Ölən deyil... - UİLYAM FOLKNER - hekayə

 

ƏDƏBİYYAT ÜZRƏ 1949-CU İLİN NOBEL MÜKAFATÇISI:  UİLYAM FOLKNER (ABŞ)

1897-ci ildə Missisipi ştatındakı Nyu-Olbani şəhərində dünyaya gəlib. Atası Marri Çarlz Folkner universitetin işlər müdiri olub. Böyük babası Uilyam Klark Folkner (1826-1899) Şimal-Cənub müharibəsində cənub ordusunda xidmət edib və dövrünün məşhur "Memfisin ağ qızılgülü" romanının müəllifi olub. Uilyam balaca olanda ailəsi Oksforda köçüb və gələcək nobelçi ömrünün sonuna qədər həmin ştatın şimalında yaşayıb.

Uilyam təhsilini müstəqil alıb, natamam orta məktəb bitirib, sonra da öz təhsili ilə sərbəst məşğul olub, vaxtaşırı Missisipi ştatı universitetindəki mühazirələri dinləyib. Folknerin hələ yeniyetmə yaşından sevdiyi Estell Oldem 1918-ci ildə başqasına ərə gedib. Ondan sonra Uilyam könüllü olaraq orduya yazılmaq fikrinə düşüb, 166 sm. boyuna görə qəbul etməyiblər. Bundan sonra Torontodakı Kanada Kral könüllü hərbi-hava qüvvələri sıralarına yazılıb, amma o kursu bitirənə qədər Birinci Dünya müharibəsi başa çatıb.

1925-ci ildə Folkner Yeni Orlianda yazıçı Şervurd Andersonla tanış olub. Bu tanışlıq Folknerin qarşısında yeni yaradıcılıq üfüqləri açıb.  Müxtəlif vaxtlarda qələmə aldığı "Əsgər mükafatı", "Moskitlər", "Sartoris", "Səs və qəzəb", "Avqustda işıq", "Yabanı palmalar", "Qəsəbə", "Monax qadın haqqında rekviyem", "Şəhər", "Ev" və "Oğrular" əsərləri dünyanın milyonlarla oxucusunun marağına səbəb olub.

Uilyam Folkner 1949-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya "Çağdaş Amerika romanına bəxş etdiyi mühüm və özünəməxsus ədəbi xəzinəyə görə" verilib. Yazıçı 6 iyul 1962-ci ildə ABŞ-dakı Bayheliya şəhərində vəfat edib.

Ölən deyil

HEKAYƏ

Bildiriş gələndə atamla tarlada idik. Anam zərfi poçt qutusundan çıxaran kimi yanımıza yüyürmüşdü; artıq bunun nə olduğunu bilirdi, əgər, gün şlyapasını qoymadan evdən bayıra atılmışdısa, demək, pəncərənin qabağını kəsdirib poçtu gözləyirmiş. Mən də bunun nə olduğunu bilirdim, arvad üstü markasız balaca ağ zərfi tutub çəpərin yanında sakitcə durmuşdu; onu görəndə səsimin qalın yerinə salıb atamı səslədim, sonra da gücüm çatdığı qədər sürətlə anama doğru qaçmağa başladım, amma mən tarlanı dolaşıb çatana qədər atam özünü ona çatdırdı.

-Bilirəm bu nədir, - anam dedi, - ancaq açmağa əlim gəlmir. Sən aç.

-Pit! Pit! - qaça-qaça bağırırdım. - Ola bilməz! - Bir də, - lənətə gəlmiş yaponlar! Lənətə gəlmiş yaponlar! - deyib, haray salmışdım.

Bu vaxt atam çiynimdən yapışıb məni sakitləşdirməyə çalışdı, sanki mən doqquz yaşlı oğlan uşağı yox, onun kimi yaşlı kişiydim.

Bu da axırı. Əvvəlcə Pirl-Harbor başladı. Bir həftə sonra isə Pit Memfisə gedib döyüşmək üçün orduya yazıldı; budur səhər tezdən anam balaca kağız parçasını tutaraq çəpərin yanında dayanıb, indi onun əlindəki kağızı atəş də yandırmaz, üstündə marka-zad da yoxdur, kağızda isə: "Gəmi geri qayıtmayıb. Oğlunuz da həmin gəmidə olub", - xəbəri yazılıb. Biz Pit üçün bircə gün yas saxladıq: aprel ayı idi, əkin-biçinin qızğın vaxtı, bizim də yetmiş akr. torpaq sahəmiz vardı, - çörəyimiz, ev-eşiyimiz, dolanışığımız ondan çıxırdı - Qriyerləri dolandırmışdı bu torpaq, onların alın təri ilə suvanmışdı; Piti dolandırmışdı, əllərinin qabarı ilə işləmişdi bu torpaqda; əgər ona xəyanət eləməsək bizi də dolandıracaqdı.

