Şlyapa macəram və çapı müşkül şeirlər... - Nəriman QASIMOĞLU yazır

 

Yeni il öncəsi tələbəlik illərimin dostları ilə məclis qurmuşduq. Ötənləri xatırlayır,  macəralarımızı bölüşür, zarafatlaşır, deyişib-gülüşürdük. Dostlarımdan biri, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov birdən xatırlatdı ki, "yadımdadır, sənin o zaman bir şlyapan vardı, şlyapana şeir də həsr etmişdin". Təsdiqlədim, uşaqlar da gülüşdülər.

Fərda ilk gənclik şıltaqlıqlarımın birinə işarə edirdi. Yaşıdlarımdan başına şlyapa qoyan yox idi. Çoxları bilmirdi və bilə də bilməzdi ki, xarici görünüşcə fərqlənmək şıltaqlığım, gülməli də olsa, sovetlərə öz aləmimdə səssiz etirazın əlaməti idi. Həmin şlyapamın təsvirini təxminən belə verim ki, bu, ingilislərdə "Homburq" adlanan, Çörçilin gəzdirdiyinə bənzəyirdi, amma dairəvi altlığı nisbətən böyük, kənarları azacıq yuxarı qatlanılı, ön yanları bir az batıq idi.

Zahiri görünüşlə etirazçı xislətdə fərqlənmənin müəyyən ənənəsi o zaman artıq bir qədər gəlişmişdi. Bizdən əvvəlki illərdə Avropa gənclərinin hippi hərəkatının xəfif bir dalğası Bakıya  gəlib çatmışdı və  oğlanlarımız onları yamsılayaraq saçlarını qız saçları kimi uzadır, xaricdən gətirilən dar cins şalvarlar geyinirdilər. Məlumatımız vardı ki, Bakı hippilərinin bir qrupu isti yay günlərinin birində əllərində kefir şüşələrilə indiki Azadlıq meydanına tərəf yürüşə cəhd göstəribmişlər. Məqsədləri o ərazidəki fontanın ətrafında yerə sərələnərək oturmaq, gəlib-gedənlərin diqqətini özlərinə çəkmək imiş. Cəhdləri alınmamışdı,  sovet milisi onları tutub saçlarını dibindən kəsdirəndən sonra buraxmışdı. Ümumilikdə isə gənclərimizin əksəriyyəti üçün hippisayaq görkəm avropalılardan fərqli olaraq ictimai məzmun-filan daşımırdı, bunu sadəcə dəb bilirdilər.

Hippi hərəkatı arxada qalmışdısa da, uzun saç saxlamaq ənənəsi xeyli davam etdi. Uzunsaçlılardan ciddi bir antisovetizm görmədiyimdən qərara gəlmişdim mən də onlardan fərqlənməliyəm: tələbəlik dövrümün ikinci ilində ictimaiyyət içinə yaşıma heç uyğun gəlməyən şlyapamla çıxırdım. Bəzən qınayıcı nəzərlərə tuş gəlirdim, ancaq etiraf edim ki, təbəssüm və təəccüblə baxanlar daha çox idi. Sonuncuların içində Qasım Qasımzadə də var idi deyə, daha kimdən çəkinəcəkdim ki. Hər halda diqqəti cəlb edə bilmişdim. Qalırdı bu görünüşə "antisovet" məzmun qazandırmaq. Fikrimdən keçirirdim antisovet şeirlər yazım. Yazmağa başlamışdım da zatən...

Bir haşiyə çıxıb, yeri gəlmişkən, istərdim ilk gəncliyimdə keçirdiyim və yalnız yaxınlarımın çevrəsində büruzə verdiyim  "antisovetizm" ovqatının səbəblərinə aydınlıq gətirirəm.

