İsmayıl həmin, al-qırmızı rəngli butanı babası Şeyx Cüneydin başında görmüşdü. Uşaq ağlı ilə onu canı qədər sevdiyi mömin adama günəşin hədiyyəsi hesab eləmişdi.
İmkanları olsa da, həmin yaşına qədər babası Şeyx Cüneyd də, atası Şeyx Heydər də müəllim tutmağa bir ehtiyac görməmişdi. Halbuki, bəziləri bu sahədə onların bir-iki sənə də gecikdiklərini söyləyirdi. Uşaqların zehninin açılmağa başladığı vaxtdan onların dünya ilə tanışlıqları üçün elmin çeşidli sahələrinin uzmanı müəllimlərin, həmin dünyada özünü müdafiə edə bilməyi üçün cəngavərlərin təliminə ehtiyacı hava və su kimi hesab edirdi.
Həmin sahədə fikirləri üst-üstə düşən ata, bala nəvələrinə, oğullarına ilk təlimi özləri verməyi qərarlaşdırmışdı. Şeyx Cüneyd hesab edirdi ki, uşağı həyata ayaq və dil açandan sonra ciddi nəzarətdə saxlamaq lazımdı. Hansı sahəyə meyil və marağını bildikdən sonra təlimlərini həmin yönə yönəltmək gərəkdi. Şeyx Heydər uşaqlara erkən yaşından cəngavərlik təlimini, bir növ, oyunbazlığa bənzədirdi. Onları, ilk növbədə, içinə düşdükləri həyatla tanış etməyə üstünlük verirdi. Yəni uşağı ova alışdırmaq, çayların, dağların yalmanına qalxa bilməyi öyrətmək istəyirdi. Onlar ilkin qarşılarına çıxan həyat çətinliklərinə sinə gərə bilməli idi.
Bu cür təlim sonrası yeddiyaşlı İsmayıl baba hesabı əvvəl-əvvəl özüylə tanış da bilmişdi (yəni hansı xalqın övladı olduğunu öyrənmiş, onun illər boyu topladığı mənəvi sərvətlərlə tanışlığına başlamışdı. Atalar sözlərindən başlayıb, nağılların, dastanların yalmanına yatmışdı).
Atası onu balıq, quş ovu zamanı çaylarda balıq kimi üzməyi, dağlarda qartal kimi süzməyi öyrətməyə çalışmışdı. İsmayıl təbiətə ayaqaçdısı zamanı ətrafdakı güllərlə, otlarla, ağaclarla, qurdlarla, quşlarla da tanışlığına başlamışdı.
Şeyx Cüneyd hikmətli kəlmələr sonrası nəvəsinin qulaqlarında onun (və bəşərin) ən böyük qazancı olan insanlığı sırğa etməyə çalışmışdı:
- Rəbbimiz bizə şüuru bəxş edib ki, onun yaratdığı dünyanın adil və qadir sahibinə çevrilək. Ətrafımızdakı yaratdığı canlılara da sahib duraq, dünyanı ağılla tənzimləyib cızığından çıxmağa qoymayaq. İnsan - şüuruyla (rəhmi və ədalətilə) bu ilahi ada sahib ola bilər. Onu itirsə əlləri caynağa çevrilər, ram edə bilmədiyimiz yalquzaqlardan bir fərqi ola bilməz.
Şeyx Heydər bütün yaranışların bir-biriylə əlaqəli olduğunu, bir-birinin işini tənzimlədiyini söyləyirdi. Əbəs yaradılışın olmadığını İsmayıla anladırdı. Dünyanı dərki sonrakı insan əvvəl varlığına, sonra da varlığa hakim olmağa çalışmalıdı. Ən çətin anında kimsələrdən kömək gözləmirdi. Çətinliklər insanlar üçün sınaqlardı. Onları dəf etməyi bacarmalıdı. Düşdüyü qəfəs içrə, aldığı nəfəs surəsi özü öz təbibinə çevrilməlidi. Çünki varlığı üçün ətrafındakı varlıqda bütün dərdlərin əlacı mövcuddu.
