Tanrı dağında - Mübariz Süleymanlı

Türk dünyasının böyük mütəfəkkirlərindən olan Əhməd bəy Ağaoğlunun “Tanrı dağında” əsəri ilk dəfə silsilə məqalələr şəklində “Cümhuriyyət” qəzetinin 2 fevral 1939-cu il sayından etibarən çap olunmuşdur. Vəfatından sonra övladları “Ağaoğlu külliyyatı”nın I cildinə (İstanbul - 1939) “Mən nəyəm” və  “Tanrı dağında” əsərlərini daxil etmişlər. Kitabın 48-69 səhifələrində yer almış bu əsərin əvvəlində müəllifin belə bir qeydi var: “Bir kərə “Cümhuriyyət” oxucularına təqdim etdiyim bu yazının çərçivəsi və çərçivənin içindəki əski türk yaşayışına aid lövhələr məşhur rus münəqqidi Seroşevskinin “Yakutlar” adındakı əsərindən alınmışdır”. Sibir və Altay türklərinin mifologiyasını, dilini, dinini, adət-ənənələrini öyrənən Vatslav Leopoldoviç Seroşevskinin (1858-1945) bu kitabı ilk dəfə 1896-cı ildə Sankt-Peterburqda nəşr edilmişdir. Bu gün də öz elmi dəyərini saxlayan və qədim türk həyatının təkrarsız mənzərələrini göz önündə canlandıran həmin kitab 1983-cü ildə Yakutsk şəhərində yenidən çap olunmuşdur.

Ə.Ağaoğlu V.L.Seroşevskinin kitabındakı süjetlərin birindən istifadə edərək özünün “Tanrı dağında” mifoloji hekayəsini qələmə alarkən yalnız həmin mənbə ilə məhdudlaşmamış, onu bir sıra digər məxəzlərdən götürdüyü faktlarla, bilgilərlə, habelə şəxsi fantaziyası ilə daha da zənginləşdirmişdir. Qeyd edək ki, “Tanrı dağında” mifoloji hekayəsi vaxtilə prof. Əziz Mirəhmədov tərəfindən müasir Azərbaycan türkcəsinə uyğunlaşdırılmış və 2007-ci ildə prof. Vilayət Quliyevin təqdimatı, izah və şərhləri ilə Ə.Ağaoğlunun “Seçilmiş əsərləri”ndə çap edilmişdir (Bakı, 2007). Lakin müəllifin yazı üslubu və ruhu diqqətimizi bir daha cəlb etdiyindən əsərin yenidən çapına ehtiyac duyduq.

I

Tanrı hüzurunda

(Əski türk həyatından alınma bir olonqodan)

Tanrı hüzuruna gedirdik.

Yolumuz çətin və qorxuncdu, neçələri qafalarını və gövdələrini vermişdilər. Dayanılmaz bir sevda məni çəkirdi. Önümdə yol göstəricim Qamlar Qamı Qaraqurunlu Göyçə idi.

O yürüyür, mən gedirdim: Tanrı qulu, Tanrı elçisi idi. Əlindəki dəf Qaplan dağı öküzünün dərisindən düzəldilmişdi. Dəfin çevrəsindəki zillər min bir səs çıxarır, min bir dil danışır. Belindəki tütək “Göy göl”dən alınmış qutlu bir qamış idi. Günəşdən və küləkdən yanmış bədənini bürüyən saysız parçalar bir tilsim və əfsuna bənzəyirdi, başından axıb sifətini örtən saçları qədim adətlərin dağınıq nağılları idi.

İndi açıq bir səhrada irəliləyirdik. Hər tərəf qum. Nə bir ağac. Nə də bircə damla su vardı! İyul günəşi bizi yandırırdı.

Fəqət, o yürüyür, mən gedirdim.

Birdən-birə qarşımıza iki qaplan çıxdı. Ac canavarlar qorxunc bir nərə ilə üzərimizə atılmaq üzərə idilər. Mən titrəyirdim. Qam güldü, belindəki qamışı ağzına aldı.

Qaplanlar durdular və qamışın səsi yüksəldikcə, Qamın barmaqları tütəyin dəlikləri üzərində oynadıqca gözləri süzüldü, ayaqları büküldü və birdən-birə ikisi də yerə sərilərək həsrətlə dinləməyə başladılar. Qam çalaraq yürüdü. Mən arxasınca getdim. Heyvanlar hələ də heyran-heyran dinləyirdilər.

Mən də heyrət içindəydim.

- Canım Qamım! Qamışda Tanrı qüvvəti var!

Qam çevrildi və bir hərəkətlə saçlarını üzündən ataraq:

– Doğru! - dedi, qamış Tanrı gölündən alınmışdır. Fəqət, iş onda deyildir.

