Ağlayıram... yatmıram ki, gecələr...
Sücayət
İndi mənim dərindən aldığım hər nəfəs idman təmrinlərindən daha çox "ah"dır. Bu yaşda bu "ah"ları çəkməyə haqqım varmı, görəsən!? Cavanların imtiyazına tamah salmırammı? Eşq yolunda ah çəkmək kimi şirin əzabı Tanrı onlara qıyıbmı barı!? Axı əsrimizdə oğlanlar daha suyuşirin, qızlar daha əlçatan olub.
Bir oğrun baxışa can qurban eləyən cavanlar da yoxa çıxıb artıq. Əl telefonları var, internet var, göz görüb-üz utanmayan hansı istəkdə desən elektron yazışmalar var... bir də açıq-saçıqlıq. Yazıq məhəbbət başına haranın daşını salsın ki... olsun...
Televizoru açıram. Müğənni gileyini etibar edir mənə: - Sevgiyə naz nə gərəkdi!
Qız isə ondan da çox yanıqlıdı: - Sevgisiz naz ola bilməz!
Yadıma sən düşürsən. Yadımdan çıxmışdınmı məgər!? Səninlə münasibətimin on ili də ötdü. Bu on ildə, Tanrı zalımı, səndən bir dəfə də olsun naz görmədim. Mənə elə gəlir ki, sən nazın nə olduğunu da bilmirsən. Yox, yanıldım, bir dəfə nəsə buna oxşar bir şey olmuşdu...
Yadındadırmı, məndən növbəti dəfə qaçaq düşdüyün günlər idi. Telefonu söndürüb, bizi dağa-daşa salmışdın. Axır ki, ümid qapısı açıldı...
Heç cür qayıtmaq fikrin yox idi. Qəlbini isidən sözlər eşitdin məndən. O qədər gözü-könlü tox idin ki, bu xırda yanğılar da ruhuna od saldı. Sən istəyirdin, yalan da olsa, həmişə məndən ümidverici sözlər eşidəsən. Amma... yalan danışa bilirdimmi!?
Dedim, biz bir-birimizə "sevirəm" deməsək də, bir-birimizi sevirik axı. Rus şairi Yesenin şərqli məhəbbətini necə də ğözəl ifadə eləyib:
Çəkib açan zaman qara çadranı,
"Sevirəm" sözünü əllər deyərdi.
Sən isə bir dəfə mənə tələsik "sizi sevirəm" demişdin.
Bu etirafı bir daha öz dilindən aydın eşitmək üçün özümü eşitməzliyə vurmuşdum:
- Nə dedin?
Cəsarətin çatmamışdı "...sevirəm"i təkrar eləyəsən. Həm də elə bilmişdin bu aciz etirafınla hər şeyi həll etmiş olacaqsan...
Yanıma qayıtmaq üçün bir sıra şərtlər qoymuşdun qarşımda:
- Qayıdacam... amma məni gəzməyə aparacaqsınız, muzeyləri göstərəcəksiniz, bir də qışqırmayacaqsınız!
Mən də ürəklə söz vermişdim:
- Səni gəzməyə də aparacam, muzeyləri də göstərəcəm, qışqıracam da.
- Yoxxx!..
Razılaşmışdım:
- Səhv eləyib, mənə ziyan vuracaqsan, deyəcəm: "Bizi zərərə saldığın üçün minnətdaram. Belə şeyləri tez-tez elə!".
Gülmüşdün...
Elə səhəri gün də qayıtmışdın. Onsuz da arxayın idim ki, şərtsiz də qayıdacaqsan. Ona görə belə danışıram ki, siyasətdən kənar, biclikdən kənar, kin-küdurətdən kənar sevirdin məni.
Onda əhvalın da yaxşı deyildi; hardansa sinənə əl boyda bir qızartı düşmüşdü.
Götürüb səni həkimə apardım. Kabinetdə üst köynəyini çıxaranda mənə baxdın və sifətində işıq gördüm; qaşınla-gözünlə nəsə anlatmaq istəyirdin mənə. Əsl şirvanlı him-cimiydi. Onda bu hərəkətin ruhuma od salmışdı... İndi də yadıma düşəndə, sənin yoxluğun dağ kimi dikəlir gözlərim önündə; canımı qoymağa yer gəzirəm. Sənin mənə on ildə ilk və sonuncu nazın idi bu.
