Artıq neçə illərdir ki, Gənc Ədiblər Məktəbi (GƏM) üzvləri ilə görüşlərdə oluram və hər dəfə bir neçə imza kəşf edirəm. Bu dəfə GƏM-ə gələnlər arasında diqqətimi çəkən gənclərdən biri də hekayələrini oxuduğum Bahəddin Salman oldu.
Bahəddin teatr rejissorluğu fakültəsini bitirib, mühakimə qabiliyyəti, savadı ilə fərqlənir. O öz qəhrəmanlarının zahirində cərəyan edənlərlə daxilində gedənləri vəhdətdə qavrayır və paralel şəkildə izləyir. Bu onun hekayələrinə psixoloji məzmun, intellektual incəlik verir. Mövzu, məzmun, ideya, təhkiyə tərzi, dialoqlar - hər şey göstərir ki, gənc dostum "yüksək materiya"nın ifadəçisi olmağa iddialıdır.
Bahəddinin mövzu seçimi də özünəməxsusdur - o, daha çox həyatın dibindəkilərdən yazır, öz bədii fokusunu adi yox, "qeyri-adi" (qeyri-normativ!) adamların üstünə salır. Onun qəhrəmanları heç bir qəhrəmanlığıyla seçilməyən hansısa infant, bomj, yaxud cüzamlıdır. Gənc yazıçı sevginin, mərhəmətin gücüylə infantın gözünü açmaq, bomju oyatmaq, cüzamlını sağaltmaq, bir sözlə, diriltmək, yaşatmaq istəyir. Amma bu, möcüzə tələb edir və möcüzəni Allah törədə bilər. Yəqin, bu üzdən Bahəddinin hekayələrinin əsas ideya pafosu Tanrı axtarışıyla bağlıdır. Düzdür, onun Tanrıyla dialoq cəhdləri hələ ki neqativ, hətta üsyankar səciyyəlidir. Amma bu, məntiqidir - işığa gedən yol zülmətdən, həqiqətə gedən yol şübhədən keçir.
Məncə, Bahəddin öz hekayələrində ilk öncə özünü yazır, öz içindəki zülmətə işıq salır, özünü profilaktika, özünümüalicə ilə məşğul olur. Çünki Tanrıya gedən yol insanın özündən keçir və yalnız özünü dərk edən haqqı dərk edə bilər.
Əgər GƏM-də Nitsşe ilə görüş keçirilsə, zəiflərə, xəstələrə mərhəmət göstərməyi kəskin tənqid edən filosof Bahəddinin hekayələrini, yəqin ki, bəyənməzdi. Nə olsun? Ona qalsa, Nitsşe heç korların gözünü açan, cahilləri oyadan, cüzamlıları sağaldan İsa əleyhissəlamı da bəyənmirdi. Amma mən bəyəndim, elə buna görə də, gənc yazıçının "Onun Tanrısı burdaymış" hekayəsini bu kiçik qeydlərimlə birgə sizə təqdim etmək qərarına gəldim. İnanıram ki, siz də bəyənəcəksiniz.
Dərin sayğılarla
Əsəd Cahangir
Onun tanrısı Burdaymış...
Gecənin öz yerini aydınlığa verməsinə az qalmışdı. Artıq üçüncü günüydü ki, eynən bu vaxtda Viktor Vladimiroviç Kuçinskinin illərdir tək yatdığı palatadan Şarl Qunonun "Faust" "operasının səsi gəlirdi. Əslində, musiqi başqalarını narahat edəcək qədər yüksək deyildi. Amma cüzamdan sir-sifəti eybəcərləşmiş Kuçinskinin üç gündür dalbadal opera musiqisi fonunda - "Mən səndən iyrənirəm, cüzam! Cüzaam!! Cüzaaam!!! Cüzaaaam!!!!" - deyə bağırtısı qonşu palatalardakı xəstələrin lənət və qarğışına səbəb olur, növbətçi həkim hər dəfə pilləkənləri yorğun addımlarla, əsnəyə-əsnəyə qalxıb, üçüncü mərtəbədəki səs-küyü sakitləşdirmək zorunda qalırdı.
- Siz onu daha yaxşı başa düşməlisiniz, sakit olun! O sizin hamınızdan çox sıxılır. Axı, bilirsiniz ki, o qəribdir, Bakıda heç kimi yoxdur, mənim əzizlərim, - deyə bu gün növbətçilik edən Kamilə Sultanbəyova dəhlizin ortasında dayanıb, nəvazişkar səslə ucadan deyirdi. Kuçinskinin bu deyilənləri musiqinin yaratdığı səs-küy içində eşitməsinə əmin olmayan növbətçi sakitlik yaratmaq üçün onun otağına yaxınlaşdı və qapını açıb içəri girdi.