– Nədədir?

– Nəfəsdə! Nəfəs, nəfəs olmalıdır!

– Bu nə deməkdir, canım Qamım?

– Bu o deməkdir ki, nəfəs içdən gəlməli, təmiz olmalı! İçdən gələn nəfəsə heç bir nəfəs dayanmaz!

– Hər nəfəs içdən gəlməzmi?

Qam güldü:

– Yalnız Tanrı üçün çəkilən nəfəslər içdən gəlir!

– Anlaya bilmədim canım Qamım!

Qam diqqətlə üzümə baxdı və bir az düşündükdən sonra:

– Bil, anla ki, məndə, səndə, bu dağlarda, daşlarda, quşlarda, ağaclarda yaşayan bir əsl vardır. Biz o əslin ayrı şəkilləriyik! Əslimiz bir olduğu üçün ayrı-ayrı görünsək də, həqiqətdə birik. Qaplanları gördünmü? Nəfəsə dayana bilmədilər. Çünki nəfəs əslə çarpdı, özünü tapdı. Birliyi oyandırdı və beləcə əslə çarpan nəfəs hər şeyi özünə ram edər! Anladınmı?

– Ah canım Qamım! Eşitmədiyim şeylər söyləyirsən!

– Tanrı yolunda bu ilk dərsdir, unutma!

Yolumuza davam etdik. İndi sərt bir yoxuşu çıxırdıq. Yoxuşun üst tərəfində bir-biri üzərinə gələn bir sıra dağların ta o biri tərəfinə gedəcəkdik. Yol mənə çox uzaq göründü.

- Canım Qamım! Yolumuz uzaqdır, bunu piyada necə gedəcəyik?

Qam sərt bir baxışla:

- Tanrıya qovuşmağı asanmı sandın? Daha neçə dərələr, təpələr, neçə uçurumlar və qayalar keçmək, neçə qorxunc təhlükələr adlamaq lazım gələcək! Sonunda da Tanrının bizi qəbul edib-etməyəcəyi də bilinməz! Onun hüzuruna çıxmağa layiq ola bilmək üçün yeddi qabıq dəyişdirmək, doqquz nəfəs tükətmək istər! Sən hələ birisini belə etmədin! Yoruldunmu?

Sorduğuma peşman olmuşdum. Başımı aşağı dikdim, səsimi çıxarmadım.

Yürüdük.

İndi artıq yoxuş o qədər sərt və dik idi ki, əllərimizlə dırmanırdıq. Ara-sıra yuxarıdan qopan bir daş parçası üzərimizdən dəhşətli gurultularla yuvarlanır, ətrafı toza, dumana çevirirdi. O zamanlar Qam dönüb mənə baxırdı, fəqət, mən içimdə duyduğum qorxunu artıq göstərməməyə çalışırdım. Nəhayət, axşama doğru yoxuşun başına gəldik.

Birdən-birə önümüzə yaşıl bir yayla açıldı. Hər tərəf çiçəkli, qoxulu otlarla örtülü. Bir tərəfdə at ilxıları, inək öküz sürüləri dolaşırdı. O biri tərəfdə də yüksək bir bacadan tüstü çıxırdı.

– Bura haradır?

– Buraya Elley ulusu deyərlər. Tanrının sevdiyi bir ulus. Ulusun babası, Tanrının qulu Elleydir. Gecəni onun yanında keçirəcəyik, xeyir-duasını alacağıq!

Tüstüyə doğru yürüdük. İki adam bizi qarşıladı. Yaxınlaşaraq uğurladılar: “Tanrı qulu, Tanrı qonaqlarını salamlar, buyurunuz!” - dedilər. Evə yaxınlaşdıq. Bu, süd kimi bəyaz bir tikili, Urasa idi. Ətrafı gözəl, düzgün bir çəpərlə çevrələnmişdi. Bir tərəfdə inəklər üçün bir ağıl, atlar üçün də bir axur dururdu. Bunların arasında qocaman bir süd yalağı vardı. Bütün bunlar təmiz və parlaqdı. Çəpər boyunca bir sıra bəyaz şam ağacı başlarını göylərə qədər yüksəldirdi.

Bəmbəyaz saqqallı, uzun saçları çiyninə tökülmüş Elley tikilinin eşiyi üzərində bizi gözləyirdi.

“Kutlu olsun böyük Qam! Buyurunuz!” - dedi və dərindən Qamı salamladı.

