Sözə qüvvət
Böyük şairimiz Rəsul Rzanın anadan olmasından 109 il keçir. Göyçayda, şairlər və çinarlar diyarında dünyaya göz açan Rəsul Rza keçən əsrin 30-cu illərindən başlayaraq Azərbaycan ədəbiyyatında öz varlığını, şair fərdiyyətini təsdiq etdi, poeziyamızın o mürəkkəb, ziddiyyətli, çətin, amma şərəfli, dünya poeziyasına dilimizin, mənəviyyatımızın, tariximizin və müasirliyimizin poetik incilərini bəxş edən bütün mərhələlərində novator bir şair kimi tanındı, sevildi, məşhurlaşdı.
Rəsul Rza cəmi 71 il yaşadı, amma onsuz keçən bu 38 ildə Rəsul Rza bəlkə, sağlığında olduğundan daha artıq sevilir, hər il, bəlkə, hər ay onun yaradıcılığı haqqında məqalələr yazılır, Rəsul Rza fenomeni bir daha təsdiq və etiraf olunur. Bu sətirlərin müəllifi də "Rəsul Rza və müasir Azərbaycan poeziyası" adlı bir monoqrafiya (2010) nəşr edib, silsilə məqalələr yazıb, bu böyük şairin yaradıcılığındakı özünəməxsusluğu tədqiq etməyə çalışıb. Rəsul Rza ilə onun sağlığında, ölümünə beş-altı ay qalmıüş son müsahibəni də elə bu sətirlərin müəllifi aparıb. Ümumiyyətlə, Rəsul Rza təkcə XX əsrin deyil, bu əsrin də ədəbiyyatında - mənəvi dünyasında bizim sevimli şairlərimizdən biri kimi yaşayır.
Rəsul Rza novator şair idi, ədəbi məktəb banisiydi. Ədəbi məktəb isə sistemdir - bu sistemdə poetik ruh, mövzu, süjet, forma-sənətkarlıq komponentləri bir-birilə zəncir kimi qırılmaz əlaqədədir: "baniyi-kar"ın-ustadın əsərlərindəki ideyalar, bəşəri problemlər ondan sonra gələn və onun yolunu davam etdirən şairlər üçün də bir örnək rolunu oynayır. Əlbəttə, burada təqliddən, epiqonçuluqdan yox, davam və inkişafdan söz gedə bilər. Bizdə tez-tez "ədəbi məktəb" istilahına müraciət olunur. Tanınmış müasir şairlərimizin az qala hər birini bir ədəbi məktəbin banisi elan edirlər. Hər hansı şairin bir-iki "ardıcılı" varsa, yəni bir-iki cavan şair şöhrətli şairin misralarına, poetik intonasiyasına, mövzularına üz tutursa, buyur, "ədəbi məktəb" banisi göz qabağında. Təbii ki, burada ədəbi məktəblə ədəbi təsiri bir-birilə eyniləşdirirlər. Mənim fikrimcə, XX əsr Azərbaycan şeirində dörd ədəbi məktəbdən söz açmaq olar - Sabir - "Molla Nəsrəddin" şairlərinin ədəbi məktəbi, Səməd Vurğun, Şəhriyar və Rəsul Rza ədəbi məktəbləri. Rəsul Rza ədəbi məktəbi 60-cı illərdə formalaşmışdır. Qeyd edim ki, 60-cı illərdə Azərbaycan poeziyası zamanın inkişaf meyillərini, aparıcı tendensiyalarını dərk edib özünü yenidən qururdu. Bu yenidənqurma prosesində, təbii ki, eksperimentlər də müəyyən rol oynayırdı. Əlbəttə, eksperimentlərin özünü doğrultmayanları tez bir zamanda sıradan çıxır, dəyərliləri isə ədəbi təcrübə üçün nümunəyə çevrilir. Əgər poeziya öz inkişafının müəyyən mərhələsində artıq bəzi şablonlardan, forma yeknəsəqliyindən, trafaret halına keçmiş bədii təsvir vasitələrindən xilas ola bilirsə, yeni təsvir üsullarına üz tutursa və bütün bunlar yaşarılıq kəsb edirsə, bunun özü novatorluq deyilmi?
