Şəcərə... - Kənan Hacı - Hekayə - Kənan HACI

Kənan HACI

Gecə küləyi yağışın qəzəbini bir az da artırırdı. Yağış küləyə müqavimət göstərdikcə külək əsəbindən ağacları köklü-köməcli yerindən qoparıb hirsini-hikkəsini soyutmaq istəyirdi. Göy, sanki canındakı bütün suları yerə töküb yüngülləşmək istəyirdi. Adam bilmirdi özünü küləkdən qorusun, yoxsa bir daldanacaq tapıb yağışdan xilas olsun. Kirpiklərindən su damcılayırdı, şəhərin kimsəsiz, qaranlıq küçələrində addımladıqca neçə dəfə gölməçəyə düşmüşdü. İndi yeridikcə ayaqları yaş çəkmənin içində fırçıldayırdı. Alt paltarlarına qədər islanmışdı. Getdikcə yerimək çətinləşir, su dizlərinə çatırdı. Soyuğa birtəhər dözmək olardı, amma sel küləkqarışıq sinəsindən basıb geri itələyirdi, külək yağışı ovuclayıb üzünə çırpırdı; bədəni suya müqavimət göstərməkdə aciz idi.

Əvvəlcə yerişini itirdi, sonra huşunu. Ayılanda gözünə qaranlıqdan başqa heç nə dəymədi. Hövlnak yerindən qalxıb gözlərini ovuşdurdu, mətbəxə keçib pəncərədən şəhərə baxdı. Yağış hələ də yağırdı...

Kamil qeyri-ixtiyari əlini üst-başına çəkdi, gecə paltarında olduğunu, islanıb eləmədiyini görüb toxtadı. Gecənin zülmətində leysana düşmüş kimsəsiz adama yazığı gəldi.

***

Gölün ətrafında ot adam boyu qalxmışdı. Razyananın ətri-rayihəsi aləmi başına götürmüşdü. Ətrafda ins-cins gözə dəymirdi. Nənəbaba gölün kənarında tək-tənha oturub ayaqlarını uzatmışdı, əlindəki uzun çubuğu gölün dibinə batırıb çıxarırdı, çubuğun ucundakı gili yara tökmüş ayaqlarına sürtürdü. Ala inəyi də ətrafda veyil-veyil dolaşır, belinə qonan milçəkləri quyruğuyla qovurdu. Qonşu Ağoppanın sözü olmasın, Nənəbabaya inək etibar eləmək olardı? Qarşısına çıxana deyirdi ki, inəyimi satıram. Soruşanda ki, ay Neneboba, neçəyə diyirsən bunu? Dişlərini ağardıb cavab verirdi: Onca manata. Bir dəfə kəmfürsətin biri Nənəbabanın ağıldankəmliyindən istifadə edib on manatını verib inəyin ağzını öz evlərinə tərəf çöndərmişdi. Nənəsi bundan xəbər tutunca tumanını başına atıb onca manata süd verən inəyə sahib çıxan avaranın qapısının ağzını kəsdirmişdi:

- Ay igid ölmüş! Görmürsən bunun başı xarabdır? Yetimdar arvadam, evi o inəklə dolandırıram, uşağı hərifləyib başını aldatmısan. Tez ol, qaytar inəyi!

- Ay Bibixanım nənə, nolub, nöş əl qatmısan özüvə? Əşi, nəvənlə zarafat eləmişəm də. Mən bəgəm bilmirəm ki, on manata inək olmaz? Götür apar,  tövlənin ağzına hörükləmişəm.

Bu da avaranın dediyi söz.

- Gördü hənək, görmədi gerçək buna deyiblər e. Cüvəllağı gör necə özünü temizə çıxarır?

Nənə söylənə-söylənə tövləyə tərəf götürüldü. Qıvraq nənəydi, çox vaxt örüşə elə özü gedirdi, həyət-bacada kişi işlərinin də hamısını görürdü. Nənə-nəvə kartof əkməklə, bir də inəyin südüylə dolanırdılar. Arada olurdu ki, xörək bişirəndə, yorğan sırıyanda, pal-paltar yuyanda zavallı inəyi Nənəbabaya etibar edirdi. Nənəbaba bir gün evin çörək gətirəni olan bu zəhmətkeş inəyi fələyin qəminə verəcəkdi. Verdi də!