Qam həmən diz çökdü, əl öpdü və məni göstərərək “Tanrı qatına gedir: Qatınıza gətirdim, xeyir-duanızı əsirgəməyin!” - dedi və mənə işarət etdi. Mən də əyildim. Elley bəmbəyaz əllərini başıma qoyaraq:

- Yolunuz uzun, yükünüz ağır, gücünüz az! Fəqət, könül istəyinə heç bir şey dayana bilməz! Sənə Tanrıdan yorulmaz könül eşqi və güclü istək dilərəm, dedi, alnımı öpdü.

Və Qama çevrilərək:

- Günəş batmaq üzrədir, dua çağıdır, həmən başlayaq.

Çəpərin bir köşəsində duran kımızla dolu ağac bir dolçaya doğru getdi, diz çökdü, arxasında biz də və bütün ulus xalqı da diz çökdük!

Elley əlində südlə dolu bir qaşıq tutaraq başladı:

“Bizi yaradan yiyəmiz Tanrı! Bizi saxlayan sahibimiz ana! Ey Tanrı! Ey səkkiz göyü yaradan! Ey dörd göyün sahibi ana! Ey doqquz köşəli yer! Ey səkkiz guşəli yaradıcı səhra! Ey az ormanlıqlı, qalın otlu orta dünya! Doğurdunuz bizi! Sayənizdə yaşayırıq. Ey süd kimi ağ daş üzərində oturan yaradıcı Ay-Toeen. Ey orta dünyada bu dördüncü yeri yaradan böyük sahibimiz ana! Övladın sənə yalvarır! Sən ki, batan günəşin yumşaq və dərdli görünüşlərisən! Sən ki, doğan günəşin uğur gətirən nurlarısan! Mən ki, doğru insanam, sənə xitab edirəm! Özünü göstər! Bizi yaradan, tutan sahibimiz ana! Bəslədiyimiz heyvanları saxla! Doğurduğumuz çocuqları yumşaq yataqlarda yellə! Göyü yaradan üç göyün anası! Bəyaz buludlar arasından mənə bir bax! Doğuran, yaradan sahib, dinlə! Mərhəmət et! Uruy! Uruy! Uruy!”

Mən ömrümdə belə bir dua eşitməmişdim. Həyəcanımdan qəşş içindəydim!

Elley duanı bitirər-bitirməz əlindəki kımız dolu dolçanı havaya atdı və əlinə bir qədəh - Ayah - alaraq doldurdu və yenidən duaya başladı və qədəhi də havaya atdı! Birdən-birə nə gördüm! Üç bəyaz leylək uça-uça bizə doğru gəldi. Elleyin başı üzərində dolaşdılar və dolçanın kənarına düzülərək kımız içməyə başladılar! Bu, duanın qəbulu əlaməti idi. Elley çox məmnun oldu, quşları oxşadı. Bizi qımız içməyə dəvət etdi. Fəqət, mən özümdə deyildim, hansı aləmdə yaşadığımı bilmirdim.

Qaranlıq çökmək üzrəydi. Quşlar çırpındılar, havalandılar, havalandılar, yenidən Elleyin başı üzərində üç dövrə vuraraq şərqə doğru getdilər. Elley və onunla bərabər biz də qalxdıq. Urasaya gəldik. Urasa bəmbəyaz şam dirəkləri üzərinə qurulmuş altı bucaqlı qayət böyük bir otaq idi. Həqiqətdə bu bir ev idi. Çünki bu uzun və geniş otaq dirəklərlə bölgələrə və lojalara ayrılmışdı və hər loja bir pərdə ilə qapanırdı.

II

Urasanın baş tərəfində “qutlu od” parıldayırdı. Onun tam qarşısındakı loja evin kişi böyüyünə məxsusdu. Bu lojanın sağındakı bölgə erkək qonaqlar üçündü. “Qutlu od”un sağ tərəfindəki loja evin xanımına məxsusdu. Onun sol tərəfindəki bölgə də qadın qonaqlara. Biz Urasaya girdiyimiz zaman evin xanımını, xidmətçilərlə bərabər orada gördük. Qadınların lojası önündə bir cəhrə və bir yığın yun yumaqlar vardı. Bir az o tərəfdə də ələklər üzərinə toplanmış bəyaz quş tükləri vardı. “Qutlu od”un yanındakı ocağın üzərində dəmir qazanlar içində nəsə qaynayırdı.

Ev adamları bizi görər-görməz:

- Qutlu olsun - deyə salamladılar.

Qam cavab verdi və düz qonaq lojasına doğru yürüdü. Mən də arxasından getdim, anladım ki, bura eyni zamanda bizim yataqlarımızdır.

Bir az sonra otağa gülüşmələr və gurultularla bir dəstə gənc qız və dəliqanlı erkəklər girdi, fəqət, bizi görər-görməz həmən özlərini topladılar və birdən uğurladılar. Anlaşıldı ki, qonşu ulusdan müsafirlər gəlmişlər. Qam mənə doğru əyildi.