Rəsul Rza öz ardıcıllarına məhz bu poeziya dərslərini mənimsədirdi. O illərdə Rəsul Rzanı Azərbaycan poeziyasının ənənələrinə üz çevirən bir şair kimi təqsirləndirənlər az deyildi. Sərbəst şeiri, "Rənglər" silsiləsini gözdən salan məqalələri hələ də unutmamışıq. Rəsul Rza "Qayğı sözü və qayğı özü" məqaləsində yazırdı: "Novatorluğu xarici formada görənlər elə bilirlər ki, müəyyən heca, əruz vəzni ilə, ya sərbəst yazılmış sətirləri yerli-yersiz qırıb düzməklə məsələ bitir. Unudurlar ki, novatorluq bədii idrak, sənətkarın dünyagörüşü, həyat hadisələrinə münasibəti ilə bağlıdır. Unudurlar ki, bu və ya digər mülahizə ilə yeni bir fikir, yeni bir obraz, yeni bir ifadəsi olmayan, döyənək qafiyəli standart "fəlsəfəli", çeynənmiş təşbehli yazılara novator sözünü yapışdırmaq səmərəsiz zəhmətdir. Belə əsərlərin paxırı başqa dilə tərcümə zamanı tez açılır".
Rəsul Rza klassik ədəbiyyatın, xüsusilə, Füzulinin, Sabirin, ümumən qəzəl, divan ədəbiyyatının vurğunu idi desək, səhv etmərik. Onun "Süleyman Rüstəmin qəzəlləri haqqında" yazdığı məqalədə klassik ədəbiyyatı necə sevdiyinin şahidi oluruq. Bu xüsusda ayrıca bir söz açmağa ehtiyac var. Qoy Rəsul Rza poeziyasından söz açan müəlliflər bu mövzuya da müraciət etsinlər. Rəsul Rza poeziyasından söz açan indiki müəlliflərin əksəriyyəti daha çox onun sərbəst şeirlərinə müraciət edirlər, etirazımız yox, amma Rəsul Rza həm də gözəl heca şeirlərin də müəllifdir. Bir məsələni də qeyd etməyi vacib bilirəm. Rəsul Rza poeziyasından söz açan müəlliflərin demək olar ki, hamısı onu yalnız milli poeziya çərçivəsində tədqiq edirlər, halbuki, Rəsul Rza yaradıcılığı XX əsr dünya poeziyası kontekstində öyrənilməlidir.
Rəsul Rza poetik məktəbinin davamçıları
Altmışıncı illərdə ədəbiyyata cavan şairlərin yeni bir dəstəsi gəldi. Onların bir çoxu şeirdə Səməd Vurğun yoluna, ənənəsinə üz tutdularsa, bir qismi isə Rəsul Rzanın poeziyasından təsirləndilər. Təbii ki, o dövrdə müəyyən mübahisələrə, ədəbi konfliktlərə baxmayraq, Azərbaycan şeiri istər məzmunca, istərsə də forma-sənətkarlıq baxımından yeni bir inkişaf mərhələsinə daxil olurdu. Hətta vəzn söhbətinin də burada heç bir önəm daşımadığı məlum idi.
Rəsul Rza heç bir cavan şairə "gəlin, mənim kimi yazın, mənim kimi düşünün" deməyib, lakin o, bu cavan şairlər arasında ən istedadlıları haqqında söz deməkdən çəkinməmişdir. Onun həmin cavanlara məsləhət və tövsiyələri çox səmərəli olurdu, belə ki, ustaddan qayğı görən hər cavan şair onun poeziyasından çox şey görüb-götürürdü. Onlar Rəsul Rzanın hiss və fikirlə yoğrulmuş poeziyasından çox şey öyrəndilər, Rəsul Rza ilə birgə sərbəst şeirin yeni variasiyalarını yaratdılar, Avropa poeziyasının yeniliklərinə üz tutdular, amma milli poetik ənənələrə də sadiq qaldılar. Rəsul Rza davamçıları həm hecada, həm də sərbəst şeirdə maraqlı, orijinal nümunələr yaratdılar.
