Sirlərin sərgüzəşti... - Kamal Abdulla - Romandan parçalar

"Qış" fəsli - Dördümüncü sirr

Əvvəli burada: http://edebiyyatqazeti.az/news/proza/3724-sirlerin-serguzesti

Risalə davam edirdi:

Məmləkət şəhərlərindən birinin yaxınlığında xalq arasında adına Oğuz düzəngahı deyilən bir düzəngah vardı. Bu düzəngaha burulan yolun sağ tərəfində (şəhərə doğru gedərkən) bir təpə vardı. Bu təpənin varlığı və yoxluğu tam bir müəmma idi. Deyilənlərə görə, o, bəzən ona baxan adama görünür, bəzən də görünmürdü. Bunun üçün də adı Görükməz təpə idi. Çox az adam var idi ki, bu təpənin varlığına inansın. Elə bilirdilər ki, təpə, əslində, yoxdur. Ancaq təpəyə qalxan olardısa (bu isə "qurd ürəyi" yemiş birisi ola bilərdi) yalnız o zaman boşluqda hava ilə göyə doğru addımlayan adamı görmək olardı. Ayaqlarının altında daş-torpaq olsa da, kənardan baxana boşluqda yuxarı yeriyən kimi görükən bu adam özü də ayağını basdığı torpağı görmürdü. Təpənin başına qalxdığı zaman aşağıdan ona baxanlar bu adamın boşluqda, hava ilə yuxarı qalxmasını görür və Allahın qüdrətinə şükürlər edirdilər.

Görükməz təpənin qarşı tərəfindən - (yolun o biri tərəfindən) bir dərə açılırdı. Dərənin sehri var idi. Yaz-qış, payız-yay bu dərə yaşıllıq içində idi. Havası mülayim, xoş, ağaclarının üstü cürbəcür meyvələrlə dolu olardı. Daim yaşıl ağaclar, kollar, suyu çağlayan bulaqlar, oxuyan quşlar bu dərəni valehedici, füsunkar bir məkana çevirmişdi. Dərədə yaşayan adamlar var idi. Bu adamlar sehrbaz idilər. Onlar dərə boyu ora-bura səpələnmiş mağaralarda (hücrələrdə) yaşayırdılar. Dərənin adı ətrafa elə belə də yayılmışdı: Sehrbazlar dərəsi. Şəhər əhli və hətta uzaq-uzaq şəhərlərdən ehtiyacı olanlar bu dərəyə gələr, orada hər hansı sehrbazla razılaşıb dərdini söylər, çarəsini gözlərdi.

Sehrbazlar hər gün iki-iki, üç-üç dərənin dibində gəzişər, bir-birilə söhbət edər, oxuduqları kitab və risalələri müzakirə edərdilər. Müştəri gəldiyində hər sehrbaz qazandığı pul-paranı dərədə yaşayanların gün-güzəranı üçün xərclərdi, heç kim özünə bir mənfəət gözləyib qəbul eləməzdi.

Qəribə idi, sehrbazlar bu məkana gələnlərdən yox, özləri özlərindən dünyada baş verənləri öyrənir və bir-birini ən uzaq məmləkətlərdə baş verən hadisələr barədə xəbərdar edərdilər. Onlar bunu hardan, necə öyrənirdilər - bunu bilmək asan iş deyildi. Bəlkə də onlar təkcənəlik vaxtı deyilən bir zaman göz qırpımında dünyayı-aləmi gəzib yenə bura, bu möcüzəli, həmişəyaşıl məkana qayıdırdılar. Ola da bilərdi, olmaya da bilərdi. Sirr idimi, sirr idi və bu sirr qonşu həzrətqulunun sirri deyildi.