Bunlar mahiyyətcə Qasım müəllimin şüuraltıma özü də duymadan yeritdiklərilə əlaqəli idi.  Şeirlərini mənə oxuyandan sonra bəzi misraların üstünə qayıdıb soruşurdu: "bildinmi burada nəyi nəzərdə tutmuşam?". Məsələn, "Maralın öz yolu var" başlıqlı bir şeirində əvvəl-əvvəl təbiətin qorunması mənasında dağlara yol çəkməyin fəsadlarına diqqət çəkərək belə ifadələr işlədir: "həyalı bulaqların üstünə yol çəkməyin"; "barı bura dəyməsin naməhrəmlər ayağı"; "çeşməmizin gözünə tökməsinlər arağı"; "sərxoşların xorunda zümzümələr itməsin"; "kabab çəkilən yerə konservlər getməsin…"; "dağlara yol çəkməyin, yollara dağ çəkməyin" və s. Deyirdi "bildin də "araq", "konserv", "sərxoşlar" deyəndə nə demək istəmişəm?!". İzah edirdi sovetləri-gəlmələri nəzərdə tutur, amma bu qəbildən yazılarını təbiət şeirləri kimi senzuradan keçirə bilir. "Yollara dağ çəkməyin"i də belə anladırdı ki, yolumuzu-məsləkimizi qorumalıyıq.

Bəzən babası Şahsuvar bəydən şirin-şirin söhbətlər edir, bununla da ulu babamın kimliyi uşaq beynimə sovet düşməni kimi həkk olunurdu. Qasım müəllimin məişət davranışındakı bir detalı da yazım. Kartofla bişən xörəyi heç xoşlamazdı, biz övladlarının isə, əksinə, xüsusən kartof qızartmasından xoşumuz gəlirdi. Anam Tamara xanım yemək masasına içində bişmiş kartof olan boşqabı gətirəndə təbəssümlə "eh, yenə də mənim bu sinfi düşmənim gəlib çıxdı qabağıma" - deyirdi. Gülüşürdük. Nəyi nəzərdə tutduğunu bilirdik. Sovet dövründə Lenin haqqında təbliğat yazılarında "rəhbər"in məişətdə sadə davranışlarından, eləcə də guya kartofu sevdiyindən dəm vururdular. Əlbəttə, o zamanlar ən ucuz qidalanma kartofla başa gəlirdi deyə, bunu belə qələmə verirmişlər ki, kasıb "zəhmətkeşlər"də Leninə rəğbət oyatsınlar.

Ata nə bilsin ki, bütün bunlar təsirsiz ötüşməyəcək və övladının beynində hansı romantik təlatümlər yaradacaq.