Üzü pəncərəyə sarı duran ucaboylu, son dərəcə arıq, sarışın Kuçinski sağ əlində tutduğu milçəkqıranı ora-bura yellədib "Faust"a dirijorluq eləyirdi. Növbətçi səssiz addımlarla masaya yaxınlaşıb, maqnitofonu söndürmək istədi, amma bu kobud müdaxilənin xəstəyə pis təsir edəcəyini düşündü və bir an duruxub nə edəcəyini bilməsə də, nəhayət, musiqinin səsini sadəcə azaltmaqla kifayətləndi.
- Yersiz hərəkətiydi! - qollarını geniş açıb, taxta döşəmə üstündə fırlanan və növbətçiyə sarı dönən Kuçinski yumşaq səslə dedi. Növbətçi onun ani dönüşündən diksinib, iki addım geri çəkildi, asta və ürkək səslə:
- Siz artıq üç gündür xəstələri narahat edirsiniz, Kuçinski - dedi.
- Mən yata bilmirəm! Boynumun dalındakı yaralar düz uzanmağıma - əliylə sifətinin hər iki tərəfindəki yaralara işarə etdi - üzümdəki yaralar isə böyrü üstə yatmağıma imkan vermir. Siz heç mənim necə yatdığımı bilirdiniz? - inkaredici jest edən həkimin ona cavab verməsinə imkan vermədi. - Susun, xahiş edirəm, susun, icazə verin, mən deyim! Ağzı üstə yatırdım, amma üç gündür burnum çürüməyə başlayıb və artıq ağzı üstə də yata bilmirəm.
- Siz kürəyinizi yastığa söykəyib də yata bilərsiz.
- Yox! Yox! Yata bilmərəm! - Kuçinski bezgin, amma yüksək səslə dedi və xəstəliyinə uyğun gəlməyən qıvraq addımlarla həkimə yaxınlaşıb onun əllərindən tutdu, həkimin əllərini dərin qısqanclıq hissiylə süzərək - "Ay səni zibilə qalasan, axı, bu xəstəlik keçicidir! Hə, hə, keçicidir. Bəs, qarşımda dayanan, yanaqları, əlləri, boyun-boğazı şümşad kimi parıldayan bu qadın niyə salamatdır?!" - deyə düşündü. O, yaralardan qartımış əlləri arasında körpə pöhrələrə bənzəyən barmaqların titrəyişini ürəyinin döyüntüsü kimi hiss edirdi... Qan çanağına dönmüş nüfuzedici gözlərini qadının ürkək gözlərinə zilləyib, vahimə saçan, damardakı qanı donduran pıçıltıyla soruşdu:
- Keçəcəyindən, bədəninizə bulaşacağından qorxursunuz?
- Unutmayın ki, sizin xəstəliyiniz sağlam adamların səhhəti üçün daimi təhlükə mənbəyidir. Odur ki, yaxın təmasda nə qədər az olsaq, bir o qədər yaxşıdır - çox belə xəstələr görmüş həkim təhər-tövrünü pozmadan nəzakətlə dilləndi və əllərini xəstənin qartımış ovuclarından eyni nəzakətlə araladı.
- Mən bunları lap əla bilirəm! - xəstə sərt səslə dedi və arxaya çevrilib, havanın bozardığını gördü, cəld addımlarla pəncərəyə yaxınlaşdı.
- Bura gələ bilərsiz? Gəlin, gəlin!
O, pəncərəni açıb aşağı boylandı. Sultanbəyova tərəddüdlə pəncərəyə yaxınlaşdı.
- O iti görürsünüz?
- Hə, görürəm.
- O çox geniş qəlbə sahibdir. Mən onu günlərlə sığalladım, öpdüm, nahar vaxtı payıma düşən mal ətindən bir tikə yeyib, qalanını ona yedirtdim, qarpız payımın yarısını ona verdim. Bu fədakarlığımdan sonra heyvancığaz hər gün məni yalamağa başladı. Budu, indi iyirmi gündür ki, zavallı öz bədəninin yaralarıyla əlləşir. Mən onun tüklərinin havada necə uçuşduğunu görürəm. Tez-tez qusur, boyun-boğazında göz boyda yaralar əmələ gəlib. O... o çox eybəcərləşib, hahahahaaha... Amma, əslində, heç bir yaşı da yoxdur. Əvvəllər yerə düşən kölgəsiylə oynayırdı. Xəstəliyə tutulduğu birinci gündən kölgəsindən bərk qorxmağa başlayıb. Son neçə gündə nə kölgəsiylə oynayır, nə də ondan qorxur. Cüzam onun gözlərini kor eləyib.