Əli Kərim, Fikrət Sadıq, Fikrət Qoca, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Abbas Abdulla, Ramiz Rövşən, Camal Yusifzadə, Tofiq Abdin, Vahid Əziz, Çingiz Əlioğlu, Arif Abdullazadə, həmçinin Sadiq Qara, Qürbət Əzizov, Rəhilə, Əjdər Ol, Yusif Nəğməkar haqqında irili-xırdalı həm "uğurlu yol" səpkisində, həm də ciddi məqalə təriqi ilə qələmə alınmış yazıları Rəsul Rzanın "qayğı sözü və qayğı özü" məramını düzgün yetərincə ifadə edir. Bu şairlərin (onların bəzisi vəfat etsə də) hər birinin Rəsul Rza haqqında onun şəxsiyyətinə, poeziyasına sevgilərlə dolu şeirləri, poemaları var. Heç şübhəsiz, bu şeirlər, poemalar Rəsul Rzanın şəxsiyyətinə, Azərbaycan poeziyasında bir novator sənətkar kimi böyüklüyünə sonsuz ehtiramın, sevginin inikasıdır. Rəsul Rzanın bu dəstədə ən çox sevdiyi şair Əli Kərim olmuşdur. Əli Kərimin Rəsul Rzaya həsr etdiyi "Şair" şeirindən bu misralara diqqət yetirək.
Dünyada çoxdur şair,
Necə sayım onların hamısını birbəbir.
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir,
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir.
Amma şair də var ki,
Zamanın doğma oğlu;
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirin yolu.
Belə şair də vardır:
Onun ömrünün yolu
Bir əbədi yazadır.
O, sözlər sərkərdəsi,
Fikirlər qəhrəmanı.
Yusif Nəğməkarın Rəsul Rza sevgisi
Rəsul Rzanın o illərdə cavan şairlər arasında bəyəndiyi müəlliflərdən biri də Yusif Nəğməkar idi. Xalq şairi "Ədəbiyyat və incəsənət" qəzetinin 1977-ci il 30 may nömrəsində "Təsadüf" adlı məqaləsində Yusif Nəğməkarın şeirlərindən söz açmış, onu istedadlı cavan bir şair kimi ədəbi ictimaiyyətə tanıtmışdı. Yusif Nəğməkar bir şair kimi formalaşmasında, şeiriyyət aləmində özünəməxsusluğa nail olmasında Rəsul müəllimin o xeyir-duasını heç vaxt unutmur. Amma məsələ təkcə xeyir-duada, o məqalədəki tərifdən getmir. Yusif Nəğməkar Rəsul Rza poeziyasından çox bəhrələnir, onun şeirlərindəki poetik stixiyanı, sözü Rəsul Rza kimi demək manerasını saxlamağa çalışır. Təbii ki, onu təqlid eləmir, amma poetik prinsiplərini, həyata, varlığa estetik münasibətini özünəməxsus şəkildə davam etdirir.
Özünün dediyinə görə, Rəsul müəllimlə tez-tez görüşürmüş, onu düşündürən məsələlər barədə ustada müraciət edirmiş, Rəsul müəllim də bu diribaş cavan şair haqqında yeri gələndə söz açırmış. 2004-cü ildə Yusif Nəğməkar beynəlxalq Rəsul Rza mükafatına layiq görüldü. Onu da qeyd edim ki, Yusif Nəğməkar artıq neçə şeirlər-poemalar kitabının müəllifidir, onun şeirləri müasir həyatın, gerçəkliyin, ictimai-siyasi həyatda baş verən hadisələrin poetik inikasıdır. Müasir şairdir, klassik şeirimizdən də bəhrələnir, müasir poeziyamızın ustadlarından da. Təsadüfi deyil ki, xalq şairi Bəxtiyar Vahabzadə Yusif Nəğməkarın yaradıcılığı haqqında iki məqalə yazmışdır. O məqalələrdən bəzi sətirləri burada xatırlatmaq istəyirəm. Bəxtiyar müəllim yazırdı: "Mən onun "Bilsəydim ayrılıqdır" adlı kitabını oxudum. Mənə çox qəribə təsir elədi. Nədir bu şairdə? Bu cavan şairimizdə məni tutan cəhət nədir? Məni tutan cəhət ondan ibarətdir ki, bu şair hadisələrə fəlsəfi yanaşmağı bacarır. Yəni onu ümumiləşdirməyi bacarır. Məsələn, "Qanun" adlı bir şeiri var, mənim çox xoşuma gəldi, balaca bir şeirdi, deyir:
Qızılgülün budağında
tikan bitib,
Qaratikan kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
sərtliyi gizlədən
zərifliyə bax!..
