Daniyil İvanoviç Xarms (əsl familiyası Yuvaçov; 17 (30) dekabr 1905 - 2 fevral 1942) otuzuncu illər Leninqrad (indiki Sankt-Peterburq) avanqardının nümayəndəsidir. İyirminci illərdən əsərlərini Xarms təxəllüsü ilə imzalayıb. Xarms sözünün hardan qaynaqlandığı məlum deyil (əlyazmalarında Xarms, Xaarms, Xxarms, Dandan, Çarms, Karl İvanoviç Şusterlinq və b. kimi qırxa qədər imzadan istifadə edib). Uşaqlardan zəhləsi getsə də, əsərlərini çap etdirə bilmədiyi üçün məcburən uşaq əsərləri yazmağa başlayıb. Müxtəlif uşaq jurnalları ilə əməkdaşlıq edib. Yeganə gəlir yeri bu olub, amma heç vaxt bu işə barmaqarası baxmayıb, başqa həmkarları kimi başdansovdu yazılar yazmayıb. İyirminci illərin axırlarından otuzuncu illərin axırlarına qədər doqquz uşaq kitabı çap olunub. 1931-ci ildə antisovet təbliğatı aparmaq iddiasıyla birinci dəfə həbs olunub, üçillik sürgünə məhkum olunub, sonra qərar dəyişdirilib, qısa müddətə Krıma sürgün edilib. 1932-ci ilin oktyabrında Leninqrada qayıdıb. 1941-ci ilin avqustunda "ətrafında ruh düşkünlüyü yaratmaq" iddiasıyla ikinci dəfə həbs olunub (dostlarının qeydlərindən Xarmsın müharibəyə mənfi yanaşdığı və heç bir halda əsgər forması geyinməyəcəyini dediyi məlumdur). Güllələnmədən qaçmaq üçün özünü dəliliyə vurub, psixiatrik xəstəxanaya yatırdılıb. 1942-ci ilin fevralında, Leninqradın blokadası vaxtı, xəstəxanada ölüb. 1960-cı ildə Xarmsın bacısının ərizəsi əsasında prokurorluq Xarmsa bəraət verib. Basdırıldığı yer dəqiq bilinmir, çox güman blokada vaxtı ölənlərin basdırıldığı Piskaryov qəbiristanlığındadır.
Sağlığında böyüklər üçün yazdığı cəmisi iki şeiri çap olunan Xarms yaradıcılığı boyu çoxsaylı şeirlər, hekayələr, lətifələr, səhnəciklər yazıb. Ən əsas əsərləri "Hadisələr" hekayələr silsiləsi, "Yelizaveta Blum" pyesi və 1939-cu ilin birinci yarısında yazdığı "Qarı" povestidir. Povest yetmişinci illərdə samizdatda yayılmağa başlayıb, xaricdə çap edilib. Yenidənqurma vaxtı Rusiyada da çap olunub.
Professor arvadının taleyi
Bir dəfə bir professor nəsə yedi və ürəyi bulandı.
Arvadı gəlib soruşdu:
- Sənə nə olub?
Professor dedi:
- Heç nə.
Arvadı qayıdıb getdi.
Professor taxta uzandı, dincəldi və durub işə getdi.
İşdə sürprizlə qarşılaşdı, gördü ki, maaşını azaldıblar, 650 rubldan 500 rubla salıblar.
Ora getdi, bura getdi, heç nə kömək etmədi. Professor direktorun otağına getdi, direktor onu qovladı. Sonra mühasibin yanına getdi, mühasib dedi:
- Direktora müraciət edin.
Professor qatara oturub Moskvaya yollandı.
Yolda zökəmə tutuldu. Moskvaya çatdı, amma platformaya düşə bilmədi.
Professoru xərəyə qoyub xəstəxanaya apardılar.
Professor dörd gün xəstəxanada yatdı və öldü.
Professorun meyitini krematoriyada yandırdılar, külünü bankaya tökdülər və arvadına göndərdilər.
Professorun arvadı oturub kofe içirdi. Qapının zəngi çalındı. Nə baş verir?
- Sizə bağlama gəlib.