Sonra hər şey təkrar oldu. Yəqin biz adamların - oğullarını, qardaşlarını bizim Piti sevdiyimiz kimi çox sevənlərin - başına gələnləri unutmuşduq; və bütün bunlara son qoyulmasa bu xəmir hələ çox su aparacaqdı. Pit haqqında yazılanları, onun şəklini Memfisdə çıxan qəzetdə oxuyub-gördüyümüz gündən sonra atam hər dəfə Memfisdən qayıdanda təzə qəzet alıb gətirirdi. Başqa əyalətlərdən, Missisipidən, Arkanzasdan, Tennessidən olan əsgərlərin, matrosların adlarını oxuyur, şəkillərini görürdük, biz tərəflərdən heç kəsin adına rast gəlmirdik və az qala elə fikirləşirdik ki, Pit sonuncu olacaq.

Sonra hər şey təkrar oldu. İyul sona çatmaq üzrəydi, cümə günüydü. Atam Bukraytla birlikdə onun furqonuna minib səhər tezdən şəhərə getmişdi, artıq günəş qüruba çəkilirdi. Torpağı yumşaldıb qurtarandan sonra tarladan yenicə qayıtmışdım, qatırı ağıla salıb təzəcə qayıdırdım ki, Bukraytın furqonu poçt qutusunun yanında dayandı, atam yerə atıldı, bir kisə unu çiyninə alıb evə tərəf addımladı, qoltuğunda bir bağlama (?), əlində isə bükülü qəzet vardı. Düzdür, son vaxtlar atam hər dəfə qayıdanda qəzet alıb gəlirdi, amma ona baxan kimi hər şeyi başa düşdüm. Çünki əvvəl-axır bu baş verməliydi, axı bu boyda Yoknapatofda bizim kimi sevən, yas saxlamağa haqqı çatan tək biz deyildik. Atamın qoltuğundakı bağlamanı aldım, birlikdə evə girdik, mətbəxdəki masanın üstündəki yemək soyumuşdu; anam isə qapının kandarında əyləşib əlindəki qaşıqla  yağ qarışdırırdı.

Pitdən xəbər alandan sonra atam anama yaxınlaşmadı. İndi də yaxınlaşmadı. Eləcə, çiynindəki un kisəsini yerə qoyub qəzeti ona uzatdı.

-Mayor de Speynin oğlu da, - dedi. - Təyyarəçiydi. Payızda evə zabit formasında gəlmişdi. Yazırlar, guya yapon kreyserinə çırpıb özünü. Heç olmasa necə həlak olduğunu bilirlər.

Anam bir müddət yağ qarışdırmağa davam etdi, amma boş yerə, çünki yağın yumşaldığını görürdüm. Sonra qalxıb əllərini yumağa getdi, qayıdıb yenə əyləşdi.

-Oxu, - dedi.

Atam da, mən də başa düşdük: o, bütün bu müddət ərzində bunun təkrar olacağını bilirmiş, amma bu dəfə nə edəcəyini də bilirmiş, elə gələn dəfə də, elə hər dəfə, vaxtı gələnə, hər şey sona çatana qədər; yer üzündəki bütün yas saxlayanlar - varlılar da, kasıblar da, göz oxşayan ağ rəngli malikanələrdə zənci qulluqçuların əhatəsində yaşayanlar və heç nəyi olmayanlar; bizim günümüzdə olanlar, - yəni yetmiş akr. torpaq  sahəsi olanlar -  çörəyi o torpaqdan çıxanlar; bir də, ümumiyyətlə heç nəyi olmayanlar, günəş çıxandan batana qədər belini büküb onu gün istisində qızdırmaqdan başqa heç nəyə haqqı çatmayanlar, gün ərzində əlləşib-vuruşub axşam üçün ruzi qazananlar, - onların hamısı bir ağızdan deyəcək: "Hər halda bizim yasımızın mənası vardı".

Mal-qaranı yemləyib sağdıq, şam elədik, mən sobanı qaladım, anam çoxlu isti su düzəltmək üçün qazança ilə çaydanı ocağa qoydu; dəhlizdən təknəni gətirdim; anam qab-qacağı yuyana, mətbəxi sahmana salana qədər atamla qarşı eyvanda əyləşib alaqaranlıqda xeyli dərdləşdik. Dekabr ayında, təxminən axşamın elə bu saatlarında Pitlə bir yerdə qoca Kliqryugilə radioda Pril-Harbor və Manila barədə təzə xəbərləri dinləməyə getmişdik. Amma o vaxtdan bəri, Pril-Habordan da, Maniladan da betər şeylər olub; heç Pit də daha qoca Kliqryugilə radio dinləməyə getmir, elə mən də getmirəm; axı heç kəs onun harada olduğunu, nə vaxt itkin düşdüyünü  bizə deyə bilməz və indi insanların sevdiyi, əzizlədiyi torpaqda ayaq üstə durmaq əvəzinə, elə bil ağır daşa dönüb. Pit var və bütün döyüşçülər kimi o da əsrlər boyu olacaq, çünki daha onun varlığı ilə yoxluğunun önəmi qalmayıb. Odur ki, daha balaca, igidliyi və ölümü gözləri ilə görənlərin səsini oğurlayıb yayan taxta yeşiyə də ehtiyacımız qalmayıb. Sonra anam məni mətbəxə səslədi. Təknədəki sudan buxar qalxırdı, sabunqabı, mənim gecə köynəyimlə məhrəba skamya üstəydi, anam onları köhnə kisə parçalarından tikirdi; yuyundum, suyu boşaldandan sonra tabağı təzədən mətbəxə gətirdim ki, anam da rahat yuyuna bilsin, sonra da yatışdıq.

