Boşluq... - Ejen İonesko

 

İştirakçılar:

Dost

Akademik

Akademikin arvadı

Qulluqçu

Dekorasiyalar:

Otaq varlı burjuaların salonunu xatırladır, amma müəyyən "artistizm" əlamətləri də var. İki divan, bir neçə kreslo. Kreslolardan biri yaşıl rəngdədir və mərkəzdə qoyulub. Bütün divarlardan böyük diplomlar asılıb, bütün diplomlarda böyük hərflərlə "Honoris causa"*, "Doktor...", "Doktor..." yazılıb, başqa yazıları oxumaq mümkün deyil.

Qapı tamaşaçılardan sağ tərəfdədir.

Pərdə açılır: Akademikin arvadı sadə xalatda dayanıb, çox güman yuxudan təzə durub və geyinməyə vaxtı olmayıb. Dost onunla üzbəüz dayanıb. Əynində tünd pencək, zolaqlı şalvar, qara çəkmə var, əllərində şlyapasıyla çətirini tutub.

Arvad: - Hə, əzizim, tez deyin.

Dost: - Heç bilmirəm bunu sizə necə deyim.

Arvad: - Mən başa düşdüm.

Dost: - Mən dünən gecə xəbər tutmuşam. Sizə zəng eləmək istəmədim. Amma daha gözləməyə hövsələm çatmadı. Belə bir xəbəri vermək üçün sizi yuxudan oyatdığıma görə üzr istəyirəm...

Arvad: - Onsuz da axırı yaxşı qurtara bilməzdi! Çox pis oldu! Hamımız ən axırıncı dəqiqəyə qədər ümid edirdik...

Dost: - Sizi başa düşürəm, bu çox ağırdır, axı onun şansı var idi. Düzünə qalsa, elə də böyük deyildi. Belə olacağını gözləmək lazımdı.

Arvad: - Mən buna hazır deyildim. O hər şeyi bacarırdı. O, həmişə ən axırıncı anda vəziyyəti dəyişdirə bilirdi.

Dost: - O, elə əzgin idi ki! Siz onu tək qoymamalı idiniz.

Arvad: - Nə etməli?! Necə etməli?! Bu çox dəhşətlidir!

Dost: - Möhkəm olun, əzizim, həyat belədir.

Arvad: - Halım pisləşib. İndi huşumu itirəcəyəm. (Kresloya çökür)

Dost: - (Onun əllərinə, üzünə vurub özünə gətirməyə çalışır) Bağışlayın, xəbəri deməmişdən qabaq sizi hazırlamalı idim.

Arvad: - Siz düz elədiniz, başqa cür eləyə bilməzdiniz. Nə olur-olsun, mən bilməliydim.

Dost: - Su istəyirsiniz? (Qışqırır) Bir stəkan su gətirin! Gərək birdən deməyəydim.

Arvad: - Bu heç nəyi dəyişməyəcəkdi.

Qulluqçu su gətirir.

Qulluqçu: - Nə olub? Madamın halı pisdir?

Dost: - (Suyu ondan alır) Siz gedin, özüm içizdirərəm. İndi düzələr. Pis xəbəri ona çatdırmalı idim.

Qulluqçu: - Nə... cənab?..

Dost: - Siz bilirdiniz?

Qulluqçu: - Yox. Sizin vəziyyətinizdən təxmin elədim.

Dost: - Siz gedin.

Qulluqçu: - (Gedə-gedə təəssüflə) Yazıq müsyö...

Dost: - Yaxşısınız?

Arvad: - Mən güclü olmalıyam. Onu fikirləşirəm, yazıq! Bu xəbərin qəzetlərə düşməyini istəməzdim. Jurnalistlərin insafına bel bağlaya bilərik?

Dost: - Heç kimi qəbul etməyin. Zənglərə cavab verməyin.

Arvad: - İstər-istəməz xəbər yayılacaq.

Dost: - Bir neçə aylıq şəhərdən gedə bilərsiniz. Sakitləşəndən sonra qayıdıb normal həyatınıza davam edərsiniz. Hər şey yaddan çıxacaq.

