Xəyanət
Həyətdəki bütün ağacları kəsdilər. Bütün dirəkləri aşırdılar. Bütün divarları hamarladılar. Bütün nərdivanları baltaladılar. Evlərdəki bütün çilçıraqları endirdilər. Bütün eyvanları uçurdular. Bütün ikinci mərtəbələrin pilləkənlərini dağıtdılar. Mismarları basdırıb, kəndirləri yandırdılar. Sonra da qocalı-cavanlı, qadınlı-kişili isti otaqda oturub, çay içə-içə qeybətləşdilər. Kimsə arada "Xeyli vaxtdır gözə dəymir, bu, hara getdi belə?" soruşanda da: "Narahat olma, heç yana gedən deyil, darvaza bağlıdır, həyətdə də heç nə edə bilməz", - dedilər...
Yağışın səsinə çıxdılar bayıra. Gördükləri mənzərədən utandılar. O gəlin qırxılmış başına örtdüyü yaylığı ilə özünü buluddan asmışdı. Bulud ağlayırdı...
Bakı - 6 dekabr, 2018
Kəpənəklər
O bağı allahlar yaratdı. Əslində, tam da allahlar yox. Allahın yerdə həqiqi zərrəsi olan təmiz, saf insanlar. Bağ onları özünün allahları bilirdi. Yaratdılar ki, ətraf gülüstan olsun. Güllərin gözəlliyinə kəpənəklər gəlsinlər. Kəpənəklər dallarınca arıları gətirsinlər. Arılar ləçəklərin şirəsindən hamı üçün bal çəksinlər...
Kəpənəklər gəlib uçuşdular bağ boyunca. Onların ardınca arılar gəlib bal çəkdilər. Bağ gülüstana çevrildi. Hər yer gül ətri qoxudu, bal daddı. Amma bu gözəlliyin ömrü uzun çəkmədi. Tezliklə şirəyə milçəklər gəldilər. Gəldilər və baldan yeyib şişdilər, göyərib murdarladılar hər yeri. Çox keçmədi ki, bal dağılıb getdi. Allahlar quru çörəyin ümidinə qaldılar. Amma onu da rahat yemək olmadı. Milçəklər hər yerdən çıxırdı - təknənin içindən, çörəyin içindən, ağızın içindən də. Hara qonurdularsa, oranı murdarlayırdılar, yaxın düşmək olmurdu üfunətdən.
Xəstəlikdən, səfalətdən, milçək sancmalarından ölüb getdilər allahlar. Bağın üzərində milçəkdən qara bulud əmələ gəlib günəşin qarşısını tutdu. Qurudu bağ. Ta gül-çiçək bitmədi. Batdı gülüstan. Boyunca uçan arıların, kəpənəklərin yerinə irili-xırdalı qudurğan milçəklər uçuşdu ilboyu bağın xarabalığında. Kəpənəklər gülsüzlükdən getdilər, onsuz da beş-beş, on-on qürbətə üz tutan zəhmətkeş arıları da arxalarınca salıb apardılar...
Uzun illər belə qaldı bağ. İlin bütün fəsilləri boyunca milçəklər uçuşdu o baş-bu başa. Onları qışın soyuğu da tələf etmirdi. Çox piylənmişdilər, illərlə yaşayırdılar, ölmək fikirləri də yox idi. Hər il payızda sürfə qoyur, yazda saylarını daha da artırırdılar. Onların nə tamamilə qırılıb yox olacaqlarını, nə də öz xoşları ilə buralardan gedəcəklərini heç bağ da gözləmirdi. Getməyə yerləri də yox idi milçəklərin. Başqa bağlar qapılarını çoxdan qapatmışdılar bu iyrənclərin üzünə.
Çoxalırdılar milçəklər. Çoxalırdılar ki, yetərincə güclənib başqa bağları da məhv eləsinlər. Düşünürdülər ki, ətrafdakı bütün gülüstanlar məhv olsa, bağlar üfunət qoxusa, onlar öz bağlarında təhlükəsiz, arxayın yaşayarlar. Xeyli güclənmişdilər milçəklər. Xeyli də çox idilər artıq. Payızda hərəkətə keçəcəkdilər...
Yayın ortasında gözlənilmədən çox güclü bir qış gəldi bağa. Küləkli-çovğunlu, şaxtalı-boranlı dəhşətli bir qış. Köhnə bağda milçəklərdən başqa, canlı heç nə yox idi. Qış, sanki məhv etməyə başqa heç nə tapmadığından bütün qəzəbini milçəklərin üstünə tökdü. Qaçıb qurtarmağa yer olmadı. Qış milçəklərin özlərini də, cəsədlərini də, bağın üzərindəki çirkablarını da, torpağın dərin qatlarına qədər qoymuş olduqları sürfələrini də dondurub məhv elədi...