Nənəbaba başını qaldırıb ala inəyin otladığı səmtə baxdı və ilan vurmuş kimi dik atıldı; inək gözə görünmürdü. Əlindəki çubuğu yerə atıb gah o tərəfə, gah bu tərəfə qaçdı. Gölün qulaq güyüldədən dərin sükutu onu üşürgələndirdi. Başmaqlarını da gölün kənarında unudub evə sarı götürüldü. Bibixanım nənə nəvəsini inəksiz görəndə düşündü ki, yəqin, bu ipləmə yenə inəyi beş-on manata kiməsə satıb.

- A bala, bəs inək hanı? - deyə soruşdu.

Nənəbaba ayağının kirini-palçığını təmizləmədən keçib peçin dibindəki döşəyin üstünə sərələndi.

- Cəhənnəm olsun e inək. Mən nə bilim hanı.

- Daş sənin olan günüvə! Yenə kimə satmısan inəyi? Sənün mənə xeyrün deymədi, bala. Bütün günü çooyursan çöllükdə.

Bibixanım nənə hələ çox qarğış tökəcəkdi, birdən gözü nəvəsinin ayaqlarına sataşdı, əvvəlcə duruxdu, sonra yaxınlaşıb diqqətlə baxdı. Nənəbabanın ayaqlarında yara-xoradan əsər-əlamət qalmamışdı. Arvadın heyrətdən gözləri alacalandı.

- Ay bala, ayaqların tamam sağalıb ki?

Nənəbaba key-key ayaqlarına baxdı, bilmədi nə desin. Qəfildən hırıldamağa başladı:

- Nənə, inək oralardadı e, qorxma. Özü gəlib çıxacaq. Əyağlarım düzəldi e, görürsən?

Bibixanım nənə əlini nəvəsinin çubuq kimi nazik ayaqlarına sürtdükcə gördüklərinə inanmaq istəyirdi. Möcüzə baş vermişdi, uşağın yaralardan düyün-düyün olmuş ayaqları şümal idi, əlini sürtürdün, əlin sürüşürdü.

- Bu nə möcüzədir, ya Pərvərdigara?! Sənə inanmayana lənət!

- Nənə, ayaqlarımı göl sağaltdı.

Bibixanım nənə bir şey anlamadı, nəvəsinin dediklərini onun ağıldankəmliyinə yozdu. Amma Nənəbaba deyəndə ki, göldən çıxan gili ayaqlarına sürtüb, nənəni fikir götürdü. İnəyi büsbütün unutdu. Sən demə, göldən çıxan gildə şəfa varmış. Başqa necə ola bilərdi? Uşağın ayaqlarında yaraların izi belə qalmamışdı.

Bibixanım nənənin bu əhvalatı çəpər qonşusu Zibaya danışmağıyla xəbərin kəndə yayılmağı bir oldu. Kənd camaatı tökülüşüb gəldi. Bibixanım nənənin həyəti adamla dolu idi, Nənəbabanın ayaqlarına baxıb heyrətdən içlərini çəkirdilər. İnanan da vardı, şəkk edən də.

Tezliklə inəyi unutdular. Göl şəfa ocağına çevrildi. Qəsəbənin icra nümayəndəliyi gölün ətrafını ot-ələfdən təmizlədi. Gölə gedən yolda maşınlar cığır saldı. Danışırdılar ki, gölün sahilinə qoltuq ağaclarıyla gələn adam elə ordaca bu qoltuq ağaclarını ataraq öz ayaqlarıyla gedib maşına oturmuşdu. Axın-axın adamlar gəlib gölün dibindən çıxan gili bədənlərinə sürtürdülər. Göl çəpərə alınmış, ora nümayəndə təyin olunmuşdu, ziyarətə gələnlər gölün kənarında quraşdırılmış qutuya pul atırdılar.