Babası günlərin bir günü sevimli nəvəsinin şəkil çəkdiyinin, günlərin başqasındasa şeir yazdığının şahidi olmuşdu. Rəsm sənətinə uşağın ilk həmləsi yazağzı laləli bir çəməndən döndükləri zaman baş vermişdi. Elə ilk dəfədə baharvari coşqun hissləri lalə "bitirə" bilmişdi. Şeiri də (yəni hələlik bir-birinə uyuşmayan misraları da qonşudakı özündən bir-iki bayram böyük qıza baxdıqdan sonra həmin sənətin sapına düzülmək istəmişdi. Uşağın hər iki təşəbbüsü mavigöy qübbəsi altında saç-saqqal ağartmış Şeyxin ürəyincə olmuşdu. Nəvəsinin hisslərinin atlandığına sevinmiş, onların gec-tez şahə qalxacağına inanmışdı. Şeyx Cüneydə görə, məhəbbət insanla bərabər doğulur. Bunu Allah-Taala tərəfindən verilmiş müqəddəs əmanət də hesab etmək olar. Onun qədrini bilənlər, cisimlərində ilahi varlıq kimi böyütməyi bacaranlar, zirvələri fəth edə bilərlər.
...Günlərin başqa bir günündəsə atası Şeyx Heydər oğlunun oxşarsız bir tərəfini görə bildi. O, ətrafında gördüklərinə öz ağlı və təfəkkürü ilə yeni ad verməyə çalışırdı. Bağçalarındakı çeşmə ətrafındakı söyüd və ondan azca aralıdakı qızılsinab alma ağacı arasında dayanmış İsmayıl atasının gözləmədiyi kəlmələri ona tuşlayası olmuşdu:
- Ata, bunların hər ikisinə niyə ağac söyləyirlər.
Bəs, başqa nə ad verilə bilər?
- Məncə, meyvələrə, bəhrəsi yığılanlara yığac, söyüd kimilərinə ağac söyləmək olar.
- Onda özün Dədə Qorqud səviyyəsinə çatanda öz meydanını açarsan, ayrana doyran, gəlinə ayran kimi yeni deyimlərini yaradarsan. Xalqın dilinə, ağlına yatıra bilsən, dönüb Dədə İsmayıl olarsan.
Həmişə əlləri zərli əbası altda gizlənən Şeyx Heydər bu dəfə onların birilə oğlunun başını sığallayası olmuşdu. İsmayıla elə gəlmişdi ki, atasının əli hər dəfə varlığından qılınc kimi sıyrılır... Bütün bunlar, bəlkə də, varlığındakı döyükən ruhdan gəlirdi. Öz əqidəsi uğrunda vuruşmağa, həmin uğurda şəhid olmağa illər boyu hazırlaşdığından özü-özündən xəbərsiz qızılbaş qılıncına, varlığı da onun qınına çevrilmişdi.
İlk qızılbaş cəngavəri, əslində İsmayılın babası Şeyx Cüneyid idi. Bəlkə də, oğlunu bir tək o şanlı əqidələrinin iti qılıncı kimi görə bilir, belə övlad yetirdiyinə görə qürurlanırdı. Və onu başlarına toplaya biləcəkləri qızılbaş ordusuna örnək hesab edirdi.
Şeyx Cüneydin varlığı elə bil ilahi nurdan yoğrulmuşdu. Həmin nur bir an olsa parıltısını itirməyib, nurani sifətindən bərq vururdu. Həmin nur zaman-zaman düşündükdən sonra, həmin müqəddəs adamın ürəyini qızılbaşlığına döndərmişdi. Bu içinə düşdüyü cahanı ağlı, dərrakəsi ilə ucala bildiyi bir zirvədən həm görə, həm dərk edə bilən adamı həmin əqidəyə əzanı ilə oyandıqları, namazı ilə əlləri, uca Allahda əyilib qalxdıqları müqəddəs dinlərinin başı üstə uçan yad, qara "çalağanlar" gətirmişdi. Həmin "çalağanlar" öz din casuslarını müsəlmanlar arasına salıb onları sünni və şiəyə çevirə bilmişdir. Halbuki, Rəsulillahları bir din və iman sahibi olmuş müsəlmanlarını həmin yeganə din və imanın yolçusu etməyə çalışmışdı.
Şeyx Cüneyd öz qızılbaşlıq əqidəsi ilə həmin yeganə din və imana qayıdışı mümkün hesab edirdi. Onu həzrət peyğəmbərin özünün imanı hesab edib, həmin yolda savaşa hazırlaşırdı. Şeyx Cüneyd bunu sünni və şiə davası hesab etmirdi. Sünni və şiələrin bir imanda birləşib nifrət kamanlarının oxlarını yad çalağanlara tuşlaya bilməsi sayırdı.