- Bu heç yaxşı hərəkət olmadı, əziz Kuçinski. Ən yaxşısı budur ki, siz yatın. Gəlin rahat yatasınız deyə, sizə kömək edim. - Sultanbəyova soyuqqanlılıqla dedi və çarpayıya yaxınlaşıb yastıqları dikəldə-dikəldə - Mən sizin də, digər xəstələrin də rifahının yaxşılaşmasına çalışıram, ən əsası da vəzifə borcumu yerinə yetirirəm - dedi.
- Rifah dediniz? Siz nə danışırsız? Hər beş-altı gündən bir bədəninin gah orası, gah burası çürüyən adamın hansı rifahı ola bilər? Mən bu otaqda ən xırda deşikdə gizlənən qarışqaya, kefli-kefli uçan milçəyə belə paxıllıq edirəm. Siz bir mənə baxın, görün, mən insana oxşayıram?! Mən heç kəsin öz yanına qoymayacağı bir mikrobam. Mən öz xəstəliyimi qarışqaya, milçəyə, hamıya, hər şeyə keçirmək istəyirəm. Özü də zorla! Qoy bütün canlı varlıqlar mənə bənzəsin... Bənzəsin ki, mən də heç kimin, heç nəyin paxıllığını çəkməyim!
- Allaha dua edin, Kuçinski! O sizi eşidib mütləq kömək olacaq! - həkim riqqətlə dedi.
- Həyatı alt-üst olmuş birinin Allaha dua edəcəyini gözləmək ağılsızlıqdır! A-ğıl-sız-lıq!!! - Kuçinski son sözü hecalara bölərək fövqəladə qəzəblə qışqırdı.
- Siz yorğunsuz. Yaxşısı budur yatmağa çalışın!
- İmkan versəydi, ətəyindən tutub, bu xəstəliyi ona da keçirərdim.
- Kimə?
- Allaha!!!
- Siz başınızdan böyük danışırsız, Kuçinski! Son sözünüzə görə elə bu dəqiqə tövbə edin!! Eşidirsinizmi? Elə bu dəqiqə!!!
Xəstə qeyri-şüuri şəkildə çarpayının ayaq tərəfində oturdu və gözlərini hardasa uzaqlardakı məchul bir nöqtəyə zilləyərək, həkimə deməkdən daha çox, sanki öz-özünə pıçıldadı:
- Xahiş edirəm, musiqini kəsin və məni tək buraxın...
Həkim gedəndən sonra Kuçinski həmişə təkrar elədiyi özünəməxsus məşğuliyyətinə - çarpayının sağ tərəfindəki çəkməcənin çətinliklə açılıb-bağlanan siyirməsinin zəhləsini tökməyə başladı. O, pıçıltıyla saydığı iyirmi saniyə ərzində siyirməni irəli-geri eləmək istəyirdi. Amma siyirmə xəstənin bu mənasız rəftarına sakitcə durub baxmır, bir dəfə də olsun səs-küysüz açılmırdı. Taxta parçasına yenildiyini heç cür qəbullanmayan Kuçinski siyirməni yerindən çıxarıb, qəzəblə döşəməyə fırlatdı. Yan otaqlardan birində yatan hansısa xəstə, elə bil, buna bəndiymiş kimi öz taledaşının ünvanına ucadan söyüşlər yağdırmağa başladı:
- Ay şərəfsiz! Ay əclaf! Ay cındırın balası! Ay sənin... Bəsdir dəəəə!!! - son kəlməsini xeyli uzadaraq bağırdı və fikrini ancaq jarqonlar lüğətinə düşən, eşidəndə hər iki qulağını tutub qaçmaq istədiyin rəngarəng söyüşlərlə davam etdirdi. Qonşu qışqırıb-bağırdıqca Kuçinski otağın bir küncünə tulladığı siyirməni yerdən qaldırıb, ehmalca çəkməcəyə yerləşdirməklə məşğul idi. İşini bitirib qonşunun söyüşlərinə cavab olaraq etinasızcasına dedi:
- Ey mənim eybəcər qonşum, özünü cırıb dağıtma, mən o dediklərinin çoxunun mənasını anlamıram. Vaxtın varsa, gəl, onları öyrət mənə.