1971-ci il idi, 14 yaşım vardı, 132 saylı məktəbdə oxuyurdum, yaxın bildiyim sinif yoldaşlarıma Azərbaycanın müstəqilliyi ilə bağlı söhbətlər edirdim. Bir gün uşaq sadəlövhlüyü ilə özümə yaxın bildiyim bir neçə dostuma dedim: "Bu milləti azadlığa çıxarmaq biz gənclərin öhdəsinə düşür, bundan ötrü gizli təşkilat yaratmalıyıq". Məktəbdə əlaçı, həm də, yəqin, müəyyən qədər xarizmatik olduğumdan sözlərimə ciddi yanaşdılar. Dedim: "İndi gücümüz çatmaz, amma buna indidən hazırlaşmalıyıq, çalışmalıyıq hər birimiz yaxın gələcəkdə hakimiyyət dairələrində mühüm vəzifələr tutsun və bu vəzifələrdə də Azərbaycanın gələcək müstəqilliyi üçün işləyək". Uşaqlar etiraz etmədilər, təşkilatın hələlik bizim bir neçə nəfərimizdən ibarət olduğunu elan edib onlara dedim, Allaha and içsinlər ki, sirrimizi gizli saxlayacaqlar. Hamımız and içdik. Bir dəfə, necə deyərlər, gələcəyi gözləməyə hövsələm çatmadı, yenə həmin uşaqlarla söhbətdə dedim: "Nəsə etməliyik, gəlin yoxlayaq görək Azərbaycanın müstəqillik məsələsinə adamların reaksiyası necədir". Təklif etdim bir vərəqə "Rədd olsun rus imperiyası, yaşasın azad, müstəqil Azərbaycan!" yazıb müəyyən yerlərə yapışdıraq, görək camaat necə reaksiya verir. Axşam danışdığımız yerə heç kim gəlmədi. Azneft küçəsindəki telefon-avtomat köşklərinin birindən onlara zəng etdim, hərəsi bir işinin olduğunu bəhanə gətirdi. Hiss etdim qorxublar. Qərara gəldim bu gizli aksiyanı təkbaşıma həyata keçirim. Rusca "Doloy rossiyskaya imperiya, da zdravstvuyet svobodnıy, nezavisimıy Azerbaydjan!" yazdığım vərəqlərin bir nüsxəsini "Azneft" meydanı yaxınlığındakı 6 saylı məktəbin divarına yapışdırdım. Ertəsi günü gəlib baxdım kağız yerində yoxdur. Sonra gəzə-gəzə keçmiş Qubernator bağına çatdım. Çantamdan eyni mətnin yazıldığı kağız parçasını çıxarıb arxasını yapışqanladım, irigövdəli ağaca yapışdırdım və dərhal da üzüyuxarı qaçdım ki, bilim arxamca gələn var, ya yox. Əmin olanda ki, izləyən-filan yox, qayıtdım həmin yerə. Yaxınlıqdakı skamyada əyləşdim. Çantamdan bir kitab çıxardım. Guya kitab oxuyuram, amma gözüm ağacdakı kağızda və ötüb-keçən adamlardadır. Bir müddət sonra gördüm bəziləri kağızı oxuyub gedir. Bir nəfər orta yaşlı, qarayanız kişi isə kağızda yazılanı oxuyub dayandı, vərəqin ağac gövdəsinə yapışmamış ucundan dartıb cırdı. "Əşi, oxu, çıx get də, daha niyə cırırsan vərəqi" - deyə hirslənmişdim. Kişinin bu hərəkəti, bir yandan da öz uşaqlarımızın qorxması məndə, sözün açığı, ruh düşkünlüyü yaratdı, düşündüm ki, insanlarımızda müstəqil Azərbaycan ideyasına hazırlıq yoxdur, bunun vaxtına hələ çox qalıb…

Söhbətin axarına qayıdıb qeyd edim ki, tələbəliyim Şərqşünaslığın rus bölməsində idi və etirazçı məzmunda bir neçə şeiri rusca da yazmışdım. Bir dəfə bunları Qasım müəllimə göstərdim. Yeri gəlmişkən onu da deyim, öz dilimizdə yazdıqlarımı birdən bəyənməz-filan qorxusu ilə ona göstərməkdən çəkinirdim. Şeirə tələbkarlığını bilir, sözün üstündə necə işlədiyini görür və utanırdım ki, yazdıqlarım onda, necə deyərlər, "bezdarnı şeir" təəssüratı yaradar, pərt olaram. Rusca yazdıqlarıma isə daxili bir bicliklə əmin idim, irad tuta bilməz. Tutsa da uzaqbaşı deyərəm, "sənin rus dilindən nə başın çıxır axı?!".

Elə yazdıqlarımdan birini (heyif ki, əlyazması qalmır, marksist-leninçi ideologiyanı nəzərdə tutan kitablara aid "Makulatura materialı" başlıqlı şeir idi, çox sonradan bu məzmunda beynimdə ilişib qalanları öz dilimizdə də yazdım) oxumuşdu ki, gördüm üzündə təbəssüm qarışıq bir narahatlıq ifadəsi var. Soruşdu bu şeiri yaymışam, ya yox. Mən də "əvvəlcə de görüm necədir?" soruşdum. Dedi "əla". Məmnuncasına şeiri dostum Dimaya (rəhmətlik Əfrasiyab Bədəlbəylinin oğulluğu idi) verdiyimi, bir nüsxəsinin onda qaldığını dedim. "Nə qədər kqb-nin əlinə keçməyib ondan geri al və bu məsələlərdə diqqətli ol, xaricə çıxışların bağlanar" deyə, narahatlığını açıq bildirdi. Dimadan tam arxayın idim, əlbəttə. Amma şeiri bəyənmişdi, mənə demişdi üzərində işləyib, o da öz əlavələrini edəcək, sözsüz ki, ehtiyatsızlıq edib yaya bilərdi. Hər ehtimala qarşı Qasım müəllimin dediyini etdim. O zaman bizim başqa fakültələrin tələbələrindən bir üstünlüyümüz, əslində,  xaricə çıxış imkanlarımızın olması idi, 4-cü kursdan sonra təcrübə üçün ərəb ölkələrində işləməyə göndərilirdik, yüksək maaşımız-filan olurdu.

