Anna Axmatova kimi məşhur şairə Marina Svetayevanın şəxsiyyəti də müəmmalıdır. Onların ikisinin psixoloji durumları, qapalı xarakterləri çoxlarını düşündürüb. Əri Annanı ifritə adlandırıb, adamlar Marinanı qızının ölümündə günahlandırır.
Marina Svetayevanın 2 qızı olub. Ariadna və İrina. 20-25 il bundan əvvəlki məlumatlarda göstərilir ki, Marina qızlarına yaxşı baxıb. Yalnız İrina aclıqdan ölüb. Vəssalam. Yeni araşdırmalar isə tamam bunun əksini söyləyir. Belə ki, yeni araşdırmalar ananın qızlarına, qızların analarına məktublarını üzə çıxarıb. Məlum olub ki, Marina Svetayeva 1919-cu ildə ölkədə baş verən aclıq-səfalət günlərində övladlarını internat məktəbinə verib. Özü də bunu ikinci şəxs vasitəsi ilə edib. Həmin adama qızlarını təhvil verərək küçədən tapdığını, yetim olduqlarını deyib. Doğma qızları olduğunu boynuna almayıb, cidd-cəhdlə gizlədib. Balacalara da dönə-dönə tapşırıb ki, Marina Svetayevanın qızları olduğunu heç bir yerdə bildirməsinlər. Onlar da susublar. Lakin ana internat evinə gedərək onları yoluxmayıb. Araşdırmaçılar hesab edir ki, Marina qəddarlıq edib. O, analıq borcunu yerinə yetirməyib, humanizm hissindən əsər-əlamət olmayıb, belə incə məsələdə uşaqlarını düşünməyib. Ancaq araşdırmaları diqqətlə yozanda tamam başqa səhnəni görürük. Ola bilər ki, Marina Svetayevanın qızlarının internat evində olması xəbəri şairənin rüsvayçılığı ilə nəticələnərmiş. Dərinliyə gedəndə anlamaq olur ki, məşhur şairə söz-söhbətdən çəkinib. Bəs şairə öz qızlarını niyə internat evinə verib? Hansı səbəbə görə böyük qızı Ariadnanı kiçik qızı İrinadan çox istəyib?
Ariadna tarixə Marina Svetayevanın qızı kimi daxil olub. Anasına bənzəyib. Ariadna Efron 1912-ci ildə doğulub. Uşaq yaşlarında valideynləri onu "Aley", yaxud "Alya" - deyə çağırıblar. O da valideynlərini ata və ana deyil, Seryoja və Marina çağırıb. Çalışıblar ki, elə uşaqlıqdan Ariadnanı tam şəxsiyyət kimi yetişdirsinlər. Hələ beşikdən qızı müstəqil həyata hazırlayıblar. Bəlkə də ananın ürəyinə damıb ki, qarşıda ağır illər olacağından qız tam müstəqil böyüməli, sərbəst qərar qəbul etməlidir. Onun şeirləri anasının dostları tərəfindən yaxşı qarşılanıb. Hətta mühacirət həyatı yaşayanda da Ariadna valideynlərinə çox kömək edib. Sonda isə onların ölümündə bir nömrəli günahkar sayılıb. Bu barədə sonda yazacağıq. Hələlik isə şairənin ikinci qızı İrinanın doğrudanmı aclıqdan ölüb-ölməməsi barədə bir neçə kəlmə.
Beləliklə, Marina Svetayeva qızlarını internat evinə verib. Amma bir dəfə də olsun onların taleləri ilə maraqlanmayıb. Daha doğrusu, hərdən qızlarının məktublarına cavab yazsa da, heç vaxt internat evinə ayaq basmayıb. Onu da bilməyib ki, internat evi natəmiz əllərdədir, rəhbərlik uşaqların payını yeyir. İstənilən halda həmin internat evində qalan uşaqlarla çöldə qalan uşaqlar arasında yerlə göy qədər fərq olub. Vətəndaş müharibəsi zamanı minlərlə uşağın cəsədini küçələrdə görmək mümkünmüş. O ki qaldı Svetayevanın Ariadna və İrinanı küçədən tapmasına dair uydurmasına, bunun ayrıca izahı var. Çünki o illərdə valideynlərdən biri sağ qala-qala uşaqları internat evinə götürməzlərmiş. Ancaq Marina Svetayevanın 1919-1920-ci illərdəki "Qeyd dəftərçəsi"ndən görünür ki, şairə uşaqlarını yoluxmağa gedibmiş: "İrina çarpayıların arasında fırlanırdı. Alyaya qənd verdim. Dəhşətli şəkildə öskürdü. Qəndlə bərabər ağzından qan da gəldi. Qızdırmadan yansa da, Alya qəndi yedi. "Eybi yox, qızım, bu öskürəkdəndir, adam öskürəndə belə hal baş verir". Kimsə kənardan dedi ki, "bəs balacanı niyə qonaq etmirsiz?" Özümü eşitməzliyə vurdum. "İlahi, axı niyə İrina yox, Alya