Fransız Əsir... - Sadiq Hidayət - hekayə

 

Onda Bezansonda yaşayırdım. Bir gün otağıma gələndə gördüm ki, nökər çirkli göy köynəyini geyinib otağın tozunu tökür. Məni görən kimi stolun üstündəki kitabı götürüb yanıma gəldi. Bu, müharibədən bəhs edən, almancadan təzə tərcümə olunmuş kitab idi.

- Bunu oxumağa verərsiniz?

Təəccüblə soruşdum:

- Bu axı roman deyil, nəyinizə lazımdır?

- Bilirəm, - dedi. - Mən də müharibədə olmuşam. Almanlara əsir düşmüşdüm.

Almanların əsirlərlə pis rəftar etməsi haqda xeyli şey oxumuşdum, amma düz, yoxsa yalan olduğunu bilmirdim. Buna görə də marağımı çəkdi, onu danışdırmaq istədim. Bütün fransızlar kimi, almanları söyəcəyini gözləyirdim.

- Almanlar sizinlə necə davranırdı? Əsirlikdən danışa bilərsiniz?

Deyəsən, sualım onun yarasını qanatdı. Danışmağa başladı:

- İki il Almaniyada əsir olmuşam. Müharibəyə getdiyim elə də çox deyildi. Nansi şəhərinin yaxınlığında döyüş başladı. Bizim bölükdə təxminən üç yüz nəfər olardı. Almanlar bizi mühasirəyə alıb başımızın üstündən yaylım atəşi açmağa başladılar. Müqavimət göstərmək mənasız idi, silahımızı yerə atıb əllərimizi qaldırdıq. Bir neçə alman qabağa gəldi. Biri fransızca dedi: "Bəxtəvər adamsınız, sizin üçün müharibə bu gün qurtardı. Sizin yerinizdə olmaq istəyərdik". Sonra ciblərimizi axtardılar, bütün silahlarımızı aldılar və qruplara bölüb mühafizəçilərlə yola saldılar. Bir neçə yaralımız vardı, onları da müalicə almağa göndərdilər. İki gün gedəndən sonra əsir düşərgəsinə çatdıq, mənimlə başqa bir fransızı rus əsirlərinin saxlanıldığı baraka mühafizəçi qoydular. Çox darıxdırıcı iş idi, həm də ruslar çox tüpürürdü, bir neçə gündən sonra dayana bilmədim, işimi dəyişdirməklərini istədim. Razılaşıb məni Köln yaxınlığında bir kəndə göndərdilər, mühafizə yoldaşım da yanımda idi. Təsərrüfatla məşğul olmalıydıq. Səhər saat altıda durub tövləyə gedirdik, atlara qulluq edəndən sonra kartof tarlasında işləməliydik. Tezliklə qaçmağa çalışdıq. İki gün iki gecə piyada yol getdik, Hollandiyadan keçib Fransaya getmək istəyirdik. Əsasən gecələr gedirdik. Alman dilini bilmirdik, mən almanca cəmisi bir neçə söz öyrənə bilmişdim, dostum məndən bir az çox bilirdi. Amma axırda tutulduq. Yerimizi dəyişdirdilər, bizi Almaniyanın cənubuna göndərdilər.

- Bəs cəzalandırmadılar?

- Qətiyyən. Bircə onu dedilər ki, yenə qaçmağa cəhd eləsək, sərbəstliyimizi əlimizdən alıb çətin işlərə göndərəcəklər. Təzə getdiyimiz yerdə də təsərrüfat işlərinə baxırdıq. Üstəlik, bura əvvəlki kənddən daha yaxşıydı. Qızlarla əylənirdik. Meşədə işlədiyimiz vaxtlarda mühafizəçi üstümüzdə olurdu, heç kimə qaçmağa imkan vermirdi. Amma gecələr aradan çıxırdıq. Hətta qızlardan biri dostumdan hamilə qaldı. Sinəmizə nömrə tikilmişdi, gecələr nömrənin üstünə ağ parça tikirdik. Axşam saat səkkizdə tarladan çıxırdıq. Qızlarla dəmiryolu stansiyasının yanında görüşürdük. Gülməlisi odu ki, onların dilini bilmirdik. Mənimki sarışın idi. Onu çox sevirdim, indiyəcən unutmamışam. Axırda işimizin üstü açıldı, üzümüz danlanıldı. Biz də bir-iki gecə getmədik, sonra görüş yerimizi dəyişdirdik…

- Almanlar sizinlə pis rəftar edirdi?

- Qətiyyən. Biz tapşırılan işləri görürdük, bizdən razı idilər. Amma bir-iki dəfə kağızlarımızı aparmadılar.

- Nə kağız?

- Əsirlərin evlərinə yazdığı məktublar. Alman əsirlərinin ailələrinə yazdığı məktubları fransızlar alırdı, fransız əsirlərinin məktubları da eyni qaydayla göndərilirdi.

- Bəs nə üçün aparmamışdılar?

- Dediklərinə görə, fransızlar Fransada əsir düşən alman zabitlərini Əlcəzairə aparıb ağır iş gördürüblər, alman əsirləriylə pis rəftar ediblər. Ona görə. Amma almanların məğlub olduğunu, Fransaya qayıtmağımızın dəqiqləşdiyi vaxt dirəniş göstərdik. Heç kim bizə gözün üstə qaşın var deyə bilməzdi! Fransaya yola düşəndə vağzalda divara Vilhelmin şəklini çəkdik. Bədənini donuz bədəni kimi çəkmişdik, altında da "Rədd olsun Almaniya!" yazmışdıq. Qatarı gecikdirdilər. Az qalsın dava düşəcəkdi…

Əsirliyindən yarım saat danışandan sonra köks ötürdü.

- Həyatımın ən gözəl günləri Almaniyada əsir olduğum günlər idi, - dedi, süpürgəni götürüb otaqdan çıxdı.

Paris, 11 aprel 1930

Tərcümə edəni: Həmid PİRİYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!