Arvad: - Belə şey tezliklə yaddan çıxmır. Hamı bunu gözləyirdi. Bəlkə də, bəzi dostların kefi pozulacaq, amma qalanları, qalanları...

Akademik içəri girir. Əynində Akademiyanın mundiri var, belinə qılınc bağlayıb, sinəsi ordenlərlə örtülüb.

Akademik: - Siz artıq oyanmısınız? (Dosta) Nə yaman tez gəlmisiniz. Nə baş verib? Nəticələri öyrənmisiniz?

Arvad: - Rəzalət!

Dost: - (Arvada) Onun kefini pozmayın, əzizim. (Akademikə) Siz imtahandan keçə bilməmisiniz.

Akademik: - Əminsiniz?

Dost: - Nahaq yerə bakalavr imtahanı vermək qərarına gəldiniz.

Akademik: - İmtahandan kəsildim! Yaramazlar! Gör başıma nə oyun açdılar!

Dost: - Onlar nəticəni dünən axşam asıblar.

Akademik: - Axşam asıblarsa, qaranlıqda oxumaq olmazdı. Necə oxuya bildiniz?

Dost: - Ora işıqlandırılıb.

Akademik: - Məni nüfuzdan salmaq üçün hər şeyə hazırdırlar!

Dost: - Bu gün səhər də getmişdim. Siyahı yerindədir.

Akademik: - Gərək qapıçıya rüşvət verəydiniz ki, siyahını cırsın.

Dost: - Cəhd elədim. Amma təəssüf ki, orda polis vardı. Kəsilənlərin siyahısı sizin adınızla başlayır. Siyahıya baxmağa o qədər adam yığılmışdı ki!

Akademik: - Kimlər? Tələbə valideynləri?

Dost: - Tək onlar yox.

Arvad: - Yəqin, bütün düşmənləriniz, kolleqalarınız orda olub. Bir vaxtlar hücum etdiyiniz hamı, imtahan komissiyasında olduğunuz vaxt sizin ucbatınızdan imtahanı verə bilməyən keçmiş tələbələriniz, aspirantlarınız.

Akademik: - Bu təhqirdir. Amma mən bunu belə qoymayacağam. Bəlkə, nəsə dolaşıqlıq olub?

Dost: - Mən imtahan götürən müəllimlərlə danışdım. Qiymətləndirmə cədvəlini göstərdilər. Riyaziyyatdan sıfır almısınız.

Akademik: - Mən axı dəqiq elmlər sahəsinin bilicisi deyiləm.

Dost: - Latın və yunan dillərindən də sıfır almısınız.

Arvad: - (Ərinə) Siz axı şöhrətli ictimaiyyətçisiniz! Siz "Humanitar elmlərin müdafiəsinə dair" əsərinin müəllifisiniz!

Akademik: - Üzr istəyirəm, amma o kitabda söhbət müasir həyatdan gedir. (Dosta) Bəs yazı işindən necə?

Dost: - Doqquz yüz bal almısınız. Doqquz yüz.

Akademik: - Gözəl! Bu o biri fənlərdən aldığım pis qiymətləri ört-basdır edir.

Dost: - Heyif ki, yox. Maksimal bal iki mindir. Keçid balı min bal.

Akademik: - Qaydaları dəyişdiriblər.

Arvad: - Onlar bunu sizə görə etməyiblər. Həmişə hamının sizə qarşı olduğunu fikirləşirsiniz.

Akademik: - Yox, dəyişdiriblər.

Dost: - Onlar Napoleon epoxasının qaydalarını qaytarıblar.

Akademik: - Bu qaydalar köhnəlib. Haçan dəyişdilər axı? Bu, qanunsuzluqdur. Mən Milli Təhsil Nazirliyinin komissiya rəhbəriyəm. Mənə bildirməyiblər və mənim razılığım olmadan nəyisə dəyişdirə bilməzlər. Onları Hökumət yığıncağında biabır edəcəyəm!