Səhər oyandıq. Həmişəki kimi anam yerindən birinci qalxmışdı. Soyuqlar düşəndən bəri üzünü görmədiyim bazar günləri geydiyim  təmiz ağ köynəyim, corablarım və çəkmələrim məni gözləyirdi. Yenə köhnə şalvarımı əynimə çəkib çəkmələri mətbəxə apardım, anam dünən geydiyi donda sobanın yanında dayanıb atam üçün həm səhər, həm də günorta yeməyi hazırlayırdı. Çəkmələrimi anamın bazar günləri geydiyi ayaqqabıların yanında qoyub pəyəyə getdim. Atamla birlikdə mal-qaranı yemləyəndən sonra inəkləri sağdıq, sonra evə qayıdıb səhər süfrəsinə əyləşdik, anam o gələnə qədər əlimizi süfrəyə uzatmadığımızı görəndə sobanın yanından çəkilib bizimlə birlikdə süfrə arxasına keçib oturdu. Yeməkdən sonra ayaqqabı təmizləmək üçün fırçalar olan yeşiyi gətirib çəkmələrimi təmizləməyə başladım, atam yaxınlaşıb fırçaları, qutalinlə mahud parçanı məndən alıb ayaqqabıların ikisini də təmizlədi.

-De Speyn varlıdı, - dedi. - İstəsə yediyi qaba tüpürər, o qabı zəncilərə dilləriylə yalatdırıb təmizlədər. Bir bax gör necə təmizləmisən, ancaq burnu parıldayırdı. Əlbəttə, burnundan o yanı görmürsən axı. Sən başqalarını da fikirləş.

Geyindik. Nişastalı ağ köynəklə bayram şalvarını əynimə keçirtdim, paltarlar şaxlığından dik dururdu. Corabları götürüb mətbəxə getdim, elə bu vaxt anam da gəldi, şlyapa başında, corablar əlindəydi. Corabları məndən alıb özünkülərlə birlikdə bir az əvvəl təmizlənən ayaqqabıların yanına qoydu, sonra dolaba tərəf gedib çantasını götürdü. Çanta, San-Fransiskodakı mağazanın yarlığı hələ də üstündə olan karton qutunun içindəydi, onu anama Pit almışdı. Altı kvadrat, üstü dairəvi bir şey idi, su keçirmirdi, tutacağı da vardı - əla şey idi. Yəqin Pit yaxşı çanta olduğunu o dəqiqə bilib. Çantanın ağzı zəncirbəndlə bağlanırdı, ailədə bircə mən bu zəncirbəndin necə açılıb-bağlandığını yoxlamışdım, amma o vaxt ağlıma da gəlməzdi ki, nə vaxtsa evimizdə elə bir şey ola bilər. Bax, Pit çantanı karton qutudan çıxaranda, onun ağzını atam, ya da anam yox, mən açdım. Çantanın içində atam üçün qəlyan, bir də tənbəki vardı. Bir də mənim üçün ovçu papağı, fənəri, günlüyü də vardı. Anam üçün isə çanta. Arvad zəncirbəndi elə hey açıb-bağlayırdı, sonra anam əlindən alana qədər atam çantanı götürüb zəncirbəndlə oynamağa başladı. Arvad çantanı ondan alıb qutuya qoyandan sonra məni anbara, dezinfeksiya məhlulu gətirməyə yolladı. Şüşəni qaynar su ilə yuyub təmizlədi, sonra onu səliqə ilə dəsmala büküb çantaya qoydu, zəncirbəndi bağlamadan qutunu dolaba yerləşdirdi. Onsuz da çantanı işlətmək lazım olanda zəncirbəndi açmalı olacaqdı, zəncirbəndi qorumaq lazım idi. İndi anam yenı çantanı qutudan, şüşə qabı çantadan çıxartdı, qaba təmiz su töküb yenə səliqə ilə dəsmala büküb çantaya qoydu, sonra ayaqqabıları, çəkmələri, corabları ora qoydu və yola düzəldik. Səhər hava günəşli və istiydi. Poçt yeşiyinin yanında dayanıb avtobusun gəlməyini gözlədik.  