- Kəs səsini, sən məndən də eybəcərsən - qonşu otaqdan gücsüz və halsız səs gəldi. Deyəsən, onun bütün taqəti beş dəqiqə içindəcə tükənmişdi. Kuçinskidən daha səs çıxmadığını görən qonşu axır ki, sakitləşdi.
Nə baş vermiş, Kuçinskinin səsi niyə kəsilmişdi?
O, yaralarını incitməyən dahiyanə yatış pozası kəşf eləmişdi. Özü də bunun üçün çox yox, bircə cəhd eləmiş və heyrətamiz nəticəyə nail olmuşdu: yastıqları çarpayıda üst-üstə yığıb, sinəni onlara dayayırsan; sonra başını yaranmış hündürlükdən aşağı sallayırsan. Vəssəlam! İndi havada qalan üzündəki yarğanabənzər yaralar heç yerə toxunmadığından yuxuya rahatca gedə bilərsən...
***
Həmin gün axşam düşənəcən Kuçinski yerindən qalxmadı. Səhər yeməyi və nahar vaxtının gəlib çatdığını hansı həkim ona xatırlatdısa, yalnız bu sözləri eşitdi: "- Zəhləmi tökməyin!", yaxud da "Ay zəhlə tökənlər, mənim yemək payımı xəstəxananın həyətindəki xəstə itə verin". Gün batana yaxın Sultanbəyova öz ərköyün xəstəsinin yatdığı palatanın qapısını açıb içəri daxil oldu.
- Axşamınız xeyir, əziz Kuçinski - o, çarpayıda əcaib tərzdə uzanmış Kuçinskiyə təəccüblə baxıb nəzakətlə dedi: - Dedilər ki, siz səhər və günorta yeməkxanaya düşməmisiz. Mən yeməyi otağınıza gətirmədiklərinə görə işçiləri qınayanda öz payınızı xəstəxananın həyətindəki itə verdiyinizi bildirdilər. Bu, doğrudanmı, belədir?".
- Lap elə belədir! Nədir ki? - deyə Kuçinski özünün təzə kəşf elədiyi yatış pozasına xələl yetirmədən xırıltılı səslə dilləndi.
- Heç, sadəcə olaraq, itin hədiyyənizi qəbul etməməsi haqda xəstəxanada gizli şayiələr dolaşır, - deyə həkim zarafatyana cavab verdi. Üzüqoylu uzanan Küçinski bunu görməsə də, həkimin səsindən özünün ələ salındığını düşündü və qəzəbləndi:
- Yerinizə olsaydım, xəstəlikdən əziyyət çəkən birini ələ salmaq kimi ucuz, yersiz hərəkətə yol verməzdim!
- Siz məni yanlış anladınız, əslində, mən...
- Bəsdirin!!! - həkimin sözünü yarımçıq kəsən xəstə daha da qəzəbləndi, hər iki əlini çarpayının kənarlarına dayayıb çətiniklə yerindən qalxdı, çarpayıda əyləşdi və əllərini xalatının ciblərinə salan, sualedici nəzərlərlə onun gözlərinin içinə baxan qadını təpədən-dırnağa süzdü. Həkimin hər hansı kişinin diqqətini cəlb edəcək gözəl ayaqları dizlərinə qədər görünürdü - dizdən yuxarısı xalatın altında qalmışdı. Kuçinski onun ayaqlarını sözlə ifadə olunmayacaq bir heyrətlə süzürdü. Xəstənin baxışlarındakı acgözlük və anlaşılmaz diqqəti hiss edən həkim pul kimi qızardı.
Həkimin yanaqlarındakı qızartıya, onun qəzəbli baxışlarına məhəl qoymayan Kuçinski xəyalın qanadlarında düz on doqquz il öncəyə, Rusiyanın Perm şəhərindəki Mari Maqdalena kilsəsi yaxınlığında yerləşən üçmərtəbəli binanın ikinci mərtəbəsindəki otuz doqquz nömrəli ikiotaqlı mənzilə, öz gözəlliyilə onun başını döndərən Marina Viktorovnanın yanına uçmuşdu. Dəlicəsinə vurulduğu Marinaya dediyi sözlər indi qulaqlarında Faustun Qretxenə müraciətlə oxuduğu ariya kimi səslənirdi: "Sənin bu əllərin, saçların, gözlərin!.. Onları dünyada dünyada heç nəyə dəyişmərəm!".