Həkimin yanından çıxanda:
- Nə deyirdin? - Soruşdum.
- Həkim fikirləşməzdi ki, bəs - dedin -bu qız nə əcəb yad kişinin yanında soyunur...
- Soyunmaq belə olur məgər!?
- Yozmayın da... - Gülümsər gözlərinlə üzümə baxmışdın.
Bəli, sən naz eləmək fənnindən xəbərsiz idin və buna görə də məni yandırıb-yaxa bilmədin.
Bəlkə də, ev qızlarının çox halda qarıyıb-qalmasının səbəbi elə bu - olmayan "naz"dı. Amma el arasında deyildiyi kimi, "dingiş" qızlar bir göz qırpımında ərə gedir. Çünki onlar naz da bilir, nazın qədrini də. Şəhriyar deməyib məgər:
Çoxlar incikdi ki,
sən onlara naz eyləmisən,
Mən də incik ki,
mənim nazımı az eyləmisən.
Bəli, sən belə şeylərdə naşıydın. Odur ki, bir igid ömrü qədər münasibətimiz olsa da, sən özünü mənə şirin sala bilmədin. Məhəbbət iştəklərimə də bir mütilik görürdüm səndə.
Düzünü bilsən, istəyirdim məni süründürəsən, istəklərimə biganəlik göstərəsən, şıltaqlıq eləyəsən, tez ram olmayasan. Lakin bütün bunlardan səndə əsər-əlamət yox idi. Bəlkə də, bu mənə olan böyük sevgindən irəli gəlirdi. Axı mən sənin ilk məhəbbətin idim. Bəzi qısqanclıqlarıma da, üzü-üzlər görmüş, amma gəlin olmuş, ana olmuş bic qadınlar kimi ehtirasla Allaha, imama yalandan qəsəm eləməzdin. Az qala güclə eşidilə biləcək, halal və qısa cavab verərdin:
- Nə olubsa, sizinlə olub...
Bir dəfə də olmuş olsa "sən" deməmişdin mənə. Mən sənin üçün həmişə "siz" olmuşdum. Bəlkə də, aramızdakı bu soyuqluq da burdan irəli gəlirdi...
İndi isə sən yoxsan. Hərdən ayılıram ki, gözlərim bir nöqtəyə ilişib qalıb.
Belə hal bir dəfə də başıma gəlmişdı. Onda orta məktəbi təzə bitirmişdim. Kəndli təfəkkürüylə evlənmək vaxtım olmadığından sevə bilmək vaxtım da deyildi. Odur ki, aramızda ruhi məhəbbət olan qızı kənddən çıxarıb, rayon mərkəzinə - qohumları gilə aparmışdılar ki, bir-birimizi görməyək.
Bığ yeri təzəcə tərləmiş bir cavan idim, eşqim də xəyali... Həyətimizdəki göy çəmənliyə ağzı üstə düşüb, hönkürtüylə ağlamışdım.
İndi isə yarı yaşını adlamış kişiyəm... ürəyim qan ağlayır...
Tez-tez göynərtilər baş qaldırır sinəmdə; xatırlayıram - səhərdir, pilləkənlərdə əvvəlcə doğma ayaq səsləri eşidilir, sonra açar cingiltiləri gəlir. Qapını açıb, içəri girirsən. Nə durub qabağına gedirəm, nə səni qucaqlayıb bağrıma basıram, nə də üzünə xoş baxıram. Guya sən bu evin qanuni arvadısan, borcunu yerinə yetirirsən əlidolu bazarlıqdan qayıdırsan.
Dərindən nəfəs alıb, könül rahatlığıyla işə başlayıram...
Son vaxtlar az qala hər səhər çıxıb gedəcəyin günü gözləyirdim. Ürəyimə daman başıma gəldi.
Fikirləşirəm, ayaqların əvvəl səni mənim yanıma gətirərdi. İndi ürəyin necə var gəlib başqa yerə gedirsən? Heç çaşıb mənim yanıma gələn avtobusa mindiyin olubmu görəsən!?
