Ömür quş kölgəsitək keçib-getdi üstümdən... - Musa Urudun "Hər nə varsa" şeirlər kitabı haqda bir neçə söz - Şəlalə Göytürk yazır

 

Metamorfoz poeziya

Poeziyanı hisslərin musiqisi, düşüncənin qanadı, qəlbin pıçıltısı adlandıranlar haqlıdır. Sirr deyil ki, şeir magiyası, könül dünyasının heç bir qüvvənin aça bilmədiyi ən gizli qapılarını açmağa qadirdir. İnsan özünü və sözünü dərk edən vaxtdan mənəvi aləmini həm də şeirlə zənginləşdirib. Buna görə ən qədim şeirin, obrazlı poetik düşüncənin yaşı insanlığın yaşı ilə eyni ölçülür.

Düzdür, bəzi futurist nəzəriyyələrə görə, elmi-texnoloji inkişaf çağdaş dünyamızda ədəbiyyatın qüdrətini sarsıtmağa doğru gedir, bəzilərinə görə isə bu proses artıq başlayıb. Futuristlərin nisbətən tünd, aqressiv qanadı poeziyanı daha çox hədəfə götürür.

Lakin gəlin, düşünək! Ədəbiyyatsız bir cəmiyyət təsəvvür edə bilirsinizmi? Texnologiyanın sürətli inkişafı ağıllı maşınların həyatımızdakı rolunu çox qabardır və sivilizasiyamız getdikcə mənəviyyat, mədəniyyət məsələlərini arxivə gömür. Bu fonda yaranan mənzərəni təsəvvür etmək belə, qorxuncdur. Fikrimizcə, ədəbiyyatsız insan toplumu deyil, robot cəmiyyəti oluşa bilər.

Bu günlərdə şair, millət vəkili Musa Urudun "Hər nə varsa" adlı şeirlər kitabını oxumağım bu yöndəki düşüncələrimi daha da yəqinləşdirdi. Musa müəllim bir şeirində etiraf edir ki, nə ilə məşğul olur-olsun, hansı vəzifəni tutur-tutsun, onun əsl obrazı içindəki şairdir. Şairlik ondan ötrü daha doğma, daha "öz" aləmdir.

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirləri yer alıb.  Nəfis dizaynla tərtib olunan kitabda diqqəti cəlb edən maraqlı bir məqam, səhifələrin başlığında kardioloji dalğa rəsmlərinin verilməsidir. Bu rəsmləri şairin ürək döyüntülərinin simvolu kimi xarakterizə etmək olar. İkinci mənasını isə müəllifin ixtisasca həkim olması ilə əlaqələndirmək olar. Musa Urud fitrən şair olduğu üçün yiyələndiyi ixtisas, tutduğu rəsmi və ictimai vəzifələr onun sözə aşiqliyini heç zaman üstələyə bilməyib.

Var-dövlət ötəri şeydi,

Şan-şöhrət sənə ögeydi.

Söz haqdır, sözə baş əy ki,

Sözün dünyada qalacaq.

Musa Urud yaradıcılığının önəmli cəhəti onun poeziyasında bədii kəşflərin rəngarəngliyi və müşahidə elementlərinin bolluğudur.

"Əllərim sinəmdə qıfıl", "kədərimə söykənən dağ", "günahımı yuyan bulaq",

"dayanma, sinəmdə qıvrılan ağrı,

ilantək sıyrılıb düşər dalınca",

"ömür bir qarışqa yolu",

"düşdü sonuncu yarpaq

torpağın yanağına

görən, 

ürəyi boşaldımı ağacların?",

"balıqların gözləri qum,

ovmağa barmağı yoxdu", "heç olmasa dənizlərin sahil adlı ümidi var" kimi obrazlı ifadələr şairin poeziyasına xas (eyni zamanda, bədii situasiyalar üçün çox vacib olan) əsas özəlliklərdəndir. Musa müəllimin poetik qavramı ədəbi estetikanın simvolist və realist qanadları arasında - maqnitvarı iki əksqütblü sərhəddə var-gəl edir. O, poetik duyğularını həm klassik, simvolist, həm də realist, modern axınlarda eyni uğurla sənət əsərinə çevirməyi bacarır:

Mənim sevgim köz kimidi,

Saxlaya bilməyəcəksən ovuclarında,

Gizləyə bilməyəcəksən

əlindəki yanıq yerini!