Bir gecə Nənəbaba yatıb yuxusunda gördü ki, itmiş inəyi göldə çapalayır, o da heç cür inəyini xilas edə bilmir. Nə qədər çığırıb köməyə adam çağırsa da, hayına yetən yox idi. Səsi batınca qışqırdı və hövlnak yuxudan ayıldı. Bədəni büsbütün tər içində idi. Səhər nənəsinə dedi ki, inəyimiz göldə batıb. Bibixanım nənə bu sözləri qulaqardına vurdu, həyətə düşüb samovara od salmağa başladı.

- Nənə, inəyimiz göldə batıb! - Nənəbaba bu sözləri o qədər hikkəylə dedi ki, boynunun yoğun damarları çıxdı.

Bibixanım nənə köksünü ötürüb yenə bir söz demədi.

- İnanmırsan, heç inanma, - nəvə səhər yeməyini yemədən pencəyini çiyninə atıb həyətdən çıxdı.

Nənə əllərini önlüyünə silib pilləkənin başında oturdu. Nəvəsi üçün Allaha dua elədi, içini çəkib hıçqırdı. Uşaq ana südüylə dil açar, ata çörəyilə böyüyər, bu yetim nə ana südündən daddı, nə ata çörəyi gördü. Valideynləri o doğulan ilin bir yay gecəsi qonşu kənddəki toydan qayıdanda maşın qəzasında ömürlərini dünyaya təzəcə gətirdikləri bu körpəyə bağışladılar. Nənə fikirləşirdi ki, bu gün-sabah qırağını qatlasa, bu gədə əllərdə qalacaq. Zirək uşaq da döyül ki, birtəhər başını girləyə bilsin. Dimdiyi suya çatandan nənəsinin səsini, nəfəsini tutub iməkləyib. Nənəbaba dünyanı nənəsinin səsindən tanıyıb. Dünya onun gözündə nənəsinin səsinin çatdığı yerə qədər idi. Nənəsi onu haylayanda inək də diksinib qulağını şəkləyirdi.   

Xoruz sübhün alatoranında boğazını irəli uzadıb bir-iki ağız banlayandan sonra lovğalıqla özünü silkələdi. Şamil kişi tanış səsə yerində qımıldandı, gözlərini açmazdan öncə gülümsünən kimi oldu. Bilinmirdi xoruzdan razılıq edir, yoxsa hələ yuxusunun məmnunluğu içindədi. Bu əhlikef və məsuliyyətsiz xoruz haqqında Şamil kişi belə deyirdi: bu zaraza yazıq toyuqlara gün verib işıq vermir, çox zalım xoruzdu, itdən betərdi, bir adamı yaxınına buraxmaz. Amma səhərlər bir saniyə o yan-bu yan eləməz, mənim "budilnikim"di bu.

İndi xoruz bir yerdə dayanıb eyvana boylanırdı ki, görsün Şamil kişi oyandı, ya yox, oyanmayıbsa, boğazının cır yerinə salıb səsini zilə çəkəcəkdi. Qaranlığın içindən sıyrılmaqda olan ağaclar gileylənə-gileylənə yarpaqlarını tökürdü. Bilmək olmurdu payızın əlindən gileyliydilər, yoxsa yağışın aramsız  damcılarından bezar olmuşdular. Yağışın damcıları ağaclara daş kimi dəyirdi, ağaclar müdafiəsiz qalmışdı. Şamil kişi də yağışdan çıxıb yağmura düşmüşdü. Çiskin də dünyanın pəncərəsindən tül pərdə kimi asılmışdı. Xoruz bir ağız da banladı. Şamil kişi qeyzlə əlini yellədi: "day bəsdi də, baş-beynimizi aparma, görürsən oyanmışam da". Adətiydi, yuxudan oyanan kimi bir siqaret odlamasa, su başına çıxmırdı. Bu dəfə də siqaretini damağında tüstülədə-tüstülədə həyətin o başına getdi. Xoruz bu dəfə üzünü yatıb qalmış toyuqlara tərəf tutub onları dimdikləməyə başladı. Qonşunun iti bir-iki ağız hürüb səsini kəsdi. Bir azdan Zeybullanın traktorunun səsi alaqaranlığı mişar kimi doğramağa başladı. Zeybulla sübh tezdən çörəyinin arxasınca çıxmışdı.