Nə qədər gözəl! Çox qəribədir. Niyə qızılgüldə, bu qədər zərif olan qızılgüldə tikan bitir, amma qaratikan kolunda isə yaşıl, sığallı yarpaq? İlahi, bu, təbiətin nə möcüzəsidi?! Bu təzadda nə qədər fəlsəfi məna gizlənir... Bu şairi - Yusif Nəğməkarı mənə sevdirən əsas cəhət onun yaxşı müşahidə qabiliyyətidir. Hamının baxdığı, lakin hamının görə bilmədiyi həyat hadisəsini mənalandıra bilmək, ilk növbədə, istedadın qüdrətidir. Bu varsa, demək, sənət də var".
Mətləbdən uzaqlaşmayaq. Yusif Nəğməkarın Rəsul Rza sevgisi onun 1976-2001-ci illər arasında yazdığı "Sizli" poemasında ifadə olunub. Janrı belədir: Poema-anım. Doğrudan da, "Sizli" poeması Rəsul Rzanın bir insan və sənətkar kimi canlı portretini hasilə gətirir, bu böyük sənətkara məhəbbət və ehtiramını əks etdirir. Poema ayrı-ayrı şeirlərdən ibarətdir, lakin bu şeirlər arasında məntiqi əlaqə qırılmır, bir şeirdə deyilən fikir başqa bir şeirdə yeni bir tərzdə davam etdirilir.
Hər ilin yazında
bir səs eşidib,
bir nəfəs duyuram...
Fəxri xiyabanda
İstəklərin,
Nisgillərin
dilsizliyinə bürünmüş
bir məzarın önündə
şeir oxuyuram.
Hər ilin yazında
mavi Göy "dəniz"ində
ləpə-ləpə
köpüklənir durnalar;
Kövrəlir göy üzü.
Şair olur göy özü.
Hər ilin yazında -
hər günkü kimi
Hər il mayın on doqquzunda
Söz baharının bətnindən
Rəsul Rza həsrəti doğulur.
Poema bu mənada daha çox nisgilli duyğularla qələmə alınıb. Amma bu nisgilli duyğular oxucunu bədbinliyə, pessimizmə sürükləmir, əksinə, nikbinlik aşılayır. Poema "Bu dünyada yaxşılıq kimi, İnsanlıq kimi Bir Rəsul Rza vardı, bir də Rəfibəyli Nigardı. Onların da qəlbində dünyaya sığmayan dünyaları vardı" misraları ilə başlayır və bütün poema boyu biz Rəsul Rza dünyasının bizə məlum olan və məlum olmayan qapılarını açırıq. Xüsusilə "İnsan-Prometey", "Rəsul Rzaya məktub", "Rənglər", "Kitab üstündə mənzil", "Dünya gecələyən yer" fəsillərində Rəsul Rza və Nigar xanım haqqında ürəyindən qopan xatirələri dilə gətirir. Bu xatirələrdə Rəsul müəllimin təbəssümü də, səssiz pıçıltıları da, gülüşü də, cavan müəllifə ilıq münasibəti də ustad şairin mənəvi aləmini yetərincə səciyyələndirir. Azərbaycan şeirində şair obrazları ilə çox qarşılaşmışıq, Yusif Nəğməkarın təqdim etdiyi şair isə tamam fərqli, özünəməxsus şairdir və bu şair bir dəstə gülün onun qapısında görünməyindən fərəh duyur. Bu şair yastı balaban səsində Nizaminin, Füzulinin kəlmə-kəlmə öyüdlərini dinləyir:
Vurulmuşdu bu səsə,
Ömrü uçdu bu səsə...