Böyük bir romana sığmayan keşməkeşli ömür hekayətini üç-dörd kəlmə ilə belə sərrast, lakonik çatdıra bilmək bir şair kimi Musa Urudun nailiyyəti və üstünlüyüdür.

Şairin yüksək bədii estetika ilə yazılmış bu tip şeirləri klassik yapon poeziyasının inciləri sayılan hayku və tanka janrına çox yaxındır. Yapon şeirinə xas olan zərgər dəqiqliyi, ruha işləyən epitet və metaforalara Musa Urud poeziyasında bol-bol rast gəlinir. Biz şairin bu qəbildən olan kiçikhəcmli şeirlərini  "metamorfoz", yəni reallığın duyğuya çevrilmə hadisəsi adlandırırıq.

Hər axşam-hər səhər

Qəlbimdə bir kədər

Gözləyəcəm  səni.

Sahildəki bomboş oturacaq kimi... 

Musa Urudun sənətkarlığı həm də ondadır ki, o, real və orijinal cizgilərlə anın portretini çəkməyi bacarır. Bu şeirlər təkcə məna yükü və hissi təsiretmə qabiliyyətinə görə deyil, vizual baxımdan da gözəl estetik biçimə malikdir:

Ömür quş kölgəsitək

Keçib-getdi üstümdən

Səssiz-səmirsiz.

Saralmış otlar qədər

İzim qalmadı yurdda!

Onun işlətdiyi ədəbi estetika axını kədərləndirməyi də digərlərindən daha effektiv bacarır:

Otları nə tez uzandı

Əsir torpaqların...

Uşaqları nə tez qocaldı

Qaçqın ataların?

Sərgərdan ruhumuztək

Yurdumuz darmadağın.

Ahımız -

Zülmət gecədə

Bayquş qışqırığı -

Tənha, qorxunc, dərdli, ağır...

Faciənin kino kadrları kimi canlı təsviri və idrakımızda oyatdığı təəssürat o qədər real və ağrılıdır ki, çətin, bundan daha kəskin bədii üsul, ifadə tərzi tapasan! 

Kitabda yer alan bu lakonik şeirlər silsiləsi ümumən, bədii-estetik keyfiyyətlərindən əlavə, qeyri-adi bənzətmələri, fəlsəfi naxışları ilə də digərlərindən seçilir:

Yerə basdırılmış mina kimiyəm,

Heç kəsi qoymaram, keçib-getsin üstümdən.

***

Ömürsə sürüşüb gedir

Çay daşlarının arasından

üzüb gedən balıqlar kimi...

***

Yoluna sədd qoyub,

Boynuna minnət qoyub

Ərlik qız kimi

Qoruyurlar Göygölü...

Kabab iştahalı kişilər üçün.

Didərginliyin, köçkünlüyün, yurdsuzluğun ağrı-acısını Musa Urud qədər ruhi zəlzələ ilə hiss etmək üçün şairin və onun doğma kəndi Urudun taleyini yaşamaq gərək. Təkcə yaşamaq yox, həm də bu nisgili ruhuna, şüuruna, qəlbinə hopdurmaq, fiziki varlığınla bərabər, canında yaşatmaq tələb olunur. Musa müəllimin bütün yaradıcılığında biz o acıların izlərini, o yükün altında əzilən çiyinlərinin ağrısını duyuruq. Fiziki ağrılara nə var, mənəvi dözümün tükənməyi dəhşətlidir!

Erməni millətçiləri tərəfindən xalqımızın başına gətirilən faciələrin sayı və miqyası o qədər çoxdur ki, onların hər biri ayrı-ayrılıqda qalın-qalın kitabların, çoxseriyalı filmlərin, sanballı televerilişlərin mövzusu olaraq işlənsə də yenə azdır.