Məktəb avtobusu idi, ötən qışda bu avtobusla Frasuzova Balkadakı məktəbə getmişdim, Pit də oxuyanda hər axşam-səhər həmin avtobusla gedib qayıdırdı, amma bu gün avtobus başqa tərəfə - Ceffersona gedirdi. Avtobus hər şənbə gedirdi ora. Düz, üfüq boyu uzanan şosse yolda onu görmək olurdu. Hər poçt qutusunun yanında dayanıb onu gözləyən adamları götürürdü. Bu da bizim növbəmiz. Anam Solon Kuikə əlli sent verdi - avtobusu o özü sürürdü, sahibi də özü idi, - əyləşdik, avtobus yoluna davam elədi. Bir azdan sonra daha poçt qutularının yanında dayanıb avtobus gözləyənləri götürməyə yer olmadığı üçün avtobus sürətlə irəliləməyə başladı. Budur, iyirmi beş mil yol qalıb, on mil, beş, bir... Yol sonuncu dəfə üzüyuxarı qalxdı, asfalt döşənmiş yola çıxdıq, avtobus dayandı. Anamla birlikdə avtobusdan enib səkidə əyləşdik. Anam çantanı açdı, ayaqqabıları, çəkmələri, su dolu şüşə qabı çıxartdı, ayaqlarımızı yuyub quruladıq, sonra anam yenə şüşə qabı dəsmala bükdü. Sonra bir müddət hər tərəfi çuqun  hasarlı yolla getdik, elə bil hasarın arxasında pambıq sahəsi vardı. Bir həyətə girdik, biz tərəflərdə o boyda həyət-baca heç kəsdə görməmişdim. Sonra daş döşənmiş, geniş və hamar xiyabanla addımladıq, bizim Frasuzovo Balkadakılara heç oxşamırdı. Buradakı ev bizim bələdiyyə binasından da hündür idi. Sütunların arası ilə uzanan pillələrlə qalxdıq, evimizdən xeyli böyük eyvanı keçəndən sonra dayanıb qapını döydük. Artıq başmaqlarımızın necə təmizlənməyinin əhəmiyyəti yox idi. Qapı açıldı, zənci qulluqçunun gözləri bir anlıq alışıb yandı, onun ağ gödəkcəsi hollun dərinliyində işıldadı. O, pişik kimi sakit hərəkət edirdi, hansı qapını açmaq məsuliyyətini bizim ixtiyarımıza buraxıb bir anda gözdən itdi. Səhv etmədik, varlı adamın qonaq otağına daxil olduq, Fransuzova Balkdakı - elə bütün vilayətdəki - hər qadın belə bir təmtərağı  görmək arzusunda olardı, yəqin heç biz tərəfin kişiləri də belə bir evi bütün dəm-dəstgahı ilə görməmişdi. Hətta bazar günləri, ara günlərin axşamları de Speyn bankdan qayıdanda veksellərinin vaxtını dəyişməyə gələnlər belə bu möhtəşəmlikdən xəbərsiz idilər. Tavandan asılan möhtəşəm çılçıraq, lap bizim ləyən boyda, hər tərəfindən buz salxımları sallanıb. Bir küncdə qızıl suyuna çəkilmiş arfa. O qədər böyükdür ki, heç anbar qapısından da keçməz.  Böyük güzgü lap qatır belindəki kişini də boyaboy göstərməyə yetər. Mərkəzdə isə iri masa var, lap tabuta oxşayır. Üstündə Konfederasiya bayrağı. Mayor oğlunun fotoları, medalla dolu qapağı açıq qutu, bayrağın üstündə avtomat-tapança. Yuxarı başda isə başında şlyapa olan mayor de Speyn...

...Anam özünü təqdim etdi, o isə elə bil eşitmirdi, ya da arvadın nə dediyini, kim olduğumuzu anlamadı. Əslinə qalsa, o mayor-zad deyildi, elə-belə vermişdilər ona mayor adı. Mayor onun Cənub və Şimal müharibəsinin iştirakçısı olan atası imiş, özü isə bankirdi. O qədər var-dövlət, xətir-hörmət sahibidir ki, lap Missisipiyə qubernator təyin etməyə qədər əli girir. Amma həm də qəribə adamdır, iyirmi üç yaşlı oğlu olduğuna inanmaq olmur, elə indi də üz-gözünü elə turşudub ki, lap yaşı-başı keçmiş qocaya oxşayır.

-Həəə, - axır ki, dilləndi, - indi xatırladım sizi. Yəqin o vaxt sizə də deyiblər ki, qoy oğlunuzun qanı axmaqlıq və səfillik mehrabına axsın. Nəsə... Sizə nə lazımdır?

-Heç nə, - anam cavab verdi. Qapının ağzında bir an dayanmadan masaya yaxınlaşdı. - Bizə heç nə lazım deyil, sizə də bir şey gətirməmişik, ona görə ki, gətirməyə bir şeyimiz yoxdu.