- Bu gecə maraqlı şeylər görəcəyik. Bu dəliqanlıların deyişmələrini dinləyəcəyik - dedi.

Yemək zamanı gəlincə Elley “Qutlu od” üzərinə təzə kımız çilədi və üç kərə Uruy! Uruy! Uruy! - deyə hayqırdı. Bütün otaqdakılar da təkrar etdilər. Odanın ortasına sərilmiş bir bezin ətrafına yerləşdik. O çağa qədər mən bu qədər dadlı bir at əti şorbası və at südü qaymağı yeməmişdim.

Yeməkdən sonra yenə od üzərinə kımız səpildi və hər kəs yerinə döndü.

Fəqət, dəliqanlılar ortada qalmışdılar. Bunlar iki tərəf olmuşdular: erkək və qız.

Əvvəla erkəklər aldılar:

– Nə etdik ki? Günahımız nə?

– Al yanaqdan bir öpücük istədik.

– Verilmədi! Zorumuzla aldıq.

– Bu bizim haqqımız!

Qızlar cavab verdilər:

– İstədiyiniz al yanaq deyil, cehizdir.

– Əlvan rəngli marallar, ildırımyürüşlü atlar.

– Aldığınız öpücük deyil, ənsənizə toxmaqdır.

– Arxanıza da təpiklər, ey dəliqanlılar!

Hər tərəfdən qəhqəhələr yüksəldi. Qələbə qızlarda qaldı. Bir neçə daha belə deyişmələr oldu. Sonra sıra bilməcələrə (tapmaca) gəldi.

Boz çöl dənizində oturan

Şimal dənizinə bağlanan

Yanları batı dənizinə varan

Ətəkləri cənub dənizinə çarpan

İşığı Kil dağı

Üzü orta yayla

Üstü işıldayan göy

Köksü oddan günəş

Biliniz baxalım bu nədir?

Oğlanlar həmən:

Türk yurdu! Türk yurdu, deyə bağırışdılar! Qızlar etiraz edə bilmədilər. İndi sıra oğlanlara gəlmişdi. Oğlanlar aldı:

Bəyaz saçan ayı var,

Dəyişən gecələri

Hızlı axan suları var.

Sakit dərin sular,

Düz, gözəl ormanları var,

O tərəfi görünməz

Uzunluğu ölçülməz

Çiçəkli otlar daşıyan

Düz yerləri var!

Qızlar düşündülər və verilmiş müddət əsnasında cavabı tapmadıqlarından, oğlanlar birlikdə: “Səkkiz köşəli ana kainat” - deyə bağırdılar.

Bilməcə müsabiqəsi də bitdikdən sonra Elleyin işarəsi ilə gənclər və qadınlar otağı tərk etdilər və ixtiyar Tanrı qulu bizi qutluyaraq yatmağa çəkildi. Ertəsi gün günəşlə bərabər qalxdıq və Elleyin xeyir-duasını alaraq yolumuza davam etdik.

İndi bir tərəfi dik qaya və bir tərəfi də dərin bir uçurum olan bir eniş enirdik. Uçurum başımı gicəlləndirirdi. Ta dibindən yüksələn şam ağacları bizə qədər uzanıb gəlirdi. Başqa yerdə ağacların arasında ceyranlar və marallar otlayırdılar. Rəngli quşlar ötərək ağacların budaqları üzərində uçuşurdular. Yolumuz o qədər dar və dik idi ki, bəzən sürünmək lazım gəlirdi. Ara-sıra ayağımızın altından qaçan daşlar uçurumun içinə doğru yuvarlanır, qorxunc gurultular çıxarır, heyvanları və quşları hürküdürdü.

Nəhayət, günortaya doğru bu enişi də endik. Önümüzə uçurumun dibindən axan bir çay gəldi.

Mən ömrümdə bu qədər parlaq bir su görməmişdim. Bir ovuc alıb ağzıma götürdüm: dadı rəngindən gözəl.

– Aman nə gözəl su, - dedim.

– Əvət! Tanrı suyu!

– Bu nə deməkdir?

– Tanrı dağına qədər hələ belə yeddi çay görəcəyik. Bunlar Yeddiqardaş çaydır. Hamısı başlarını Tanrı dağından alırlar. Tanrıya qovuşmaq istəyənlər bunlarda yuyunurlar, ruhları təmizlənir, qəlbləri saflaşır və Tanrı hüzuruna çıxmağa layiq olurlar. İndi sən bu çayda yuyunmalısan!

Həmən soyundum və çaya atıldım.

Mən suda yuyunduqca çayın rəngi dəyişir, bulanır və xoşagəlməz bir qoxu duymağa başlayırdım.