Musa Urud həmin faciələri bilavasitə görmüş, eşitmiş və hər bir detalını ürək ağrısı ilə yaşamış adamdır. O, 1988-ci ilin dekabrın 2-də erməni zülmündən baş götürüb qaçan 107 nəfər azərbaycanlının lüt-üryan, əzilmiş, döyülmüş, donmuş vəziyyətdə qarlı-şaxtalı havada Zəngəzur dağlarını aşaraq, Naxçıvana pənah gətirməsi hadisəsini "Bu dəstə hara gedir" poemasında olduqca təsir bədii dillə, həyəcanla təsvir edə bilib.

Təkləndim, yal-quzey mənzilim oldu,

Arxalı bir itdən basılı oldum.

Məni bağışlamaz o xaraba yurd,

Şairi olmadım, əsiri oldum.

Daha bu taleyə inanmıram mən!

- deyən Musa Urudun, ümumiyyətlə, vətən mövzusunda yazdığı bütün şeirlərinə yurd, torpaq, doğma ocaq qarşısında, sanki bir günahkarlıq, övladlıq borcunu qaytara bilməmək duyğusu səpilib:

Kəhər dırnağında,

Quş caynağında

Eşilən yollarım,

Əlvida!

Sizi qoyub gəldim

bomboz pişik gözləri kimi

soyuq və bulanıq

havaların umuduna.

Toyumda oynamayan tut ağacları!

Vaxt gələndə, mənim ölmüş ürəyimi

Qoyarsınızmı tabutuma?!

Ağladığım uzaqlarım,

Ağlayarsınızmı məni?!

Musa Uruda görə vətən torpağı Tanrıya ən yaxın olan yer,  ən müqəddəs ziyarətgahdır. Dostu professor Həsən Mirzəyə yazdığı şeirində deyir:

Ruhun dağı aşdı, aranı gəzdi,

Arpanı dolaşdı, Saranı gəzdi.

Həsənin qibləsi Dərələyəzdi,

Neynirsən bir özgə Kəbəni, Mirzə!

Musa Urudun obrazlı "mən"i həyatın gərdişini, taleyin  hökmünü gənc yaşlarından anlayan və insan iradəsindən asılı olmayan bu sonsuz kosmik axına qarşı üzməyin mənasızlığını dərk edən bir müdrikdir. Şairin həyat, təbiət,  varlıq və yoxluq barəsindəki fikirləri, sanki dünyaya bir neçə dəfə gəlmiş, onun hər üzünə, ölçü-biçisinə bələd olmuş bir məbəd müdrikinin duyğu və düşüncələri kimi sakit, hədəfyönlü, dəqiqdir:

Musa Urud, qəm eləmə,

Səbr elə, başın sağ olsun.

Bir dost da daş atdı sənə

Dost atan daşın sağ olsun.

Bu misralar oxucuya İsa Məsihin "bağışlaya biləcəyin qədər bağışla!" təlimindən doğan ali mərhəmət, gözəl əxlaq aşılayır.

Musa müəllimin bir çox şeirlərində türkün islamaqədərki mədəniyyətinin elementləri, Zen-Buddizm təliminin öyrətdiyi yollarla daxili təlatümləri sakitləşdirmək, mənəvi dinclik tapmaq, özünün və ətraf aləmin dərki, iç burulğanların durulması kimi təsvirlərlə qarşılaşırıq:

Bir yaxşı yoldaşın yoxsa,

Heç evindən çölə çıxma.

Öz içində var-gəl elə,

İçində mürgülə, çıxma.

Yaxud:

Yandır məni gilə-gilə,

Basdır məni gülə-gülə.

Keç üstümdən belə-belə,

Yolun yumşaq, hamar olsun!

Sözsüz ki, bu misraları, mənəvi təkamülün ən ali səviyyəsinə qalxmağı bacaran və özünüdərkin üst  mərtəbəsinə çatmış şəxs yaza bilərdi.

Musa Urud qədər insanı və təbiəti bir bütöv, tam halında duyan həssasqəlbli, duyumlu insanların, xüsusən, söz sənətkarlarının sayı azdır. Təkcə, bu kiçik parçadakı insan və təbiətin vəhdətindən doğan təbii enerji, sonsuz yüngüllük havası hər şeyi izah edir:

Mən bir tənha ağacam,

üstüm nədi, yanımda da

yoxdu bir ağac kölgəsi,

bir yarpaq xışıltısı.