-Düz danışmırsız, - etiraz etdi. - Sizin bir oğlunuz da var. Mənim sizə bir məsləhətim var, gedin dua eləyin. Həlak olan üçün yox, qalan üçün dua eləyin. Dua eləyin ki, nə vaxtsa, nəsə, necəsə onu sizin üçün qorusun.

Anam onun üzünə də baxmadı. İri addımlarla bizim anbardan da böyük otağın o başından bu biri başına keçdi, eynən tarladan çıxıb evə gedən kimi getdi, eynən tarlanın kənarındakı yemək qablarının yanında dayanıb nəfəs dərirmiş kimi dayandı: atamla mən işdən başımızı qaşımağa macal tapa bilmirdik: torpağın yaz qayğıları tükənməzdir.

-Mənim məsləhətim daha sadədir, - anam dedi. - Ağlayın.

 Anam keçib masanın yanında durdu, amma əlləri hələ də hərəkətəydi. Zərif bir hərəkətlə əlini uzatdı, mayor özünü çatdırıb onun biləyindən yapışdı, qoşalaşmış əllər balaca medalla rəngbərəng lentin arasındakı bayraq taxtasına dayanmış fotonun qarşısındakı iri, göytəhər tapançaya tərəf yönəldi. Bu fotonu çox adam görməmişdi, görən olsaydı da tanımazdı; bütün bunların içindən yaşlı adama xas olmayan bir səs eşidildi:

-Vətən uğrunda həlak olub! Onun vətəni yox idi. Heç mənim də vətənim yoxdur. Onun da, mənim də vətənim viran oldu, murdarlandı, səksən il əvvəl, mən anadan olmamışdan məhv edildi. Onun ulu babaları həmin vətən uğrunda ölümə getdilər, amma uğrunda can qoyduqları vətən onların arzusu idi. Mənim oğlumun heç arzusu da yox idi. O, mənasız bir ilğım uğrunda həlak oldu. Sələmçilərin, axmaq və tamahkar siyasətçilərin maraqlarını mdafiə edərək, mütəşəkkil quldarlığın çiçəklənməsi və şöhrət tapması uğrunda həlak oldu. 

-Ağlayın, - anam təkrar etdi. - Boşaldın ürəyinizi.

-Xalqın seçkili nökərləri, vəzifələri üstə əsənlər! Demoqoqların aldatdığı fəhlələr, həmin demaqoqlara müti olanlar. Xəcalət? Dərd? Heç qorxaqlıqla dərd, tamahla könüllü qul olmaq həvəsi xəcalət çəkə, kədərlənə bilər?

-Bəlkə də hamı xəcalət çəkir, - anam köks ötürdü. - Hər kəs xeyirxah, vicdanlı ola bilər, hər kəs ölümə hazır ola bilər. Və hər kəs dərd çəkə bilər. Sadəcə, vaxt lazımdır, əvvəl-axır onlar öyrənəcəklər, başa düşəcəklər hər şeyi. Bunun dəyəri - daha böyük dərddi. Sizin, mənim dərdimiz kimi və bizimkindən də böyük dərd ola bilər. Amma bunun bir axırı olacaq.

-Nə vaxt? Bütün cavanları qırıb-çatandan sonra? Elədirsə, yaşamağın mənası nədir?

-Bilirəm, - anam dilləndi, - bilirəm. Bizim Pit də cavan idi. Bütün ömrü qabaqdaydı hələ.

Bu vaxt onların əllərinin aralandığını gördüm; de Speyn yenə dimdik dayanıb, tapança anamın əlindədir. Bir anlıq mənə elə gəldi ki, o, çantanı açıb dəsmal çıxarmaq istəyir. Amma tapançanı yenidən masa üstə qoyub mayora tərəf addımladı, onun döş cibindən burun yaylığını çıxarıb ovcuna basandan sonra geri çəkildi. 

-Götürün, - dedi, - ağlayın. Onun üçün yox, bizim üçün, bütün bunların səbəbini anlamayan qocalar üçün ağlayın. Sizin zəncinin adı nədir?

De Speyn cavab vermədi. Heç yaylığı da üzünə yaxınlaşdırmadı. Sadəcə, dayanıb onu əlində tutmuşdi, əlindəkinin nə olduğunun fərqində deyildi.

-Biz qocalar üçün, - təkarar etdi. - Siz bütün bunlarla barışmısız. Üç aydı bu dərdlə yaşayırsız və hər şeyi bilirsiz. Mənim dərdim təzədir, hər şey dünən olub. Məni də öyrədin.