Heyrət etdim.

Qama suyu göstərərək:

– Nədən bulanır və bu qoxu nədir? - deyə sordum.

– Təmizlənirsən! Səndəki pislik çıxır.

Mən bu qədər kirli olduğuma çaşdım.

Qam dedi ki:

- Vücud kiri deyil, ruh kiridir! Ruh kiri vücud kirindən də ağır olur. Bu pis qoxu o kirdən gəlir. Ruhundan çıxdıqca suyu bulandırır, havanı zəhərləyir. Fəqət, sən təmizlənirsən!

Bir az sonra özümdə bir xəfiflik duymağa başladım və su da yavaş-yavaş saflaşmağa, qoxu azalmağa başladı. Nəhayət nə bulanıqlıq qaldı, nə qoxu!

Qam:

- Çıx, dedi. İndi sən ruh pisliklərinin birindən qurtuldun. Digər pislikləri də önümüzdəki çaylarda təmizləyəcəksən!

Yolumuza davam edirik. İndi dar bir dərə içindən yürüyürük. Dimağımı daşıdığım və bilmədiyim pisliklər məşğul edirdi.

Dayana bilmədim:

– Canım Qamım. Ruh pislikləri nə olan şeydir?

– İnsan ruhu gül yarpağına bənzər. O yaşıllaşıb böyüdükcə kənardan üzərinə müxtəlif böcəklər uçuşur. Bağban vaxtında yetişməzsə yarpaq bitər. İnsan ruhunun böcəkləri bunlardır: yalan, qorxaqlıq, zülmkarlıq, ikiüzlülük, hiyləgərlik və sairə. Bu həşəratı içində daşıyan insanlarda artıq insanlıq qalmaz və Tanrı hüzuruna çıxa bilməzlər.

İçimi yoxladım: bütün bu həşəratın içimdə yaşadığını dəhşətlə gördüm.

– Canım Qamım! Elə isə mənim halım yaman!

– Yalnız səninmi? Bütün Qaraqurum yurdunun halı yaman! Təmizlənmək, Yeddiqardaş, Tanrı dağı çaylarında yuyunmaq lazım! Vaxtilə belə deyildi. Tanrı qulluğu vardı. Qaraqurum qövmü qorxmazdı, özü, sözü birdi, el əsirgənirdi, arada hova və iməcilik (yəni ümumilikdə hər kəsə yardım) vardı, biri digərinin xeyrinə çalışardı, birlikdə oturub birlikdə qalxardılar. Bax, o zamanlar Qaraqurum sağa sola, arxaya və önə ağa idi. Fəqət sonralar nizamı pozuldu: El aranmaz oldu, hər kəs başına qaldı, hovə və iməcilik unuduldu, söz sədaqəti qalmadı, Qaraqurum yıxıldı və qövmü zəlil oldu!

III

Qam susdu.

Yolumuza davam edirdik. Dərələr, təpələr keçdik, ovalar və dağlar aşdıq. Nəhayət bir dağın dibinə gəldik. Qam dağı göstərərək:

- Bax, budur yerlə göyü birləşdirən Tanrı dağı, - dedi.

Dağa baxdım. Başı göyə dayanırdı.

Dağın yüksəkliyinə heyran oldum.

Qam dağın ta təpəsini göstərərək dedi ki:

- Tam orada Tanrının hüzuruna çıxacağıq.

Məni bir qorxu bürüdü, içim titrədi, bu qədər yüksəkliyə necə qalxacağıq?

Qam güldü: Köksündən qamışını çıxardı və bir şeylər çalmağa başladı. Ağaclardakı quşlar dinlədilər. Ətrafımıza ceyranlar və marallar toplandılar. Hamısı o səsi dinləyirlər! Mənə də nəsə olur! Qəlbim durur, gözüm qapanır.

Budur, bir quş məni qanadları üzərinə alır və havaya qaldırır. O yüksəldikcə içimə şirin bir yuxu çökür. Ömrümdə görmədiyim bir səadət və rahatlıq duyurdum.

Bu hal nə qədər davam etdi, bilmirəm. Fəqət birdən-birə düdüyün səsi kəsildi, gözlərim açıldı. Özümü Tanrı dağının təpəsində - Qam öndə, mən arxasınca yeriyən gördüm. Dağın təpəsi geniş və uzun bir meydan idi. Minlərcə insan toplaşmışdı. Diqqət etdim, hamısı Qamlar və Qamlara qoşulmuş mənim kimi Tanrı aşiqləri idi!

