Xatirələrin xoşbəxt guşəsi... - Oğuz AYVAZ yazır

 

Dünyadan köçmüş adamlar, talelər, fotolar, tanımadığım insan siluetləri, məhəlləmizdəki qara itimiz və bağırsaq kimi uzanan xatirələr... Bütün bunlar içimdə mövcudluqlarını qoruyurlar.

İnsan özünü tənha hiss edəndə xatirələrinə sığınır. Orda xatırlamaq istədiklərini yadına salır, görmək istədiklərinin xəyalını qurur. Bəs, görəsən, bizim içimiz boş, susuz səhra kimi olsaydı, xoşbəxt ola bilərdikmi? Yaddaşımız, içimiz kimsəsiz, həyatsız, işıqsız... Yox, yenə də xoşbəxt ola bilməzdik. Axı, biz darıxan, sevgiyə ac məxluqlarıq. Bəs o zaman, içimizdə yaşayanlara görə necə xoşbəxt ola bilirik? Yox, yenə də xoşbəxt ola bilmirik. Ona görə ki, xatirələrimiz əzab verir bizə, incidir bizi. Fikir verirəm, iki gənc bir-birilə söhbət edir, mövzuları uşaqlıq illəri. Yaxud iki qoca gənclik vaxtlarından bəh-bəhlə danışır, gülür, qüssələnir. Xatirələr qocalan beyinlərin söykəndikləri çəhrayı əsaya bənzəyir... Niyə axı biz daim keçmişdən danışırıq? Suallar həyat qədər sirlidir.

Mənim yaddaşım uşaqlığıma köklənib. Vaxtaşırı xatirələrimin küçələrində yağışlı gündə əlində top arıq bir oğlan qaçır. Nəfəsini dərmədən şütüyür. Onu heç cürə saxlaya bilmirəm. Çingiz Aytmatov demişdi bu sözləri: "Uşaqlıq insanın vətənidir". Böyüdükcə o vətəndən uzaq düşsək belə, hər zaman içimizdə o vətənə bir həsrət yeri qalır. Hərdən də atamın işıqlı çöhrəsi göy üzündə peyda olur. Və mən eynən teatr tamaşalarındakı kimi onu seyr edirəm, saatlarca, günlərcə...

Xatirələr həyat kimi amansızdı, yaxamızdan yapışır, bizi beynimizin ən çıxılmaz küçələrinə atır. Hərdən deyirəm, kaş, beynimin qapağını açar, yaşadığım xatirələri torpağa basdırar, yenidən doğulmuş kimi, tərtəmiz yaddaşla yaşamağa qədəm qoyardım.

İnsanları bir-birinə xoş xatirələr bağlamır, bunu uşaqlığımdan öyrənmişəm. Onları acı xatirələr qədər heç nə bir-birinə bağlaya bilmir.

Ancaq yazıçılar üçün xatirələr çox önəmlidir. Yazıçının inkişafına, məhsuldar olmasına hər zaman kömək edə bilir. Ona görə də xatirələr yazıçılar üçün lazımlı materiallardı.

...Bir dostum vardı, qolumda ondan bir xatirə qalıb, şüşə kəsmişdi. Zarafatlaşırdıq, birdən bu bədbəxt hadisə baş verdi. İstəmədən qolumu qırmızı rəngə boyamışdı. Hər dəfə qolumda o yara izlərini görəndə dostum yadıma düşür. Onu isə vərəm dünyadan apardı. Tanrı sevdiyi adamları yanına aparan kimi...

Bir gün yayın istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolun ortasına kartof-soğan səpələnmişdi. Anamın köməyilə axsaya-axsaya yolu keçdik, birtəhər evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Binaya çatanda qardaşım "Oğuzu maşın vurdu" deyəndə ildırım vurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəldi. Saçıma tumar çəkdiyi yadımdadır. Sonra qanrılıb qardaşıma əsəbi-əsəbi "get, papiros al" dediyi an. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heç vaxt açıq-aşkar göstərmədiyindən mənə olan diqqətinə şaşırmışdım. Əli Kərimin şeirində dediyi kimi, "sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyən qar kimi".

İndi Ennio Morrikonenin həzin bəstələri qulağıma pıçıldayır: xatirələr ömür boyu içimizdə yaşayacaq və günəş kimi parlayacaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!