Marina zərif barmaqlarını onun köz kimi alışıb-yanan dodaqlarına toxundurub, "Sus!" işarəsi verdi. Kuçinski on doqquz il öncə sevişdiyi qadının bu jestini qeyri-ixtiyari təkrar elədi - barmağını eynən Marina kimi ehmalca öz dodaqlarına toxundurdu. Və toxundurmağıyla da, xəyaldan ayılmağı bir oldu! Barmağı ağzının yan-yörəsini bürümüş irinli, qabıq bağlamış yaralara toxunmuşdu:
- Ax Marina, Marina, sən indiki halımı görsəydin, məndən iyrənərdin! Amma madam, mən öz-özümdən iyrənirəm, səni necə qınayım? Hə, mən özümdən iyrənirəm! İyrənirəm!! İyrənirəm!!!
Əgər Kuçinski dillənməsəydi, Sultanbəyovanın içində tüğyan edən ifadəolunmaz sıxıntı qəzəbli partlayışa səbəb olacaqdı.
- Marina kimdir? - deyə həkim qanıqara halda, asta səslə soruşdu və sözünə əlavə etdi: - Mən bayaqdan sizin nə etdiyinizi anlaya bilmirəm.
- Axı, niyə də anlayasız? Olarmı sizə bir sual verim?
- Buyurun.
- Heç olub ki, kiməsə vurulanda bədəniniz sizi dilxor etsin?
- Anlamadım! - qıpqırmızı qızarmış həkim boğuq səslə dilləndi.
- Yəni əgər bədəniniz eybəcər hala düşsə, sizi qadınlıq hisslərindən məhrum etsə, özünüzü necə hiss edərdiz?
- Bu lap ağ oldu! - Sultanbəyova hiddətlə dedi. - Mənimlə bu cür söhbətlər etməyi sizə qəti qadağan edirəm! Anladınızmı? Qəti qa-da-ğan!!! Başınıza hava gəlib nədir?!
Kuçinski ani sıçrayışla çarpayıdan qalxıb qəzəblə bağırdı:
- Hə, başıma hava gəlib, özü də bir neçə gündür!!! Guya siz bunu bilmirsiz?! Mənim kişiliyim yox olub! Heç bilirsiz, vəhşi oranqutanın, itin, pişiyin bu barədə səndən üstün olduğunu düşünmək adamı öz gözündə nə qədər miskin göstərir?! İçimdə qəribə vahimə baş qaldırıb! Qəfil ayağa qalxıb, hara gəldi qaçmaq istəyirəm! Hara gəldi!!. Lap cəhənnəmə!!! Birdən öz-özümə "Yox, yox, Kuçinski, sən düzələcəksən, səbrli ol! - deyə özümün də inanmadığım sözlər çərənləyirəm. Tanrı gərək məni bu günə salmayaydı!
Qəflətən yerindən qalxıb, masanın üstündəki milçəkqıranı götürdü və heyrətdən böyümüş gözlərlə, uzun-uzadı, diqqətlə əlində tutduğu qırmızı, plastmas əşyaya baxmağa başladı. Sonra, nədənsə, gözlərini yumub, sanki bütün dünyanı içinə çəkəcəkmiş kimi dərindən nəfəs aldı...
...Həmin gün o, dirijor kimi səhnəyə ilk dəfə çıxsa da, bir neçə saat çəkən "Faust" tamaşasını ağlasığmaz uğurla aparmışdı. Budur, tamaşa artıq bitib, hər cür qorxu, həyəcan pərdənin o üzündə qalıb! O, üzünü tamaşaçılara tərəf çevirib, gurultulu alqışlar altında zala baş əyir. Onlarla ağızdan qopan "Bravo! Bravo! Bravossimo!" nidalarından qulaq tutulur! İlahi, bu nədir?! Üz-gözünə toxunub, ayaqları altına tökülən gül yağışından qorunmaq üçün əllərini üzünə sipər eləyir və şirin xəyallardan dəhşət içində ayılıb qışqırır - əlləri üzündəki irinləmiş yaralara toxunub!!!
