Maşındakı qız... - Alpay Azər - hekayə

 

Sumqayıta bir manatdan dörd adam aparan sürücülər arasında qəsdən uzun saqqallının köhnə "Mersedes"inə mindim...

Sələfilikdə bəzi şeyləri qəbul eləməsəm də, şirk, bidət mövzusunda söhbətlərdən, mübahisələrdən bəzən intellektual ləzzət alırdım. Məsələn, heç cürə onlara başa salammırdım ki, paxlava və şəkərbura İslamdan əvvəl bütpərəstlik simvolları olsa belə, indi dad ləzzəti verən şirniyyatdan başqa bir şey deyil. Günlərlə eyni melodiyanı beynində səsləndirməkdən həzz alan adamlar kimi, məhəlləmizdəki sələfilərlə elədiyim söhbətləri tez-tez yadıma salıb, küçədə gedə-gedə xəyalən onlarla dialoqa girirdim.

Az sonra iyirmi-iyirmi beş yaş arasında bir qız maşına oturdu, oturan kimi yerlərimizi dəyişməyi xahiş elədi. Bildim ki, istəmir yanında oturan kişi olsa, qəsdən, ya bilmədən ayağıyla ona toxunsun. Keçdim arxaya. Dümağ dərili, yaşılgözlü, yanbızlarını göstərən uzun çəhrayı don geyinmiş bu qız (deyəsən, Quba-Qusar tərəflərdəniydi) çox qəşəngiydi, özümçün müəyyən edəmmirdim, bu qızın geyimi ciddidi, yoxsa vulqar olmasa da, açıq-saçığıydı. İki il idi boşanmışdım, istər-istəməz "Görən, bundan mənə arvad olar?" sualı bir anda beynimdə işıq kimi yanıb-söndü.

"Sumqayıta iki nəfər!" - sürücü tez-tez müştəri çağırırdı. Düzü, istəmirdim başqaları ideoloji söhbətlərimizə şahidlik etsin, qızsa bu cür mövzulardan başı çıxmayan zərərsiz adama oxşayırdı. "Ay qardaş, gəl sür gedək, qalan iki adamın pulunu mən verərəm," - dedim.

Yola düşdük. Qayıdıb buna sual verəsən, tutaq ki, mən qızdan qabaq düşdüm, onda sənin naməhrəm, üstəlik, qabaqda oturan gözəl bir qızla maşında lap on dəqiqə belə yol getməyin nə qədər düzgündü? Sələfiyə güzgüdən nəzər yetirib ünsiyyətə meyilli olub-olmadığını bilmək istədim. Elə hazırlaşırdım bayaqdan ağlımda tutduğum böyük və kiçik şirk mövzusuna girişəm, xanım qəfil dilləndi:

- Əxi, Suriyadakı cihad görən nə vaxt bitəcək?

Sürücü də mənim kimi elə bil, diksinən kimi oldu, bir anda içinə yığıldı, sanki ikimizi də təəccübləndirən başaçıq, yaşılgözlü qızın "əxi" deməsi, üstəlik, qəfil bu cür sual verməsiydi.

- Allahu a`ləm , - sürücü gizlətməyə çalışdığı həyəcanla cavab verdi.

- Orası elədi. Amma bir şey var ki... - davamını demədi.

Sürücü heç nə demədən gülümsədi. Hiss olunurdu ki, qız nəsə vacib bir şey demək istəyir, amma sonda güclə özünü susmağa məcbur edirdi. Deyəsən, ikisi də məndən ehtiyat edirdi.

- Qardaşım Suriyada cihaddadı, - axırı, istədiyini deyib rahatlandı.

Sələfi eləcə başını tərpətdi, mənə elə gəldi ki, bu jestiylə bir növ, qızın qardaşının həqiqətən cihadda olmasıyla razılaşdığını çatdırdı ona. Eyni zamanda hələ də məndən çəkinirdi deyə, danışmaq istəmirdi. Mənimsə əməlli-başlı provokasiyalılığım tutmuşdu, artıq beynim gicişirdi. Hə, onu deyim ki, mən siyasi mövzularda saytlara məqalə yazıb qonorarla dolanan ştatdankənar jurnalistəm. Tək Suriyada yox, dünyada gedən prosesləri də gündəlik izləyirəm.

