapasının rayihəsi və keçən ilki qəzetlərin” iyi gəlir. (Yorqen Sonne)

Bu məqalənin məqsədi “modernizm” ifadəsi özündə nəyi əks etdirdiyini və bu anlayışın mahiyyətini müəyyənləşdirməkdir.

Bu başdan qeyd etmək lazımdır ki, modernizm yeni  anlayış deyil.  Onun prinsipindən çıxış edib demək olar ki, modernizm heç bir zaman, heç bir ölkədə, heç bir sənətkar tərəfindən yaradılmayıb. İmpressionistlər ilk əsərlərini yaradandan yüz il sonra, hamı dərk etdi ki, müasir incəsənətdə gerçəkliyi təsvir etmək üçün Qərb mədəniyyətində illərlə dominantlıq edən “izmlərə” baş əymək lazım deyilmiş. Müasir incəsənət gerçəkliyi dərk etməyin daha uyğun, uyarlı yollarının tapılmasını tələb edir. Bu səbəbdən, nə üçün  modernizm bəzi adamların nifrət obyektinə çevrilir? Axı onların gətirdikləri səbəblərin heç bir əsası yoxdur. Bu adamlar dünyanı dərk etməyin ilkin təsəvvüründən ona görə bərk-bərk tutub qalıblar ki, onlar yeni incəsənətin əsas mahiyyətini tam dərk edə bilmirlər. Onlar yeni nə yaranarsa, ağına-bozuna baxmadan, məsələnin mahiyyətinə varmadan “yox!” deyəcəklər. İki min il bundan əvvəl yaşamış Aristotelin ətəyindən sallanıb qalacaqlar. Erlinq Kristi yazır: “Poeziya reallığı imitasiya etmək, onu yamsılamaq və ya təhlil etmək demək deyil. Elə poeziyanın özü böyük dərəcədə reallıqdır. Onun mahiyyətində insanların gözü önündən adilik pərdəsini kənarlaşdırmaqla, onlara demək istədiyini, lakin ifadə edə bilmədiyini təqdim etmək, onun “müdafiə mexanizmini” işə salmaq qüdrəti durur. Yeni poeziyanın köməkliyi ilə bizim şüurumuz həqiqi  gerçəkliyə qovuşmuş olur. Yaxşı əsər - oxucunun şüurunda partlayış yaradan katalizatordur”. Bu sözlər təkcə poeziyaya aid deyil, bütövlükdə modernizmin estetikasını ehtiva edir. Təəssüf ki, bu cür aydın deyilmiş fikir çay dəsgahından sonra kürsüyə yayxanaraq xumarlanan gözlə televizora baxan hörmətli burjuyları, eləcə də əsrlərdən qalan estetik ənənələrin mumyalanmış qanunlarının əsarətindən azad olmağa cəhd göstərməyi belə ağlına gətirməyən, özlərinin “müdafiə mexanizmini” işə salmağa ərinən yaradıcıları narahat etmir. Cənablar, zəhmət olmazsa, modenizmə nifrət edərkən, hərdən güzgüdə gözucu da olsa öz sir-sifətinizə diqqətlə baxın. Əminəm ki, bu zaman ürəyiniz bulanacaq...

İndi məni dinləyin, sizə bir-iki kəlmə modernizmdən söyləyim.

