NARGİS
Düşünmədən yaşamaq keçir könlümdən. Bütün düşüncə yağmurunu çorak çöllərə ərməğan edib elə səssizcə, kirimişcə yaşamaq istəyirəm. Sakitliyimi pozur düşüncələrim. Ürək döyüntülərim başıma düşür.
Eşidirəm qan dövranımı.
Qırılan xəyallarımın səsini.
Dəyərlərin dəyərsizliyini qavradıqca ruhum, diz çökürəm şərin qarşısında ən aciz, aciz kimi... Qalxmağa çalışdıqca qalxa bilmirəm qanadır dizlərimi güvən qırıntıları. Gicitkən misalı dalayır ruhumu reallıqlar.
Boğulduğumu hiss edirəm... Yox, artıq deyəsən boğuluram... Əllərimi qaldırıb mübarizə aparmaq keçmir könlümdən.
Bütün okeanların suları bədənimə dolur gözlərimdən. Mən hər şeyi mavi görürəm. Balıqlar üzür ruhumda.
Yosunlaşır saçlarım.
İrmaqlaşır göz yaşlarım...
Balıqlar üzür ruhumda...
Bütün qızıl balıqlar çarəsiz qalır diləklərim qarşısında...
Mən söküb atmaq istəyirəm ruhumdakı insanın son çığlıqlarını. Səssizləşmək istəyirəm. Düşüncələrim güldürür dəniz qızlarını.... Qayalar ovulur ovuclarımda... Burulğanlar açlığan olur. İtələmir məni sahilə dalğalar.
Bezdirirəm okenın sularını da...
Dalğa keşməklərimə dözə bilmir okeansı dalğalar. Axtarıram bütün itmiş dənizçiləri, batmış gəmiləri...
İtmək hissinin dərkinə həsrət beynimi itirmək istəyirəm Marian çökəkliyində. Mən Bermud üçbucağına sığınmaq istəyirəm... "Titanik"dən qalan o valları tapıb Şopendən məni dinləməsini rica etmək keçir könlümdən.
Mən ufalanıram, mən parçalanıram ... Mən zərrələşirəm.
Doluram okeanın daşlarının gözənəklərinə. Sonra bir bulud oğurlayır ruhumu, yüksəlirəm, səmalaşıram... Yosunlaşıram və nəhayət, yenidən maviləşirəm... Bezdirirəm göy üzünü də...
Buludlar qaytarır məni yer üzünə... Mələklərə belə lazım olmur "Sezarın haqqını Sezara verən", insanlığın zəifliklərindən qaçan...
Mən atılıram "lənətli" torpağa. Bircə torpaq anlayır məni. O izn verir ki, sığınım ona. Qucaqlayır məni qoca palıdın kökləri. Mənə müxtəlif rənglər bəxş edir Yaradan. Mən imtina edirəm. İstəmirəm o solğun görünüşlü arsız rəngləri. Mən izn almıram heç kimdən. Mən azad olmaq istəyirəm. Mən laqeyd qızılgül olmaq istəmirəm, mən qızıl balıq da olmaq istəmirəm, mən insan da olmaq...
Sən qırmızını sevmirsən, əzizim, qızıl balığın qızıl olmadığını da bilirsən... Sən insanları da sevmirsən, əzizim, bunu bilirəm...
Amma bənövşələri sevirsən.
Mən, deyəsən, yavaş-yavaş bənövşəyə çevrilirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!