Sehrbazların bir yerdə gün keçirmələrindən əlavə, həm də bir-birindən ayrıca, tək-tənha keçirdikləri vaxtın adına "təkcənəlik vaxtı" deyilirdi. Təkcənəlik vaxtı bir qəribə zaman kəsiyi idi. "Təkcənəlik vaxtı" hamı sehrbazlar bir-birindən gizlənər və ayrı-ayrılıqda hərəsi bir tərəfə çəkilib huşa gedər, sanki buralardan aralanardı. Bu vaxtın içinə girənlər özlərini, ətrafındakıları unutmuş bir halətə girərdilər, heç nəyə diqqət edə bilməzdilər. Məhz bu vaxt onlar gedib uzaq-uzaq ölkələri gəzir və öz sehrləri üçün güc yığırdılar və sonra da bu gücü lazım olan istiqamətə yönəldirdilər.

Görükməz təpə deyilən təpənin yaxınlığında bir şəhər var idi. Bu şəhərdə bir tacir yaşayırdı. Onun üçün dünyada alış-verişdən daha sevimli bir məşğuliyyət yox idi. Bu sevgisi ona rəhmətlik atasından miras qalmışdı. Atası uzaq-uzaq ölkələrlə ticarət edər, özü də tez-tez səfərə çıxar, nəfis mal yükü ilə dolu karvanları məmləkətə gətirərdi. Şəhər bazarında Əhmədəli tacirin xüsusi hörməti var idi. İşini sevər, alış-veriş olmayan gününü ömürdən saymazdı.

Hətta bir hadisə olmuşdu ki, oğlu tacir Məhəmmədəlinin hafizəsindən bu gün də silinmirdi. O uzaq dəhşətli gecəni tacir Məhəmmədəli bu gün də qanı donmuş, ürəyi bərkdən ata-ata xatırlayır, heç cür unuda bilmirdi.

Bir dəfə səfərə çıxdıqları ölkələrin birində ata və oğul dəniz sahilində bir gəmini mal ilə doldurub dəniz yolu ilə yollarına davam edirlər. O biri sahildə onları artıq böyük bir dəvə karvanı gözləyirdi. Məmləkətə yol alacaqdılar. Gecə vaxtı qəfildən tufan qopur, dalğalar gəmini qoz qabığı kimi belədən-belə, elədən-elə atmağa başlayır. Hamı gəmidəkilər kəlmeyi-şəhadətləri dillərində ümidlərini ancaq və ancaq o bir olan Allaha bağlayır. Getdikcə gəmiyə su dolur, gəmi yavaş-yavaş sağ böyrü üstə əyilir və batmağa başlayır. Özünü şahə qalxmış qorxulu dalğaların qucağına atan kim, gəminin sol küncünə sığınıb əlləri göydə dualar edən kim... Qərəz, gəmi yavaş-yavaş sulara qərq olur, Əhmədəli tacirin bütün malı rəhmsiz dalğaların yeminə çevrilir. Ata və bala özlərini bir qayığa zorla sala bilirlər və atılıb-düşən bu qayıqda batmaqda olan gəmini məyus-məyus seyr edirlər. Tacir Məhəmmədəli atasına deyir:

- Ata, bu nə işdi gəldi başımıza? Nə pis bir gün oldu bu gün...

Atası qəm içində cavab verir:

- Elədi, oğul, elədi. Amma bundan daha pis ola bilərdi!

- Ay ata, sən nə danışırsan? Biz hələ də ölümün cəngindəyik. Hələ də tam qurtulmamışıq. Bundan daha pis nə ola bilər ki?

- Ola bilər, oğul, ola bilər. Bundan daha pis kasad bazar ola bilər.

Allahın möcüzəsi ilə ölümün caynağından qurtulan ata və bala o gündən etibarən bir daha dəniz səyahətinə çıxmır. "Kasad bazar" söhbətini isə tacir Məhəmmədəli bu günə qədər xatırlayır.

Məhəmmədəlinin tacirliyi dillər əzbəri idi. Deyirdilər ki, o, daşdan da pul çıxarır. Bəziləri isə onun "əl kimya" elminə vaqif olmasından danışır və misi qızıla çevirə bilmək qabiliyyətini tərif edirdi. Tacir Məhəmmədəli dövlətli olduğu qədər də xəsis və pulgir birisi idi. Onun xəsisliyi dillər əzbəri idi. Özgə malına göz dikməyi də var idi. Ucuzuna mal-mülk alıb varidatına əlavə edərdi. Qızıl dolu kisələrini harda gizlədirdi - bunu heç kim bilmirdi, hətta evdə arvadı və uşaqlarının da bundan xəbəri yox idi. Kisələr isə evinin dal həyətindəki bağçada onlarla ağacın arasındakı baharda gəlin kimi ağappaq qol-budaq atan  armud ağacının altında səliqə ilə torpağa basdırılmışdı.