Hər elin Qamlarının başında Qamlar Qamı olmaqla ayrı bir səf təşkil edirdilər. Budur sarı rəngli tuğun altında Çunqariya Qamları, budur qırmızı rəngli tuğun yanında Qırğız Qamları, o biri tərəfdə göy rəngli Orxon Qamları, daha o tərəfdə yaşıl rəngli Qaşqariya Qamları, sol tərəflərində rəngli Kobi Qamları, sağ tərəflərində də pəmbə rəngli Altay Qamları. Və budur bizim qara rəngli Qaraqurum Qamları!

Biz dərhal bu sonunculara qarışdıq və mənim rəhbərim olan Qamlar Qamı başa keçdi.

Günəş batmaq üzrə idi. Qamların daşıdıqları və maral, bəyaz at və ya qaplan dərilərindən hazırlanan əlbisələri üzərinə tökülən dağınıq saçları, ta ayaqlarına qədər sallanan min bir dəmir parçalar, əllərindəki dəflər və dəflərə taxılmış zınqırovlar və zillər Tanrı dağındakı bu toplantıya qəribə bir mənzərə verirdi.

Bir az sonra günəş batdı və qaranlıq çökməyə başladı. Bu gecəni burada dualarla keçirəcəkdik. Məşəllər yandırıldı və səflərin önündəki açıq yerə sancıldı.

Birdən-birə bir səs:

- “Atəş verdim aydınlıq olsun, dirilik verdim şənlik olsun!” - dedi.

Bu səs haradan gəldi? O sözləri kim söylədi? Bilmədim!

Fəqət dərhal bütün Qamlar kökslərindəki düdükləri çıxartdılar və çalmağa başladılar.

Mən o zamana qədər belə bir ahəng dinləməmişdim, eşitməmişdim. Yüzlərcə düdüklərdən çıxan bu fəryad və nalə səsləri bir-birinə qarışaraq bütün fəzanı ta uzaqlara, ta səmaya qədər bir yalvarma və inləmə nidası ilə  doldururdu.

Bu, bir hicran və ayrılıq atəşilə yanan qəlblərin yanğısı idi. Bu, vüsal və qovuşma eşqilə qıvrılan ürəklərin alovu idi.

Dinlədim: Neylər deyirdilər ki:

“Ey Sütt ağ, nurdan incə taxt üzərində oturan Tanrı! Özünü göstər, simanı bu bağrı yanıq aşiqlərindən gizləmə, hicranla yananlara bir söz söylə. Mərhəmət et, yol göstər! Sən ki, qövmünü əsirgərdin, nədən bizi unutdun? Nədən bizi avara buraxdın? Bax nə hala gəldik? Bağrımız yanıq, özümüz avara! Artıq mərhəmət elə, özünü göstər!”

Birdən-birə Orxon baş Qamı irəli atıldı. Neylər susdu, səslər kəsildi. Qamın önündə irəliləyən Kuturukcutlar əllərində qımız dolu dolçalar (Hologos) və qutlu dəflər (Tungur) daşıyırdılar. Qamın ayin keçirəcəyi bəlli idi. Üzərindəki bəyaz at dərisindən hazırlanmış kaftanın arxasına günəş (Kyunte) şəklində və ətrafı Kondey-Kihen deyilən borularla altmış bir dəmir parçası sallanırdı. Əl şəklindəki “Holo”lar boğazından qurşağına doğru gəlir və çiyinlərinə tənəkədən iki apulet (Bugurgime) bağlanmışdı. Qollarına və digər boş yerlərə insan, balıq, leylək şəkillərində bir çox zınqırovlar asılı idi.

Kuturukcular qımız dolu Holoqosları doğuya tərəf qoydular və Qamın əlinə kutlu bir Tunqur uzatdılar.

Ətrafı dərin bir sükut bürümüşdü. Fəqət birdən-birə bir qartalın acıqlı bağrışıyla bir su quşunun inləməsi eşidildi. Lakin bu yalnız bir an sürdü. Sonra yenə sükut başladı. Bu arada məşəllərin işıqları sönməyə başlamışdı. Ortalığı qaranlıq almaqda idi. Elə bu zaman yumşaq, oxşayıcı bir nəğmə eşidildi. Qam ayinə başlayırdı. Sol əlilə dəfi havaya atdı, sağ əlilə tutdu və yavaş-yavaş yaxınlaşan bir fırtınanın gurultusunu xəbər verən fəryad qoparmağa başladı. Gurultu getdikcə artdı və bəzən uçuşan qarğa sürülərini, bəzən də qartal bağırtılarını andırır, eyni zamanda üzərində vurulan dəflər, dəmir parçaları, zillər min cür sədalar çıxarırdı. Nəhayət, bu artıq bir fırtına deyil, dinləyənlərin şüurlarını boğan bir səslər şəlaləsi şəklini alır. Qam özü belə özündən getmiş, rəqsə başlamış və durmadan atılıb düşür, əyilir, bükülür, qıvrılır, düzəlir, təzədən yenə hoppanır, dəfi atıb tutur. Nəhayət, qəşş halına gəldi və dəf dizi üzərinə düşdü. Dərhal hər şey susdu, yenidən bir məzarlıq sükutu başladı. Bax, o zaman bir Qam ağır və qalın bir səslə bu duanı oxumağa başladı:

Kürənin qüdrətli öküzü, çöl atı! Bağır! Kişnə!

