Ayselin yuxusu - Hekayə - KAMURAN

- Həm də gün ərzində əllərimiz müxtəlif yerlərə təmas edir. Yəni əllərimiz bizim üçün mikrob daşıyıcılarıdı; əllərimizi tez-tez sabunlamalı və əgər əllərimizi yumağa şərait yoxdursa, o zaman onları üzümüzə toxundurmamağa çalışmalıyıq...

Mövzusu insan anatomiyası olan dərsin yarısı geridə qalmışdı. Aysel mövzunun təsiri altında uzun-uzadı əllərinə baxaraq, “hazırda əlimdə mənim kimi canlılar var?” - deyə düşünürdü və xəyalında həmin canlıların nəyə bənzədiyini dəqiqləşdirməyə çalışırdı. Onun iri və qara gözlərinə diqqətlə baxılsaydı, orda toppuş əllərinin güzgüdəki kimi şəffaf əksini görmək olardı. Son sırada oturan Aysel sağ əlini qaldıraraq bir suala cavab almaq istəyini bildirdi. Lakin əlini qaldırarkən çox diqqətli və ehtiyatlı idi, çünki əlindəki canlıların xəsarət almasından çəkinirdi.

- Biz həyatda qalmaq üçün başqa canlıları öldürürük. Əslində bizim onları öldürməyə çalışdığımız kimi, onlar da bizi öldürməyə cəhd edirlər. Yəni, doğrudan da, ulu babamın dediyi kimi, həyatda qalmaq məntiq yox, gücdən asılıdı? Söhbət iki “düşmən” canlının təbiət tərəfindən bir yerə gətirilməsindən gedirsə, onlardan biri mütləq ölməlidi?

Ayselin açdığı maraqlı mövzu şagirdlərin ovqatını yüksəltdi və bir anda bütün gözlər Ayselə dikildi. O, diqqətlərin üzərində olmasına alışmamışdı, ümumiyyətlə, ona baxılmasını sevmirdi və buna görə də dilləndiyi üçün çox mütəəssir olmuşdu.

- Həyat qəliz məsələdir, bunu anlamaq üçün yaşa dolmalısan, təcrübə və dünyagörüşün olmalıdır, - müəllim dedi.

İçi həyəcan və tərəddüdlə dolmuş Aysel bir dəfə dilləndiyindən artıq susmaq üçün gec olduğunu düşünərək dedi:

- Mən hələ yeniyetmə olduğumu bilirəm. Lakin mənim istədiyim sizin bir böyük olaraq fikrinizi bilməkdir. Sizcə, həyat nədir?

- Şey... məncə... - müəllim kəkələməyə başladığı an şagirdlərdən biri icazəylə fikir bildirmək istədi. Bu Məhparə idi. Sözə başladı:

- Həyat rüşvətdi. Nə qədər ki, rüşvətimizin üstü açılmır, ölüm bizi tanımaz.

Bu andan etibarən şagirdlərin hamısı fikir söyləmək üçün sıraya düzüldülər. Fabienne adlı sarışın, uzun-boylu, incə bir qız söhbətə qarışdı:

- Həyat sevgidi. İnsan yalnız sevərkən yaşayır. Ölüm sevgini itirməkdi. Heç sevməyi bacarmayanlar isə doğulmağı bacara bilməyənlərdi.

Abel:

- Həyat ağıldı. Ağıl yaşadığını bilməkdi. Ağılsızlıq nəinki ölümü dadmaqdı, üstəlik həm də intihardı.

Niharika:

- Həyat məndi.

Adam:

- Həyat faydalı bir hədiyyədi. Hədiyyə gücdə olan zaman ondan faydalanmalıyıq. Gücdən düşməsi isə ölümdü.

Rodya:

- Həyat yalnızca vicdanda əks olunur.

- Həyat döyüşdü; məğlub olan ölər... və hər kəs bir gün məğlub olar, - Aysel ulu babasının səsiylə ürəyində düşündü.

Onun ulu babası düz 106 yaşına kimi yaşamışdı. Aysel onunla bağlı hadisələri hər zaman qorxuyla xatırlayırdı. O, ölməmişdən əvvəl səsini itirmişdi, danışığı küləyin qapı dəliyindən mütəmadi olaraq üfürməsindən yaranan vıyıltıları xatırladırdı və üstəgəl, səsindəki xışıltı da səsin qorxuncluğunu artırırdı. Sonuncu sözləri bu olmuşdu: Ölüm insanı ağuşuna aldığında həmin an sahib olduğun təəssüratlar sonsuzadək ruhun himayəsində saxlayar.