- Xanım, siz əminsiz ki, Suriyada hal-hazırda cihad gedir? - mədəni tonda sual verdim.

Qız qəfil çöndü, sələfi isə ön güzgüdən "Yəni buna şübhən var?" mənasında mənə baxdılar. "Yüz faiz elə bilirlər mtn-çiyəm". Dəhşətli dərəcədə bunların söhbət eləməyini istəyirdim, o biri tərəfdən də yersiz sualımla işləri korladığıma görə ürəyimdə özümü qınayırdım. "Uff, indi bunlara necə başa salım ki, mənim MTN-ə heç bir dəxlim yoxdu".

- Hələbdədi qardaşım, axırıncı dəfə üç gün əvvəl axşam səkkizə on beş dəyqə qalmış vatsapda olub, neçə dəfə yazmışıq, cavab yazmır. Zəng də çatmır, - qız dilləndi.

Necəsə reaksiya vermək lazımdı durumuna düşən sələfi yerində qurcuxdu, sükanı bərk-bərk sıxdı, deyəsən, fikirləşdi ki, bir söz deməsə, qızın gözündə qorxaq kimi görünəcək, mənsə hələ də ona bir növ, mane olurdum. Axırı, gərginliyə son qoymaqçün dillənəsi oldum:

- Bağışlayın, xanım, bayaq o sualı verəndə, deyəsən, xətrinizə dəydim. Məsələni tam izah eliyim ki, məni düz başa düşəsiz. Deməli, mən iki min on birinci ildən Suriyada gedən prosesləri izləyirəm, gündə yalan olmasın, on-on beş sayta girib xəbər, məqalə oxuyuram. Özüm də bu mövzularda yazıram. Qalib Əhədov, quqlda yazın, bütün məqalələrim çıxacaq, yəni istəsəz oxuya bilərsiz. Suriyada cihad məsələsiylə bağlı tanınmış İslam alimləri belə o qədər ziddiyyətli fətvalar verirlər, adam çaş-baş qalır. Sözüm onda deyil, qardaşınız təsadüfən Cəbhət-ən-Nusrada vuruşmur?

Qıza elə bil, tikan batırdılar, yerində dik atılıb mənə tərəf döndü:

- Sən hardan bilirsən?

"Sən" deməyi vecimə almadım, halbuki başqa vaxt olsaydı, o dəqiqə deyərdim ki, tanımadığınız adamla "sən" yox, "siz"lə danışmaq lazımdır.

- Yox, yox, mən qardaşınızı tanımıram, sadəcə, indi saytların çoxunda yazırlar ki, burdan gedənlərin əksəriyyəti cəbhətənnüsrəyə qoşulur.

(Onda İŞİD təzə-təzə yaranırdı, hələ "dəbdə" deyildi.) Sonra həvəslə başladım Suriyada vuruşan qruplaşmalar, əsas da sələfilərlə ixvanlar arasındakı ideoloji fərqlərdən danışmağa. Hiss elədim ki, ikisinin də mənə olan şübhələri yavaş-yavaş yox olur. Sələfi qızdan qardaşının adını, soyadını, künyəsini soruşdu. Cavabı eşidən kimi, maşını yolun sağına verib asta sürətlə sürməyə, eyni zamanda tez-tez yola baxa-baxa telefonunda eşələnməyə başladı. Tuk-tuk-tuk səslərindən başa düşdüm ki, vatsapda kimləsə yazışır. Səbirsizliklə məsələnin sonunu gözləyirdim deyə, qəza-zad heç ağlıma girmirdi.

Hardasa on dəqiqədən sonra sürücünün vatsapına mesaj gəldi.

- Bacı, qardaşınız Hələb döyüşlərində şəhid olub inşaAllah, - sanki qəzetdən xəbər oxudu.