Tacir Məhəmmədəlinin iki oğlu var idi. Böyük oğlu Nəzərəli atasının işinə kömək edirdi. O, bazardakı dükanlarında çalışır, satmağa mal gətirmək üçün səyahətə çıxır, sifarişlə gedib yaxın-uzaq ölkələrdən mal gətirirdi. Novruzəli isə yaşı iyirmiyə çatsa da, bir işin sahibi deyildi.

Bir gün kiçik oğlu Novruzəli atasına xitabən deyir:

- Atayi-mehriban!

- Bəli, oğul. - Tacir Məhəmmədəli cavab verir.

Novruzəli deyir:

- Mən səyahətə çıxmaq, dünyanı görmək istirəm. Çərxi-fələk deyilən bir ölkə var, orda adamlar, hər bir işlərini fırlana-fırlana görürlər. Hara gedirlərsə fırlana-fırlana gedirlər. Mən Çərxi-fələk ölkəsinə səyahət etmək istirəm.

Atası bərk hirslənir:

- Çərxi-fələkdə elə bircə sənin kimi ağıldankəm, tüfeyli əskik idi, sən də ora getsən, onların işi tamamən düzələr. Çərxi-fələyə getmək istəyir bu. Heç bilirsən bu səyahətin xərci nə qədərdi?! Sən yaxşısı budu, qardaşına kömək elə. Boş-boşuna ortada gəzirsən. Bu səfərin heç kimə faydası yoxdur. İşlə, çalış. Əlbəttə, gün gələr, Çərxi-fələyə də gedib çıxarsan. Fırlana-fırlana qalarsan və geri dönməzsən, inşallah.

Böyük qardaş Nəzərəli atasının bu sözlərinə ürəyində gizli-gizli gülürdü. Onun kiçik qardaşı Novruzəlidən zəhləsi gedirdi, Novruzəlinin bundan xəbəri yox.

Novruzəlinin hər gün şəhərin yaxınlığındakı Görükməz təpəyə tərəf getdiyini bunlar bilmirdilər. Görükməz təpə bir sirli təpə idi. Baxana görükmürdü, amma var idi. Addım-addım yeriyib başına çıxmaq olardı. Kənardan baxan elə bilərdi ki, adam hava ilə addım-addım üzü yuxarı qalxır.

Təpənin bu kəramətini onunla bağlayırdılar ki, qarşısındakı düzəngah yolundan o tərəfə böyük bir dərə açılırdı. Dərədə sehrbazlar yaşayırdı. Bəlkə də izi azdırmaq üçün bu təpəni elə sehrbazların özü görükməz etmişdi.

Novruzəli demək olar ki, hər gün gedib təpəyə dırmaşar, yolun qarşı tərəfindəki sehrbazlar dərəsini oradan seyr edərdi. Elə bil, dərədə nəyi isə, kimi isə arayırdı. Xeyli müddət əvvəl o, burada yaşayan bir sehrbazla tanış olmuşdu. Sehrbazlar şəhərə tez-tez gəlirdilər. Novruzəli şəhər bazarında ondan sehr barədə bəzi şeylər öyrənmək istəmişdi. Sehrbaz demişdi:

- Görükməz təpənin altındakı dərəyə gəl, məni soruş, orda görüşüb danışaq.

- Bə sənin adın nədi? Mən orada kimi soruşum?

- Mənim adım dərviş Hüsnükərəmdi.