Həmin il qış uzun çəkdi. Həm də çox şaxtalı. Sanki zərərvericiləri tam məhv etdiyindən arxayın olmaq istəyirdi bu ləngiməyi ilə. Qaldı, arxayın oldu, sonra çəkilib getdi. Yaz gəldi. Yağışlar yağdı. Bağın üzərində qara milçək buludu yox idi deyə, torpağı yuyub, təmizləyib allahların məzarlarını üzə çıxardı yağışlar. Məzarlar bağa keçmişini xatırlatdı. Gün çıxdı. Bağın üzərində qara milçək buludu yox idi deyə, şüalarını torpağın dərinliklərinə qədər soxub bitkilərin köklərini tapdı, isitdi. Tezliklə yaşıllığın, gül-çiçəyin boyu görünməyə başladı torpaqdan. Yaşıllıq bağın havasını təmizlədi. Gül-çiçəyin ətri ətrafa yayıldı. Hər yan gülüstan oldu yenə. Sonra kəpənəklər gəldi. Sonra zəhmətkeş arılar qürbətdən beş-beş, on-on geri qayıtmağa başladılar. Bal çəkib şirələdilər gülüstanı...
Daha bir də o tərəflərə nə milçəklər, nə də hər şeyi dondurub məhv edən güclü qış gəldi. Kəpənəklər daha heç yana getmədilər...
Bayraq
- Bu, nədir belə, böyrümü deşir? - əsgər həyəcanla dilləndi.
Zabit astadan:
- Örtməyiblər üstümüzü, - deyib susdu...
Onları güllələməyə gətirəndə hava təzəcə işıqlaşırdı. Onlara qəbirlərini qazdıranda artıq səhər idi. Onları günorta - həmişə nahar süfrəsinə oturduqları vaxt güllələdilər. Onlar elə bilirdilər ki, sonra üstlərini örtəcəklər...
- Bizi canavarlara qoyub gediblər, - zabit ağzı qanlı canavarları hürkütməmək üçün yenə astadan dedi.
- Mən axmaq da ölməkdən qorxurdum, - əsgər gileyləndi.
Hələ torpağın ətri tam çəkilməmiş çalada heyvan xırıltısı, ət gəvşəyən çənə marçıltısı getdikcə çoxalırdı. Əsgər səsi boğula-boğula soruşdu ki, görən bayrağa bir şey olmaz? Zabit gülüş qarışıq xırıltı ilə: "Narahat olma, - dedi, - yeyən özümüzünkülərdir".
Ermənilər bütün gecəni "düşmən türk" deyə-deyə nə qədər işgəncə versələr də, nə zabit, nə də əsgər bayrağa tüpürmüşdü. Ona görə də səhəri gün, güllələməzdən əvvəl bayrağı ortadan bölüb yarısını zabitə, yarısını da əsgərə yedirtmişdilər...
Koma
Əvvəl atam gəldi. Məndən beş yaş balaca. Sonra qardaşım gəldi. Hələlik məndən üç yaş böyük. Görüşdük. "Sən burda neynirsən?" - dedilər. Cavab vermədim. Çünki mən hələ harada olduğumu aydınlaşdıra bilməmişdim. Amma maraqlı idi...
- Anan necədir? - atam soruşdu.
- Yığışır yavaş-yavaş, - cavab verdim.
- Neyləyir? - qardaşım ehtiyatlanırmış kimi dilləndi.
- Fikir eləyir, - dedim.
Atam qardaşımı göstərib:
- Diriləndən gününü çayın qırağında keçirir, - dedi.
- Nə dirilmək? - təəccüblə ona baxdım, - siz ki ölmüsünüz.
- Əslində, adamlar ölmürlər, - dedi, - dirilirlər. Özü də çox uzun müddətə...
Qardaşımla sakitcə oturub çaya baxırdıq. Su yox idi. Amma şırhaşırı var idi. Heç nə başa düşmürdüm. Amma maraqlı idi...
...Arxdan səs eşitdim.
- Su var, sən görmürsən, - qardaşım idi.
- Niyə? - çevrilmədən soruşdum.
- Bilmirəm, - dedi, - amma səbəbsiz də deyil.
Onu görmürdüm. Amma, nədənsə, əmin idim ki, gözünü çaydan çəkmədən danışır:
- Sən qayıt, get. Hələ tezdir buralarda olmağın. Anamdan muğayat ol. O, suyu görəcək.
- Oradakılara səndən salam deyim? - axmaq sual oldu, - düşündüm.
- Yox. Buradan ora salam göndərilməz, - cavab ağıllı idi.
- Bəs nə deyim?
- Denən, vaxt itirməsinlər. Elə sən də.