xəstələndi". Uşaqlar İrinanı qıcıqlandırırdılar. O, isə başını gah döşəməyə, gah da divara vururdu. "Uşaqlar, onu qıcıqlandırmayın, rahat buraxın, mən artıq ona fikir verməməyə çalışıram". Marina Svetayevanın bu qeydləri ona qarşı münasibəti dəyişdi. Deməli, illər ərzində sevdikləri şairə əslində qəddar imiş. Belə qadının doğma uşaqlarına münasibəti hazırda Rusiyada geniş müzakirə olunur. Hətta ananın uşağının ayağını iplə çarpayıya bağlaması da onu sevənlərin qəlbinə kölgə salıb. Lakin şairə bunu qəddarlıqdan etməyib. Çünki İrina yerdə tapdığını yeyər və bu hal ananı hirsləndirərmiş. Belə güman edilir ki, İrina əslində psixi cəhətdən sağlam olmayıb. Bunlar hələlik ehtimal olaraq qalır. Ehtimallar sırasında o da söylənir ki, bütün bunlar Marina Svetayevanı təmizə çıxarmaq cəhdindən savayı bir şey deyil. Svetayevanın özünün psixi cəhətdən sağlam olmaması üzərində də düşünülür. Axı, necə ola bilər ki, uşaqlar acdır, ana isə övladlarının kədəri üzərində yaradıcılıq havası qurur. Onun böyük qızı Ariadnaya yazdığı məktuba diqqət yetirək: "Əzizim Alya! Batma və yanma! Vaxt gələcək ki, indi əhəmiyyətsiz məsələlər müdrik və lazımlı görünəcək. Heç nə təsadüfi deyil". Bu məktubdan aydın olur ki, ananın öz uşaqlarına diqqət göstərməməsinin arxasında nəsə dayanıbmış. Amma nə? Bunu Marina Svetayevadan başqa heç kim bilməyib. Qızının ona məktubu da ağrıdıcıdır: "Anacan! Əgər sən məni yoluxmağa gəlməsən, özümü asacağam. Siz məni sevirsiz? İlahi, mən necə də bədbəxtəm. Xahiş edirəm ki, məni sevəsiniz. Yoxsa əzablar içində öləcəyəm". Bir müddətdən sonra xəbər gəlir ki, Marina Svetayevanın kiçik qızı İrina aclıqdan ölüb. Bir ehtimala görə anasının ona soyuq münasibəti nəticəsində uşağın ürəyi partlayıb. Digər ehtimal ondan ibarətdir ki, internat evinin rəhbərliyi uşaqlara yaxşı baxmayıb, nəticədə İrina həqiqətən də acından tələf olub. Əri Sergey şairəyə təklif edir ki, Ariadnanı internat evindən götürüb xaricə qaçsınlar. Çünki onlar yeni sovet hökumətini tanımaq istəmirdilər. Sergey qırmızılara qarşı vuruşur, Marina isə şeirlərində ağları tərənnüm edirdi. Vətəndaş müharibəsindən sonra Sergey Konstantinopola qaçır. Oradan da Berlinə keçir. Uzun müddət Marina ərindən xəbər tuta bilmir. Öyrənəndə ki, əri sağdır, qızını götürüb Almaniyaya gedir. Onlar bir-birini tapandan neçə ay keçir. Qərara gəlirlər ki, Praqanın sərhədini adlasınlar. Həmin vaxtlar Çexiya hökuməti rus mühacirlərə qismən də olsa pul ödəyirmiş. Sevtayeva qızını gimnaziya-internata verir. Bir ildən sonra Alyanı oradan çıxarır, çünki yaxşı dərs keçmirdilər. Kiçik qızından fərqli olaraq şairə böyük qızını çox sevdiyindən ona yaxşı təhsil verdirib. 1925-ci ildə ailədə oğlan uşağı dünyaya gəlib. Çexiyada mühacirlərə verilən pulla yaşamaq get-gedə çətinləşirmiş. Marina Svetayeva bolşevik Rusiyasından daha çox burada - Çexiyada özünü tam aclıq vəziyyətində hiss edib. O, Praqada ictimai fəallıq nümayiş etdirməyib, heç bir partiyanın üzvü seçilməyib. Yalnız özü və şeirləri.
Ariadna işə düzəlib. Oyuncaqlara qulaq və quyruq tikərmiş. Hərdən sifariş əsasında yun şərf və jaketlər də toxuyarmış. Qazandığı qəpik-quruşu anasına verər, bundan təsəlli taparmış. Özü isə nimdaş paltoda və köhnə tuflidə gəzərmiş. Ariadna çox gözəl olub, həm də anası kimi yaradıcılıq eşqi ilə yanıb. Ötən əsrin 30-cu illərin ortalarında "France-URSS" jurnalında oçerk və reportajlar dərc etdirib. Yeri gəlmişkən, bütün bunlar Fransada baş verib. Ailə Çexiyadan Fransaya köçmüşdü. Çünki Çexiyada rus mühacirlərə yaxşı baxılmırdı. Həm də fransız dilini yaxşı bildiyindən Ariadna ailəni vəziyyətdən çıxaracağına əmin idi.