Atası, qardaşı heç bir vəchlə onu bu əməlindən (Çərxi-fələyə getmək həvəsindən) çöndərə bilmədi. Əksinə, qardaşı Nəzərəli gizlində onu hətta təşviq edib deyirdi: "Sehrbaz olsan, sən də könlün istədiyi kimi yaşayacaqsan, ürəyindən keçəni edə biləcəksən". İstəyirdi ki, Novruzəlinin ürəyini ticarət işlərindən soyutsun. Novruzəli artıq qarşısına məqsəd qoymuşdu: o, sehrbaz olacaqdı. Ətrafda yaşayan fəqir-füqəranın həyatına bir uğur, fayda gətirəcəkdi, işlərinə yarayacaq, həyatlarını  daha gözəl edəcəkdi.

- Bunları etmək üçün sehrbaz olmağın lazımdır, - dərviş Hüsnükərəm deyirdi. - Sən gərəkdir Çərxi-fələk ölkəsinə gedəsən. Sən əsl sehrbazlığı o ölkədə müdriklər müdriki Ağ dərvişdən öyrənəcəksən. O mənim ustadımdır. Amma bir məsələ var. Sən Çərxi-fələk ölkəsinə elə-belə gedəmməssən. Əvvəlcə əməlisaleh birisi olmalısan. Əməlisaleh olmasan o şəhərə yol tapa bilməyəcəksən.

- Niyə? Bu şəhərin yolu-izi yoxdur? - Novruzəli soruşdu.

- Var. - Dərviş Hüsnükərəm cavab verdi. - Olmamış olarmı? Amma əməlisaleh deyilsənsə, sən o şəhərin ətrafında fırlana-fırlana qalacaqsan. Şəhər özünü sənə göstərməyəcək.

Dərviş Hüsnükərəm əməlisaleh olmağın şərtlərini də Novruzəliyə demişdi. Bunun düz üç şərti var idi.

Ən əsas biriminci şərt bu idi ki, insanın gərək dünya malında gözü olmaya.

İkiminci şərt - adam gərək ona yaxşılıq eləyən birisinə minnətdar olmağı bacara.

Üçümüncü şərt bu idi: səndən imdad istəməyənə qədər gərək ehtiyacı olanın imdadına yetişəsən və əvəzində heç nə tələb etməyəsən.

Hər adam bu üç şərtin üçünə də eyni zamanda talib ola bilmir, - dərviş Hüsnükərəm davam edirdi, - amma ən azından ikisinə riayət etməyin vacibdir. Ağ dərviş ən azından iki şərti yerinə yetirməyəni şəyirdliyə qəbul eləmir.

Atası Novruzəlinin arzusundan xəbər tutduqda xeyli pərişan olmuşdu.

- Oğul, - dedi. - Mən sənə böyük ümidlər bəslədim. Mənim malım-mülküm məndən sonra kimə qalacaqdır?! Əlbəttə ki, sənə və qardaşına qalacaqdır. Sən böyük tacir və mal-dövlət sahibi olacaqsan. O yaxşılıqlarını da bunları əldə etdikdən sonra həyata keçirmək olmazmı?

- Xeyr, əziz ata, bu mümkün olmaz. Çünki mən o var-dövləti doğru-düzgün yolla qazanmış olmayacağam. Onlar sən qazandıqlarındır. Mənə sənin dövlətindən heç zad lazım deyildir. Mən Çərxi-fələk ölkəsinə, Ağ dərvişin yanına getmək istirəm.

Ata çarəsiz qalıb böyük oğlu Nəzərəlini yanına çağırır. Ona belə deyir:

- Oğul, Nəzərəli. Sənin qardaşın buraları buraxıb Çərxi-fələk vilayətinə getmək istir. Ağ dərviş adlı bir cadugərə şəyirdlik eləmək arzusundadır. Mən dedim, əsər eləmədi. Sən onunla danış. Başa sal. Mənim axı malımın-mülkümün sahibləri səninlə odur. Getməsin. Burda qalsın.