Modernizm ənənəsi nə deməkdir? Hər şeydən əvvəl o, Avropa mədəniyyət tarixini kifayət qədər dərindən təhlil etmək qabiliyyətinə malik olan, özünə məxsus ənənəvi düşüncə tərzidir. Bu ənənənin miqyası təkcə birinci dünya müharibəsinin başlanması dövrünü deyil, ən azı lirika və rəngkarlıq sənətində özünü göstərərək keçən əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu ənənənin dərin kökləri digər yaradıcılıq sahələrinə də öz təsirini göstərib. 1913-cü ildə Per Laqerkvist özünün “Söz sənəti və təsviri incəsənət” adlı diqqətəlayiq essesində yazır: “...Bu inkar edilməz həqiqətdir ki, müasir incəsənətin ən böyük uğurlarından biri, onun ibtidai sənətlə öz əlaqəsini yaratmasıdır. Gün kimi aydındır, bədii yaradıcılıq cəhdinə mədəniyyətin uğuru kimi deyil, insanın ayrılmaz tərkib hissəsi olan mənəvi tələbat kimi baxmaq lazımdır. İlkin mərhələdə o, özünü bütünlüklə əvvəlki qarşısıalınmaz güc şəklində göstərir.  Əsl ilkinliyə baş vurmaq istəyində olan, təmiz zahiri, xəyali görkəmi dağıtmağa çalışan  müasir sənətkar üçün ilkin sənətin  məhz bu forması böyük maraq doğurmalıdır”...

İndi gəlin, “ənənə” anlayışıyla,  müasir modernist sənət arasındakı fərqi arayaq.

Hər şeydən əvvəl deyim ki, “sənətdə proqres”dən söhbət gedə bilməz. Tamamilə yanlış anlayışdır. Bu qeyri mütəxəssislərin mövzusudur. Şübhəli ifadəni nə vaxtsa Avropanın ruhani dünyası uydurub və bunun incəsənətlə heç bir əlaqəsi yoxdur. Məhz modernizmin estetikasında gerçəkliyin dərk edilməsinə yeni baxışdan söhbət gedir. Oxşarlıq prinsipinə əsaslanan sənət əsərinə artıq öz imkanlarını itirmiş, dünyagörüşümüzə heç bir yenilik gətirməyən, illüziyalarla dolu, xəyali, nəhayət ölü surət kimi müəyyən edilir (Bəlkə də o, başqa bir mədəniyyət kontekstində yaşaya bilər, lakin hal-hazırda elə bir sahə mövcud deyil).

Reallıq bundan ibarətdir ki, sənətdə ağırlıq mərkəzinin yeri dəyişib; mərkəz xaricdən daxilə keçib. Sənətkarın vəzifəsi mövcud gerçəkliyi təsvir etmək, onun surətini köçürməkdən ibarət deyil. Sənət adamı özünün bədii təxəyyülündən çıxış edərək, təmiz subyektiv sənət əsəri yaratmalıdır.

Bu,  Orteqi Qasetanın düşündüyü kimi “insanlıqdan uzaqlaşmaq” demək deyil. Lakin sənət əsəri “ifrat insanlıqdan” - eynilikdən, standartlaşmadan, “yaxşı” hadisələrdən, idilliyadan, cəfəngiyatdan, lazımsız xəyalpərəstlikdən uzaqlaşmalıdır. Müasir incəsənətin qüdrətli nümayəndələri olan  Edvard Munk və Vinsenta Van Qoqdan tutmuş, Pol  Kley və Asqer Yorna qədər sənətkarlar öz yaradıcılıqlarında şərti elementlərlə yanaşı, “insani” formalardan da material kimi istifadə etmişlər. Modernist - sənətkarlar gerçəkliyə dəyişməz forma kimi baxmırlar. Onlar üçün dünyanın rəng qammaları yaradıcı düşüncədə hisdən-pasdan təmizləndikdən sonra  mövcuddur. Bundan sonra improvizasiya və fantaziya  əsərdə dilin dəqiqliyi və  fikrin toplanması üçün şərait yaradır. Bu qənaət bizi üçüncü  maddəyə-modernizmin estetikası haqqında mübahisələrin son mərhələsinə gətirir. Müasir incəsənət oxucunun və tamaşaçının yaradıcılıq prosesində böyük dərəcədə iştirakına şərait yaradır. Maks Frişin son yaradıcılığından çıxış edərək məsələyə nöqtə qoymağın vaxtıdır.  O yazır: “Bir əhvalat haqqında çox danışanda, sual işarələrinin sayı da çoxalır ...”, odur ki, qətiyyətlə demək olar;  modernizm müasir bədii yaradıcılıqda yeniləşməni tələb edir.

 

Tərcümə edən:
Zakir ABBAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!