Həmin o şeiri bəyənəndən sonra cəsarətlənib öz dilimizdə yazdıqlarımı da Qasım müəllimə göstərməyə başladım. Bir tövsiyəsi də oldu ki, yazanda bir az üstüörtülü, sətiraltı mənalara üstünlük verərək yazım ki, qlavlitdən keçsin, çap oluna bilim.

Ancaq çap məsələsi, həqiqətən, düyünə düşmüşdü. Nə yazırdımsa, necə yazırdımsa, aylarla, illərlə redaksiyalarda ilişib qalırdı. 

Bu arada şlyapam başımdan əskik deyildi. Bir dəfə düşündüm, şlyapam mənə belə xidmət göstərirsə, ona da bir şeir həsr edim, dostlarıma oxuyub onları əyləndirim. Fərdanın Yeni il öncəsi xatırlatdığı həmin şeir bu idi:

Broju s toboö po Baku ə,

Kayf po jizni tak smakuə.

 

İ tı baldeeşğ, xotə poroy

Qlədət na tebə s ukoroy.

 

Miley tebə, koneçno, netu.

Drujok moy, poşli vsё k çertu.

 

Ne stoit volnovatğsə vovse,

Delo v şləpe i vo vkuse.

Bu sətirlərdə gənclik ədalı bir nikbinlik var, "delo v şləpe" hər şey qaydasındadır deməkdir. Dostlarımızla keçirdiyimiz əyləncəli günlərimizin, şən əhvalımızın şlyapa adına zarafatyana ifadəsidir. Tənhalığa çəkiləndə isə əhvalımı pozan məsələ yazılarımın çapı ilə əlaqədar müşküllər idi. Bir işimiz çətinə düşəndə buna ironik münasibətimizi belə ifadə edirik ki, "vəziyyət ruscadır". Düşünürdüm, vəziyyət belədirsə, elə rusca yazmağım məsləhətdir, bizimkilər çap etmirlər etməsinlər, ruslar çap edərlər. Fikrimi Qasım müəllimə deyirəm, gülür, deyir "yazdıqlarını ver Zaytsevə göstərim". Rəhmətlik "Literaturnıy Azerbaydjan" jurnalında  poeziya şöbəsinin müdiri idi. Qasım müəllim şeirlərimi Zaytsevə göstərir, onun da sözü bu olur: "normalğno, pustğ pişet i ne volnuetsə, koneçno, budet peçatatğsə".

Ruhlanıram. Gedirəm yanına ki, yazılarımı jurnalda dərc etdirsin. Şeirlərimi oxuyur, poetik ovqatımın tündlüyünə irad bildirib məsləhət verir ki, elə yazmalıyam çap problemi yaranmasın. Etiraz edirəm, axı, bunlar Yevtuşenkonun yazdıqlarından ki, tünd deyil. "Emu mojno, on izvestnıy pogt vne üenzurı, znaet kak i çto pişet, a vam molodım nado pisatğ tak, çtobı doroqu vam ne perekrıli". Görür dilxoram, öz dilimizdə də yazıb-yazmadığımı soruşur və deyir sətri tərcümələrimi gətirim baxsın. Deyirəm, "poçti takje pişu i na rodnom". "Ne volnuysə, ə porabotaö nad nimi i sdelaö ix priqodnımi dlə peçati" - deyə könlümü almağa çalışır.