Nəzərəlinin kefi durulur. O, çoxdan idi ki, Novruzəlinin dalından dəyib onun payına sahib çıxmağı düşünürdü. Ya onu aldadıb bunu edəcəkdi, ya da onu öldürüb bunu edə biləcəkdi. İndi isə hər şey öz-özünə əmələ gəlirdi. Novruzəli özü gedər-gəlməz bir yola düşmək istəyir idi. Hələ burdan qalxıb Çərxi-fələk ölkəsinə gedib-qayıdan bir adam olmamışdı. Gedən bəlkə də olmuşdu, qayıdan olmamışdı. O ölkədə ki, bütün yollar bir-birinin başına fırlanırdı, o yolun birinə düşdünmü, geri qayıtmağı daha ağlından çıxara bilərdin. Fırlana-fırlana qalacaqdın, hara getsə idin, yenə gəlib hərəkətə başladığın yerə çıxacaqdın. Novruzəlinin ola ki, bundan xəbəri yoxdur. Nə olur-olsun, onu tətviq edib bu gedər-gəlməz yola salmaq lazımdır. Nəzərəli belə düşündü, amma fikrini atasına başqa cür bildirdi. Özünü elə apardı ki, guya atası ilə razılaşır:

- Ata, Novruzəlini o məmləkətə getməyə qoymaq olmaz. Gedərsə, bir daha qayıtmaz. Hamı deyir ki, ora gedən qayıtmır. Mən bu işə bir əncam çalışıb çəkərəm.

Nəzərəli çox gözüac və xəsis birisi idi. Qardaşı Novruzəli nə qədər əliaçıq və rəhmdil biri idisə, bunun özü heç kimə acımaz, gözü elə onun-bunun cibində, qazancında olardı.

Atasına dediyinin tam əksi olaraq Nəzərəli qardaşını bu səfərə getməsi üçün daha da həvəsləndirməyə, qulağını doldurmağa başladı:

- Deyirlər, Çərxi-fələk bir ölkədi, bir ölkədi ki, tayı-bərabəri yoxdur. Dünyanın bütün məşhur sövdəgər və səyyahları orada məskən salmışlar. Hətta belə deyirlər ki, səyyah Sindbad bu günün özündə də orada yaşayır. Hər şəhərə gələn şəxslə şəhər bazarında şətrənc oynayır. Təsəvvür edirsən? Uduzsa, o adamı evində mehman saxlayır, udsa, özü ona sehrbazlığın sirrini öyrədir. İstər uduz, istər ud - hər ikisinin mənfəəti var. Nə deyirsən, gedirsən?

- Gedəcəyəm. Orda Ağ dərviş deyilən bir sehrbaz var. Gedib ona şəyirdlik edəcəm.

- Ay bərəkallah. Getsən o ölkə ilə alış-verişə də başlaya bilərik. Amma bəs indi biz atamıza nə deyək?

- Alış-veriş, sövdəgərlik mənim işim deyildir, sənin işindir. Mən gedib elmlər öyrənmək və qayıdıb burada mədrəsə açmaq, adamlara elm, mərifət öyrətmək istirəm.

Üzdə bir söz deməsə də, Nəzərəli qəlbində belə dedi: "Sən get elmlə, irfanla məşğul ol, mən də burda dəridən-qabıqdan çıxım, sənin üçün pul-para qazanım. Atam öləndən sonra da ortalıqda nə qalacaqsa, səninlə bölüşüm, eləmi?! Bunu görməyəcəksən!".

Novruzəli qardaşının dediklərindən ona sidq-ürəklə kömək etmək istədiyini görüb sevinirdi.

- O zaman sən də çalış, atamızla danış, onu razı sal, - deyə Novruzəli qardaşından təvəqqe elədi.

- Xətircəm ol, mən sən deyəni edərəm. Atamızla danışaram.

Nəzərəli Novruzəlini bu cür arxayın etdikdən sonra gedib atasına belə dedi:

- Ata, mən Novruzəli ilə danışdım. Deyir, mənim heç kimin sözünə qulaq asmaq niyyətim yoxdur. Gedəcəyəm ki, gedəcəyəm. Heç kim də mənə mane ola bilməz. Hələ atam heç mane ola bilməz.

- Niyə hələ mən heç mane ola bilməzmişəm? - Tacir Məhəmmədəli səmimi-qəlbdən təəccüb edir.

- Deyir, atam qocalıbdır, bu gün sabah, dilim də gəlmir deməyə, öləcəkdir. Mən də onun pullarını aparıb Çərxi-fələkdə küləklərə verəcəm. Onun bu sözlərinə mat və məəttəl qaldım.