- Axı sən itirdin.
- Bilməmişəm...
Tamam uzaqlaşanda:
- Suyu mən də görmürəm, - dedi...
Ayaqüstü Tanrının kandarına baş çəkdim. Bu nə ev idi, nə çöl. Sadəcə, nəyə görəsə bilirdim ki, bu, Onun kandarıdır:
- Suyu görmədin, - içəridən səs gəldi.
- Hə, görə bilmədim. Amma səsini eşitdim. Bura maraqlıdır. Yaşıllıq, sakitlik, günəş də başqadır.
- Amma əsasını görmədin.
- Nəyi?
- Suyu.
- Suyu görmək üçün neyləmək lazımdır?
- Dürüst yaşamaq lazımdır.
- Mən əyrilik eləməmişəm.
- İbadət də eləməmisən.
- Bəs düzlüyə heç nə düşmür?
- Ona görə yaşıllığı, günəşi və sakitliyi görə bilirsən.
- Yoxsa nə görərdim?
- Quraqlıq, qaranlıq, ah-nalə.
- Çay da olmazdı, yəqin.
- Çayda od olardı...
Kəskin dərman iyi burnuma qırx üç illik ölümünün davamını gətirdi...
Nankor
Arxayın idi. "Burada yorulandan, buranı zibilləyib batırandan sonra qapını açıb bayıra çıxaram", - deyib vaxt öldürürdü...
Axırda yoruldu. Həm də çox yoruldu. İçəridə zir-zibil xirtdəyə çatırdı. Yaratdığı üfunətdən nəfəs almaq olmurdu. Gözünü, ruhunu təzələmək, özünü yeniləmək üçün qapıya yaxınlaşdı. Əlini atdı, açılmadı. Onu arxayın salan qapı, əslində, qapı deyildi. Divara çəklmiş qapı rəsmi idi. Amma tutacağı gerçək idi. Yapışdı, çəkdi özünə tərəf, tutacaq əlində qaldı. Bir anlıq duruxdu, vəziyyətini anlamağa çalışdı. Ən yaxın pəncərəyə cumdu. Sonra o birinə, sonra digərlərinə. Heç biri gerçək pəncərə deyildi...
Havanın üfunəti nəfəsini daraltmaqla yanaşı, gözlərini də yandırmağa başlamışdı. Bir azdan işıqlar sönəcəkdi...
Boş kapsul
Rüstəm müəllim elmlər doktoru, professor idi. Uzun illər idi ki, Tibb Universitetində dərs deyirdi. Minlərlə həkim yetişdirmişdi bu illər ərzində. Hamı təcrübəli alim, gözəl mütəxəssis və təmiz bir insan kimi tanıyırdı onu. Elə tələbələri də uzun illərdir ikiotaqlı sadə bir mənzildə yaşayan, əyin-başı həmişə səliqəli olsa da, təzə olmayan bu adamı daha çox gözütoxluğuna, haram tikə yemədiyinə görə sevirdilər. Heç kim onun təmənna ilə nəsə bir iş gördüyünü xatırlamırdı. Güzəştə gedib qiymət yazdığı zəif tələbələr belə ona nəinki rüşvət təklif edə, heç rayondan sovqat da gətirə bilməzdilər. Belə şeyləri özünə təhqir sayardı Rüstəm müəllim. Hamı bilirdi ki, vaxtı ilə belə təkliflərə, tapşırıqlara görə kimlərisə imtahandan qovub. Belə yaşamışdı ömrünü Rüstəm müəllim. Artıq xeyli yaşlaşmışdı. Səhhəti sözünə baxmırdı. Universitetə də çətinliklə gedib-gəlirdi. Amma yenə də dərslərini deyirdi. Savadına, təcrübəsinə və şəxsiyyətinə olan hörmətə görə onu təqaüdə göndərmirdilər. Həm də bilirdilər ki, ömrü boyu maaşla dolanan bu adama işləmədən yaşamaq çətin olacaq. Özü də dava-dərmana ehtiyacı olduğu bu vaxtlarda...
Ürəyindən müalicə olunurdu Rüstəm müəllim. Dərsdən sonra bütün günü evdə oturar, vaxtlı-vaxtında dərmanlarını içər, bir az kitab oxuyar, bir az da nəvəsi ilə başını qatardı...
Bir gün səhər universitetə getmək üçün əynini geyinəndə nəvəsi gəlib dayandı qarşısında. Əlində də bir azdan Rüstəm müəllimin içməli olduğu kapsul:
- Baba, bunun içi boşdur.
