Yazıçı - alternativ həyatı göstərəndir. Yaradıcı olmaq - Yaradanın yaratdıqlarının görünməyən tərəfini açmaq deməkdir. Oxucunu Ayın o biri üzündə gəzdirməkdir bu. Su üstündə yeriməkdir. Gözləri yumulu, idrakı açıq, ruhu güclü, ürəyi sirlərlə dolu halda...
Tarixi şəxsiyyətin həyatı, düşüncələri haqda bədii əsər yazmaq isə tamamilə fərqli yanaşma tələb edir. Sən yaşamadığın zamanlar, görmədiyin məkanlar, tanımadığın insanlar haqda yazmalısan. Və bu mətni tarixçi kimi yox, yazıçı kimi işləməlisən. Çünki tarixçi öyrənmək və təqdim etmək üçün seçdiyi zaman kəsiyinə aid olan konkret rəqəmlərə və hadisələrə diqqət yetirir. Yazıçı isə təsvir və təqdim etmək üçün seçdiyi zaman kəsiyinə aid olan konkret şəxsiyyətlərə və onların mənəvi dünyasına köklənir.
Tarixçi zamana "olub", "baş verib" prizmasından baxır.
Yazıçı isə "belə də ola bilərdi", "belə də mümkün idi" bucağından yanaşır.
Tarixçi üçün keçmiş, sadəcə, xronologiyadır.
Yazıçı üçün - xatirə dəftəri. Bəzən isə hətta gündəlik...
Yazıçı həyatını və düşüncələrini qələmə aldığı qəhrəmanın hamı üçün olan və tarixdə öz xronoloji qeydiyyat hüququnu almış həyatının alternativ versiyasını yaradır. Bunu bacarmaq üçün isə tarixçilərin təqdim etdiyi informasiyanı əldə etmək, özünü qəhrəmanların yerində, zamanında, ruhunda hiss etməyə çalışmaq, onları məntiqin və təxəyyülün vasitəsilə dinləməyə, görməyə, anlamağa can atmaq lazım olur.
Məhsəti haqqında roman yazmağa məni bu gözəl şairəmizə olan sevgim və marağım vadar etdi. O, Azərbaycanın ilk qadın yazarı, ilk qadın şahmatçısı, ilk qadın musiqiçisidir. Min ilə yaxındır ki, bütün Şərqin poetik dünyasına öz fərqli və gözəl rübailəri ilə işıq saçır. Min ilə yaxındır ki, ölkəmizin bütün qadın yazarlarının ustadı, mayakıdır. Bunu bilsək və qəbul etsək də, bilməsək və qəbul etməsək də...
Hərdən düşünürdüm, görəsən onunla eyni zamanda yaşasaydım, onu tanısaydım, rəfiqəsi olsaydım, mənə özü barədə nələr danışardı, nələri etibar edərdi? Görəsən o, indi, mənim yaşadığım zamanda yaşasaydı, münasibətlərimiz necə olardı? Nə yazardı, görəsən Məhsəti? Necə? Hansı janrda? Hansı üslubda?
Məncə, o, yenə də ədəbiyyatımızda fərqli və gözəl əsərləri ilə lider olardı.
Məhsətini tanımaq, görmək, öyrənmək istəyim o həddə idi ki, hərdən də "kaş gündəliyi olaydı, kaş xatirələri qalaydı", - deyə heyifsilənirdim. Bir gün anladım ki, onu daha yaxından, daha dərindən tanıyıb öyrənməyimin yeganə yolu şairə haqda roman yazmağım ola bilər. Elə o qətiyyətlə də Məhsətinin ruhuna köklənib, onun ilk pıçıltılarını eşidirmişəm kimi bir ovqatla bu romanı yazmağa başladım: "Həyat böyük bir şətrənc lövhəsidir mənim üçün. Qarşımdakı ağ bir damadan başlayır - şeir kimi...".
Romanı yazmaq üçün, sadəcə, təxəyyül və yazıçı fantaziyası yetməzdi. Və mən bu yolda əlim çatan bütün mənbələrdən bacardığım qədər yararlanmağa çalışdım.
Məndə Məhsəti haqda dolğun təsəvvür yaradan "Məhsəti necə varsa" kitabına görə ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, akademik Rafael Hüseynova təşəkkürümü bildirirəm!
Romanın Sultan Səncər və İmam Qəzzali haqqındakı xətti üçün məndən köməyini və məsləhətlərini əsirgəməyən şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədiyə təşəkkür edirəm!
Romanda istifadə etdiyim "Quran" ayələri görkəmli şərqşünas-alim, tarixçi, akademik Ziya Bünyadovun, şərqşünas-alim, tərcüməçi, akademik Vasim Məmmədəliyevin və məsləhətçi redaktor, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin birlikdə nəşrə hazırladığı "Qurani-Kərim"dən götürülüb. Buna görə onlara dərin ehtiramımı bildirirəm!
Romandakı Məhsəti rübailərinə görə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Məhsətidən üzü bəri şairələrin yolunu davam etdirib bizlərə əmanət qoyan Nigar Rəfibəylinin ruhu qarşısında baş əyirəm!
Məhsətinin bəzən qədim yunan şairəsi Safo ilə müqayisə edildiyini nəzərə alıb, romanda bu xətdən də yan keçməməyi qərara aldım. Safonun həyatı və yaradıcılığı barədə məlumatlardan istifadə etdim və onun romanda gedən şeirini dilimizə çevirdim.
Sonda isə bu romanı Şərqin və Azərbaycanın söz sənəti daşıyıcıları olan bütün xanımlara həsr etdiyimi qürurla bildirirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!