İsmayıl bütün uşaqlar kimi, babasına daha çox mehr və məhəbbət salırdı. Onun gözü və sözünün nuruyla ürəyini qızdırır, gözü və zəkasını işıqlandırmağa çalışırdı. İsmayılın ən böyük bayramları babasıyla təbiət qoynuna səfərləri olurdu. Belə yürüşlərində o, babasını həm kənardan necə var elə görə bilir, həm də ünsiyyətləri zamanı neçə mənzil yaxınlaşmağı bacarırdı.
Elə bil təbiət də həmin nur parçasının bütün canlılarıyla yolunu bərabər gözləyirdi.
Çiçəklər kəpənək, kəpənəklər quş olub onun əllərinə qonmağa çalışırdı. Quraq yerlər dil çıxarıb ondan su, səfərdən qalmış qanadı qırıq quşlar əlac istəyirdi.
Baba-nəvə söhbətləri zamanı biri bağbana, o biri də onun fidanına çevrilirdi. Və hər dəfə, həmin səfərlərdə çöllərin neçə qönçələri sayağı İsmayılın arzu və diləkləri açılırdı.
Nəvəsinin gözlərinin cığırlara dikildiyini görəndə bir dəfə babası, onun gələcək arzularına doğru yol açmağa çalışmışdı.
- Gördüyün o cığırların hərəsi bir səmtə uzanır. Hamısı da böyük yola calamaq istəyir. İndi İsmayıl qoçum söyləsin görüm o öz cığırıyla hansı məsələnin böyük yoluna çıxmaq istəyir.
İsmayıl onsuz da babasının baxışlarından bir şey gizlətməyi mümkünsüz hesab edirdi. Ona görə ürəyini babasına oxutdurmur, eşitdirirdi.
- Mən hər sözü, kəlməni eşitdikcə, gözümlə onun şəklini də çəkirəm. Gördüklərimiz özləri əcdadlarımıza adlarını yaradıb. Şırıldayan bir şeyə şırşır, quruldayana qurbağa dedizdirib. Sözləri sapa düzüb incilər yarada bilənləri Nizami, Firdovsi olub, ustad Məhəmmədlər də onları fırçalarıyla canlandırmaq istəyib.
- İndi sənə ipəkdən saplar, ya ceyran tükündən fırça almaq lazımdı.
- Hələlik, içimdə pəhləvanlar kimi iki arzum güştünü tutmadadı. İnşallah, bir az səbr edib onların hansının o birisinin kürəyini xalıya vurmağını gözləyəcəyəm...
...Uşaq yaşlarından İsmayılın bir qulağından babası Şeyx Cüneydin, o birisindən atası Şeyx Heydərin "sırğaları" asıldı.
Şeyx Cüneyd: Sənət eşqi gördün ki, qanına qarışıb, ona dönüklük etmə. İnsan məhəbbət övladı eşqdir. Onu söndürsə sönər...
Şeyx Heydər: - Sən günlərin bir günü əqidəmizin sərkərdəsinə çevrilə bilərsən. Bax o zaman qərarlarını, qələminin yox, qılıncının gücüylə ver. Çünki qələm ürəkdən qidalanıb dəmirçi körüyündəki polad kimi maye olur. Sərkərdəliyin qərarları həmin ərintinin qılınca çevrilməsinə, suyla bərkiməsinə bənzəməlidi. Sərkərdə qərarı ağıldan güc alıb, qılınc kimi iti olmalıdı.
***
Ərdəbilin gündoğan səmtinin ən gülüstan guşəsində Səfəvi nəslinin dədə-baba daima yanan ocağı vardı. Şəhərin qibləsində...
Yanar ocaqdan qızılbaşlıqla şölələnən bir yürüş başladı. Onun önündə başında qızıl çalma Şeyx Cüneyd getdi.
Qiblədəki Səfəvi türbəsinə (yəni sönən ocaqlarına) da onu, - qızılbaşlıq inancının ilk şəhidini gətirib, əsl-nəcabəti sırasında böyük hüzn və izzətlə torpağa tapşırdılar.