Şamil kişi getdiyi yerdən qayıdıb eyvana çıxmazdan öncə dayandı, başını göyə qaldırıb baxdı və əllərini qaldırıb: "kərəminə şükür, Xudaya!" - dedi. Neçə vaxt idi ki, quraqlıq əkin-biçini yandırıb külə döndərmişdi. Kənd camaatı hər gün dua edirdi ki, bircə yağış yağsın, torpaq cana gəlsin.

Bir az əvvəl baş vermiş hadisənin soyuğu hələ də canından çıxmaq bilmirdi. Bura, yəqin ki, cəhənnəmin hansısa bir bucağı idi, deyilənə görə, ancaq cəhənnəmdə belə yekə qır tiyanları olur. Şamil kişi qır tiyanının içində üşüyürdü. Qonşular künc-bucaqdan daşıyıb gətirdikləri odunu dayanmadan tiyanın altına  atsalar da, üşütməsi keçmək bilmirdi. Görünür, gəldiyi dünyada - yerdə möhkəm soyuqlamışdı. Cəhənnəmin alovu belə, onun canındakı soyuqdəyməni çıxarmaqda aciz idi. Belə əzab heç yerdə görünməmişdi.

Şamil kişi eyvana qalxanda bədəni gizildədi, baxıb gördü ki, soba gecədən sönüb. Bu dəfə sırıqlısını çiyninə atdı, təzədən həyətə düşdü ki, tövlədən odun gətirsin. Zeybullanın traktorunun səsi bu dəfə lap qapının ağzında eşidildi. Şamil kişi təəccübləndi, Zeybulla indiyə kəndin o başında olmalıydı. Dəmir darvazanın şiddətlə döyülməsindən ürəyi sancdı. "Səhər tezdən kim olar, görəsən? Allah xeyirə calasın!"  - deyə fikirləşdi. Heç "kimsən" də soruşmadı, tələsik özünü qapıya yetirdi. Zeybullanın uzunboğaz çəkmələri palçığa bulaşmışdı, pambazı köynəyi şalvardan çıxmışdı, göbəyi çöldə qalmışdı. Şamil kişi qarşısındakı bu paltaraşalban adamın görkəmindən vahimələndi.

- Zəbi, səhərin gözü açılmamış nə xəbərdi?

- Şamil əmi, göl daşıb, yol qırağındakı evləri su basıb, camaat evdən çölə çıxa bilmir, - Zeybullanın səsi sinəsindən əsə-əsə çıxdı, elə bil dili ağzında köpmüşdü, sözlər köbəş dodaqlarının arasından boğula-boğula çıxırdı.

Şamil kişi bilmədi nə desin, üşütməsi bir az da artdı, sırıqlısını çiynindən götürüb əyninə geyindi. Bircə kəlmə "gedək" - dedi və ikisi də traktorun kabinəsinə qalxdılar.  

***

Nənəbaba ağzında küləyin şor dadını hiss edib dodaqlarını yaladı, külək onu sinəsindən itələyib yolunu kəsməyə çalışdı. Uşaq küləyin üzünə qabardı, "çəkil yolumdan" - dedi, "inəyimizi axtarmağa gedirəm". Külək, sanki qulağına pıçıldadı ki, məsləhət deyil, oralara üzükmə. Uşaq bilmədi küləyə nə cavab versin. Bu vaxt yaxınlıqda yeniyetmə bir oğlanın ala inəyi qabağına qatıb apardığını gördü. Küləyin əlindən çıxıb oğlanın üstünə cumdu:

- Ey, mənim inəyimi hara aparırsan?

