Unudulmuş quru gül... - Nərmin Fərzəli

 

Sonra keçir.

Zaman da, yaralar da...

Xatirələrin və yaşanmışların köhnə kitab arasında qurumuş və unudulmuş bir gül kimi anidən düşür yadına. Bir gün, tozlu bir rəfin içində bir kitab çəkəcək diqqətini, sonra səhifələri bölən bir kölgəyə ilişəcək gözlərin. Oradan, tam oradan, o kölgədən açacaqsan kitabı, sətirlərin arasında qırmızılığını itirmiş, unudulmanın qəzəbi ilə solmuş və qurumuş bir gül görəcəksən. Köhnə xatirələrin arasına itələnmiş kimi dolacaq gözlərin. Bir vaxtlar gizlətmək üçün, itirməmək üçün, yadigar saxlamaq üçün kitabın arasına zərifcə qoyulmuş o gülün təravətini, qırmızılığını zamana məğlub olaraq təslim etdiyini görəcəksən.

Sonrası naməlum.. Bəlkə, gülü dərdiyin yer düşəcək yadına, bəlkə, gülü dərdiyin gün, bəlkə, gülü dərən, bəlkə, gülü verən.. Amma mütləq yaddaşını qurcalayaqsan. Bəzi xatirələr də belədir. Bəzən, heç gözləmədiyimiz anda düşür yadımıza. Bəzən bir əşyadan, bəzən saat əqrəblərinin hansısa dayanacağından, bəzən bir film səhnəsindən, bəzən də bir kitab sətrindən. Amma mütləq ki, hər xatirə bir dəfə yada düşüb xatırladır özünü... Və bəlkə də, bizim bir çox xatirəmiz, eynilə o qırmızı gül kimidir. Kitabı ortadan bölüb fərqləndiyi kimi fərqlənən, sətirlərə əmanət edəcək qədər qorunub saxlanan kimi sevilən, amma o sətirlərin arasında unudulacaq qədər acı. Bəlkə də, orada unudulduğu üçün qəzəbindən özünə yüklənmiş xatirəni yada salan o gül, əslində, sadəcə, bir gül kimi görünsə də, çox şey ola bilər. Məsələn, ilk görüş gülü, ilk hədiyyə gülü, ilk mükafat gülü, bəlkə də, son görüş gülü, son hədiyyə, son mükafat.. Amma mənası nə olur-olsun, bir gün bir gül tərəfindən olmasa belə, bir şey, biri tərəfindən yadınıza düşəcək xatirələriniz. Çünki bu həyatda hər məqam iki dəfə yaşanır: Öncə həyatda, sonra xatirələrdə. Bu qanunun isə, təəssüf ki, heç bir orta yolu yoxdur: ya ağladır, ya güldürür. Bəzi xatirələr yada düşəndə xatirə olaraq qaldığı üçün üzüləcəyiniz qədər gözəl olarkən, bəzi xatirələr də xatirə olaraq  qaldığı üçün acı olur. Ən inadkar və izi keçməyən yaralardan biri olan xatirəni isə təəssüf ki, qabıq bağlamış da olsa bir gün xatırlayırsan...

Amma təlaşa ehtiyac yoxdur, çünki bir zamanlar uğrunda göz yaşı tökdüyün yarana gün gəlir buruq bir gülümsəmə ilə baxıb, keçib gedirsən.

Və sonra bir daha əsla yadına düşmür.

Kitab arasındakı o gül də, yaraların da...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!