Elə həmin günlərdə ailədə soyuqlaşma yaranır. Ariadna ilə anası arasında ixtilafların səbəbi kimi şairənin müxtəlif kişilərlə sevgi romanları yaşaması göstərilir. Əslində, münaqişə təkcə buna görə baş verməyib. Məsələ burasındadır ki, Ariadna və Sergey Rusiyaya qayıtmaq istəyiblər. Marina Svetayeva razılıq verməyib. Çünki əri Sergeyin adı qara siyahıya salındığından Vətəndə sakit həyat gözlənilməyib. Sergey sübut etməyə çalışıb ki, onun Kommunist Partiyasına rəğbəti keçmiş hadisələrin üstündən xətt çəkəcək. Həm də ona elə gəlib ki, Kolçak hərəkatında minlərlə əsgər iştirak etdiyindən onların heç də hamısı güllələnməyəcək. Kənardan Sovet İttifaqı cənnət kimi görünərmiş. Marina Svetayevanın etirazlarına fikir verən tapılmayıb, özü deyib özü eşidib. Şairə hiss etmişdi ki, sevdiyi qızı bu ideyanı ortaya atmaqla, əslində, onları ölümə aparır. Marina heç nəyi dəyişə bilməyib.
1937-ci ilin martında Ariadna Moskvaya qayıdıb. Sergey Efron isə elə həmin ilin payızında vətənə dönüb. Svetayeva isə yalnız 2 ildən sonra oğlu Georgi ilə sərhədi adlayıb. Nə Ariadna, nə də Efron düşünməyiblər ki, uçuruma yaxınlaşırlar. Fransız dilində sərbəst yazıb-oxuyan Ariadna "Revue de Moscou" jurnalında işə düzəlib. Svetayeva isə işsiz oturmuş, pulu qurtarmışdı. Hərdən tərcümələr etməsinə baxmayaraq, bütün bunlar yetərli deyildi. Həm də onun fikirləri sovet ədəbiyyatı ilə uyğun gəlməyib. Sakitliyin uzun sürməyəcəyini Marina hiss edib. Düşündüyü çin çıxıb.
1939-cu ildə Ariadna casusluqda ittiham edilib. Sergey Efron isə həmin ilin oktyabrında tutulub. Ariadnanı məcbur ediblər ki, özünün və atasının casusluğunu yazsın. O da fiziki əzablara dözə bilməyərək casusluq ittihamını üzərinə götürüb. Ariadnaya 8 il iş kəsilib. Sergey isə özünü günahkar bilməyib. Buna baxmayaraq o, 1941-ci ildə güllələnib.
Marina Svetayeva gözünü oğluna dikib. Oğlunun nəfəsini içinə çəkər, qazandığı pulla ailəni dolandırarmış. Lakin bu son işıq da sönüb. 1944-ci ildə Georgi Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olub. Marina Svetayeva tək qalıb. Acından ölməmək üçün Ədəbiyyat Fondunun bufetində qabları yuyarmış. Həmin günlərdə tez-tez xəstələnən şairə yuxusunda acından ölən qızı İrinanı görər, ağlaya-ağlaya bağışlanmasını xahiş edərmiş. Həyatının belə əzablar içində keçməsinə dözməyən Marina Sevtayeva özünü asaraq öldürüb. Bununla da əzablara son qoyulub.
Ailədən yeganə sağ qalan Ariadna olub. Lubyanka, Potmdakı həbsxana və Turuxan vilayətində "daimi yaşayış" yeri. Atasını öldürdü, anasını intihar həddinə çatdırdı, hamısını uçuruma atdı. Əgər o Fransada Vətənə qayıtmaq barədə ideyanı ortaya atmasaydı, heç kim ölməyəcəkdi. 1947-ci ildə onu azadlığa buraxanda elə düşünüb ki, öz şerində yazdığı kimi, qanad açıb uzaqlara pərvazlanacaq. Heyhat. Yalnız 2 il azadlıqda qalıb. 1949-cu ildə yenə ardınca gəlib qolunu qandallayıblar. Qısamüddətli məhkəmədən sonra yenidən Turuxan vilayətinə göndəriblər. Hərdən Boris Pasternak ona maddi cəhətdən kömək edərmiş. 1955-ci ildə Ariadna Moskvaya qayıdıb. Nə bir yaşayış yeri olub, nə də qazanc üçün iş. Bibisi Yelizaveta Efron kommunal evdə yaşamağa icazə verir. Bibisi ona çox mehribanlıqla yanaşıb. Ariadna özünə gəlir, ağrıları azalır və anasının yaradıcılığına dair əlyazmaları qaydaya salır. Axı anası daha çox onu yaşatmış, qəndi kiçik bacısı İrinaya deyil, ona vermişdi. Ona öz ruhundan verib təhsil almasına yardım göstərmişdi. Marina Svetayevanın bu günə gəlib çatan əsərlərinin tanıdılmasında, arxivlərdən üzə çıxarılmasında Ariadnanın böyük rolu olub.
Kiçik qız İrina isə bunu bacarmadı. Müəmmalı taleli İrina. Onun anasının məsuliyyətsizliyi ucbatından ölməsi barədəki fikirlər hələ də səngimir. Yazıq İrina.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!