Arvad: - Əzizim, daha nə danışdığınızı özünüz də bilmirsiniz. Özünüzü uşaq kimi aparırsınız. Bakalavr imtahanı vermək qərarına gələndə, imtahanı götürən müəllimlərin obyektivliyinə şübhə yaratmamaq üçün özünüz bu postdan istefa verdiniz.

Akademik: - Mən hələ bu istefa məsələsinə qayıdacağam.

Dost: - Gülməli söz danışırsınız. Özünüz də yaxşı bilirsiniz ki, bu mümkün deyil.

Arvad: - Artıq sizin kəsilməyinizə təəccüblənmirəm. Adamın psixologiyası uşaq psixologiyasıdırsa, onda o, bakalavr imtahanı verməməlidir, çünki o imtahan böyüklər üçündür.

Akademik: - İşə bax ha, uşağım yaşındakı yüzlərlə tələbəylə bir yerdə imtahana girdim!

Dost: - Böyütməyin, siz yüzlərlə uşağın atası ola bilməzsiniz.

Akademik: - Bu məni sakitləşdirmir.

Arvad: - Sən bunu etməməli idin. Mən axı deyirdim. Lazım deyildi. Bütün rütbələri əldə etmək istəyirsən. Heç vaxt heç nədən qane olmursan! Sənə bu diplom lazım idi? İndi hər şey əlindən çıxdı. Bu, fəlakətdir! Sənin namizədlik və doktorluq diplomun var, orta təhsil attestatın da var. Bakalavr imtahanının birinci yarısını da vermişdin.

Akademik: - Amma boşluq qalmışdı.

Arvad: - Bunu heç kim bilmirdi!

Akademik: - Mən ki bilirdim! Başqaları da öyrənə bilərdi. Fakültənin katibliyindən namizədlik imtahanının nəticələrinin surətini istədim. Orda mənə dedilər: "Əlbəttə, cənab akademik, yaxşı, cənab rəhbər, bu saat, cənab dekan...". Axtardılar. Cavabdeh katib çaşqın halda qayıdıb dedi ki: "Qəribə hadisə baş verib. Siz, əlbəttə, imtahanı vermisiniz, amma onların nəticələri etibarsızdır". Əlbəttə ki, səbəbilə maraqlandım. Cavab verdi ki: "Sizin təhsilinizdə boşluq var. Bilmirəm bu necə baş verib. Siz filologiya fakültəsinə yazılmısınız, amma imtahanların ikinci yarısını verməmisiniz".

Dost: - Hə, nə olsun?

Arvad: - Namizədlik diplomu daha etibarlı sayılmır?

Akademik: - Yox. Daha doğrusu, tam yox. Onlar sualı açıq qoydular. "İmtahanları uğurla versəniz, surəti alacaqsınız. Əlbəttə, sizin heç bir probleminiz olmayacaq". Mən də imtahan verməli oldum.

Arvad: - Verməyə də bilərdin. Nə üçün arxivi qurdalamağa başladın? Sənin o diplomun lazım deyildi. Heç kim onu istəmirdi.

Akademik: - Düzünə qalsa, fakültənin katibi bakalavr diplomumun olmadığını deyəndə cavab verdim ki, bu ola bilməz. Amma dəqiq yadımda deyildi. Yaddaşımı qurdalamalı oldum. Mən bakalavr imtahanı vermişdim, ya yox? Sonra yadıma düşdü ki, doğrudan da imtahan verməmişəm. Yaxşı yadımdadır, həmin gün zökəm olmuşdum.

Arvad: - Tez-tez xəstələnirsən.

Dost: - Sizin əriniz, əzizim, boşluğu doldurmaq istəyib. O, düzgün adamdır.

Arvad: - Siz onu tanımırsınız. İş düzgünlükdə deyil, o, şöhrətpərəstdir. Hər şey ona az görünür. Namizədlik diplomunu da divardakı onlarla diplomun yanından asmaq istəyirdi. Nə mənası var axı? Bir diplom çox, bir diplom az. Heç kim buna fikir vermir. O isə gecələr diplomlarını sayır. Tez-tez onu diplomlarını sayanda tuturam. Gecənin bir aləmi durur, pəncələri üstdə salona gəlir, diplomlarına baxır, sayır.