- Deməli, bu mənim ölməyimi gözləyir?! - Tacir Məhəmmədəli sövdəgər yana-yana deyir. - Yaxşı, görərik.

Həqiqətən, axır vaxtlar tacir Məhəmmədəli tez-tez xəstələnirdi, yaşı keçmişdi, daha cavanlığından əsər-əlamət qalmamışdı. Oğlunun sözləri onu xeyli pərişan edir:

- Ax, nacins övlad, ax, etibarsız övlad... - deyə-deyə çox düşünüb-daşınır, nəhayət, bir gün axşamüstü vəkil Məşdəlinin evinə gedir.

- Məşdəli dadaş. Sənin evinə gəlməyimin bir səbəbi var. Mən vəsiyyətnaməmi dəyişmək istirəm,  - deyir.

Vəkil Məşdəli Məhəmmədəlinin hüquq işlərinə baxırdı, o cümlədən, vasiyyətnaməsini də o tərtib eləmişdi. Bütün əmlakını tacir Məhəmmədəli iki oğlu arasında zərgər dəqiqliyilə bölüb kağıza yazdırmışdı. İndi isə vəkil Məşdəli gördü ki, müştərisinin fikri dəyişib.

- Yaz, vəkil. Yaz ki, məndən sonra bütün əmlakım son qəpiyinədək böyük oğlum Nəzərəliyə çatacaq.

Vəkil Məşdəli qaşlarını çatıb bir kəlmə demədən bunları qarşısındakı vəsiyyətnaməyə əlavə elədi. Sonra:

- Bura imza atmağın lazımdır, - deyib kağızı tacir Məhəmmədəliyə tərəf uzatdı. Tacir Məhəmmədəli qətiyyətli bir hərəkətlə oxumadan kağızda yazılanların altından öz imzasını qoydu (vəkil Məşdəliyə etibarı böyük idi), sonra yanıqlı-yanıqlı bir ah çəkdi. Ortalığa namünasib bir sükut çökdü.

- Bir şey soruşa bilərəm, tacir ağa? - vəkil Məşdəli, nəhayət, sükutu pozdu.

Tacir Məhəmmədəli ki, öz aləmində idi, onun sualını eşitmədi.

- Nə dedin?

- Bir şey, dedim, soruşa bilərəm?

***

- Sabah nə bişirim sizə? Könlünüz nə istəyir? - Həlimə kabinetə keçib atasından soruşdu.

Başını qarşısındakı kağızdan zorla ayıran Həsən müəllim sualı eşitmədi:

- Nə dedin?  - deyə soruşdu.

Həsən müəllimin gözləri kağızda olsa da, əslində, o, başqa şeylər barədə düşünürdü. Həlimə sualını verən zaman onun yadına uzaq illər bundan əvvəlki bir əhvalat düşmüşdü. Həsən müəllim orta məktəbdə birinci sinfə getməyini və elə birinci gün qonşu partada əyləşən göygöz qıza vurulmağını (əslində, onunla ilk gün öcəşdiyini) xatırlamışdı.

- Nə dedin? - deyə Həsən müəllim dübarə Həlimədən soruşdu, amma əslində, Həlimədən yox, göygöz Gülzardan soruşurdu. Göygöz Gülzar illərin o tərəfindən bu günə tərəf əyilib (əslində, qonşu partadan onun partasına) ona sual vermişdi:

- Sənin adın Həsəndi? Eviniz də dərənin lap yanındadı, eləmi?

Həsənin diqqəti çox-çox uzaqlarda idi. Qızın səsini eşitdi, amma nə dediyini anlamadı.

- Nə dedin? - deyə soruşdu.

Bu göygöz qızın bütün sinifdə dərs gedə-gedə nə üçün məhz ona müraciət etməsi Həsəni çox da düşündürmədi. O, bunu unutdu. Qız isə elə bil, zəli kimi ona yapışmışdı, dediyini unutmaq istəmirdi. Tənəffüs zamanı Gülzar yenə ona yaxınlaşdı:

- Sənin adın Həsəndi. Mən səni tanıyıram. Sən məni tanımadın?

