Ruhumdakı boşluqlar adam udur... - NARGİS yazır

Bəzən elə hiss edirəm, artıq mənim qəlbim Misir Tarix Muzeyində saxlanılan tanrıçaların qırıq-tökük heykəllərinə bənzəyir. O heykəllər kimi paslı dəmirlərlə zorla daxildən birləşdirilib ki, öz funksiyasını icra etsin. Və hər nəfəs alanda hiss edirəm ki, sol tərəfimdə ağırlıq daşıyıram. Ürəyimi, deyəsən, çox yükləmişəm. Hiss edirəm ki, ürəyim bumbuzdu. Bombozdu. Bu, ruhumu üşüdür.

Uzun müddətdi ki, ürəyimlə hesablaşmıram... bu məni ürküdür. Artıq bir çox mənalar mənasızlaşıb. Təxminlər isə reallaşıb...

Bir çox qavramlar siluetdən vücuda bürünüb. Artıq kölgələrin ekzotikası məni valeh etmir. Nağıllar artıq mənə qorxulu gəlir. Bütün hekayələr ayrılıqla bitir beynimdə. Mən daha heç bir hekayəyə xoşbəxt son yaza bilmirəm. İnana bilmirəm kimsəyə. Özümü artıq aldada bilmirəm.

Mən, Mən, deyəsən, böyüyürəm... Axı mən heç vaxt böyümək istəməmişdim. 17 yaşımdakı ağlım üçün niyə darıxmağa başlamışam. Niyə cəmiyyət mənə kitablardan daha maraqsız gəlir?

Nə üçün ruhumu tikanlarımla qorumağa çalışıram. Niyə maskalayıram ürəyimi, niyə etiraf edə bilmirəm darıxmaqlarımı? Niyə çəkinirəm ürəyimdən.

Niyə?

Artıq bütün suallar yarımçıqdı, bütün cavablar bezikmiş.

Bütün bəhanələr çılpaqdı artıq, bütün xoşbəxtliklər tükənib...

Ətrafımız adamla dolu, ruhumuz adamsız...

Ruhumuzdakı boşluqlar adam udur.

Adamsızlaşırıq...

Məncə, sən ən düzünü edib getmisən. Bu gediş bizim bütün hisslərimizi yarımçıq sonlanmağa məcbur etdi... Qalsaydın belə dəyərsizliklə qəlbimdə daha uzun yaşamayacaqdın, dəyərsizim. Artıq bilirəm ki, mən səni daha uzun müddət sevəcəyəm...

Ruhumdakı boşluqlar artıq adam udur...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!