-Bilmirəm - anam çiynini çəkdi. - Bəlkə də qadınlar oğullarının davada nə səbəbdən həlak olmaqlarını bilməsələr yaxşıdır, bəlkə də onlara ancaq dərd çəkmək lazımdır. Ancaq mənim oğlum nə uğrunda ölümə getdiyini bilirdi. Qardaşım davaya gedəndə mən hələ qız uşağıydım. Anam onun nə səbəbə getdiyini bilməsə də, qardaşım bilirdi hara gedir. Babam da müharibədə olub, yəni onun da anası heç nə başa düşməyib. Ancaq mənim oğlum bilirdi hara gedir, onun nə bildiyindən xəbərdar olduğumu bilirdi, bir də bilirdi ki, bu uşaqla mən - ikimiz də, bilirik ki, o geri qayıtmayacaq. Amma nə üçün getdiyini bilirdi, mənsə başa düşmürəm, başa düşə bilmirəm və heç baxt başa düşə bilməyəcəyəm. Yəqin hər şey elə belə də olmalıdır, mən başa düşməsəm belə, olmalıdır. Axı onu atamla mən yetişdirmişdik. Sizin zəncinin adı nədir?

Bu dəfə dedi. Yəqin zənci də hardasa yaxınlıqda imiş, o içəri girəndə mayor de Speyn kürəyi qapıya tərəf dayanmışdı. Çevrilmədi. Sadəcə, əlinin işarəsi ilə anamın dəsmal qoyduğu masanı göstərdi. Zənci masaya yaxınlaşdı, addımları sakit, pişik addımları kimi yüngül idi. Bir anlıq ayaq saxlamadan, heç kəsə baxmadan, mənə elə gəldi ki, heç masaya da çatmadan çevrilib geri qayıtdı. Ağ əlcəkli qara əl  zərif bir hərəkətlə irəli uzanan kimi tapança yox oldu. Onu necə götürdüyünü də görmədim. Yanımdan keçəndə diqqətlə ona baxdım, amma tapançanı harda gizlətdiyini ayırd edə bilmədim. Özümə gəlməyim üçün anam məni iki dəfə çağırdı.

-Gedək, - dedi.

-Dayanın, - mayor de Speyn dilləndi.

Yenə üzünü bizə sarı tutdu.

-Atanla onu necə yetişdirmisiz? Bunu bilməlisiz axı.

-Bircə onu bilirəm ki, bu bizə qandan keçib. Özü də mayası təmiz olub, çünki bu maya nəvə-nəticəyə də bəs eləyib. Demək, hər şey doğrudur, Pit könüllü gedib bu uğurda vuruşmağa. Gedək, - anam bir də təkrar etdi.

-Dayanın, - de Speyn dedi, - Dayanın. Hardan gəlmisiz?

Anam dayandı.

-Bayaq dedim axı, Fransuzovo Balkidən.

-Bilirəm. Nəynən gəlmisiz? Bu tərəfə gələn yol maşınıyla? Maşınınız yoxdur da?

-Yoxdur, - anam cavab verdi. - Cənab Kuikin avtobusuyla gəlmişik. Şənbə günləri şəhərə gedir.

-Geriyə də axşam qayıdır. Evə mənim maşınımla gedərsiz.

O yenidən zəncini çağırdı. Amma anam ona mane oldu.

-Sağ olun, - dedi. - Biz əvvəlcədən geri qayıtmağın pulunu da vermişik. Odur ki, cənab Kuik bizi aparacaq.

Ceffersonda doğulub boya-başa çatan, amma şimalda dünyasını dəyişən bir nəfər çox varlı xanım şəhərdə muzey tikdirmək üçün pul vəsiyyət etmişdi. Bu ev kilsəyə oxşayırdı. Birləşmiş Ştatların müxtəlif guşələrindən yığılıb toplanmış rəsm əsərlərinin qorunub saxlanması üçün tikilmişdi. Rəsmləri doğulduqları, yaşadqları yerlərə bağlı olan rəssamlar çəkmişdi. Çəkmişdilər ki, başqaları da bu gözəllikləri görüb sevə bilsin. Rəsmlərdə uşaqların, qadınların və kişilərin, evlərin, küçələrin, şəhərlərin, meşələrin, tarlaların, çayların, bir sözlə, onların həyatının mənası olan hər şeyin təsviri vardı və bütün başqa adamlar, məsələn, anamla mənim kimi Fransuzovo Balkidən, lap elə Fransuzovo Balkidən də balaca yerlərdən olanlar, bizim əyalətdə, ətraf əyalətlərdə yaşayanlar da, kim ki, birtəhər, pul-para xərcləmədən gəlib bura, bu soyuq və sakit məkana çıxa bilirdi, istədiyi qədər bizə oxşayan bu kişilərə, qadınlara, uşaqlara tamaşa edirdi. Amma bu təsvirlərdəki evlər və anbarlar fərqliydi, torpağı da bizim kimi şumlamırdılar, oradakı gül-çiçək də, ağaclar da başqaydı. 

