Həvvanın üç qızı... - Elif Şafaq

 

Üç duyğu

İstanbul, 2016-cı il

Bütün qonaqlar və işçiləri yuxarıdakı iş otağına aparmışdılar. Divar şkafının içində gizlənən Pəri ayaq səslərini eşitmişdi. Amma indi villada dərin bir səssizlik hökm sürürdü. Telefonu əlində möhkəm-möhkəm sıxmışdı. Dəstəyin o başından Azurun səsini eşitdikdə sanki nəfəsi kəsiləcəkdi.

-Alo?

Tanıdığı bu səs ürəyini riqqətə gətirdi. Az qala dili-dodağı qurudu. Ortaq keçmişləri sanki yaralarını sızıldatdı. Bir an danışa bilmədi. 

-Alo? Kiminlə danışıram?

Sözlər sanki sürətlə onu tərk edirdi, az qala telefonu sondürəcəkdi. Amma özündən qaçmaqdan yorulmuşdu; artıq qorxuları ilə, arzuları ilə üzləşmək zamanı gəlmişdi.

-Azur, mənəm, Pəri.

"Pə-ri?!" - deyə Azur təkrarladı və sanki adını çəkmək ağır gəldi. Bir an duruxdu.

Pərinin ürəyi sürətlə döyündü. Həyəcandan ağlını itirəcəkdi, amma yenidən danışmağa başlayanda sakitləşdi: "Daha əvvəl zəng vurmalıydım. Qorxağam mən".

Azur səssiz qaldı. Bir gün bunun baş verəcəyini bilirdi, amma heç planını qurmamışdı. Nəhayət: "Səsini eşitmək necə də xoşdur", - deyə bildi. Elə bil yenə nəsə demək istəyirdi, amma fikrini dəyişdirdi: "Yaxşısan?"

- Elə də yox - desə də, təfərrüatı ilə anlatmadı. Evdə silahlı adamlar olduğunu demədi. Telefonun batareyasının az qaldığı üçün anidən əlaqənin qırıla biləcəyini  də söyləmədi. Birdən uzaqdan bir it hürüşü eşitdi. - "Spinozadır?"

-Spinoza öldü. Ümid edirəm ki, daha yaxşı bir dünyaya səfər edib.

Pəri səssizcə ağlamağa başladı

-Sənə bir üzrxahlıq borcum var, Azur. Komissiyanın qarşısında danışmalıydım. Mənim intihar cəhdimdə sənin günahın yox idi.

"Özünü günahlandırma, -deyə Azur sakit bir ədayla dilləndi - məntiqli qərar verə biləcək vəziyyətdə deyildin. Həm də çox gənc idin".

-Kifayət qədər böyük idim.

-Mən də daha diqqətli olmalıydım.

Bunları eşidəcəyini gözləmirdi Pəri. Deməli qorxduğu kimi Azur ondan nifrət etməyib. Onun əvəzinə özünü günahlandırırmış.

-Son kitabını oxudum. O zamandan bəri çıxmış bütün kitablarını oxumuşam. Dəyişmisən. Üslubun belə fərqlidir. Artıq Üçüncü yola inanmırsan, maraqlıdır ki, niyə? Sanki durulmusan. Sakinləşmisən. Sözlərin əvvəlki kimi alovlu deyil. Amma bilmirəm bu yaxşıdır ya yox. Yoxsa şövqünü, ehtirasını itirmisən? Ümid edirəm ki, elə deyil.

Pəri bunların heç birini söyləmədi. Birdən-birə üst mərtəbədə ayaq səsləri eşidildi. Bir gurultu qopdu. Qarışıqlıq baş verdi. Ağır bir şey yerə çırpıldı. Bu bir əşya da ola bilərdi, bir cansız bədən də. Birisi qışqırdı. Silah səsi havanı dəlib keçdi.

Pəri titrəməyə başladı, səsi xırıldadı.

-Nə baş verir? - deyə Azur soruşdu.

- O.... heç bir şey -  kəkələdi. Uşaqlıqda etdiyi kimi.

-Sən hardasan?

Silahlı dəstənın basqın etdiyi lüks bir villanın içindəki divar şkafında. Təbii ki belə bir şeyi ona deyə bilməzdi.

Azur Pərinin ağlından keçirdiklərindən də, yaşadığı çətinliklərdən xəbərsizdi. "Səninlə tanış olanda - "bu qız özü dərk etməsə də daxilində Bertran Rasselin qeyd etdiyi üç əsas duyğunu daşıyır",- deyə fikirləşdim,- "eşq həsrəti, öyrənmək istəyi və başqalarının kədərlərini üzərində daşımaq bacarığını".

Pərinin üzü tutuldu.

 - Səndə hər üçü də mövcud idi, - dedi Azur, - Eşq həsrətin çox güclü idi, öyrənməyə və elmə olan hörmətin də. Bəzən özünü heçə saysan da, başqalarına dərin mərhəmət duyurdun. Sənin üçün narahat olurdum. Amma eyni zamanda ola bilsin ki, sənə hirslənmişdim. Səndə bir zamanlar tandığım qadını görürdüm.

- Yoldaşını? - Pəri ehtiyatla soruşdu.

- Yox, canım. Nur adında bir qadın idi. Mənim üçün xüsusi əhəmiyyəti var idi. Səni də onu incitdiyim kimi incidə biləcəyimdən narahat oldum. Həqiqət budur ki, mən məni sevmək kimi bədbəxtliyə düçar olan hər kəsi incitdim, yuxarıdan aşağı baxdım.

-Şirindən başqa.