Akademik: - Yuxusuzluqdan əziyyət çəkirəm, başqa nə edim?

Dost: - Adətən yazı işinin mövzuları əvvəldən bəlli olur. Asanlıqla öyrənə bilərdiniz. Hətta imtahana tələbələrinizdən birini də göndərə bilərdiniz. Yox, əgər imtahanı mütləq özünüz vermək istəyirdinizsə, onda qulluqçunuzu göndərə bilərdiniz ki, mövzuları öyrənsin. Onda heç kim bildiyinizdən şübhələnməzdi.

Akademik: - Heç başa düşmürəm ki, yazı işindən necə pis qiymət aldım. Üç səhifə yazdım. Mövzunu açdım, tarixi əhəmiyyətini izah etdim, situasiyanı dəqiq təsvir etdim... Hər halda yaxşı yazmışdım. Aşağı qiymət almamalı idim.

Dost: - Mövzu yadınızdadır?

Akademik: - Hm... Hm...

Dost: - O, heç nədən yazdığını da bilmir.

Akademik: - Yox, bilirəm... Hm... Hm...

Dost: - Mövzu beləydi: "İntibah rəssamlarının Üçüncü respublika romançılarına təsiri". Yazınızın fotosurəti məndə var. Baxın görün nə yazmısınız.

Akademik: - (Kağızı alıb oxuyur) "Benjamenin məhkəməsi. Benjamenə məhkəmədə bəraət veriləndən sonra andlılar qərarla razılaşmayıblar, hakimi öldürüblər və Benjamenə vətəndaşlıqdan çıxarma və doqquz yüz frank məbləğində böyük cərimə hökmü yazıblar...".

Dost: - Qiymətiniz elə burdan götürülüb - doqquz yüz.

Akademik: - (Oxumağa davam edir) "...Benjamen apelyasiya məhkəməsinə müraciət edir... Benjamen..." Sonra nə yazdığımı oxuya bilmirəm. Xəttim həmişə pis olub. Gərək yazı maşını aparaydım.

Arvad: - Heç nə sizə kömək edə bilməzdi.

Akademik: - (Arvadının ondan aldığı vərəqi alıb oxumağa çalışır) "Benjamen... Polislərlə əhatə olunmuş... olunmuş...". Nəsə qaranlıq düşüb, görmürəm. Eynəyim hanı?

Arvad: - Amma bunun mövzuyla əlaqəsi yoxdur!

Dost: - Arvadınız haqlıdır, əzizim. Yazdığınızın mövzuyla əlaqəsi yoxdur.

Akademik: - Əlaqəsi var, amma birbaşa deyil.

Dost: - Heç elə də əlaqəsi yoxdur.

Akademik: - Bəlkə, mən başqa mövzu yazmışam?

Dost: - Bircə mövzu var idi.

Akademik: - Lap bir mövzu olsaydı da, başqa mövzuda yaxşı yaza bilərdim. Mən hadisəni sonlandırmışam. Hər şeyi açıq-aşkar göstərmişəm, iştirakçıları xarakterizə etmişəm, hərəkətlərinin mənalarını açmışam. Nəhayət, çıxarışlar etmişəm. Qalanını oxuya bilmirəm. (Dosta) Siz oxuya bilərsiniz?

Dost: - (Mətnə baxır) Oxumaq mümkün deyil. Üstəlik, mən də eynəksizəm.

Arvad: - (Kağızı alır) Oxumalı bir şey yoxdur. Mən yaxşı görürəm. Sən, sadəcə, özünü elə göstərmisən ki, guya nəsə yazmısan. Kağızı qaralamısan.

Akademik: - Yox axı! Mən çıxarışlar etmişəm. Axı böyük hərflərlə yazılıb: "Çıxarışlar və ya sanksiyalar". Bunu belə qoymayacağam! İmtahan nəticələrini sıfırlamağı tələb edəcəyəm.

