AĞ KARANDAŞ... - Murad Köhnəqalanın təqdimatında Zeynəb Muradqızının hekayələri

Qızım Zeynəbin hərdən nələrsə yazdığını, daha doğrusu, lap uşaqlıqdan bədii yaradıcılıqla məşğul olduğunu bilirdim. Orta məktəbdə oxuyarkən yazdığı şeirləri, çəkdiyi rəsmləri mənə göstərərdi. Lakin böyüdükcə yazdıqlarını gizlətdiyini hiss elədim. Əlbəttə, hər bir insanın gəncliyində, ömrünün saf vaxtlarında yaratdıqları da bir yaradıcılıqdı. Həmin vədələr yazılanlar müvəqqəti-ötəri də, böyük bir yaradıcılığın başlanğıcı da ola bilir. Yaxınlarda Zeynəbin yazdığı bu zərif nəsr nümunələri əlimə keçdi. Maraq naminə özündən soruşdum ki, bunları nə üçün yazmısan? Mənə çox maraqlı bir cavab verdi. Dedi ki, nə vaxtsa uşaq olanda belə hekayələr oxumaq istəyirdim, ancaq tapa bilmirdim. İndi özüm yazıram ki, uşaqlar məndən oxusunlar. Qızım Zeynəbin bədii yaradıcılıqla məşğul olmasını heç vaxt arzulamasam da, bu hekayələrini oxuyub xeyli sevindim. Evdə balalara oxumaq arzusu ilə qızımın yazdığı hekayələrdən dördünü sizlərə təqdim edirəm. Murad Köhnəqala

Zeynəb MURADQIZI

AĞ KARANDAŞ

Bir reklam şirkətində altı ədəd rəngli karandaş işləyirdi. Göy, qırmızı, yaşıl, sarı və qara rəngli dostlar gündüzlər dayanmadan işləyir, gecələr isə istirahət üçün öz qutularına qoyulurdu. Onların arasındakı ağ rəngli karandaş isə heç işləmirdi.

Burada balaca uşaqlar şirkətin istehsal elədiyi malların şəklini rəngli karandaşlarla ağ kağızlara çəkib şəhərin hər tərəfində reklam eləyirdi. Rənglərinin hər yerdə görünməsi rəngli karandaşlara mənəvi zövq verir, onları yaddaşlarda yaşadırdı. Reklam işlərində qırmızı və qara karandaşlar daha çox fəaliyyət göstərirdilər. Düzdür, yaşıl, sarı, göy karandaşlar da canfəşanlıq eləyirdi, ancaq ən çox işləyən qara karandaş idi. Axşamlar qələm qutusuna qoyulan qara karandaş daha yorğun olur, çox işləməsi ilə fəxr eləyirdi. Ancaq ağ karandaşa heç iş tapılmırdı. Çünki ağ kağız üzərində ağ karandaşın işləməsi heç vaxt lazım olmurdu.

Ağ karandaş hər gecə işdən yorğun qayıdan dostlarına həsədlə baxır, özünün həyatda lazımsız olduğuna kədərlənirdi. Həyatdan küskün söhbətlərinə görə rəngli karandaşlar hər dəfə ağ karandaşa ürək-dirək verir, nə vaxtsa ona da şans veriləcəyini bildirirdilər. Ağ karandaş isə dostlarının bu təsəllisinə üzdə gülümsəsə də ürəyində: "Yazmağa lazım deyildimsə məni nə üçün yaratmışlar? Olmazdımı, mən heç yaranmayaydım?" - deyə düşünürdü.

Dostlarının çəkdiyi rəngli reklam şitləri şəhərin hər tərəfinə yaraşıq verirdi. İşdən yorğun gələn rəngli karandaşların yanında xəcalət çəkən ağ karandaş isə qutunun bir küncünə qısılıb kədərlə gözlərini yumurdu.

Bir səhər qara karandaş, həyatını ümidsizlik içində başa vurmağa hazırlaşan ağ karandaşı dümsükləyib oyadaraq ona dedi:

- Oyan, qalx, ofisimizə qara kağızlar gəlib. Şef deyir, indən belə reklamlarımızı qara kağızlar üzərində çəkəcəyik!

Ağ karandaş yerindən dik atıldı. Sevinə-sevinə qutudan çıxaraq qara vərəqlərə yaxınlaşdı. Əvvəlcə qara kağızları sığalladı, sonra isə orda müxtəlif reklam şəkilləri çəkməyə başladı. Ağ karandaş qara kağızda reklam şəkilləri çəkdikcə kağızlar gözəlləşirdi. Qara kağızların üzərində ağ karandaşla bərabər sarı, yaşıl və mavi karandaşlar da şəkil çəkməyə başladılar. Beləcə, uzun müddət qara kağızlar üzərində ağ karandaş işlədi.