-Düzdür, o məğlubediməz idi. Gənc idi, amma güclü idi, inadkardı. Onun yanında narahat olmağa əsas yox idi.  Elə bil ona heç vaxt pis bir şey olmayacaqdı.

-Günahkarlıq hissi daşımayan bir sevgi istəyirdin.

- Bəlkə də, - Azur təsdiqlədi. - Bax, gördün, sən Tanrıdan üzrxahlıq gözləyirdin, mənsə  gizlicə Tanrıdan üzr istəməyin yollarını axtrarırdım.

Telefonun batareyası qaradan qırmızıya çevrildi.

-Xahiş etsəm, bir şey edərsən?-Pəri soruşdu.

-De görək.

-Gəl səninlə bir dərs keçək. Son bir dərs.

Azur güldü: "Nə demək istəyirsən? Nə haqqında?"

-Eşq, axtarış və bağışlamaq haqqında, - deyə  pıçıldadı, - bir də  elm. Amma bu dəfə mən müəllim, sən də tələbə olacaqsan.

- Qeydlər aparmağım məcburidi? - Azur hiyləgərcəsinə soruşdu - Cani-dildən dinləyirəm.

-Çox gözəl, demək bu günkü dərsimiz İbn əl Ərabi və İbn Rüşd haqqındadır. Bu iki alim ilk dəfə qarşılaşanda İbn Rüşd hörmətli bir filosof, İbn əl Ərabi isə gənc bir tələbə idi. Hər ikisi kitablara, elmə və eşqə bağlı olduqlarından bir-birilərini o dəqiqə başa düşdülər, dərk etdilər. Amma çox fərqli idilər.

-Necə yəni fərqli?

-İnsan özünə (mikrokosmos) və kainata(makrokosmos) dair məlumatlarını necə artırar? İbn Rüşdün cavabı təfəkkür yolu idi. İbn əl Ərabi isə sirli, mistik anlayışları daha üstün tuturdu. İkisi qarşılaşanda İbn Rüşd İbn əl Ərabidən soruşur: "Səncə həqiqəti ağılla, məntiqlə ortaya çıxarırıq?"

-Yaxşı, bəs İbn əl Ərabi nə dedi?

-Həm hə, həm də yox. Bəli ilə xeyr arasında ruhlar maddələrdən uçar, başlar da bədənlərindən, -belə dedi.

-İzah elə. Başa düşmədim.

- Mən həmişə "bəli" ilə "xeyr" arasında qalırdım. Konkret qərar verə bilmirdim, həmişə tərəddüd edirdim. Amma bu vəziyyətim məni mən elədi. Eyni zamanda yalnızlığımı artırdı, -dərindən nəfəs aldı. Sənə duman içindəki körpədən bəhs etmişdim. Əgər halüsinasiya deyildisə, sənin əvvəllər bilmədiyin bir məlumat formasıi idi bu. Başqa bir elm adamı olsaydı mənə lağ edərdi, sən etmədin. Həmişə yeniliyə açıq idin. Məhz buna görə sənə heyrandım".

-Bəs hər şey nə vaxt alt-üst oldu?

- Sənə həddindən artıq heyran idim, - dedi Pəri. Aşiq olduğumuz adamı beynimizdə bəzən o qədər böyüdürük ki, bir də görürük tanrıya çevirmişik. Və sevgimiz qarşılıqsız qalanda heç düşünmədən birdəfəyə o Tanrını yox edirik.

"Eşq də, əslində, inanc kimidir, - deyərək Pəri sözünə davam etdi. - Sonunu bilməsən də, təsəvvür etməsən də, özünü onun ağuşuna atırsan. Bu dünyada bir çox şey əslində inancla bağlıdı. Bir kitab yazmaq, başqa şəhərə köçmək. Sonunu bilmədiyin macəralara sürüklənmək. Hamısı bir növ inanc məsələsidir. Eşq, sevgi də bu hissi daha da gücləndirir.  Dəli bir coşqunluq. Özündən başqa biriylə əlaqə yaratmağın gözəlliyi. Amma insan eşqə, ya da inanca həddən artıq qapılarsa hər şey doğmaya çevrilər. Nə sevgini, nə də inancı şişirtməməlisən. Heç nəyi bütləşdirmək olmaz."

Beləcə davam elədi. Səsi getdikcə gücləndi, gözləri qaranlığa alışdı, yaralı əlindəki yanıb sönən mobil telefonla Oksforddan kənarda bir evdə yaşayan tənha bir adama dərs verməyə davam edirdi. Əlbəttə ki, bunun əksi də ola bilərdi: Azur təhlükədə, Pəri isə təhlükəsiz bir vəziyyətdə. Bu gün Pəri müəllim idi, Azursa tələbə. Bu dünyada rollar daima dəyişir; atomlar bir yerdə dayana bilməyib həmişə hərəkət edirlər. Həyat dairə şəklindədir.  Və  bu dairədə hər bir nöqtə mərkəzdən eyni uzaqlıqda yerləşir. Bu mərkəzi istər Tanrı adlandır, istər eşq, ya da tamam basqa bir sey.

Birdən villaya yaxınlaşan polis maşınlarının siqnallarını duydu. Bir neçə dəqiqə sonra hər şey dəyişəcəkdi - ya hər şey yenidən başlayacaqdı, ya da bu tezlikdə bitəcəkdi. Telefon qəfildən söndü. Azurun nəfəsini nəfəsində hiss etdi. Ürəyi ürəyində döyündü. Ehtiyatla şkafın qapağını açdı. Çölə çıxdı. Azadlığa tərəf bir addım atdı Pəri, bir addım daha.

Təqdim etdi: Nərmin Cahangirova

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!