Müridləri onu məğlub ələm kimi torpaqda, balaca İsmayılsa tükənməz hüzn və ələm kimi ürəyində dəfn elədi. Amma ürəyindən axıb, gözündə gilələnən damcılar günəşin şəfəqləri ilə ümiddən qalaylanmağa başladı: "Məzarın üstə lalələr açacaq, baba. Onlar da yürüş edib dünyanın cümlə çöllərini, çəmənlərini tutacaq. "Və həmin gündən irigözlü yeniyetmənin ürəyinə qızılbaşlığın lalə rəngli toxumları səpildi. Şeyx Cüneydin bir al rəngli əqidədən güc almış kəlamları hər azan çağı Şeyx Heydər başda olmaqla qızılbaş yanlı və yanıqlılılarının qulaqlarına səslənirdi: Məğlub olunduğu yerə qayıda bilmək, məğlub olmamaq deməkdi...
Və ora qayıda bildilər. Bu dəfə əlində qızılbaşlıq ələmi dalğalanan Şeyx Heydərin arxasınca.
Yanar ocaqda sönər ocağa çiyinlərdə Şeyx Heydər özünün hüznlü şəhid yürüşünü etdi. İsmayıl iri, yaşlı gözləriylə elə hey qızılbaşlara baxırdı. Onların məğlubiyyətdən sarsılıb-sarsılmadığını bilmək istəyirdi. Babası Şeyx Cüneydin məğrur səsi qızılbaş azanına dönüb yenə onları səfərbər edə biləcəkmi? Məğlub olduqları yerə üçüncü dəfə döndərməyə qadir olacaqmı? Yoxsa başlarındakı al rəngli çalmalar qırmızısını itirəcəkmi? Qızılbaşlıq lalələrin xəzanınamı düşəcək.
Və həmin müşahidələri zamanı atasının əllərini yadına saldı. Qılınc kimi sıyrılan qolları. Təşvişinə son qoymağa yollar aradı. Tapdı da.
Şeyx Heydərin yeddisində məzarı ziyarətə gəlmiş müridlərin heyrətləri xam köhlənlər kimi şahə qalxası oldu. Hamısının da qulağına at kişnərtisi, qılınc cingiltisi gəldi. Şeyx Heydərin məzarının sağı və soluna onun iki döyüş qılıncı qoyulmuşdu. Və onlar rəhmətliyin qollarına bənzəyirdi. Və cingiltilərilə haray çəkirdi. Qızılbaşlıq son damla qızılqanı sonrası məğlub sayıla bilər.
Həmin harayı, axşam qəribliyində atasının qəbri üstə qoyarkən İsmayıl ürəyindən keçirmişdi. Və əks-sədasına da nail ola bilmişdi.
İsmayıl Səfəvi ocağında madar oğul balası qalmışdı. Və bunu özü də bütün isti və soyuqluğu ilə dərk edə bildi.
Soyuqluğu onu təbii uşaqlıq və yeniyetməlik həyatı, yaşamağa səslədi. Yetkin yaşına kimi səbr edib qılınca və ya qələmə sarılacağını gözləməli idi.
Qəlbinin hərarətindən körüklənən çılğınlığı Şeyx Səfi türbəsində yan-yana uyuyan baba və atasının ruhunun mübariz qızılbaş harayını yetirirdi: "Bir nəslin son ümidi kimi onun ocağında madar qalmısan.
Həmin nəslin və qızılbaşlar nəslinin ümid çırağını yalnız və yalnız sən yandıra bilərsən". Sanki həmin haray baba və atasından sonra doğması və simsarına çevrilmiş Lələ Hüseynə də çatmışdı. Axşamların birində sifəti də şər alaqaranlığına çəkilmiş şəkildə İsmayılın başının üstünü aldı. Qara əlbisəsində (əzizi Şeyx Heydəri itirdikdən sonra matəm rəmzinə bürünməyi qərarlaşdırmışdı) lələsini göylərdən yenicə enmiş qara məleykəyə bənzətdi. Və məleykə dilində sonrakı taleyi barədə göylərin fərmanını eşitməyə hazırlaşdı.
- Bu dəfə ehtiyat ucbatından gecə səyahətinə dəvət edəcəyəm. Qara niyətlilər ucbatından qaranlıqlara qarışmağımız lazım gəlib.
Uşağın iri gözlərinin heyrətdən böyüdüyünü görüb, əlinin işarəsilə arxasınca gəlməsini istədi.
