Mən ona çox şey yaza bilərdim, çox şey. Əlimə yaxşı fürsət keçmişkən, sadəcə, ondan sonrakı ilk günümü yazsaydım, məsələn, böyük bir hekayə olardı, povest olardı, roman olardı, amma yazmadım, yazsaydım nə dəyişəcəkdi ki! Yox, qardaş, yazmadım, eləcə telefonumu meyit kimi əlimin içinə uzadıb artıq əhatəm dairəsindən xaricdə olan nömrəsinə xırda bir SMS göndərdim:
Səndə darıxdıqlarım var...!
Onda darıxdıqlarım vardı, bəli, burnumun ucunu göynədən cəhətləri! Hansını deyim, hansını danışım ki! Sualımı özümə qaytarmağını sevərdim, məsələn, deyərdim, əzizim, səncə, filan şey niyə elə deyil, belədi? Tələsməzdi cavab verməyə, dirsəklənərdi qəşəngcə, gözlərini gözlərimin içində gəzdirib xəfifcə dillənərdi: "bəs səncə?".
Hələ onun suallarıma dəxlisiz cavabları... Əzizim, sovet hökuməti niyə dağıldı? Cavab: bağsız ayaqqabıların istehsalı çoxaldı deyə!
Əsəb götürərdi məni, bu nə cavabdı, nə dəxli, axı! Amma böyüdükcə, dərinləşdikcə və bir az da durulduqca görərdim ki, adam həqiqətin dibinəcən haqlı, sovet ittifaqı məhz o dediyi səbəbdən dağılıb!
Sonradan bir alimin həyatında da gördüm bu cəhəti. Təsəvvür edin, bir ata oğlunu gətirib ki, tələbə olsun və utana-utana soruşur: ustad, sizcə, bu uşaqdan bir şey çıxar? Qaşlarını çatır ustad: Yox! Pencəyinin düyməsi çoxdur!
Bir az sonralar bildim ki, Ana kitabda da varmış bənzər söhbət. Bəqərə surəsi, Bəqərə hadisəsi. İsrail övladları birini öldürüb gəlirlər Həzrət Musanın yanına ki, lütfən, gerçək qatili tap bizimçün! Musanın cavabına baxın: "fəzbəhu bəqarah!" (Bunun üçün bir inək kəsin!) "Quran" deyir, adamlar dərhal şığımışdı Musanın üstünə: bu nədir, bizi ələ salmısan?
Nədən ki, insanlar suallarına standart, uyğun, aydın cavab axtarırlar, həyatınsa, əzizim, cavab vermə metodu özünəməxsus! Həyat, kişiyə vermək istəmədiyi qiymətli şeyi məhrəm yerində gizlədən işvəli qadın kimidir: götür görüm necə götürürsən! Yəni bir az cəsarətli, bir az bilgili olmalı insan, üzdə, göz qabağında axtarmamalı istədiyini - cavab, əl-əlbət, həyatın məhrəm yerlərindədir.
Niyə belə edir həyat? Niyə belə edir Tanrı?
Dedim axı, onda darıxdıqlarım var.
Məşhəd ziyarətindəydik, çağırdı məni yanına, bir sualına cavab vermək istəyirəm, - dedi. Danışdıqca həyəcanlandım, danışdıqca tərlədim və... hesabladım: düz 4 il 3 ay keçirdi o sualımın üstündən. Bəs niyə indi, bəs niyə məhz 4 il 3 ay sonra? Nə baş verdi ki? Nə dəyişdi ki? - Sual sual ardınca axıb töküldüm üstünə.
Dirsəkləndi qəşəng-qəşəng, gözlərini gözlərimin içində gəzdirib qımışdı: bəs səncə?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!