-Qurtarın! Mənə kömək edin!- deyə Zamza bağırdı. Səs quyunun dərinliyində qaranlıq dibsizlikdə qəribə bir əks-səda verdi. Əvvəlcə qarşıdakı divara dəydi, sonra isə bir iki dəfə təkrarlanaraq əriyib getdi. Artıq bilinməyən, tanımadığı bu quyudan xilas üçün sığınacaq bir insan, Tanrı və fövqəlqüvvə axtarmağa ehtiyac yox idi. Eləcə kürəyini quyunun nəm divarına söykəyib qaranlıqda gözləməli idi. Əvvəlcə sükutu dinlədi. Səssizliyə qulaq asdı. Bir neçə saniyədən sonra quyunun divarından qopub yerə düşən və ayaqlarının altından axan kəhrizin içində şıppıltıyla əriyib gedən torpaq parçasının yaratdığı səsə qulaq asdı...
***
- Zamza, Zamza, tez ol. Oyan, işə gecikəcəksən,- deyə qapını ehmalca döyəcləyən anası Natəvan xalanın həlim səsinə oyandı. Üzərində uzun ayaqları olan böcək təsvirli yorğanını kənara tulladı və çarpayıdan hövəlnək özünü pəncərənin qabağına atdı. Həyətdə, pəncərənin qabağındakı boşluqda atasının əkdiyi qızılgüllərin üzərinə şeh düşmüşdü. Qapının ağzında həyəti sulamaq üçün çəkilmiş İran istehsalı olan plastik borular ölü ilan yığını kimi bir-birinə dolaşıb qalmışdı. Bir də həmin alma ağacı...
Zamza arxasını pəncərəyə tərəf çevirdi. Divara pərçimlənmiş güzgünün qarşısında dayandı. Gözlərinə baxdı. O, 75 kilo ağırlığında, 29 yaşlarında, qarayanız, qaraçərçivəli eynək taxan, qaradinməz bir gənc idi. Universitetin coğrafiya fakültəsini bitimişdi və öz sahəsinə dair iş tapa bilməyəcəyini oxuduğu müddətdə başa düşdüyü üçün, qəfil bir qərarla üniversitetdəki təhsilini məlum yollarla başa vurub reklam şirkətlərinin birində qrafik-dizayn işləri ilə məşğul olmağa başlayır. Sözün düzü, bu sahədə də xeyli fərasətli olduğunu demək olar. Çünki, Adobe Photoshop, Corel Drav və reklamçılıqla bağlı olan hər proqrama bələddir.
Zamza qaraçərçivəli eynəyini gözünə taxdı. "Samsunq" markalı telefonunun kənar düyməsinə toxunub açdı. Ekranın üst qismində ona gələn mesajların və zənglərin işarələrini gördü. Tez-tələsik həssas ekrana barmağını gəzdirib daxil olan zənglər və mesajlar qismini açdı. Bu reklam şirkətində onunla bir yerdə işləyən copywriter (mətnyazan) Nigar idi.
Nigar - Taleyin bir insanı saçlarından qeyri-müəyyən bir nöqtəyə çəkib apardığına yəqin inanırsınız. Mənim üçün də həyat elə bir çıxılmazlıq, təkadamlıq bir həbsxanaydı. Keçmiş həyatım, atamın ömürlük həbsi, anamın heç vaxt olmamağı kimi faciəvi hadisələr danışmaq istəmirəm. Buna ehtiyac da yoxdur. Məqsəd, burada Zamzanın hekayəsini danışmaqdır. Onun təbiətə və mövcud həyata olan yadlaşmasının bədii həlini tapmaqdır. Ancaq ona olan sevgim fərqlidir. O, özünəməxsus, səliqəli və çox intellektualdır. Bəlkə ona görə də onu çox sevirəm.
Nigarın hekayəmiz üçün belə bir fədakarlığı gözə alması, düzü, məni xeyli sevindirdi. Çünki, məqsəd onu da ətraflı tanış etmək idi. Ancaq görünür, bu hekayədə onun yerinin olmadığını görməsi daha məqsədəuyğundur.
***
Zamza coğrafiya fakültəsində oxuduğu ərəfədə evdə baş vermiş bir cinayət hadisəsini də unutmamalıdır. Atasının qəfil bir qəza ilə öldürdüyü qonşunun balaca uşağının bağdakı alma ağacının altında basdırılması və uzun illərdir valideynlərin hələ də həmin uşağı axtarması Zamzanı çox narahat edir. Bəzən tünd qırmızı boya ilə qapısı boyanmış qonşunun evinin qarşısından keçəndə fikirləşir ki, zəngi vursun və o gözü yaşlı qadını bir ümid təlaşıyla çağırsın. Bütün həqiqəti ona olduğu kimi danışsın. Desin ki, atam istəmədən bu cinayəti törədib. Təsadüfən evin damındakı çəkici həyətə atanda oğlunuzun başına dəyib və oğlunuz ölüb. Biz də sizdən qorxduğumuz üçün oğlunuzu həyətdəki alma ağacının altında dəfn etmişik. Ancaq sonrasını fikirləşəndə... Fikirləşəndə ki, həmin qonşu illərin əzabı və nigarançılığı ilə atasını cəzalandırmaq istəsə... Əgər belə bir şeyə cürət etsələr, onda gərək körpə uşağı öldürdüyü üçün atası həbsxanada yatsın. Yox. Elə vicdan bəzən susub əzablar içində işgəncələrə düçar olsa, daha məqsədəuyğundur. Bəzən həqiqətdənsə, elə yekəpər, iricə bir yalan daha yaxşıdır.