Həmin vaxtdan bir neçə gün sonra axşam karandaşlar qutuya yığılarkən ağ karandaş üzünü dostlarına tutub dedi:

- Əziz dostlar, heç vaxt özünüzü gərəksiz bilib kədərlənməyin. Həyatda hər şeyin öz növbəsi var.

SİNCABIN QUYRUĞU

Şən sincab öz quyruğunu çox istəyirdi. O, quyruğu ilə evini süpürür, gəzməyə gedəndə kürk əvəzinə quyruğuna bürünür, asudə vaxtlarında onunla əylənirdi. Sincabın quyruğu gerçəkdən çox yaraşıqlı və məzəli idi. Lazım olmayanda quyruğunu çıxarıb bir tərəfə qoyurdu. Üstəlik, bizim sincabın quyruğunda, başqa sincablarınkından fərqli olaraq, qaranlıqda işıq saçan tüklər vardı. Qarlı qış günlərinin birində Sincab öz anbarını yoxlayarkən gördü ki, sevimli yeməyi olan küknar qozaları artıq tükənir. Sincab meşədə torpağa basdırıb gizlətdiyi qozaları evinə daşımaq qərarına gəldi. Başını yuvasından çıxarıb ağappaq qarla örtülmüş meşəyə baxdı. Quyruğunu çırpıb təmizlədi və ona bürünüb hoppana-hoppana meşənin içərilərinə doğru getdi. Xəzəl və qalın qar hər tərəfi örtdüyündən onun qozaları basdırdığı yerə qoyduğu nişanlar itmişdi. Qoçaq sincab payızda daşıyıb torpağa basdırdığı qozaları axtarmalı oldu. Xeyli axtardıqdan sonra nəhayət ki, öz "xəzinəsini" tapdı. O, gizlətdiyi qozaları çıxarıb ağac koğuşunda qurduğu yuvasına daşımağa başladı.

Artıq hava qaralmışdı. Evə bərk tələsdiyindən quyruğunun nə vaxt açılıb düşdüyündən xəbəri olmadı. Yuvasına girib, qapıya dolanmış sarmaşığın işığını yandırdı. Ev işıqlandı. O, kürkünü soyunmaq istəyəndə gördü ki, sevimli kürkü - quyruğu yoxdu. Sincab çox kədərləndi. Düşündü ki, bu gecə vaxtı onu harda axtara bilər? Bəlkə, gəldiyi yolla geri - meşəyə qayıtsın? Qaranlığın düşməsi onu yenidən düşünməyə vadar etdi. Birdən yadına düşdü ki, axı, onun quyruğu qaranlıqda işıq saçır! Odur ki, qaranlıq meşədə itmiş quyruğunu tapmaq elə də çətin olmayacaq. Sincab sevincindən yuvada bir neçə dəfə sürətlə fırlanaraq atılıb-düşdü.

Budur o, meşə yolu ilə hoppana-hoppana irəliləyir, quyruğunu tapmaq ümidi ilə sağa-sola nəzər salırdı. Gözəl, sevimli quyruqdan isə əsər-əlamət yox idi. Sincab meşənin içi ilə xeyli irəliləmişdi ki, uzaqda bir parıltı gördü. Əlini gözünün üstünə qoyub diqqətlə baxdı.

Aha! Bu ki, onun dəcəl, işıqsaçan quyruğuna bənzəyir! O, özünə ürək-dirək verərək parıltıya doğru getdi. Sincab əziz quyruğunu tapıb götürərkən qarın altında üç dənə körpə kirpi balası gördü. Kirpi balaları Sincaba belə dedilər:

- Sincab, Sincab, anamız yem dalınca gedəndə bizi bu isti quyruğa bükür, yoxsa biz üşüyərik.

Sincab üç balaca kirpiyə baxıb dedi:

- Yaxşı, onda mən gedirəm, bir də yazda, qar əriyəndə gəlib quyruğumu apararam.

Kirpi balaları onun bu xeyirxahlığından çox sevindilər.

Sincab öz yuvasına qayıdaraq yatağında uzandı və onun quyruğuna bürünüb yatan kirpi balalarını gözünün qabağına gətirib şirincə yuxuya getdi.

AMUR BAĞÇAYA NECƏ GETDİ

Balaca Amur öz hiyləgərliyindən qalmır, ipə-sapa yatmırdı. Səhər yuxudan oyanarkən anasına:

- Mən körpəyəm, yuyuna bilmirəm, - deyib tənbəllik eləyirdi.

Anası ona:

- Gəl yeməyini ye! - deyəndə, "Mən balacayam, yeyə bilmərəm, məni özün yedirt!", - deyib ağlayırdı.

Anası ona:

- Amur, əynini geyin, şəhərə gəzməyə çıxırıq! - deyəndə Amur mızıldanaraq:

- Mən hələ balacayam, geyinə bilmirəm, - deyib anasının zəhləsini tökürdü.