Zəng çalındı. Fikrini söyləyə bilmədiyi üçün mütəəssir olmuş və pisikmiş bəzi şagirdlər bir şəkildə başlarını sallayaraq sinifdən çıxmağa başladılar.

Aysel girdə gövdəsini partaların arasından güclə keçirə-keçirə qapıya yaxınlaşanda tövşüyürdü, alnında tər damlaları əmələ gəlmişdi və müəllimiylə sağollaşdığı zaman səsinin titrədiyini sezdi. Yolda addımlarının ardıcıllığını düşünə-düşünə iki gün əvvəlki ziyafət yadına düşdü. Səbəbini tam olaraq anlamadığı ziyafət barədə düşünərkən, “hər kəs ildə bir dəfə niyə mal-qoyun kəsməlidir?” - deyə ağlından keçirdi. Atasının boşqabda qurbanlıq qoyunun ürəyini gətirib qarşısına qoyaraq, “ürəyimi sənin üçün saxlamışam, əzizim” - deməsindən də bir şey anlamadığı yadına gəldi. Təxəyyülündə kəpənəklər uçuşan Aysel ürəyi gördüyü zaman bir anda həyəcanla: “Qəlb budur?” - deyə sual vermişdi.

“Güclü olan həm də həyatda qalandır” - ulu babası demişdi, - “məntiq bu məqamda işləkliyini itirər”. Yolda güzgü kimi pəncərə şüşələri olan mağazanın önündən keçərkən öz əksini gördü və dayanıb bir az özünü seyr etdi. Yöndəmsiz bədəni, girdə gövdəsi, toppuş qolları və sonda da buxağına baxdıqda, “Gombul” - deyə dodaqaltı mızıldandı. “Həyatda əsas olan gücdü, gerisi çərənçilikdi» - düşünərək sözünə davam etdi. Lakin içinin ikrahla dolduğunu şüşə əks etdirmirdi.

Evə çatdığında babasını “Dünya gerçəkləri” adlı bir bəlgəsəl seyr edən gördü. Çiynindən çantasını almadan sakitcə babasının yanında oturub seyr etməyə başladı. Hələ də dərisində yaşayan canlılar üçün ehtiyatlı hərəkət edirdi. Bəlgəsəl isə sırf dünyanın insanlıq tərəfindən aldığı zərər haqqında idi. Ayselin iri və hər an maraqdan irilənən bəbəklərində kadrların əksi hər saniyə bir az daha şəffaflaşırdı; estetika adı altında heyvanlara edilən qeyri-etik davranışlar, təbiətin zibillənməsi, korlanması, ağacların azalması, səhlənkarlıqdan törəyən yanğınlarla daha da kiçilən meşə sahələri, neftin müxtəlif yollarla yandırılaraq havanı korlaması, çəkilən yolların artmasıyla torpağa dəyə bilməmiş geri buxarlanan yağışlar... bütün bunlar Ayselin köksündə öz əksini tapırdı, onu mütəəssir edirdi. Hətta seyr etdiklərinə əsasən məntiqi fikir yürütməyə başladı: Vulkan püskürmələrinin azalmasının yandırılan neftlə bir bağlılığı ola bilərmi? Və ya havanın korlanması əsasında ozon təbəqəsinin yırtılması insanlığın aqibətinə necə təsir göstərə bilər? Bir də, riyaziyyat istedadından istifadə edərək başqa bir qənaət də vardı: Əcəba, tərəzinin bir tərəfinə bəşəriyyətin dünyaya gətirdiyi faydalı, bir tərəfinə də zərərli xüsusiyyətlərini qoysaq, hansı ağır gələrdi? Əgər faydalı xüsusiyyətləri ağır bassaydı, deməli hazırda dünya əvvəl olduğundan daha yaxşı və əlverişli olardı, - Aysel öz-özünə dodaqaltı pıçıldadı. Dərin düşüncələrdən ayılanda xəbərsiz sol əlini üzündə gəzdirdiyini görərək ehtiyatsızlıq etdiyini düşündü və əlini dizinə qoydu.