Hər şeyin üstünə çıxmış insan!

Hər nəsnədən vergilər almış insan!

Hər kəsdən qüdrətli, bacarıqlı insan!

Çöl atı, gəl öyrət!

Kürənin sehirkar gözü danış!

Qüdrətli (sahib) buyruq ver.

Sən də, ey sol tərəfdə əlində dəyənək tutan sahib!

Sizlərə söyləyirik!

Yanlışlıq edərsək, yolumuzu çaşarsaq!

IV

Yalvarırıq. Əmr verin, yol göstərin!

Yiyəmiz ana! Bizim geniş yollarımızı təmizlə!

Siz! Ey cənubda doqquz ormanlı təpələrdə yaşayan günəş ruhları!

Doğuda dağ üzərindəki yiyələrimiz?

Ulu babamız! Qalın ənsəli, qüdrətli,

güclü babamız! Bizim ol!

Və sən! Ey möhtərəm ağsaqqallı sehrkar od! Sənə yalvarırırq!

Təmiz könüllə istədiklərimizə, təmiz ağılla düşündüklərimizə!

Riza göstər, bizi dinlə! Dinlə! Dinlə!

Burada hər köksdən qalxan Uruy! Uruy! Uruy! Sədaları ta üfüqə qədər əks etdi!

Artıq o biri Qamlar da cuşi-xüruşa gələrək ortaya atılmışdılar və bu kərə ümumi bir rəqs ayini başlamışdı. Bu bir ayin idi!

Yüzlərcə qaplan və maral dərilərinə bürünmüş uzun saçlı, çılpaq ayaqlı insanlar əllərindəki dəflərə vuraraq sıçrayışlar edir və çevrələr qurur və üstlərindən sallanan min bir zildən min bir səda çıxararaq Tanrı dağına bir məhşər mənzərəsi verirdilər. Bu bir söz və kəlam ayini deyildi. Xeyr!

Burada artıq sözə yer qalmamışdı.

Könüllərdə yanan atəş öz-özlüyündən parıldayır və tutuşanları coşdururdu. Coşduqca təpinmələr və sıçrayışlar, dəf və düdük uğultuları çoxalırdı. Nə qədər çəkdi, bilmirəm!

Birdən-birə Qaraqurum Qamı:

- Gəlir, gəlir! Kutlu olsun! Yerə əyilin! - dedi.

Hamımız diz çökdük, əllərimizi göyə, gözlərimizi doğuya çevirdik.

Doğu tərəfində yerlə göy arasında nurdan bir sütun bizə doğru yürüyürdü.

Sütunun içində nə var?

Baxmaq istəyirəm, gözlərim qamaşır, başım fırlanır, qəlbim çırpınır!

Bir az sonra mənə elə gəldi ki, sütunun çevrəsindən, nurdan bir işıq ayrıldı, mənə doğru gəldi, qəlbimə doldu və oradan da bütün varlığıma yayılaraq bütün dünyanı, bütün yaradılışı aydınlatdı.

Yuxarıdan bir səs:

- Ey qövmün elçiləri! Budur gəldim! Nə istəyirsiniz? Sizi buralara qədər sürükləyən nədir? Söyləyin! Söyləyin!

Qamlar birlikdə:

– Ey ulu Töyen! Elini əsirgə! Suç işlədikcə bağışla! Çəkdiyimiz yetər! Mərhəmət et! Yol göstər!

– Yolmu göstərim? Ellər arasında səni mənimsədim! Tanrı elisən dedim. Qövmlərin qövmü ol, bələdçilik et, yaradılışı qoru, mən də sənin yardımçın olum, yaradılış üzərindəki ağalığını qoruyum! Ayaq verdim, yürü dedim. Əl verdim, işlə dedim. Göz verdim, gör dedim, ağıl verdim, düşün dedim. Könül verdim, duy dedim! Ulus verdim, sev dedim. İtimnisini (sahibsiz çocuklar), kunulanını (sahibsiz qadınlar) qoru dedim. Hova, iməciliyə bax dedim!