Bir gün Amur həyətdə təkcə oynayarkən öz anası ilə bağçaya gedən qonşu uşaqlar onu gördü. Balaca Aydın təkbaşına oynayan Amurdan soruşdu:

- Amur, sən niyə təkcə oynayırsan?

Amur cavabında:

- Bəs kimlə oynayım? - dedi.

Anasının əlindən yapışan balaca İnci ona:

- Gəl, bağçaya, bizimlə oyna, - dedi.

Amur onların bu təklifinə maraq göstərərək:

- Bağçada kiminlə oynayacam? - soruşdu. 

Gedə-gedə arxaya boylanan Aydın Amura:

- Biz bağçada rəsm çəkir, rəqs edir, yazmağı öyrənirik. Gəlsən, bizimlə oynayarsan! - dedi və anasının arxasınca yüyürdü.

Amur evə gəlib anasına dedi:

- Ana, mən də bağçaya getmək istəyirəm.

Anası ona:

- Yox, oğlum, sən əl-üzünü özün yuya, paltarını geyinə bilmirsən, heç yeməyini də mənsiz yeyə bilmirsən, səni bağçaya götürməzlər, - dedi.

Anasının sözləri ona təsir elədiyindən Amur səhər tezdən oyanan kimi yuyunmağa getdi. Yuyunduqdan sonra anasının hazırladığı sıyığı yedi və paltarını özü geyinərək anasına:

- Ana, məni bağçaya apar, orda uşaqlarla oynamaq, rəsm çəkmək, kitab oxumaq istəyirəm! - dedi.

Həmin gün anası Amuru bağçaya apardı. Amurun bağçaya gəlməsinə qonşu uşaqlar da çox sevindilər.

 

MEŞƏ GÖZƏLİ

Bir gün Pələng, Tülkü və Canavar meşədə quşlar arasında gözəllik yarışması keçirməyi qərara aldılar. Külək bu xəbəri meşənin dərinliklərinə, dağlara və düzlərə yaydı. Səhər tezdən kötük üstündə oturmuş Pələng, Canavar və Tülküdən ibarət jürinin və ətrafa yığılmış heyvanların qarşısından təbiətin bütün növ quşları gəlib keçərək öz gözəlliklərini nümayiş etdirməyə başladılar.

İlk olaraq uzunquyruq Meşəxoruzu özünü yetirdi. O, jürinin qarşısında bir neçə dəfə var-gəl etdikdən sonra yerində fırlanaraq bəzəkli qanadlarını açdı və bir ağız banladı. Xoruzun açılan qanad lələklərində ağlagəlməz gözəl rənglər bərq vurdu. Jüri üzvləri və ətrafdakı tamaşaçı heyvanlar onun bu qeyri-adi gözəlliyini alqışladılar. Sonra jüri üzvləri əllərində tutduğu yarpağa Meşəxoruzunun gözəllikləri haqda öz fikirlərini qeyd elədilər.

Meşəxoruzu oranı tərk edən kimi Bayquş özünü meydana atdı. O, əvvəlcə başını o yan-bu yana fırladaraq boynunun arxaya dönmə məharətini göstərdi və səmaya üç dəfə səs buraxdı. Buraxdığı səsin əks-sədası bitdikdən sonra qanadlarını açıb pırpızlarını qabartdı. Jüri üzvləri və tamaşaçılar onun lələklərinin qeyri-adi rəngini xeyli alqışladılar.

Bayquş səhnəni tərk edən kimi Şanapipik ortaya tullandı. O, podiumda var-gəl edərək qəfil başındakı tellərini qabartdı. Tellərinin çətir kimi açılması baxanları valeh elədi. Bu azmış kimi, arxasınca Şanapipik qanadlarını açıb öz yerində bir neçə dəfə tullanıb-düşdü. Ətrafdakılar əl çalıb şənləndilər. Jüri üzvləri yenə qarşılarındakı çinar yarpağına qeydlər elədilər.

Beləcə, hava qaralana qədər Ağacdələn, Durna, Qartal, Qu quşu, Sərçə, Göyərçin, Hacıleylək, Qaratoyuq, Bildirçin, Qaranquş, Tovuz quşu, Bülbül, Qağayı ard-arda podiuma çıxıb öz gözəlliklərini və bacarıqlarını göstərərək "Meşə gözəli" adı uğrunda yarışdılar.

Yarışmanın sabahı səhər tezdən bütün heyvanlar, böcəklər və quşlar "Meşə gözəli" seçilən quşun adını eşitmək üçün yarış yerinə axışdılar. Nəhayət, jüri üzvlərindən olan Canavar irəli çıxaraq, üzünü həyəcanla xəbər gözləyən tamaşaçılara tutub dedi:

- Dostlar, quşların ən gözəlini təyin etmək üçün səhərə qədər öz aramızda mübahisələr elədik. Axırda bu qərara gəldik ki, təbiətdə gözəl olmayan quş yoxdur, quşların hamısı gözəldi. Təbiətimiz var olsun!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!