Yerdə qalan vaxtda çox şey yaşamadı, ya da düşüncəsi adıgedən mövzuda olduğundan diqqətini başqa heç nəyə verə bilmirdi. Axşam işdən gələn valideynləri ilə masa arxasında yemək yeyəndən və suallara “hə-yox” cavabını verəndən sonra heç bir vəchlə dodaqlarını aralamadı. Gecə yatmağa çalışdığı zaman gözünü qaranlıqda gəzdirir və boşluqda zehni müəyyən epizodlar yaradırdı. Həmin əsnada gözlərini pəncərədən ulduzlara dikdi. Təxəyyülü çox bulanlıq, çox yuxulu idi və anladığı, lakin idarəsini itirdiyi təsəvvürlər və canlandırmalar ona sirli duyğular yaşadırdı. Əvvəla, gözü ulduzlardaykən yeni gəlmiş vaksina üçün üç gün əvvəl həkimə getdiyini gördü və bu təsəvvüründə iynəni görən kimi ulduzları da ucu düz dünyaya tuşlanmış iynələrə bənzətdi.  Gözləri yavaş-yavaş yumulmağa başladığında bütün təsəvvürləri işləkliyini dayandırdı və yuxuya getdiyindən saatlar sonra həmin təsəvvür qalıntıları təkrar hərəkətə keçməyə başladı; lakin bu səfər daha rəngarəng, daha canlı və real görünürdülər. Hərçənd ki, yuxu qeyri-adilik təcəssümü idi, lakin, həmişə olduğu kimi, yuxu divarlarına xof hopmuşdu. Aysel səhər oyandığı zaman hər şeyin öz minvalında olduğunu düşünmüşdü. Lakin adəti üzrə, səhər çayı içməyə endiyi zaman babasını yenə televizoru seyr edən görmüş və bu səfər əvvəlkindən heç geri qalmayan, hətta ondan da mütəəssiredici bir xəbər eşitmişdi:

- Astronom və biofizika mütəfəkkirlərinin ortaq bəyanatına görə, bəşər tarixində bu gün bir ilk yaşanıb. Bəyanatda qeyd olunur ki, kainat canlıdı və dünya da onun həyat qaynaqlarından biridir. İnsanlar bu günə kimi bir şeyin canlı olması üçün müəyyən şərtlər qoşmuşdu, lakin bu mövqe yanlış imiş. Bu məlumatlara əsasən, dünyaya zərər verən insan çox təhlükəli bir virus, dağıdıcı potensial sahibi olan orqanizmdır. Günbəgün artan bu “virus”u yox etmək üçün kainatın tez bir zamanda tədbir görməsi gözlənilir.

Göz bəbəkləri böyümüş Aysel daxilindən bir şeylərin qaynadığını hiss edərək istilənməyə başladı. İçinə xof hopmuş titrək səslə babasına müraciətlə dedi:

- İndi bizə nə olacaq?

Babası boynunu sol çiyninin üstünə çevirərək dərin düşüncələr içində ona baxdı, gözləri donuq və boş idi, duruxmuşdu və sanki çıxılmazlıq bataqlığına düşmüşdü. Lakin, adəti üzrə, həmişəki kimi mehriban və bir az da ruha xitab edən bir səslə dedi:

- Doğulmamışdan əvvəl nə idiksə, ölümdən sonra da o olacağıq.

Cümləni elə xoş, elə rahat, elə nüfuzedici, elə inandırıcı dedi ki, bir anlıq Ayselin bütün təlaşı yoxa çıxdı.

Cümlənin bitməsilə birlikdə bir gurultu qopdu. Elə bil birlikdə qulaqlar kar oldu, işığın parıltısıyla bahəm gözlər seçmə qabiliyyətini itirdi və şokla birlikdə də şüur qapandığı kimi hər şeyi sonsuz bir heçlik əvəz etdi. Aysel qan-tər içində gözlərini açdığında özündə həddi-hüdudu olmayan görmə istəyi hiss etdi və səndələyə-səndələyə qaranlığı yararaq birtəhər işığı yandırdı; ətcəbala kimi döyünən ürəyini hiss etmək və əsasən də əşyalarını görməsi içini rahatlatdı. Nəfəs darlığını yox etmək üçün pəncərələri açdı və göydəki ulduzlara baxaraq qəlbindən bir sual keçirdi “İnsan nədi?..”


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!