Onu qəsrin damına çıxarıb balaca pəncərədən mülkün darvaza səmtini göstərdi. Orda qara əlbisəli adamlar gəzişirdi.
- Onlar kim, lələ?
- Səfəvi düşmənləri, həm də malikanəni üzük qaşına alıb ondan quş da uçurmaq istəmirlər. Bütün oxları da Səfəvi nəslinin yeganə şahininə çevrilib.
Uşağın zəkasından xəbərdar lələ, onun cavabından təəccüblənmədi.
- Yəni İsmayıl Heydər oğluna.
- Elə ona görə də malikanədən ayrılmalı olacağıq. Silahsız dərvişə bənzər bir bəndəylə bir tifil bu üzük qaşını yara bilərmi?
Lələ cavabını hərəkətilə verməyə hazırlaşdı. Əlinin işarəsilə bu dəfə onu damından, qəsrin zirzəmisinə endirdi. Şeyx Cüneydin əntiq əşyaları saxlanan, müşk-ənbər ətri verən, divarlarından xalı asılmış, döşəməsinə ceyran, cüyür dərisi sərilmiş otağa gətirdi. İsmayıl babasıyla bərabər bir neçə dəfə həmin otaqda olmuş, onun əşyalarına heyran kəsilmişdi. Xalılardan qiymətli incilərlə bəzənmiş xəncər və qılınclar asılmışdı. Ləmələrdə Ərdəbil zərgərlərinin qiymətli əl işləri bərq vururdu. Otağın qapısı tuşunda qoz taxtalarından düzəlmiş rəflərdə Təbriz rəssamlarının miniatürləri, xəttatlarının müxtəlif xətlərdə əlyazmaları yerləşmişdi. Babası gələcəkdə həmin əsərləri oxumasını İsmayıla məsləhət görmüşdü. Axı üzük qaşı mühasirədə onları oxumaq əyyamı deyildi. Lələ uşağın gözlərini yenə heyrətdən böyütmək istəmədi.
- Atan, baban rəhmətliklər tədbirli zatlar idi. Bax, indi onların həmin keyfiyyəti İsmayıl balalarının dadına çatır.
Lələ sözünün sübutuna doğru yeriyib kitab rəfini var gücüylə çevirməyə başladı. Demə, qapı qənşərindəki həmin nəhəng rəf özü də gizli qapı imiş. Ordan gizli yeraltı yol uzanırdı.
- Bu yol bizi Ərdəbilin kimsəsizlər qəbiristanlığına aparacaq. Orda atanın müridlərinin sadiqlərindən bir qismi yolumuzu gözləyir.
Hər ikisi qaranlığa qərq oldu. Həmin andan qızılbaşların gələcək zümrüd quşunun yarasa ömrü başladı. (Rəf qapını örtdükdən sonra arxasında xeyli ləngiləməli oldular. Və İsmayıl lələsinin necə ehtiyatlı insan olduğuna tam, məəttəl qaldı. Lələ yana yığılmış kərpiclərdən rəfarxasına hasar hördü. Yalnız belə olduqda malikanəni ələk-vələk eləyənlər yeraltı yoldan xəbər tuta bilməzdi.
Müridlər qəbiristanlıqda onları qarşıladı. İsmayıl üçün də at hazırlamışdılar.
- At çapmağından xəbərdaram. Amma gecə zülmətində, bələd olmadığın yolda yüyəndən yapışmağın məsləhət deyil. Mənim tərkimdə gedəcəksən. İşıqlaşan kimi yalmana yatacaqsan.
Onlar Gilana doğru bütün gecəni atkeçməz yollarla (bir kimsənin gözünə görünməmək üçün) köhlənlərini çapdılar. Yolları üstə (yenə bir qəbiristanlıqda) onları qarşılayan, köhlənlərini dəyişən oldu.
Bax həmin yaşından qızılbaşların yeganə ümid çırağı İsmayıl at yalmanına yatası oldu. Yeniyetməliyinə, gəncliyinə qədər ömrünün ən atkeçməz yollarını keçəsi oldu. Yeri gəldikdə qəbiristanlıq kümbəzində yaşadı. Günlərlə izinə düşənləri azdırmaq üçün ayağı torpağa dəymədi. Lənkəran xanı onu xalı sərilmiş, asma beşikdə gizlədib, axtarışına gələnlərə əlini "Quran"a basıb, ayağı Lənkəran torpağına dəymədiyi barədə and da içdi.