Həvəslənirəm. Azərbaycan dilində çap olunmayan şeirlərimdən bir qisminin sətri tərcümələrini gətirib ona təqdim edirəm. Qasım müəllimin məsləhətilə "barıtı az olanları" seçmişəm. Azərbaycandilli qəzetlərin birində ekologiya mövzusunda "Xəzər"ə həsr etdiyim və "Literaturnıy Azerbaydjan"a təqdim etdiyim şeirdə bu sətirlərdən ürkmüşdülər:

Neçə-neçə polad dirək

sancılıbdır kürəyinə,

qara qanmı neft ləkəsi

yayılıbdır köynəyinə.

Bu və digər şeirlərim Zaytsevin tərcüməsində jurnalın ilk səhifəsindəcə dərc edildi.

Yenə həvəslənib haqqında yazdığım şlyapa başımda düşmüşəm Azərbaycandilli redaksiyaların canına ki, şeirlərimi ruslar dərc edib, siz də edin. Poeziya şöbələri yazılarımı qəbul edir, qovluqlarda saxlayır, amma çap edən yox. 

Zəngəzurda, Qarabağda xatirəsi əziz tutulan ulu babam Şahsuvar bəyi "Atlananda at bağrı çatladardı, düşəndə düşmən bağrı" deyə öyərək yazdığım şeiri belə bir ruh düşkünlüyü ilə bitirirəm:

Ondan neçə il sonra

şeir yazıram çapı müşkül,

dərd çəkirəm tabı müşkül.

Dərdimin nə gündüzü var, nə gecəsi,

Beləcə acizdi

Şahsuvar bəyin nəticəsi.

...Çiskinli-yağmurlu payız günü idi. Şeir dolu qovluğumu qoltuğuma vurub romantik əhvalda gəlmişdim redaksiyaların birinə. Əhvalatı o zaman olduğu kimi nəzmə çəkmişəm:

Yenə də gəlmişdim redaksiyaya

yığıb bir qovluğa şeirlərimi.

İstəyim xalqımla bölüşmək idi

illərlə qalanmış fikirlərimi.

Suallı nəzərlər yağdı üstümə

son bahar gününün yağışı kimi.

Baxışlar dikildi boz şlyapama

dəvənin nalbəndə baxışı kimi.

Görkəmim "avropasayağı" idi -

başımda şlyapa, əlimdə çətir.

Biri süzüb məni başdan ayağa

soruşdu nəçiyəm, yazdığım nədir.

Utana-utana dedim şeirdir,

bəlkə, çap edəsiz, layiq bilsəniz.

Söylədi üzürük şeir axınında,

şairlər bir dəniz, şeir bir dəniz.

Tapmaq müşkül olub istedadları,

hər cür imkanımız məhdudlaşıbdır,

yazıb doğrayırlar elə bir ucdan -

şeirlər yeşikdə aşıb-daşıbdır...

Naümid qayıtdım o gün evimə,

bir qovluq şeirimlə mən təkbətəkdim.

Gözümdən getmədi payız dumanı,

sınmışdı ürəyim, hönkürəcəkdim...

Qasım müəllim əhvalımı qaldırmaq üçün mənimlə zarafatlaşır, "sən yazmağında ol, çap edərlər də, nə qaçhaqaçdır", - deyib gülür. Deyirəm "sən gülürsən, amma ən gülməlisi Azərbaycanın ən "bezdarnı" şairi olan həmin o tipajın heç şeirlərimə nəzər salmadan, sadəcə, üst-başıma baxıb məni yola salmasıdır". "Sən də gərək hökmən elə o şlyapanla gedəydin də ora?", - deyə Qasım müəllim zarafatından qalmır.