- Sizcə, bu nədir?! - sol əlini irəli uzadıb, çaşqın nəzərlərlə ona baxan həkimin dinməsinə imkan vermədi. - Bu sizin nəzərinizdə yalnız milçəköldürəndir? - həkimin onun sözünü başıyla təsdiqlədiyini görərək davam etdi. - Aha, görürsüz, siz belə düşünürsüz! Mənim nəzərimdəsə bu, həddini aşan ağcaqanadların, milçəklərin gilyotinidir! Bir neçə günüydü ki, otağımda iki milçək sağa-sola uçurdu. Mən iyrəncə bu iyrənclərin vızıltısı, nədənsə, yaxşı təsir eləyirdi. Bir neçə gün keçdi, gördüm ki, sevimli milçəklərimin yan-yörəsində özlərinə oxşar balaca iyrənclər də uçuşur. Böyük-kiçik demədən hamısını qanına qəltan elədim! Bu, dəhşətiydi!!! Hətta milçəklərin belə, öz ehtiraslarını bölüşdüyünü görmək məni hədsiz sarsıtmışdı!
Kuçinski, sanki nəyisə yadına salırmış kimi ani olaraq duruxdu və qəfil susduğu kimi, qəfildən də dilə gəldi. - Mənim də hamı kimi rahat yatmaq, bəzənmək, güzgüdən qorxmamaq, bədənimin hansısa hissəsindən göz qaçırmamaq... haqqım var! Buna görə sağlam, gözəl, ehtirasa malik bütün canlıların qatili olmaq istəyirəm.
Son cümləsini bitirdikdə ona elə gəldi ki, fikirlərini, axır ki, tam ifadə edə bilib. Haldan düşmüşdü. Məyusluqla çarpayıya oturdu. Matı-mutu qurumuş, heykəl kimi lal dayanmış həkim hədsiz ağrı, iztirabla dolu gözlərini çarəsizcəsinə Kuçinskiyə zilləmişdi. O öz xəstəsinin dəhşətli mühakimələriylə bağlı nə deyəcəyini bilmirdi. Nəhayət, özünə gəlib, bu əzablı sükuta son qoymaq üçün ilk ağlına gələnləri dedi:
- Səbrli olun, Kuçinski. Mən indi getməliyəm, bir azdan dərmanlarınızı gətirəcəm.
- Xahiş edirəm, bu otağa cazibədar qadın obrazında daxil olmayın! Mənə əskikliyimi xatırladırsınız! - xəstə məyus-məyus dedi.
- Yaxşı, buna çalışaram... Amma itə etdiklərinizə görə sizə haqq qazandırmaq olmaz!
- O, şadlığından şitlik eləyən adamlar kimi gecə-gündüz hürürdü. İtin bu həyasız şadyanalığı məni bərk qıcıqlandırırdı. Amma indi onun da ağır dərdi var.
- Nə deyə bilərəm? Tanrı sizə səbir versin!
- Səbr yerinə ölüm versin, səbr nəyimə gərəkdir, axı!?
- Tanrının işlərinə qarışmaq olmaz, Kuçinski, olmaz! Bunu başa düşün! - həkim israrla dedi.
- Tanrı elə bir iş tutub ki, heç özü də o işin içindən çıxa bilmir! Nə isə, bitdi... - Kuçinski bezginliklə dedi və yenidən sinəsini çarpayıda üst-üstə yığdığı yastıqlara dayadı...
Bir neçə ay keçmiş, Kuçinskinin xəstəxanadakı otağı boş qalmışdı. Onun ölümündən sonra otaqda təmizlik işləri aparan sanitar qadınlardan biri çəkməcənin boş siyirməsində gördüklərinin təsirindən heyrətə gəlib, o birinə, - "Sən demə, onun Tanrısı burdaymış!!! - dedi, o isə siyirməyə sarı boylanıb, içini çəkdi, əlindəki süpürgəni yerə atıb, üzünü balaca ovucları arasına aldı və yerindəcə donub qaldı...
Boş siyirmənin içinə kiril hərfləriylə sanitar qadınları heyrətə salan bu sözlər yazılmışdı: "Tanrım, sən illərlə mənimlə bir otaqda qaldın, amma bu siyirmədən bir dəfə də olsun, bayıra çıxmadın. Bağışla, sənin qapını səssiz açmağı mən heç vaxt bacarmadım. Hamı sənin göylərdə olduğuna inanır. Mənə elə gəlir, sən bu siyirmədəsən. Düzünü de, siyirmədən niyə çıxmırdın? Xəstəliyimin sənə keçəcəyindən qorxurdun?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!