Şəhərin mərkəzinə, "Tarqovı" tərəfdə gəzməyə çıxmışdım. Yəni mənim kimilər o küçədə yalnız gəzməyə çıxa bilər. Çünki nə mağazalarında alış-veriş eləməyə, nə də ordakı kafelərə girməyə imkanımız var. Xeyli müddətdi bu yerlər əsasən qara-qura ərəblərlə aşıb-daşmaqdadı. Fikirləşdim, necə ki, buralarda gəzmək pulsuzdu, gedib bir az da mən müftə hərlənim.
Elə dar küçəni keçirdim ki, bu tərəfdən yekə bir xarici maşın sürətlə üstümə şığıdı, az qaldı məni vurub o dünyaya göndərsin. Özümü itirmiş halda kənara tullanıb birtəhər qəzadan yayındım. Maşının uzunluğu yeddi metr olardı. Şüşələri gülləkeçirməz, materialı tankadavamlı, qabağındakı buferi isə evyıxana oxşayırdı. Ancaq markasından başım çıxmadı. Gördüm, sükan arxasında axmağın biri oturub saqqız çeynəyə-çeynəyə mənə baxır. Dedim: "A kişi, bura sürət yeridi? Zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?".
Bunu demişdim, kişi maşını bir az yana verib başını aynadan çölə çıxardı: "Zibil sənin ayağındakı o çürük ayaqqabılarındı!".
Məni od götürdü, demək bu adam mənim piyada olmağıma gülür. Dedim: "Arzum budu, sənin də maşınının təkərı yeyilib mənim ayaqqabımın gününə düşsün!".
Gördüm, söz onu möhkəm tutdu. Dedi: "Mənim də arzum budu, sənin belə bir yekə maşının olsun, xarab olanda da servislərdə "zapçast" tapmayasan, tapdıqların da maşının özündən baha düşsün!".
Gördüm, kişi mənə heç də yaxşı şeylər arzulamaq istəmir. Dedim: "Onda arzu edirəm, sən də uşaqlarına yeni dərs ilində təzə paltar aldığına görə, özünə ayaqqabı ala bilməyəsən!".
Kişi mənə tərs-tərs baxıb dedi: "Onda mən də arzu edirəm, sənin villalarından biri yol çəkilişi proyektinə düşsün və sökülsün, sənədlərində dolaşıqlıq olduğuna görə nə qədər çalışsan da kompensasiya ala bilməyəsən! Di get!".
Baxdım ki, ədə, bu mənə əməllicə qarğış eləyir, dedim: "Rast ki, söhbət ev-eşikdən düşdü, təbiətin var qüvvəsindən arzu edirəm, yaşadığın evin tavanı damsın, qırlatmağa pul tapmayasan!".
Baxdım ki, bu da qabağından yeyən adama oxşamır. Qayıtdı ki:
"Allah eləsin Londonda oxuyan oğlun qumarda altı milyon pul uduzsun və başına gələn bu hadisəni zəng eləyib xəlvətcə anasına desin. Sən də eşidib dəli olasan ki, a kopayoğlu, səni oxumağa göndərmişəm, yoxsa qumar oynamağa? Necədi?!".
Gördüm, geri durmaq kişilikdən deyil. Dedim:
"Arzu eləyirəm evində işıqpulu-qazpulu yığılıb 300 manatı keçsin, verə bilməyəsən. Pulyığan gələndə qaçıb gizlənəsən. Qışın ortasında işığınızı da, qazınızı da kəsələr. Di, get!".
Belə deyəndə, bunu od götürdü. O tərəfdən bağıra-bağıra qayıtdı ki: "Görüm sənin, standartlara uyğun gəlmir bəhanəsi ilə, şadlıq sarayının birini əlindən alsınlar, sonra da həmin obyekti özgəsinə satsınlar! Davay, sən də tüstülən!".
Onun bu qarğışı yeddi qatımdan keçdi, beynim qıjıldadı. Ayağımın birini irəli, birini geri qoyub dedim:
"Görüm, hər gün səhər oyanıb o kasıb məhlənizə çıxanda görəsən ki, qapınızın ağzındakı yekə dəmir zibil qabları aşıb-daşır, yığıb aparanı yoxdu, yanından keçmək istəyəndə zibil yeməkdən şişmiş siçovullar üstünə bıçaq çəksin! Necədi? Ha-ha-ha!!!".