Zamza otağa keçdi. Televizorun qarşısındakı böyük yemək masasının ətrafında əyləşmiş atası və anası qəlyanaltı edirdilər. - İşə yenə gecikəcəksən,- deyə işlədiyi cinayəti çoxdan unutmuş ata dilləndi.
Natəvan xala ehmalca ərinin üzünə baxdı. Sanki onu tənbehləmək, oğlunun yanında olduğunu bildirmək, onu qoruduğunu və onun üçün də ərinin yeri gəldi-gəlmədi danlamağı qarşısında həyatda etməyəcəyi bir şeyin olmadığını demək istəyirdi. Bu baxış, ötəri, qəfil bir refleks kimi xəbərdarlıq xarakteri daşımırdı. Onun kökündə çox dərin mətləblər vardı. Bu baxışın kökündəki xəbərdarlığın elə ən birincisi bəlkə də belə idi. "Deyəsən, bizim susmağımız sənə yaman qol-qanad verib? Qatil"- deyə bilərdi.
-Heç yumurtanı axır vaxtlar yeyə bilmirəm. Zamza, gəl. Gərək soruşardım. Qaynamış istəyirdin, yoxsa yağda qırma... Hamınınkını qaynatdım. Sabah qızardaram...- deyə Natəvan xala masanın ortasındakı boşqabdakı yumurtanı götürüb Zamzanın boşqabına qoydu.
Divara pərçimli bir məşhur tablonun kopyasında iri gözləri olan qadın Zamzaya baxırdı...
Otağın içindəki sükunətdə eşidilən ağız şappıltısı, çəngəlin boşqaba toxunuşundan yaranan küt bir səs, atanın çarəsizliyə doğru tulladığı dərin "Ah!" səsi və ananın həmin an etiraz etmək üçün qurcalandığı stulun vintləri boşalmış ayaqlarının cırıltısı...
Zamza qaynadılmış yumurtanı çəngəllə ortadan iki hissəyə ayırdı. Yumurtanın tən yarısını yavanca yedi. Telefonu açdı. Əvvəlcə dünəndən yarımçıq qaldığı bir oyunu oynadı. 349-cu mərhələdə idi. Əgər bu mərhələni də keçsəydi, oyunda 1 saat fasiləsiz oynamaq haqqı qazanırdı. Oyun adətən yuxarıdan tökülən çiyələk, alma və fərqli fiqurlardan ibarət olan lövhədəki eyni üç işarəni birləşdirməklə davam edirdi. Hər üç simvol birləşdiyi an qəribə ulduzlar ortaya çıxır və həmin simvollar yox olur. Heçliyə sovrulur. Zamza günün böyük bir hissəsini məhz bu heçliyə sovurma əməliyyatını həyata keçirmək üçün sərf edirdi. Bəzən səhərdən axşama kimi telefonu əlindən yerə qoymur, müxtəlif bu tipli oyunlarda qalib gəlmək üçün mübarizə aparırdı. Sizifin adlı bir müştəbehin varlığını da yəqin bu məqamda Zamzaya xatırlatmaq lazımdır.
"Real Madrid-Chelsea- 1-0". Zamza dostu Kafkadan gələn bu mesajı oxuyar-oxumaz yerindən dik atıldı. - İşə gecikdim,- dedi. Qapının kandarında "Nike" ayaqqabılarını zorla, bağlarını açmamış ayağına ilişdirdi. Həyətə çıxdı. Kafkaya zəng vurdu.
-Alo. Salam. Ala, "Topaz"a etibar yoxdur, - deyə Zamza şikayətli bir halda dilləndi.
-Bütün maaşını yatırmışdın?
-Hə. Özü də yüz faiz bilirdim ki, hesab 1-1 olacaq.
-İşə gəlirsən?
Zamza susdu. Heç bir şey demədi. Telefonu söndürdü və fikirli bir halda evin 100 metr irəlisindəki şosedən ötüb keçən maşınlara baxdı. Sonra çox uzaqlarda kiçik bir siluet kimi görünən neft buruqlarına və fasiləsiz çalışan quyuların üzərindəki dəmir konstruksiyaların müştəbeh hərəkətinə acıqlandı.
