İztirab arzudan doğur.
Budda
- Hansı gün?
- Bu gün.
- Uğurlar!!!
Anasının göz yaşları qurumaq bilmirdi. Ağ buludları xatırladan saçlarını daradıqca əlləri daha da sehrli şəkil alırdı. Elə bil saçlarını yox, ürəyinin qanayan tellərinə sığal çəkirdi. Həlim-həlim, tələsmədən qıvrım saçlarını darayıb güzgüdə uzun-uzun özünə baxırdı... Gürcü qızıdı. Atası Qvami dəmiryolçu işləyirdi. Anası Lyudmila həmişə onu rus tərbiyəsinə uyğun böyütsə də, qızın canından gürcü intonasiyası heç cürə çıxmırdı ki, çıxmırdı. Nataraz duruşu, anlaşılmaz gülüşü və günəbaxan kimi yumru sifəti onu bir az da maraqlı göstərirdi...
- Nə vaxt?
- Dünən...
- Təəssüf...
Məndən soruşanda "həkimdi" deyirdim. Amma işləmir. Süd zavodunda vakansiyalar verilmişdi. İşə düzəlmək üçün "CV" yazdım. Təhsili: Ali. İş təcrübəsi: yoxdur...
Altı ay dayanmadan bütün iş vakansiyalarına "CV" yazdım. Axırda yoruldum. Qonşum Afiq dayının balaca dükanında satıcı işlədim. Uşaqlara pulsuz saqqız verirdim. Hər gün saqqız pulunu maaşımdan çıxırdım. Cəmi 2 manat pulum gedirdi. Bu məni narahat etmirdi. Əksinə, özümü çox məmnun və xoşbəxt hiss edirdim...
- Və?
- Bitdi...
- Təbriklər!!!
Xəbər duman kimi bütün kəndi bürüdü. Bir topa adamın içindən "cır" səsin vahiməsi hamını qorxuya salmışdı. Hələ heç kim belə təlaşa düşməmişdi. Habilin inəyi ölmüşdü. Sonra Habilin səsi kəsildi. Hamı evinə dağılışdı. Həmin il heç kimin toyu olmadı. Kənddə heç yas da düşmədi...
- Sevirsən?
- .......
- Bağışla...
- Arvad başını tutub evdən çıxdı. Arxasınca qonur pişik miyoldamağa başladı. Pişiyin quyruğu sual işarəsi kimi arvadın naməlum baxışlarına tuşlanmışdı. Ruh kimi həyəti dolaşmağa başladı. Əlində bir çətir tutmuşdu. Amma deyəsən, o çətirin həmin günə heç bir aidiyyəti yox idi...
- Gedək?
- Hara?
- .....
Vəziyyət o yerə gəlmişdi ki, bacısını "yüngül" biri kimi tanımağa başlamışdılar. Bunu əlində təsbeh fırladan məhlə uşaqları qeyzlə danışırdı. Və biri, iddialı şəkildə o qızın dadına baxdığını, hələ də bunun təsvirindən həvəslə danışaraq bundan inanılmaz zövq aldığını bildirirdi...
Sonra qızı əmisi oğluna nişanladılar. Bir il sonra toyları oldu. İndi çox xoşbəxtdilər. Şayiəni yayan oğlanlardan biri Bayıl türməsində, o biri isə kafedə işləyir. Hər ikisinin də o qız haqqında olan fikirləri dəyişməyib...
- Bəs axırı necə olacaq?
- Axırda qalan bilər...
Humayın bir döşünü kəsmişdilər. İki il bundan qabaq Surqut şəhərindən qayıdan əri Pənahın ilkin müşahidələrindən bu şişin böyüdüyü məlum olmuşdu. Aradan keçən il yarım təzəcə ərə gedən Humayın başına belə bir bədbəxt hadisəni gətirmişdi. Kəndin ağbirçəkləri bunun Humayın "ərsizliyindən" yarandığına inanırdı... Pənah bir aydan sonra Surquta qayıdanda Humay öz narazılığnı əli ilə qalan bir döşünü sıxmaqla bildirmişdi...
- İndi nə edək?
- Unudaq...
- Onda sən başla!
Həqiqətən də o boşboğaz idi. Mənasız söhbətləri hamını bezdirmişdi. Hamı bilirdi ki, danışdıqları ucuz "əhvalat"dan başqa bir şey deyil. Xırda burnu var idi. Nərd zərindən bir az böyük. Adama elə gəlirdi ki, güclə nəfəs alır. Əfqanıstanda ağır yaralanmışdı. İki ay müalicə aldıqdan sonra tərxis olunmuşdu. Evlənsə də, uşağı olmurdu. Bunu özünə dərd eləmirdi də. Ancaq BMT-dən, NATO-dan danışırdı. Özü də ucadan, yorulmadan, sevinə-sevinə....
- Sonra?
- Biri o birindən pis cavab verirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!