Bədbəxt gördü ki, onu əməlli-başlı üstələmişəm, başını bir az qaşıyıb fikirləşdi və sevinmiş birini də dedi:
"Arzu eləyirəm, səni bir səhər şirkətdən çağırsınlar və desinlər ki, bu gündən bizə verdiyin dolyanı iki dəfə çoxaltmalısan. Sənin də şəkərin qalxa, halın pisləşə, həyat yoldaşın evə bahalı dərmanlar yazmaqda məşhur olan o həkimi çağıra. Di, get yaşa!".
Açığını deyim ki, onun budəfəki qarğışı məni yaman tutdu. Hərifi dərhal cavab atəşilə susdurmağa girişdim. Dedim:
"Təbiətin var qüvvəsindən arzu edirəm, sən də öz yaxın dostunla varlı bir kişinin qapısında işləyəsən və onun evini başdan-ayağa təmir eləyəsən, işin axırında ev sahibi zəhmət haqqınızı verməyə. Ondan alacağın pula ümidli olub qonşu mağazadan çoxlu borc eləyəsən. Mağazaya olan borcu qaytara bilmədiyinə görə satıcının arvadı sənin arvadınla hər gün pul üstə dalaşa. Aldın payını?! Di get!!!".
Gördüm, onu xeyli üstələmişəm, özgə nə deyə bilər ee, mənə? Yox, deyəsən, bu da yenilmək istəmirdi. Qəfildən başını lap çölə uzadıb güllə kimi açıldı:
"Allah eləsin saxladığın müğənniyə ad günündə brilyant üzük, sırğa, boyunbağı komplekti, bir də 350 minlik "Bentley" maşın bağışlayasan. Bir həftədən sonra kimsə gizli nömrə ilə zəng eləyib bu məsələni həyat yoldaşına deyə! Ha-ha-ha, indi halındı, dəmin?".
Baxdım ki, kişi keçdi arvad-uşağa. Elə mən də bayaqdan bunu istəmirdimmi! Dedim:
"Əmoğlu, onda arxasına qulaq as! Arzu edirəm, bayaq dediyim o varlı adamın qapısına əməkhaqqını istəməyə gedəsən, o da səni və səninlə işləyən dostunu hər dəfə qapıdan qova. Deyə ki, sizə verdiyim yeməklə əməkhaqqınızı artıqlamasıyla ödəmişəm. Siz də pulsuz-parasız, kor-peşman geri qayıdasınız. Yolda dostun barmağındakı sonuncu ümidi olan üzüyü dəyər-dəyməzinə sata və sənə deyə ki, "vurmaq" istəyirəm. Ucuz bir kafeyə girəsiniz və baş verən kədərə görə sosiska-qayğanaqla bir litr urvatsız araq içəsiniz. Gecə evə çatan kimi qusmaq tuta səni. Arvad-uşağın yanında bir vanna qusasan. Arvadın da vəziyyətdən istifadə eləyib uşaqları sənin üstünə üsyana qaldıra. Səhərisi gün bu söhbət üçün sizə gələn qayınınla da dalaşasan. Yaxşıdı?".
Gördüm, əmoğlu udqunur, danışmağa söz tapmır, məğlub olmaq da istəmir. Axırda birini də tapıb dedi:
"Görüm, dənizqırağı villanda gecəyarı bir qızla kef elədiyin yerdə sevimli pişiyin mətbəxdə tullanıb, viski butulkasını salıb sındırsın. Sən də məcburən maşını sürüb şəhərin o biri başına viski dalınca gedəsən. Gələndə görəsən ki, ol canan evdə qapısı açıq qalmış seyfindən 350 min dolları da götürüb aradan çıxıb. Necədi? Bəsindi?".
Baxdım ki, əmoğlu məndən əl çəkmir. Dedim, ayə, sür, çıx get, yazıqsan, nisyə aldığım iynə-dərman-aptek söhbətinə keçərəm, bədbəxt olarsan. O qədər danışılası söhbət var, səni burdan ağladıb yola salaram!".
Ancaq sağ olsun, sözümü yerə salmadı, sürüb "vızırıt!" getdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!