Rüstəm müəllim nimdaş pencəyinin o biri qolunu da geyindi, nəvəsinin ovcundan iki hissəyə ayrılmış kapsulu götürüb baxdı. Əvvəl uşağa acıqlandı. Sonra hirslə xanımına səsləndi:
- Sənə neçə dəfə demişəm, bu uşağı qoyma mənim dərmanlarıma toxunsun. Bax gör neyləyib. Açıb boşaldıb kapsulun içini.
Xanımı sakitcə gəlib kişiyə heç nə demədən nəvəsinin qolundan tutaraq otaqdan çıxardı. Rüstəm müəllim narazı halda keçib süfrəyə oturdu. Qutudan başqa bir kapsul çıxarıb su ilə içdi. Qutunu cibinə qoyub evdən çıxdı. Yollarda tıxac yarandığından avtobus dayanacağında xeyli gözləməli oldu. Bekarçılıqdan dərman qutusunu cibindən çıxarıb üzərindəki qeydləri oxuyurdu. Nəvəsinin xətrinə dəydiyini xatırlayıb pis oldu. Amma dərmanın qiymətini düşünüb hərəkətinə haqq qazandırırmış kimi özünə təsəlli verdi:
- Axı mən neyləyim?! Bahadır dərman. Hər gələn birini zay eləsə, gərək gedib yenisini alam. Ona da maaş imkan vermir...
Qəfil ağlına nə gəldisə, qutunu açıb içindən bir kapsul götürür. İçərisindəki qarışığı külək dağıtmasın deyə ehmallıca kapsulun bir-birinə geydirilmiş hissələrini ayırıb baxdı. Onları pencəyinin cibinə qoyub, təəccüblə başqa kapsul götürdü qutudan. Sonra üçüncüsünü...
Kapsulların içi boş idi.
"Yazıq uşaqda günah yox imiş", - düşündü Rüstəm müəllim. Çaşmış halda indicə qarşısında dayanan avtobusa baxdı, əvvəl minmək istədi, sonra geri çəkildi. Sürücü ona tənə ilə başını yırğalayıb sürdü avtobusu. Fikirli-fikirli bir müddət dayanacaqda oturub qaldı professor. Axırda qalxıb üç tin o yanda olan aptekə getdi. Dərmanı aldığı aptekə.
Dərman satan qız onu gülər üzlə qarşıladı. Amma əhvalatı biləndə rəngi dəyişdi. "Gözləyin, zəhmət olmasa", - deyib, tələsik kiməsə zəng elədi, arxa otağa keçib astadan nəsə danışdı. Qayıdıb Rüstəm müəllimə dedi ki, gözləyin, indi müdirimiz gəlir...
Çox keçmədi, aptekin qarşısında qara bir "CİP" dayandı. Maşından cavan, boynuyoğun bir oğlan düşüb içəri girdi. Qız başı ilə ona Rüstəm müəllimi göstərdi. Oğlan yaxınlaşıb tələsik salam verdi, Rüstəm müəllimin qoluna girib bayıra çıxardı, "Ağsaqqal, heç mən də bilmirəm, bu necə olub. Siz də çox səsə salmayın, həyatdır, hər şey olur", - deyib, heç kimin görməyəcəyi ehtiyatla onun cibinə üzərində aptekin adı yazılmış dərman torbasında nəsə basdı:
- Yaxşı yol, ağsaqqal. Gedin, özünüzdən də muğayat olun. Nə qulluğunuz olsa, mən hazır...
Oğlan bunu deyib Rüstəm müəllimə danışmağa imkan vermədən, heç nə olmayıbmış kimi qayıdıb aptekə girdi. Professor nə baş verdiyini anlamağa çalışdı, amma anlaya bilməyib oradan uzaqlaşdı. Bir qədər getdikdən sonra yolunun üstündəki parkda, oturacaqların birində əyləşdi. Oğlanın onunla rəftarını, tay-tuşu kimi əlini kürəyinə vurub yola salmasını xatırladı, özünə bu cür münasibətin səbəbini anlamağa çalışdı. Fikirli-fikirli əlini cibinə salıb torbanı çıxardı. Elə bilirdi, içindəki dərmandır. Amma baxanda gördü ki, torbada pul var. Çıxarıb saydı. Beş yüz manat idi. Elə oturacaqdaca çevrilib arxaya, aptek olan səmtə baxdı. Sonra gözlərini pula zilləyib fikrə getdi...
Saatına baxdı. Dərsin başlamasına hələ bir az var idi. "Tez getsəm, çata bilərəm", - düşündü. Bir qədər də fikirləşdikdən sonra pulları aptek torbasına qoyub, ayağa qaxdı. Küçəni keçib, vitrininə manekenlər düzülmüş mağazaya girdi. Üç yüz manata özünə qəşəng bir kostyum aldı. Qalan iki yüz manata da yaxınlıqdakı supermarketdən bazarlıq edib, evinə yollandı...
29.05.2015
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!