Muğanna demişkən, "zaman o zamandı ki...", mənim on beş yaşım vardı və həyətimizin bir tərəfindən axan ensiz arxın sahilində, ağlayan söyüdün kölgəsində oturaraq dizimin üstünə qoyduğum "İdeal" kitabının səhifələrindəki boş yerlərə "dünyanın sonuncu "dəli"si"nin "zəhərlədiyi" beynimdən axan misraları düzürdüm. Yazırdım ki, "Mən bir odun içində, Bir od mənim içimdə, Ruhumu itirmişəm ulduzların köçündə..." Yazırdım ki, "Dünyanın bu üzünə gəlişim hədər deyil, Gəlmişəm nur əhlinin mən də dadına çatım...". Yazırdım ki, "Bağa qıldım, ey Nəsimi, gəl də gör kəmanımı, Söndürə bilməz bu dünya qəlbimin həqq şamını...".
Bax, bu dərəcədə "zəhərlənmişdi" beynim. Muğanna özü də bilmədən, on beş yaşlı bir "dəli" yaratmışdı ölkənin bir küncündəki balaca bir kəndin yamyaşıl həyətinin bir tərəfindən axan kiçik arxın sahilindəki ağlayan söyüdün kölgəsində. O "dəli" havanın, suyun, torpağın, odun dilini bilirdi, bitməz-tükənməz kainatın bir zərrəsi, eyni zamanda hər zərrəsiylə bitməz-tükənməz kainat oldğunu hiss edirdi, yerə-göyə sığmırdı bunu hiss etdiyini anladığı üçün - xoşbəxtliyindən.
Bir gün eşitdi ki, 2000-ci il deyilən bir zaman gələcək və dünya dağılacaq.
Qorxdu.
Bu, ilk real xəbərlə üz-üzə dayandığı anlar idi. Halbuki, bu xəbərə qədər ilk uşaqlığından bəri namaz qılan nənəsi ona Qiyamət haqqında hər şeyi danışmışdı. Halbuki, sevimli Muğanna da deyirdi ki, 1988-ci ildən etibarən yerdə su basqını başlayacaq. Lakin nənəsinin dediklərini nağıl, Muğannanın yazdıqlarını roman kimi qəbul edirmiş. İndi isə... Belə çıxırdı ki, bir ildir proses başlamışdı və 2000-ci ildə hər şey bitəcəkdi. Hesablamışdı, hər şey bitəndə onun düz iyirmi altı yaşı olacaqdı. Anasının qırx altı, atasının əlli altı... Dəhşət, adamın da iyirmi altı yaşı olar? Bu ki onun özünü təsəvvür edə bilmədiyi hansısa qoca qarı obrazı idi az qala. Qiyamət qorxusundan daha çox qorxutmuşdu bu iyirmi altı yaş qorxusu onu. Görəsən ali təhsil alacaqdımı, ərə gedəcəkdimi, uşaqları... yox, nə uşaqlar? Belə bir dünyaya uşaqlar gətirməkmi olardı? Olmazdı, kimsədən soruşmadan onu bu dünyaya gətirmək, buradakı xaosa məhkum etmək, hələ körpə ikən Qiyamətlə üz-üzə qoymaq... Rədd olsun iyirmi altı yaş, rədd olsun 2000-ci il!
Amma rədd olmadı heç biri.
2000-ci il gəldi, bizim eranın nə az, nə çox, iki min ili arxada qaldı!
Zaman o zamandı ki, o, ali təhsil almışdı, aşiq olmuşdu və dünyaya yeni insan gətirməyə hazırlaşırdı.
Daha "İdeal" oxumurdu, daha "zəhərli" şeirlər yazmırdı, yerə də sığmışdı, göyə də, bətnindəki yeni həyatın zərrə-zərrə yaranışına da.
"Qiyamət" o zaman qopdu ki, dünyaya gətirdiyi adamlar nağıl dinləmək, şeir oxumaq, yazı yazmaq, şəkil çəkmək istədilər. Yenə kitablar yada düşdü, dəftərlər, qələmlər alınmağa başladı... birdən ayıldı ki, əlifba da çoxdandır ki, dəyişib, onun yaza bilmədiyi hərfləri öyrənir bapbalaca uşaqlar və ona da öyrədirlər.
Birdən ayıldı ki, qafiyəsi-hecası darmadağın olmuş xaos ruhlu şeirlər yazır, gecə-gündüz məhkum olduğu qapalı ev həyatının dünya ilə yeganə bağı olan televizoru izləyə-izləyə kinopovestlər uydurur. Birdən ayıldı ki, özü kimi olanları axtarıb tanımaq istəyir, yazı ilə nəfəs alanları, ədəbiyyat ilə əbədiyyət arasında yerə-göyə sığmayanları, bu dünyadan olmayanları...
Bir də ayıldı ki, Qiyamət, əslində, iki min ildir ki, başlayıbmış və bəlkə də, 2000-ci ildə bitib. Hə, o bunu hiss etmişdi. Nə kvant fizikasının məntiqdən kənar vahiməsi, nə üçölçülü reallıqdan beşölçülüyə keçmə prosesinin verdiyi ümid, nə zaman və məkan səyahətlərinin hər an hər kəs üçün mümkünlüyü haqqında mübahisələr bu hissin yanlış olduğundan onu çəkindirirdi. Əksinə, yeni həyat şansı, yeni minillik, yeni insanlar onu yeni yazılar yazmağa, yeni yaranışın sirli prosesindəki kainat içindəki zərrə, zərrə içindəki kainat olmağa çağırırdı.
İllər keçdi bu təbəddülatla. Gah tapdığı insanlarda itirdi ümidlərini, gah itirdiyi ümidlərdə tapdı insanlığını. Bir də ayıldı ki, zaman keçir və həm də donub. Yazmaq lazımdır. Dünyanın xətrinə, insanların naminə, həyat üçün, üçüncü minilliyin insanları üçün üçüncü minilliyin ədəbiyyatını yaratmağa məhkumdur. Bütün janrların, bütün cərəyanların, bütün formaların çökdüyü, eyni zamanda bunların hamısının yeni həyat qazandığı yeni bir ədəbiyyatın odunu, suyunu, torpağını, havasını hiss etməyə, dilini bilməyə...
Bir də ayıldı ki, o, tək deyil...
Tək deyil və zaman o zamandır ki, həyat davam edir. Ədəbiyyat da.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!