Şosenin kənarından ötüb keçən maşınların qəribə şütüməklərini müşayiət etdiyi uduzduğu aylıq maaşı və həyatın bu sayaq davam edən darıxdırıcı yeknəsəqliyi qarşısında çarəsiz bir halda cibindəki qulaqcığı çıxardı. Son vaxtlar meyxanaya qəribə bir maraq yaranmışdı. Bakılı ləhcəsi ilə, gəlişigözəl bir formada, avazla deyilən bu qəribə səs-küy onun üçün yeganə əyləncə vasitəsi idi. Sanki bu bir-biri ilə ironiya edən, poeziyadan dəm vurub əslində tamamilə başqa bir nəsnə istehsal edən musiqi adlı səs-küyün fonunda Zamza gələcək həyatını fikirləşirdi. Zamzanın gələcək həyatdan gözlədiyi şeylər "Çox böyük idi". Onun hədəfləri var idi. Mütləq bir xarici maşın almalı idi. Nə bahasına olursa-olsun. Kreditə girib həmin maşını alacaqdı. Özü də hesablamışdı, maşının kreditini vaxtlı-vaxtında ödəsə, 5 il sona özünə qalır. Ev məsələsi həll edilmişdi. Atasından qalan ev onun evi idi. Çünki evin bir oğlu idi. Başqa bir şeyə ehtiyacı yox idi. Nigar da halal süd əmmiş qız idi. Onunla da evlənəcəkdi. Reklam işi də pis deyil. Bir də bir az kompüter təmirindən başı çıxırdı. Özündən soruşsaq, belə deyər. "Hə, qaqaş, mən kompüteri söküb-yığıram. Format lazımdırsa, edim. Cd-Rom, DVD-Rom, tapım. Dizayn proqramlarını da ki, əla bilirəm. İstəsən sənin üçün sayt da yığa bilərəm."
Bəs, həyətdəki o ölünü necə edəcəklər? Bu üçnəfərlik ailənin başı üzərində fırlanan həmin körpə qətlinin nə ilə nəticələnəcəyini heç kim bilmir. Deyilənə görə belə işdən ötrü adama 15 il həbs verirlər. Çox vaxt, əslində əksər vaxt ailə bu ölünü tamamilə unudurdu. Onlar da hamı kimi qohum toylarında pul salır, əl qaldırıb oynayırdılar. Ya da eyni ciddiyyətlə yaslara gedir. Çıxanda ölənin yaxınına başsağlığı verirdilər. Ancaq lənətə gəlmiş insan yaddaşı. Hər şeyi ən lazımsız anda xatırladır. Sanki çox əhəmiyyətli bir şeymiş kimi bu hadiəsni də bütün detallarına qədər onun xatirəsində saxlamışdı. Qəfil bir duyğu seli peyda olan kimi, həmin hadisədən bir səhnə gəlib atasının gözlərinin qarşısında dayanırdı. Belə məqamlarda bu yaşlı adam eyvana çıxır və siqaretini var gücüylə ciyərlərinə çəkərək uşağı basdırdığı alma ağacının altına baxırdı.
Avtobusun pəncərəsindən bir müddət yol boyu uzanan neft vışkalarına baxdı. Boz, quru torpaqların üzərindəki bu dəmir konstuksiyaların enib-qalxan başı onda həmişə qorxulu, ağzından od püskürən əjdahaları xatırladır. Zamza bu dəmir yığınına qarşı içində qəribə bir qorxu duyurdu. Həm də deyəsən nifrət edirdi. Bu boz və tutqun vışkalar onu çox qorxudurdu. Qəribə bir əsəb gətirirdi.
Qulaqcıqlardan gələn meyxana yolun yarısında onu bezdirdi. Telefonu söndürdü. Yenidən əvvəlki kimi oyununa qaldığı yerdən davam etdi. Növbəti mərhələni keçdi. Ekranda winner! Yazıldı.
-Bilirəm axı, balam axırıncı dəfə sizə gəlmişdi. Natəvan, balama nə oldu?- deyə qonşu yarı özündən əmin halda dilləndi. Bu 28 yaşlı qadın şübhəsinin doğru olub-olmadığını bilmir. Ancaq bir ana instinkti ilə, əslində körpəsinin bu həyətdə, ona yaxın bir yerdə olduğuna şübhələnirdi.
Natəvan bu məqamda əsl aktyor kimi əllərini dizinə çırpır, ağlayır, göz yaşı tökür və and-aman edirdi ki, heç nədən xəbəri yoxdur.
Ancaq Zamza bu qadının əl çəkməyəcəyini, bir gün qorxduğu həmin hadisənin baş verəcəyini bilirdi. Bəlkə də həmin hadisə heç vaxt baş verməyəcək... Neft vışkaları adəti üzrə tələm-tələsik quyuları soracaq, alma ağacı bar verəcək, yarpaq tökəcək, quruyacaq, kəsiləcək... həmin fikirli adam eyvanda siqaret kötüklərini həyatın bütün əzabına qarşı etiraz edirmiş kimi, qeyri-müəyyəniliyə tolazlayacaq və bütün şeylərin üzərindən "Zaman" adlı əzəmətli bir külək əsib hər şeyi öz ilkin mənasından arınmış yeni formalara salacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!