Biz muzeydən çıxanda gec idi. Bir azdan avtobusa yetişdik, ondan da xeyli sonra geri qayıtmağa başladıq. Ancaq çox gecikmədik, hələ ayaqqabılarımızı da soyunmağa macal tapdıq. Xanım Kuik xeyli gec gəldi və Solonu onu gözləməli oldu. Arvadının üzünə də baxmırdı, qadın da şənbə gəzintisi üçün şəhərə getməyə hamı kimi iyirmi beş sent ödəmişdi, geri qayıtmq üçün də yolpulunu satdığı yumurtaların haqqından ayırıb vermişdi. Cənab Kuik haqqını qabaqcadan verən sərnişinlərindən heç birini şəhərdə saxlamaq istəmirdi. Avtobus yenə də sürətlə gedirdi, elə ki, yol lent kimi düzəldi, Amerikanın bütün səması Sakit okeandan çilənən qürub şəfəqlərinin zərif parıltısına qərq oldu. Bu şəfəqlər yer üzünü sirli-sehrli işığa bürümüşdü, bu işıq muzeydəki rəsmlərdən gördüyümüz sevişən adamların nuruna bənzəyirdi. Biz heç onların adlarını da bilmirdik. Şəfəq tellərinə bürünən səma isə işığı öləziyən nəhəng çarxa oxşayırdı.

Birdən atamın Pit ilə mənə babamızdan misal çəkməyini xatırladım. Tapşırdığı nəyisə etmədiyimiz üçün bizi qınayar, ya da planlarımızdan xəbər tutanda bizi dilə tutub fikrimizdən daşındırmağa çalışırdı, hər iki halda da: "Babanız belə eləməzdi", - deyirdi. Xatırlayırdım babamı, daha doğrusu, atamın babasını. Qoca kişi idi, adamların bu qədər yaşamağına inanmaq olmur, lap İncildə adları çıkilən, Tanrıyla üz-üzə danışan qoca patriarx qardaşlar kimiydi və o, Tanrıdan başqa hamıdan çox yaşamışdı. O qədər qocaydı ki, adamın onun Cənub və Şimal müharibələrində vuruşmağına inanmağı gəlmirdi. Amma o, gecə-gündüz elə bu barədə danışır, danışa-danışa da fısıldamağa başlayırdı və biz onun yuxuya gedib-getmədiyini ayırd edə bilmirdik. Adətən, tut ağacının altındakı kresloya çöküb əyləşirdi, ya da aynabəndin günçıxar tərəfində, ya da ocağın yanında. Arabir kreslodan dik atılırdı, amma bu onun yatmadığı demək deyildi. Yerindın sıçrayıb bağırırdı: "Hey! Hey! Həyəcan!" Və biz yenə onun yatıb-yatmadığını ayırd edə bilmirdik. O eyni zamanda həm cənubluların, həm də şimallıların adından çığırırdı, özü də təkcə əsgərləri səsləmirdi: Forrest, Morqan Eyb, Linkoln, Van Dorn, Qrant, hətta nəsli indiyə qədər biz tərəflərdə yaşayan polkovnik Sartorisi də, hələ lap polkovnik Sartorisin qayınanası, evinə bircə dənə də yanki, dörd il davam edən müharibədə bir nəfər də yad adam buraxmayan Roza Millardı da çağırırdı. Hansı ki, Sartoris həmin müharibədən qayıtmamışdı. Pit ancaq gülürdü. Atamla mən utanırdıq. Bu məsələyə anamın münasibətini bilmirdik, qısası, bir filmdəki hadisəni görənədək heç nə başa düşmürdük. 

Davamı olan uzun bir kovboy filmiydi, məncə, kinoteatrlarda onu çoxdan idi ki, hər şənbə göstəridilər. Pit, atam, bir də mən hər şənbə filmin davamına baxmaq üçün şəhərə gedirdik. Hərdən anam da bizimlə gəlirdi. O, qaranlıq zalda oturur, ekrandakı tapançalardan açılan güllələrə baxırdı. Atlar dördnala çapır, adama elə gəlirdi ki, indicə ekrandan atılıb zala düşəcəklər. Amma yox, çapıb uzaqlaşırdılar. Növbəti həftə də hər şey təkarlanırdı, o biri həftə də. Həftə boyu Pitlə mən özümüzü həmin kovboyların yerində təsəvvür edirdik: o, özünü əli tapançalı, mənsə kovboy atının tərkində, qəhrəman kimi. Bir dəfə anam babamızı da kinoya apardı. Babam anamla mənim aramda əyləşmişdi. O qədər qocaydı ki, xoruldamağa da taqəti yox idi, sakit-sakit fısıldayırdı, ta ki, atlılar ekranda görünənə qədər fısıldadı, atlar da həmişə eyni vaxtda peyda olurdu, şənbə günləri onlarln gəlişiylə saat da qurmaq olardı. Atlar dağın qayalıq yeriylə çapırdı, çevrilib bir dərəyə doğru çapdılar, bir an sonra zala atılıb adamların arası ilə qarğıdalı zəmisi arasında çapırlarmış kimi, çapıb gedəcəkdilər. Babam oyandı. Yerindən sıçrayıb dondu. Onun yerindən necə sıçramağını da gördüm. Sonra dedi: "Atlılar!" Sonra yerindən qalxdı. "Forrest! - deyib, çığırdı. - Bedford Forrest! Çəkil yoldan! Cəhənnəm ol! - sonra da sıraların arası ilə qaçmağa, qabağına çıxanın boğazından yapışmağa başladı. Nəhayət, özünü çıxışa atıb bayıra çıxdı, gedə-gedə çığırdı: "Forrest! Forrest! Odur! Cəhənnəm ol!" Onun arxasınca yüyürdük, amma babam küçədə idi, gözləri gün işığından qamaşırdı, hələ filmin yarıdan çoxu qalırdı. O, gözlərini döyərək əsirdi, Pit isə özünü pis hiss edən adamlar kimi, əlini divara söykəmişdi, qəhqəhə çəkib gülüdü. Atam babamın çiynindən yapışıb silkələdi: "Qoca gicbəsər! Buna deyərlər qoca gicbəsər!" Anam onu susdurana qədər atam babamı silkələdi. Furqonumuzu saxladığımız yerə az qala qucağımızda apardıq onu, əyləşdirdik, anam da onunla yanaşı oturdu, əllərini əlinə aldı, kişi hələ də əsirdi.