- A kişi, nə danışırsan sən! - sağ çiynindən tutub silkələdim. - O cür deyərlər heç?!

Hirslə əlimi çiynindən araladı, maşını sağa verib əyləci basdı.

- Düş maşından, sənin pulun mənə lazım deyil, - bunu sakit deməyə çalışsa da, səsinin titrəməsindən əsəbi olduğu bilindi.

- Yaxşı, sür gedək, amma o cür deməzlər axı. Bu qıza yazığın gəlmir? - barışıq tonuna keçdim, - Yad adam deyil axı, doğma qardaşıdı, başa düşürsən?

- Lazım deyil, mənə yazığın gəlməsin, - qız çönüb hikkəylə mənə baxdı. - Gah deyirsən Suriyada cihad yoxdu, gah da deyirsən, sələfi alimlər başqa cür deyir. Cahil-cahil bilmədiyin şeylərdən danışırsan.

Bunların söhbəti mənə o qədər maraqlıydı ki, düşmək fikrim yox idi, qız məni acılasa da, susmağı seçdim.

- Onsuz da evdə hamımız bunu gözlüyürdük. Onsuz da şəhadətin yanında hər şey mənasızdır... Telefonu verərdiz baxım? - qız bunu elə tərzdə dedi, sanki hansısa məşhur adamın şəklinə baxmaq istədi.

Sürücü Samsunqunu ona verdi, başımı irəli uzadıb tez telefonun ekranına baxdım. Yerə uzadılmış saqqallı bir gəncin şəkliydi, güllə, ya mərmi qəlpəsindən alnında yekə bir dəlik əmələ gəlmişdi, bir gözünün üstünü qan örtmüşdü, o birisi isə yarıyumulu idi, dodaqlarında xəfif təbəssüm varıydı. Şəklin altında çox güman, adı, soyadı yazılmışdı.

Ağlamağı bir yana, bacısı heç doluxsunmadı da, telefonu sürücüyə qaytarıb pəncərədən çölə tamaşa etməyə başladı. Arada oğrun-oğrun yan güzgüdən ona baxırdım, həmin gözəllik, həmin sakit yaşıl baxışlar, dərinin düm ağlığı yerindəydi. Elə bil, boz çöllüyə yox, meşəyə baxırdı, elə bil, dünyanın heç bir yerində müharibə getmirdi, ölüm-itim yox idi, hamı öz gündəlik həyatını yaşayırdı. Elə bil, heç bu qızın qardaşı yox idi. Ürək oxuyan aparat olsaydı, məmnuniyyətlə düyməsini basardım və abırlı adam olmağıma baxmayaraq, bu əcaib qızın fikirlərinə qulaq asmaqda pis bir şey görməzdim.

Onun doğmaca qardaşının ölümünü rahat qəbul etməsinə, eyni vaxtda soyuq başla və isti ürəklə yanaşırdım. Soyuq baş deyirdi, bu adam zombi-zad deyil, inanır ki, qardaşı cənnətə gedəcək, büruzə verməsə də, bəlkə, buna hələ sevinir də. Düzü, mən özüm də axirətə, şəhadətə inanıram, amma onun ifrat soyuqqanlılığı məni ürpədirdi. "Bu qədər də yox də". Elə ona görə isti ürək məni "Ay qız, başa düşürəm, qədər, tale deyilən şey var. Amma cavan qardaşın ölüb e!" sözlərini dedizdirməyə çalışırdı.

- Bacı, namaz qılırsız? - sələfinin qəribə bir məhrəmliklə verdiyi sual məni fikirlərimdən ayırdı.

- Hə, qılıram.

"Bunlarınkı yaxşı tutar".

Üç manat verib "Qalatasaray" marketinin yanında düşdüm. Heç biri boş yerlərə verdiyim pula görə "sağ ol" demədi mənə...

Çox güman, sələfi indi ona hicabın vacibliyindən danışırdı.

19 aprel, 2018, - 18 mart, 2019,

Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!