Allah və İnsan... - Qəşəm İsabəyli - əfsanə

İnsan heyvani dövrlərində daha xoşbəxt idi...

 

Biri var idi, biri yox idi - bir "Var" var idi, bir "Yox".

"Var" Allah idi, "Yox" -  insan.

Allah elə böyük idi, elə böyük idi, qurd da bilirdi, Allahdı bu, quş da.

Amma insan elə balacaydı, elə balacaydı, hətta sətrin başında da adını balaca hərflə yazırdı.

Gəl ki, insan Allahın böyüklüyünü görsə də, özünün kiçikliyini görə bilmirdi.

Çünki insan təzə yağan qardan da təmiz idi. Danışanda ağzında sözü görünürdü, güləndə gülüşü.

İnsanla Allahın ortaqlı malı da vardı. O da insanın ağlıydı. Ağlı olmasaydı, insan Allahlıq eləyərdi.

Bir an da boş-bekar dayanmayan insan gün batan kimi başını atıb yatırdı.

Axı Allah da boş-bekar deyildi - gecə-gündüz fikir-xəyal içində olardı. Bir əli  yaradırdısa, bir əli dağıdırdı.

Allah bir dəfə nə fikirləşdisə, gülümsədi. O dəqiqə bir dəstə insan həmcinslərindən ayrıldı -

Biri ulaya-ulaya gedib qurda qoşuldu.

Biri mələyə-mələyə qoyun sürüsünə cumdu.

Biri hürə-hürə it oldu.

Biri kişnəyə-kişnəyə at oldu.

Biri tülkü...

Biri ayı...

İnsan qurda qoşulan kimi qurdlar parçalayıb yedi onu.

İnsan qurda qoşulan kimi qoyunlar kəllələyib sürüdən çıxartdılar - qarğa-quzğun didib dağıtdı.

İt insanın leşini dartdı.

At təpikləyib öldürdü.

Tülkü tikəsini göyə götürdü.

Ayı basıb belini qırdı...

Bu yandan da insanların başından çıxan ağlı düşdü dünya üzünə - gəzdi... gəzdi... gəzdi...

Biri gedib girdi itin kəlləsinə, it bir dəfə hürüb, dönüb oldu insan - qaçıb soxuldu insanların arasına.

Biri gedib girdi atın kəlləsinə - at "hi-ha" deyib, dönüb oldu insan - qaçıb soxuldu insanların arasına.

Qurd "uuu..." eləyən kimi düşdü insan cildinə.

Qoyun bu yandan...

Tülkü o yandan...

Ayı da...

Bayaqdan insan təkcə insan idisə, qoyundan insanı oldu, atdan insanı oldu, itdən insanı oldu, qurddan insanı oldu, tülküdən... ayıdan... 

Day güləndə gülüşü gördünmədi insanın, danışanda sözü.

Adını da başladı böyük hərflə yazmağa: - İnsan - Allah.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!