-Ona pivə gətirin, - Atama dedi.

-Bir pivəsi çatmır! - atam razılaşmadı. - Qoca gicbəsər bizi hər kəsin yanında biabır elədi.

-Get ona pivə al gətir! - anam bir də dedi. - O, burda, öz furqonunda oturub pivə içəcək. Tez ol!

Atam pivə gətirdi, babam pivə şüşəsini əlində sərbəst saxlayana qədər anam onun əlini buraxmadı. Ləzzətli bir qurtum aldı, əsməyi bir az da keçdi, dərindın köks ötürdü: "Ahh!". Sonra bir qurtum da içdi. Əlini anamın əlindən çəkdi, əsəməyi tam kəsdi. Kiçik qurtumlarla pivə içməyə davam etdi. "Həə!" Bir qədər ara verdi, sonra yenə içdi, sonra yenə köks ötürdü. Şüşəyə baxmırdı, ətrafa boylanır, gözlərini döyürdü.

-Gicbəsər özünüzsüz! - Anam atamın, Pitin, bir də mənim üstümə çığırdı. - Heç kəsdən qaçmırdı o! Bütün axmaq adamların qabağını kəsib demək istəyirdi ki, özlərini qorusunlar.  Çünki ordan gələnlər onlardan yaxşı adamlardı, üstündən yetmiş beş ilə keçsə də, ordakılar daha əzəmətli, daha təhlükəlidirlər.

Mən də tanıyırdım onları. Fransuzovo Balkidən bir addım kənara atmasam da, görmüşdüm onları. Ovcumun içi kimi bələd idim onlara. Bu lap səmada oynaşan şəfəqlərə oxşayırdı. Sanki zərif qızılı saplar qəsəbənin üstünə səpələnib qalmışdı. O qəsəbənin ki, adı xəritəyə belə düşməmişdi, onun varlığından cəmi iki yüzə yaxın adamın xəbəri vardı və bu qəsəbənin adı Fransuzovo Balki idi. Onun adı da çoxlarını maraqlandırmırdı. Bu qəsəbə böyük şəhərlərə, balaca kəndlərə - yaşadıqları yerə aşiq olan insanlar yaşayan yerlərə - doğru qanadlanırdı. O yerlərin rəsmini çəkə bilən, çəkə bilməyən adamlara doğru, sakit hüzur içində olan yerlərə, keçmişdə sakitlik bilməyən, dünyanı öz qəhrəmanlığı ilə çaşdıran yerlərə doğru uzanırdı. Onlar hər şeyə dözür və ayaqda dura bilirdilər, məğlubiyyətlərlə barışır, yenidən güc tapıb döyüşə atılırdılar, amma mübarizələrinin məğlubiyyətə uğradığından xəbərsiz idilər. Onlar dağları fəth edirdilər, səhraları, düzləri ötüb-keçirdilər, onlarla bir yerdə vətən də genişlənir, böyüyürdü. Tanıyırdım onları: üstündən yetmiş beş il keçsə də, möhtəşəm idilər. İki dəfə yetmiş beş il, lap yüz illər keçsəydi də belə, olacaqdılar. Möhtəşəm idilər, təhlükəli idilər, qərbə doğru dartınırdılar, şərqə, şimala, cənuba doğru. Budur, onların nə uğrunda vuruşduqları, nə üçün həlak olduqları bir kəlməyə sığır. Bu söz sanki ildırım kimi çaxır. Bu söz - Amerikadır və o, bütün yer üzünə qucaq açıb.

Rus dilindən tərcümə edən: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!