Nə daşlayanım yox,

nə barımı yolan.

Mən bir tənha ağacam.

meyvəsini quzğunlar aparan.

Şairin məhəbbət və təbiət lirikası mövzusunda qələmə aldığı şeirləri də ictimai əhəmiyyəti və yüksək sənətkarlığı baxımdan fərqlənir. Sərrast deyilmiş qanadlı fikirlər, ustalıqla işlənən bədii boyalar, oxucunu poetik dərinliklərə aparır:

Qayıdarsan, ocağımın, ocaq daşımın

Hənirinə sığınarsan çöl quşu kimi,

Bəlkə, yuva qurarsan da çör-çöp daşıyıb

Sinəm üstdə, qarağacın koğuşu kimi.

 

Ağacdələn kirpiklərin "taq-taq" döyəcək,

Odu sönmüş ocaq altda isti qəbrimi.

Daha dara çəkməyəcək başsız inadın

Min illərin sınağından çıxmış səbrimi.

 

Deyəcəksən: - "qayıtmışam, salam, əzizim"

Aç gözünü, bəsdi yatdın, bir ölü mənəm".

Deyəcəksən: - "bax gör necə şaxım əzilib,

Üşüyürəm, qucağında yer elə mənə".

Musa Urudun köçü

Köçmək! Doğma yurddan, sularında çimdiyin çaydan, kölgəsində dincəldiyin ağaclardan, sıldırımları boyunca yürüdüyün qayalardan, süfrəsi, duzu, çörəyi bir, toyu, yası ortaq olan doğma elatdan, isti yuvadan, sevgili yurddan köçmək! Tarixdən bilirik, türkün başından köç dramı heç vaxt əskik olmayıb. 

Yurddan zorla köçürülmək Musa Urudun da tale yazısıdır. Onun poeziyası bu köçkünlüyün ağır travmaları, zədələri  ilə doludur.

Qədim türk soyundan olan adlı-sanlı Avşar tayfaları vaxtilə, Osmanlı dövlətində yaşayan köçəri tayfaların oturaq həyata keçməsi barədə sultanın verdiyi rəsmi qərarı qəbul etməmiş və mübarizəyə qalxmışlar. Həmin  tayfaya mənsub böyük türk ozanı Dadaloğlu, yaratdığı bütün poeziya nümunələrində yurd həsrətini, vətəndə yaşaya-yaşaya, vətən ağrısı çəkməyini dilə gətirirdi. Ozan "Qalxdı, köç eylədi Avşar elləri" misrası ilə başlayan məşhur qoşmasını da həmin gərgin olayların təsiri ilə yazmışdı.

Dadaloğlunun da, Qaracaoğlanın da, Pirsultan Abdalın da, Aşıq Ələsgərin də, Məmməd Arazın da, Söhrab Tahirin də, Musa Urudun da yaradıcılığının batinində  bir qurd kimi yuvanı qoruyan, bir ağac kimi ana torpaqda bitən, bir ocaq kimi yurdda alışan psixoloji-dramatik bir qəhrəman obrazı, bir Qazan xan xarakteri var. Bu obraz, bütün el-obanın simvolik qəhrəmanı və həmin şairlərin lirik "mən"idir. Məhz, o "mən" köç etsə də, yaralansa da, uduzsa da  məğlub olmayan və bir gün mütləq geri dönəcək  tayfanın, millətin ümumiləşmiş rəmzidir. Musa Urud bilərəkdən və ya bilməyərəkdən, həmin qəhrəmanı ədəbiyyata gətirərək, əbədiyyətə çevirib.

Musa Urudun köçkünlüyü yuxarıda adları çəkilən xələflərinin hamısından ağır, əzablıdı. Musa Urudun köçü növbəti dönüşünün vaxtı bilinməyən, torpaq itirsə də, ruhən yenilməyən, nəhayət, qisası qiyamətə qalmayan köçdür. Kim bilməsə də, haqq bilir:

Yurd itirdim, el itirdim bu yaşda,

Körpü saldım, yol itirdim bu yaşda.

Çəmən tapdım, gül itirdim bu yaşda,

Mən bilirəm, kim bilməsə, haqq bilir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!