Arvad sevindi, ürəkdən güldü, poçtalyona əlli qəpik şirinlik verdi və bağlamanı açdı.
Bağlamadan içində kül olan banka və yazı çıxdı: "Bu da sizin ərinizdən qalan".
Professorun arvadı bərk kədərləndi, üç saat ağladı və bankadakı külü basdırmağa yollandı. Bankanı qəzetə büküb yaxınlıqdakı bağa gəldi.
Professorun arvadı xəlvət xiyabanlardan birinə çatdı, bankanı torpağa basdırmaq istəyəndə qoruqçu gəldi.
- Ey, - qoruqçu qışqırdı, - burda nə edirsən?
Professorun arvadı qorxub dedi:
- Bankayla qurbağa tutmaq istəyirdim.
- Hə, - qoruqçu dedi, - ona eybi yox. Amma bax ha, otları tapdalamaq olmaz.
Qoruqçu gedən kimi professorun arvadı bankanı torpağa basdırdı, torpağı tapdalayıb hamarladı və bağda gəzişməyə başladı.
Bağda bir matros ona yaxınlaşdı.
- Gəl gedək, - dedi, - gedək yataq.
O dedi:
- Gündüz nə üçün yataq ki?
Matros isə dediyini təkrarladı: yataq, yataq. Doğrudan da, professor arvadının yuxusu gəldi.
O, küçəylə gedir, həm də yatmaq istəyir. Ətrafda yaşıl, göy adamlar qaçışır, o isə yatmaq istəyir. O gedir və yatır. Və yuxu görür. Görür ki, Lev Tolstoy ona tərəf gəlir, onun əlində güvəc var. Arvad ondan soruşur: "Əlinizdəki nədir?" Tolstoy güvəcin içini göstərib deyir:
- Bax, - deyir, - mən bura batırmışam və indi də camaata göstərməyə aparıram. Qoy, - deyir, - hamı baxsın.
Professorun arvadı da baxmağa başlayır və görür ki, qabağındakı Tolstoy deyil, o, tövlədədir və tövlədə toyuq var.
Professorun arvadı toyuğu tutmağa çalışır, toyuq divanın altına girir və dovşana dönür.
Professorun arvadı dovşanın dalınca divanın altına girir və yuxudan oyanır.
Oyandı. Baxanda gördü ki, doğrudan da, divanın altında uzanıb.
Divanın altından çıxanda gördü ki, öz otağındadır. Stolun üstündəki kofe soyuyub və kağızda yazılıb: "Bu da sizin ərinizdən qalan".
Professorun arvadı yenə ağladı və oturub soyuq kofeni içdi.
Birdən qapının zəngi çalındı. Nə baş verir?
- Gedək.
- Hara? - Professorun arvadı soruşdu.
- Dəlixanaya. - dedilər.
Professorun arvadı qışqırıb müqavimət göstərməyə başladı, amma onu tutub dəlixanaya apardılar.
Tamamilə sağlam olan professorun arvadı indi dəlixanadakı çarpayıda oturub, əlindəki tilovla döşəmədəki xəyali balıqları tutur.
Professorun arvadı, həyatda tutmalı olduğu yeri tuta bilməyən minlərlə bədbəxtə sadə bir misaldır.
21 avqust 1936-cı il
Puşkin haqda
Puşkin haqda heç nə bilməyən adama, onun haqda danışmaq çətindir. Puşkin böyük şairdir. Napoleon Puşkindən balaca adamdır. Bismark da Puşkinlə müqayisədə heç nədir. I, II, III Aleksandrlar da Puşkinlə müqayisədə sabun köpükləridir. Belə baxanda, hamı Puşkinlə müqayisədə sabun köpüyüdür, amma Puşkinin özü Qoqolla müqayisədə sabun köpüyüdür.
Buna görə də Puşkindən yazmaq yerinə, yaxşısı Qoqoldan yazım.
Amma Qoqol elə nəhəngdir ki, onun haqda heç nə yazmaq olmaz, buna görə də Puşkindən yazsam daha yaxşı olar.
Amma Qoqoldan sonra Puşkindən yazmaq yaramaz. Qoqoldansa yazmaq olmaz. Yaxşısı heç kim haqda heç nə yazmayım.
1936
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!