Arvad: - Əgər verilən mövzunu yazmamısansa, əgər pis yazmısansa, onda heyif ki, pis qiymət də almalıydın. Sən məhkəməni uduzacaqsan.

Dost: - Siz uduzacaqsınız. Qoyun hər şey olduğu kimi qalsın. İstirahətə gedin.

Akademik: - Elə dediyinizi deyirsiniz.

Dost: - Professorlar nə etdiklərini bilirlər. Onları bu vəzifəyə havayıdan təyin etməyiblər. Onlar müsabiqədən keçiblər, çox ciddi hazırlaşıblar. Qaydaları bilirlər.

Akademik: - İmtahan komissiyasında kimlər vardı?

Dost: - Riyaziyyatdan madam Binom. Yunancadan müsyö Kakos. Latıncadan müsyö Neronsın. Və başqaları.

Akademik: - Onlar heç mənim qədər bilmir! Bəs fransızcadan kim idi?

Dost: - "Dünən, srağagün və bu gün" jurnalının redaksiya katibəsi.

Akademik: - Aha... İndi başa düşdüm. O alçağı yaxşı tanıyıram. Qisas almaq üçün mənə pis qiymət yazıb. Onun sevgilisi olmaq istəməmişdim, onların jurnalıyla əməkdaşlıqdan boyun qaçırmışdım. Onun partiyasına üzv olmamışdım. O da qisas almaq qərarına gəlib. Mən imtahan nəticələrini sıfırlatdıra bilərəm. Hökumət başçısına zəng edəcəyəm.

Arvad: - Eləmə, özünü daha da gülməli vəziyyətə salacaqsan. (Dosta) Əzizim, ona imkan verməyin. (Ərinə) Yalvarıram, zəng eləmə. (Dosta) İmkan verməyin zəng eləsin, o sizə məndən çox qulaq asır. (Dost çarəsizliklə çiyinlərini çəkir. Qadın dəstəyi götürən ərinə deyir) Zəng eləmə.

Akademik: - (Arvadına) Nə elədiyimi bilirəm! (Dəstəyə) Allo! Salam, madmuazel, prezidentlə danışmaq istəyirəm. Hə, özüylə. Şəxsən özüylə. Allo! Jül? Mənəm... mənəm... Nə?.. Nə?.. Amma qulaq asın, dostum... qulaq asın... Allo!

Arvad: - Özüdür?

Akademik: - (Arvadına) Sus! (Dəstəyə) Zarafat edirsiniz, dostum... Zarafat etmirsiniz?..

Dəstəyi qoyur.

Dost: - Nə dedi?

Akademik: - Dedi ki... dedi ki... "Daha sizinlə danışmaq istəmirəm. Anam pis oxuyanlarla dost olmağa icazə vermir". Sonra da dəstəyi asdı.

Arvad: - Bilirdim belə olacaq. Hər şey əldən çıxdı! Sən mənim başıma nə oyun gətirdin? Sən mənə neylədin?

Akademik: - Bu necə olur axı?! Mən Sorbonnada, Oksfordda, Amerika universitetlərində mühazirə oxumuşam. Yaradıcılığım haqda on mindən çox dissertasiya yazılıb, hamı əsərlərimin qabağında baş əyir. Mən Amsterdam Universitetinin, Lüksemburq hersoqluğunun gizli fakültələrinin fəxri doktoruyam, mənə üç dəfə Nobel mükafatı veriblər. İsveç kralı mənim intellektimə heyran olub. Fəxri doktor... imtahandan kəsilir!

Arvad: - İndi hamı bizə güləcək!

Akademik qılıncını dizində sındırır.

Dost: - (Əyilib sınıq qılıncı götürür) Mən onu keçmiş şöhrətinizin xatirəsi kimi saxlayacağam.

Hirsli Akademik sinəsindəki ordenləri qopardıb yerə atır, tapdalamağa başlayır.

Arvad: - (Ona mane olmağa çalışır, ordenləri yığır) Eləmə! Eləmə! Bizə qalan elə bunlardır...

Pərdə

*Honorus causa - fəxri doktor (lat.)

Tərcümə edəni: Həmid PİRİYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!