Həsən ətrafına göz gəzdirib yaxasını bu göygöz qızdan qurtarmaqçün tez bir yalan uydurdu. Əlbəttə ki, o siniflərindəki oğlanların diqqətini cəlb etməkdən utanır və göygöz Gülzardan aralanmaq üçün bəhanələr axtarırdı. Bəhanə tapılmadı və Həsən, Gülzara heç bir cavab vermədən, nə sənə, nə mənə, dalını qıza çevirib məktəb həyətindəki tut ağacının altında bi-birilə söhbət edən oğlan uşaqlarının yanına qaçdı.

Uşaqlarla ağacdan tut dərib şirin-şirin yediyi zaman qəflətən hiss elədi ki, arxasında kimsə durub. Çönüb gördü, bu yenə də göygöz Gülzardı. Qız eləcə səssiz-səmirsiz nə vaxt idi ki, gəlib bunun arxasında dayanıb durmuşdu. Yavaşca Həsənin qolundan çəkdi.

 

- Sən məni tanımadın?

Uşaqlar tutu buraxıb maraqla onlara tamaşa edirdi. Həsən az qala qulaqlarının dibinəcən qızarmışdı.

Yalandan gülə-gülə bərkdən dedi:

- Tanıdım, göygöz Gülzarsan. Sənin adın göygözdü, göygöz. - Həsənin kallaşmış səsində kinayə var idi.

Qız susdu. Başını yerə dikdi, elə bil, gözlərini o biri uşaqlardan gizlətmək istədi. Bir söz demədən pərt halda geri dönüb sinfə getdi. Oğlan uşaqları yüngülvari gülüşüb heç nə olmamış kimi yenə də tuta daraşdılar.

Həsən özünü itirmişdi. Əvvəlki namünasiblik oğlanların yanında bu balaca qızın onunla köhnə tanışlar kimi danışığına görə idisə (bundan isə o özü də bilmədi ki, niyə utanmışdı), indiki namünasiblik qızın özünə görə idi. O, başa düşürdü ki, qızı xınc eləyib. Həsən başını aşağı dikmiş halda sinfə getdi. Məktəbin gözətçisi (həm də xidmətçisi) Ələmdar əmi əlindəki dinyə ilə eyvanda divardan asılmış dəmir lövhəni döyəcləməyə başladı. Bu o demək idi ki, dərs başlayır və həyətdəki uşaqlar sinif otağına keçməlidirlər. Həsən dərs boyu çalışdı ki, göygöz Gülzara sarı baxmasın və buna nail ola bildi. Amma nəydisə, Həsənin ürəyi bərk sıxılırdı və özü də bilmirdi ki, bu niyə belədi. Gülzarın da ürəyi sıxılırdı, amma o bilirdi, bu niyə belədir - Gülzar özünü dünyanın ən bədbəxt adamı sayırdı.

O biri günlər Həsən bu qızdan qaçdıqca qaçdı. Gülzar bir də gözünü açıb gördü ki, yeddinci sinfə gəlib çatıblar və ürəyində Həsən adlı bu qaraqaş, uzun boylu oğlandan başqa heç kimə və heç nəyə yer yoxdur. Səhər yuxudan duranda hələ gözlərini açmamış Həsənin surəti gəlib dururdu gözünün qabağında. Gecə yuxuya gedərkən gözlərini yuman kimi yenə də haman çatmaqaş Həsən gəlib girirdi beyninə. Gündüzlər də ki, öz yerində. Həsəni hər gün məktəbdə görürdü, amma nə özü ona bir söz deyirdi, nə də ondan bir söz eşidirdi. Birinci sinifdəki "göygöz" gəlməsi onun ürəyini yüz yerdən yaralamışdı.

Günlərin bir günü (bu hadisə onlar yeddinci sinifdə oxuduqları zaman baş verdi) elə oldu ki, bu ikisi məktəbə hamıdan tez gələsi oldular. Həsən sinif otağına gircək gördü ki, Gülzar artıq öz yerində oturub. Dərsin başlanmasına yarım saat qalırdı. Gülzarla ondan başqa otaqda heç kəs yox idi. Bir istədi, dönüb sinifdən çıxsın getsin məktəb həyətinə və Gülzarla tək qalmaq məşəqqətindən canını qurtarsın - amma, nədənsə, bunu etmədi. O da keçib öz yerində oturdu və dodaqaltı salama bənzər bir şey mızıldadı.