Əslində, məni çap etməyənlərin hamısı Qasım müəllimin tanışları idi. Məni, sadəcə, tanımırdılar, yəni onun oğlu olduğumu bilmirdilər. Düşündüm qoy bir dəfə də tanışlıq verim, yəni bu variantı da sınayım bəlkə, təsiri oldu. Şlyapadan imtinadan isə söhbət gedə bilməzdi.

Məşhur şotland yazıçısı Müriel Sparkın "Saat" başlıqlı bir hekayəsini ingiliscədən tərcümə edib vermişdim "Ulduz" jurnalına. Tərcümə redaksiyanın arxivində iki-üç il idi yatıb qalırdı. Yusif Səmədoğluna da rəğbətli idim. Getdim jurnalın Xaqani küçəsində yerləşən redaksiyasına. Baş redaktorun qapısını ehmalca taqqıldadıb içəri girirəm. "Buyurun, buyurun" deyib dəvət edir ki, əyləşim. Kabinetdəki redaktor masasına perpendikulyar qoyulu stol arxasına keçib otururam. Bir mənə baxır, bir də başımdan çıxarıb nümayişkəranə şəkildə stolun üstünə sərdiyim şlyapama. "Buyurun, sizi dinləyirəm" - deyir. İngiliscədən etdiyim hekayə tərcüməsinin dərc edilmədiyindən şikayətlənirəm, "narahat olmayın, baxarıq", - deyə məni yola verməyə çalışır. Nə hekayə müəllifi, nə mənim kimliyimlə maraqlanmadığından anlayıram ki, hekayə dərc ediləsi deyil. Elə əsl yeridir tanışlıq verim. Kimliyimi, redaksiyaya məni Qasım müəllimin göndərdiyini deyəndə Yusif Səmədoğlunun üzündəki bütün qırışlar qəfil təbəssümlə açılır: "a, Qasımın oğlusan?!" Təəccübündən və birdən-birə göstərdiyi xüsusi mehribanlığından anlayıram ki, bu şlyapalı görkəm və davranış onu əvvəl-əvvəl çaşdırıbmış, amma indi ona ləzzət edib. Tanışlıq verməmişdən öncə mənimlə "siz"lə danışırdı, indi "sən"lə. Arxayınam ki, tərcüməm mütləq dərc ediləcək. Elə də olur, hekayə növbəti saydaca işıq üzü görür. Beləcə, aramızda mehribanlıq yaranır.

Sonralar şeirlərimin dərci jurnalda nə zaman ləngiyirdisə, Yusif Səmədoğlunun özünə müraciət edirdim, məsələni təxirsiz yoluna qoyurdu. Bir dəfə  münasibətimizdən sui-istifadə halına da yol vermişdim. Poeziya bölməsində bir-iki şeirimi məzmununa görə "podborka"dan ixtisar etmək istəyirdilər. Gəldim yanına. Dedim "jurnalınız  şeirlərimi dərc etmək istəmir". Səbəbini soruşanda şişirdərək "antisovet olduğuna görə" dedim. Bu sözü elə məhrəmliklə ancaq ona demək olardı. Başqa redaktora desəydin, qorxudan səni heç yaxına da buraxmazdı. Redaktorlardan biri, hətta yenidənqurma dövründə aşağıdakı misralarıma etirazla demişdi ki, mənə görə özünü xataya sala bilməz:

"Əs, gözünə döndüyüm,

qaldır dünyanı yerindən vur yerə -

şumlansın torpağımız,

çiçək açsın mavi-mavi,

yarpaq açsın yaşıl-yaşıl,

bar gətirsin al-qırmızı

torpağa basdırılan bayrağımız..."

Yusif Səmədoğlu isə "podborka"ya heç baxmadan elə dediyimi eşidən kimi şeirlərin dərci barədə dərhal göstəriş verdi. 

Sonralar şlyapa şıltaqlığına artıq ehtiyac qalmamışdı, çünki "delo bılo v şləpe": həm yaşımın üstünə yaş gəlmişdi, həm də sovetlərə ciddi etirazın poetik ifadəsi üçün yollar açılmaqda idi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!