Yeniyetmə  döyükdü, təəccüblə Nənəbabanı süzüb yoluna davam etmək istədi. Nənəbaba lap külək kimi onun yolunu kəsib sinəsindən itələdi:

- Bu bizim inəyimizdir. Ver inəyimzi!

Oğlan əliylə onu yolundan kənarlaşdırmaq istədi:

- Ay uşaq, sənin başın xarabdı, deyəsən. Yeri çıx get öz yolunnan, - dedi.

Nənəbaba: - İnəyimi verməsən, heç yerə gedən deyiləm! - deyib ayaqlarını yerə möhkəm dirədi.

Əlbəyaxa oldular. Oğlan Nənəbabanı sürütləyib gölün qırağınacan gətirdi. İnək də öz sahibindən aralanmaq istəmirdi, böyürə-böyürə onların ardınca gəlməkdəydi. Nənəbaba qəfildən əlini inəyin buynuzlarına atdı, oğlan ha illah elədi, onun əllərini inəyin buynuzundan qopara bilmədi. Bibixanımın nəvəsinə ilahidən güc gəlmişdi. Bu dəmdə necə oldusa, inəkmi onu çaşdırdı, ya həyəcandanmı büdrədi, gölün içinə yumalandı. Balacanın inəyin buynuzlarını buraxmaq fikri yox idi. İnək yaş qumun içində çapaladıqca işi daha da çətinləşirdi.

İnək oğrusu nahaq dünyada qaldı.

...İnək gölün dibinə Nənəbabadan tez çatdı. Uşağın ayaqları hələ yerə dəyməmişdi.  Burnuna qan qoxusu dəydi. Gölün dibində adamlar ortalıqda qalmış kişi meyitinin başına toplaşmışdılar. Nənəbabanın təəccübdən gözləri böyüdü. Gölün dərinliyində özünü quş kimi yüngül hiss edirdi, su başından yuxarıda qalmışdı. Aşağıda çox rahat nəfəs ala bilirdi. İnək ara vermədən böyürürdü. Nənəbaba adamlara yaxınlaşdı. Cod saqqallı bir kişinin nimdaş pencəyinin ətəyini dartıb: "əmi, burda adam öldürüblər?" - deyə soruşdu. Kişi uşağı görcək üstünə çımxırdı: "Sən burda neynirsən, ay uşaq? Qaç get nənənin yanına. Bura uşaq-muşaq yeri deyil!". Nənəbaba durduğu yerdən tərpənmədi: "Nənəm yuxarıda qaldı, əmi" - deyə mızıldandı. Yan-yörəsinə boylananda gördü ki, çəpər qonşuları Ziba arvad da burdadı. Qaçıb Zibanın böyrünə qısıldı. Ziba arvad təmasdan diksinəntəhər oldu, Bibixanımın nəvəsinin ona sığındığını görüb başına sığal çəkdi. "O tərəfə baxma, ay bala. Qorxarsan. Get nənənə de ki, Kamil igidölmüş bu bir parça gölün üstündə böyük qardaşını bıçaqlayıb". 

Nənəbaba evə qayıda bilmədi. Dünyanın yolunu-yolağasını itirmişdi. Getdikcə gedirdi, arxasınca gələn inəyin böyürtüsü kəsilmək bilmirdi. İnək aramsız çaxan şimşəkdən hürkmüşdü.

Nənəbaba yeridikcə ayaqları yaş çəkmənin içində fırçıldayırdı. Alt paltarlarına qədər islanmışdı. Getdikcə yerimək çətinləşir, su dizlərinə çatırdı. Soyuğa birtəhər dözmək olardı, amma sel küləkqarışıq sinəsindən basıb geri itələyirdi, külək yağışı ovuclayıb üzünə çırpırdı; bədəni suya müqavimət göstərməkdə aciz idi.

Əvvəlcə yerişini itirdi, sonra huşunu. Ayılanda Günəşi başının üstündə gördü. Hövlnak yerindən qalxıb gözlərini ovuşdurdu, mətbəxə keçib pəncərədən həyətə baxdı. Pəyənin açıq qapısından nənəsini gördü, inəyi sağırdı.

1-8 may, 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!