Qız gözünü yazı taxtasına dikib maddım-maddım baxmağında idi. Güya ki, yazı taxtasında həyatı vacib məsələləri yığıb yazmışdılar, bu da onları oxumasaydı, dünya-aləm bir-birinə qarışacaqdı. Amma əsas məsələ yazı taxtasında deyildi.  Həsənin gəlişi onun qəlbini yerindən oynatmışdı. Gözü yazı taxtasında idi, bütün fikri-zikri Həsənin yanında.

Həsən özü də bilmədi, necə oldu ki, çevrilib ondan iki parta arxada oturan Gülzara sarı baxdı. Gülzar əynində çil-çil paltar, başında güllü yaylıq gözlərini yazı taxtasından ayırıb o da səssiz və məlul halda sual və təəccüb dolu baxışını Həsənin üzünə dikdi (yəni, "nədi, nə olub?"). Bir müddət Gülzar susdu, Həsən susdu, eləcə baxışlar baxışa calandı. Handan-hana Həsəndən zəif bir səs çıxdı:

- Gülzar... - deyə Həsən qızın adını çəkdi. Bu, müraciət deyildi, eləcə, Həsən, sanki qızın adını səsləndirib eşitmək istəyirdi.

- Həsən... - Gülzarın da səsində eyni istək var idi.

Hər ikisi, elə bil, yuxuda idi, bir-birlərini həm görürdülər, həm də görmürdülər. Gözlərinin qarşısından kino lenti kimi illər uzunu məktəbdə, küçədə bütün qarşılaşdıqları səhnələr gəlib keçdi. Bir-birindən qaçdıqları, bir-birinin üzünə baxmaq istəmədikləri anlar canlandı. İndi isə bir-birilə, sanki ilk dəfə idi baxışırdılar. Həsən bu yeniyetmə yaşına qədər hələ bu gözəlliyində qız görməmişdi. Yəni bu haman göygöz Gülzar idi?! Buna inana bilmirdi. Axı bu qız gecələr yuxularına girən haman qız idi, yəni o qız Gülzar idi?! Şübhə qalmamışdı - bəli, o qız Gülzar idi.

Özü də böyümüş, ətə-cana gəlmiş Gülzar! Qız kimi qız, qadınlığın astanasına yaxınlaşmış, gözlərinin dibində sirr (sirr içində sirr), yanaqları allanmış, sinəsi qabarmış, ay üzündə zənəxdanı olan Gülzar! Gözlərini qaçırmağa çalışan, amma bacarmayan Gülzar! Min ilin həsrətlisi Gülzar! Bu tərəfdən Gülzar da deyilmiş halda Həsənə baxır, baxır, doymurdu. Gözlərinin dibi yaşlanmadımı, yaşlandı. Bir anın içində Gülzar bütün umu-küsüsünü Həsənə bağışlamadımı, bağışladı. Gülzarın üzünü təbəssüm bürüdü. Beləcə, bu ikisi qarşı-qarşıya, nəfəs-nəfəsə, göz-gözə durub dayandılar. Həsən titrək əlini qıza uzatdı və Gülzarın titrək (və tərli) əlindən tutdu. Gülzar əlini qaçırmadı.

- Gülzar... - Həsənin təkrar pıçıltısı bütün bu illər ərzində dilinə gətirmədiyi "Gülzar"ları öz içinə yığıb gizlətdı.

- Həsən... - Gülzarın pıçıltısı bütün bu illərin qəlb döyüntülərini öz içinə yığdı.

Hər şey belə başladı. Buna biz ilk məhəbbət də deyə bilərik. Və indi Həsən müəllim o uzaq zamanda sinif otağında baş vermiş haman unudulmaz üzbəüz görüşü xatırladıqca hiss etdi ki, gözləri yaşla dolur, boğazına qəhər gəlir.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!