Həmin ömür İsmayıla əzablı-əziyyətli gəlmədi. Bir gününü bəzən bir həftə, bir ay əvəzi keçirəsi olsa da, əzablarını canından çıxaran babasının, atasının qulaqlarında sırğa olmuş sözləri idi. Təriqətimizin sonuncu sərkərdəsi sən olmalısan.
Və nəhayət, yeni Qızılbaş sərkərdəsi Şah İsmayılın atı şaha qalxıb Ərdəbildən, Təbrizdən, məmləkətin hər yerindən görünməyə başladı.
Və Şah İsmayıl babasının, atasının keçə bilmədiyi yolları döşlədi. Əqidəsi günəş yağmuruna bənzəyən lələdər kimi açıldı.
Və nəhayət, üzünü sünni məzhəblərin ən güclü məkanı olan Osmanlı sultanlığına tərəf tutdu.
Həmin dövrünə qədər Şah İsmayıl Şeyx Cüneydin, Şeyx Heydərin sönmüş çırağını yandıra bilmişdi. Özünün bir cüt ala gözdən ibarət məhəbbət çırağında ömrünü bəxtini işıqlandırmağa başlamışdı. (Ona elə gəlirdi ki, bir zamanlar qonşuluqda gözlədiyi qızcığazın gözlərini bir cüt məhəbbət çiçəyi kimi özü böyütmüşdü. Həmin gözlərin sahibi də Taclı xanıma dönüb evlərinə gəlin köçmüşdü).
Uşaqlığının qəlbinin yanğısı kimi qalmış bir arzusunu da müqtədir "bağbanları" hesabına çiçəkləndirməyi bacarmışdı. Ustad Sultan Məhəmmədi saraya dəvət edib. Təbriz rəssamlıq məktəbi yaratmış, özü də şagirdlərinin birinə çevrilmişdi.
Lənkəranda içində günlərlə yatdığı xalını da unuda bilməmişdi. Onun böyükdən böyüyünə toxudub ən dəyərli xalı gülüstanına çevirmişdi.
Atasının öyüd, anasının layla lisanını özünün şeir, dövlətinin rəsmi dilinə çevirmişdi.
Yavuz Sultan Səlimlə söz güləşləri, cəngləri başladı. Axır ki, döyüş meydanında üz-üzə gəldilər.
Çaldıranın iki qütbündə eyni millətin məzhəbləri ilə ayrılmış iki dövlətinin düşərgəsi salındı. Səhəri onları özləri və məzhəblərinin ölüm-dirim savaşı gözləyirdi lələ Hüseyn (Şahın çadırına istədiyi zaman girmək izni olan adam) təşvişlə söylədi.
- Firənglər vasitəsilə Osmanlılar təpədən-dırnağa top-tüfənglə silahlanıb. Gecəynən qəfil hücuma keçib tərk-silah etməliyik.
(Şah İsmayıl ömrünün yüz misli)
Şah İsmayılın qulaqlarının birindən atası Şeyx Heydərin həmin kəlmələri asılmışdı. Sərvərdəliyin zamanı qərarını ürəyinlə deyil, ağlınla verməlisən.
Həmin an şairliyinin başına doğru ürəyindən yolunu kəsə bildi.
- Bu əməliyyat onu uyğun bilən lələmə tapşırılır.
Onlar Sultan Səlimin topunu-tüfəngini qənimət kimi ələ keçirə bildi. Qızılbaş ordusu İstanbula kimi zəfər marşını çala bildi.
Topqapı sarayında Şah İsmayıl Osmanlı sultanlarından birinin tacını öz, xanımlarının da birininkini Taclı xanımın başına qoydu.
Sarayda saxlanan Həzrət Məhəmmədin möhürünü, yadigarlarını Səfəvi türbəsinə göndərdi.
- Qoy Şeyx Cüneyd, Şeyx Heydər Allahın elçisi Həzrətimizin müqəddəsliyinə çəkilib sərdabələrində rahat yatsın. Arzularını İsmayılları gözlərində qoymadı. Bundan sonra Peyğəmbərimizin zamanındakı kimi cümlə müsəlmanların bir imanı olacaq. Dünya bir olub üstlərinə gəlsə də, onları nə parçalaya, nə də məğlub edə biləcək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!