Onun xəyal dünyasında
bahar-bahar çiçək açdı,
Könül-könül alov saçdı
yastı balaban səsi.
O, yaxşıca bilirdi ki,
Bu səs
xalqın həmyaşıdı,
gözündəki qəm yaşıdı.
Poemanı məzmununa görə iki hissəyə ayırmaq olar. Birinci hissə şairlə görüşləri, onunla bağlı heç vaxt soyumayan xatirələri əhatə edir. Böyük sənətkar Rəsul Rza ilə cavan şair Yusif Nəğməkarın şəxsi görüşləri, isti münasibətləri ön plana çəkilir. Hissənin finalı "Yetmiş yaşlı məktəb"lə başa çatır:
Bir məktəb var -
Yetmiş yaşlı.
Müdrikliyə yetmiş,
yaşlı.
Bir sinifdir hər kitabı.
İstərəm ki, bu məktəbin
Şagirdinə dönəm bu gün.
Ancaq yenə öz səsimlə
Nəfəsimlə dinəm bu gün.
Bu, Rəsul Rza şeir məktəbidir.
Poemanın ikinci hissəsi isə Rəsul Rzanın vəfatından doğan kədərli, qüssəli, qəmgin duyğuları ifadə edir. Artıq ayrılıq soyuğu başlayır-93-79-23 nömrəli telefondan cavab gəlmir. "Həsrətin dibsizliyi, sükutun sonsuzluğu üşütdü məni. Ah çəkdim yana-yana. Bürkülü bir gündüzdə Büründüm bu soyuğa-Ayrılıq soyuğuna". "Dənizin çiynində", "Niyə köçdün bu dünyadan?!" fəsillərində elegiya notları ilə rastlaşırıq. Amma poema sona yaxınlaşdıqca nikbin notlar gəlir. Rəsul Rza ölməzliyi təsdiq və etiraf olunur. Yusif Nəğməkarı o düşündürür ki, görəsən bu məğrur insanın-şairin heykəlini kim yarada bilər?
O heykəli
yaradana sözüm var:
Gərək ürək yaxınlığında
Vətən torpağı,
Vətən səması
mavi sonsuzluq kimi
baxa bilsin
o heykəlin gözlərindən.
Gərək o dərin gözlər
uca zirvələr başından
qalib-qalib
yetəcək gündüzlərə boylansın.
O baxışlar önündə
əbədi bir şəfəq yansın.
O sönümsüz şəfəq də
o zamansız heykəlin
qabarıq köksü altda
çarpan qəlbindəki
ümman-ümman arzulardan
aşağıda dayansın.
Oxucuya elə gəlir ki, poema, sanki buradaca bitə bilərdi... Amma Yusif Nəğməkar təbii bir zərurətdən irəli gələn mənəvi ruhun diktəsi ilə "İki Bir"! fəslində Rəsul Rza-Nigar Rəfibəyli vəhdətini dilə gətirir. "İki BİRdi, bir də BİRDİ. İkisi BİRdisə, bir şeirdi. İkinin biri Rəsul, Biri Rəfibəyli Nigar. İkiyə bar verən, İkini bir verən Allah var! Rəsul Rza - Ad üstündə ad... Rəsul Rza ustad. Nigar xanım - əsl Nigar, həm əsilli bir sənətkar".
Yusif Nəğməkarın "Sizli" poeması oxucuya təkcə Rəsul Rzaya sevgilərmi aşılayır? Təbii ki, "bəli" cavabını verərik. Amma Rəsul Rzanın timsalında həm də böyük Azərbaycan poeziyasının zirvələri də düşünülməlidir. Rəsul Rza Nizamini, Füzulini, Nəsimini, Sabiri yetirən bu torpağın, bu vətənin övladıdır, böyük poeziyanın sərkərdələrindən biridir. "Sizli" poemasından aldığımız təəssüratı yalnız belə ümumiləşdirə bilirik. Heç şübhəsiz, bu poema Rəsul Rza sənətinə dərin sevgilərin poetik ifadəsi kimi yaşarılıq kəsb edəcək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!