Bu söz birliyinə sən baxdıqca, mən də sənə baxdım, yardımçın oldum, dünyanın bir ucundan o biri ucuna qədər ağladığını gördün, hər yana insanlıq yaydın, mədəniyyət saçdın, bəxtiyarlıq verdin. Fəqət, bir zaman gəldi ki, sən bu söz birliyinə baxmadın, məni unutdun. Ayaqların durdu, əllərin işləməz oldu, gözlərin görməz, ağlın düşünməz, könlün çarpmaz oldu! Ulusu sevməz oldun, iməciliyə, hova baxmadın, itimniləri, kunulanları unutdun!.. Sonra! Sonra səndə istək də qalmadı, babalarınızda istək vardı və dünyanın bir ucundan o birinə ox kimi sıçradı! Çünki istək, bütün güclərin, bütün qüvvətlərin anasıdır, varlıq odur! Fəqət, sən onu itirdin. Zülmə uydun! Zülmkarlığa tapındın! Ulusda yaşamaq üçün nə həvəs qaldı, nə dərman! O çağdan bəri Tanrı yurdu məzarlıq oldu, qullarım diri deyil ölü, canlı deyil, kölgə oldular! Tarlalar qurudu, bağçalar soldu, kəndlər çökdü, şəhərlər dağıldı! Bunu görən yadlar həmən tanrı eli üzərinə hücum çəkdi, ağalıq getdi, köləlik gəldi! Bütün bunları siz özünüz etdiniz! Artıq nə istəyirsiniz!

Qamlar:

- Uca Tanrı! Mərhəmət et, qurtuluş üçün yol göstər!

Səs:

- Müsibət, o paslanmış könüllərin, pislənmiş ruhların tək dərmanı, o kirli düşüncələri, bulanıq duyğuları duruldan cövhər sizi təmizlədimi? Daşıdığınız pislikləri söküb atdınızmı? O halda bilin ki, qurtuluş yolu yenə o yoldur.

Qamlar:

- Hansı yol?

Səs:

- İnsanlıq yolu!

Qamlar:

- Anlaya bilmədik uca Tanrı!

Səs:

- İnsan Tanrının eşidir! O Tanrı kimi əyilməz, bükülməz və öz içindən başqa kimsədən çəkinməz. O Tanrı kimi dayanıqlıdır! Varlığa, yoxluğa, aclığa, toxluğa, qısalığa, ucalığa, zənginliyə, yoxsulluğa baxmaz! O Tanrı kimi haqq yolunun, insanlıq cığırının, şərəf və heysiyyət izinin, hürriyyət və istiqlal gədiyinin qoruyucusudur, Tanrı kimi o da düşkünlərin yardımçısıdır! Tanrı kimi onun sözü toxdur, açıqdır, yalan bilməz, riya sevməz, yaltaqlıq etməz. Sözün qısası, o mənim dünyadakı eşimdir. Mən onda yaşayıram, onda görürəm, vaxtilə Tanrı elində insanlıq vardı, mən onunla idim. Tanrı onunla Tanrılıq edərdi, pozulmuş elləri onunla düzəldərdi.

Burada səs kəsildi. Və birdən-birə Tanrı dağını, göy üzünü və yanlardakı bütün dağları, dərələri, qalın bir sis bürüdü.

Ortada nə nur qalmışdı və nə də sütun!

Fəqət, bir az sonra qalın sis də çəkildi və dan yeri qızarmağa başladı.

Dizləri üzərinə çökmüş Qamlar, başlarını aşağıya əyib durmuşdular. Onlar dərin bir düşüncəyə dalmışdılar! Bu hal nə qədər sürdü, bilmirəm: sonunda Qaraqurum Qamlar Qamı birdən-birə ortaya sıçrayaraq, uca bir səslə:

“Ey Türk elçilərinin elçiləri! Tanrını dinlədiniz! Göstərdiyi yolu bəllədiniz. İndi hamınız əllərinizi göyə doğru qaldırın və mənimlə bərabər bu andı için:

“Yerin, göyün, canlı-cansız hər şeyin yaradanı uca Tanrıya bu andı içirik: haqdan başqa bir kimsəyə uymayacağıq. Əlimiz var işləyəcək, ayağımız var yürüyəcək! Ağlımız var düşünəcək, könlümüz var duyacaq! Bir-birimizə sarılacağıq:

Varlığa, yoxluğa, aclığa, toxluğa, bolluğa, sıxıntıya baxmayacağıq. Yürüyəcəyik! Başımız dik, qəlbimiz açıq, sözümüz tox, yürüyəcəyik. Heç bir əngəl bizi durdurmayacaq. Sönmüş ocaqlarımızı işıqlandırmaq, dağılmış yurdumuzu qurmaq üçün yürüyəcəyik!”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!