Axı, sən mənim yanımda həyata atılmışdın. Axı, məhəbbət iştəklərini də məndən görmüşdün. Mənim qanunlarımla da oturub-durardın. Tez-tez yadıma düşür; yanımda on adam olsaydı, sənə yüz sual versəydilər belə, sən mənim üzümə baxıb, cavab verərdin. Hiss eləyirdim ki, bundan inciyən də olur. Amma sən mənim yanımda beləydin. İndi isə başqa biriylə işləyirsən. Hər səhər mənə verəcəyin salamı ona verirsən, axşam da onunla xudahafizləşib gedirsən. Sənin və mənim tanıdığım şairə Məftunxanım demişkən, fikirlər məni dara çəkir...
Son günü, ağlıma da gəlməzdi, bu son gün olar, səni könlünün quşu uçmuş gördüm. Otağımda yerə düşən çöpü götürdüyün halda, ayağına dolaşan sellofan torbalarını belə "görməmişdin". Düzü, bu mənə qəribə gəlmişdi. Düşünmüşdüm, bu qızdan çıxmayan iş, nə əcəb bunları götürməyib. Hətta çağırmağıma da incik gəlirdin və başını dik tutub, sözlü adam kimi baxırdın üzümə, yəni: "Nə istəyirsiniz!?".
Demə, gedəcəksənmiş.
Heç səni qınamalı da deyildi. Odla-su arasında qalmışdın. Evdə "İşdən çıx!" deyirdilər, işdə isə mən vardım...
Sonuncu gün ağzına necə dil vermişdilərsə, mənimlə hikkəylə danışırdın. Hətta cavabı aylarla fikirləşmək tələb eləyən sual qarşısında qoymuşdun məni:
- Saat altıya qədər vaxtınız var, qərarınızı bildirin. Bəsdir məni küçələrə atdığınız! Mən də istəyirəm qadın olum, ana olum, ailəm olsun. Qəbul edirsinizmi məni!?
- Axı bu, indi mümkün deyil.
- Nə vaxt mümkün olacaq!? Atam-anam öləndən sonra?
- Allah eləməsin!
- Yoxsa özününkülərin üzünüzə bərələn gözlərindən qorxursunuz!?
Sən bu sözləri hardan tapıb deyirdin!? İlahi, lap çaşıb qalmışdım!
Məni ittiham eləyirdin:
- Bütün bunlar sizin mənə laqeydliyinizin nəticəsidir!
Mən sözün həqiqi mənasında sənin qarşında təmizə çıxarılması mümkün olmayan günah işlətmişdim. Bu günahla da sən mənim namusum olmuşdun. Özün də bilirsən ki, bu, təsadüfün nəticəsiydi. Həmin günün axşamı səni yola salanda, təşvişə düşdüyümü görüb təsəlli vermişdin mənə:
- Belə münasibətlərin axırı belə də olmalıydı!
- Yox, səni tək qoya bilmərəm! Sən məni əbədi olaraq özünün arxanda hiss edə bilərsən!
Amma sonralar. Dəfələrlə üzümə dirənib qalan umacaqlı baxışlarını görsəm də, dəfələrlə özümü o yerə qoymamışam. Bir dəfə, səndən çıxmayan iş, qəribə bir etiraf elədin mənə:
- Bir gecə sübhə qədər yuxu aparmadı məni. Səhəri dirigözlü açdım. İdarəyə gələndə gördüm ki, xəstələnib, işə çıxmamısınız. Heç bilirsiniz, siz olmayanda neyləyirdim? Köynəyinizi, paltarınızı iyləyirdim.
O günü - işdən gedən günü səndə harasa-kiməsə böyük bir ümid gördüm. Kiməsə-nəyəsə arxalandığını hiss etdim. İllərlə mənə xoş dəqiqələr bəxş etdiyin halda, o günü özünü mənə haram bildin...
Son görüşümüz gəlib durur gözlərim önündə. Başını qoymuşdun köksümə. Sinəmə şeh kimi oğrun, utancaq, xırda öpüşlərin düşürdü. Məni qanuni haqqın bilmədiyindən məhəbbət işdəklərində belə az qala razılığımı gözləyirdin...
İki gün sonra isə üsyana qalxmışdın: "İşdən və çarpayıdan başqa nə bilirsiniz axı!?".
Allahın böyüklüyü onda deyil ki, O, yaradandı. Bir də ondadır ki, O, bağışlayandır. Bizə günahlarımızı yumaq üçün Kəbə verib. Mənim də sənin qarşında günahım az deyildi. Mənə sənin Kəbə qapıların lazım deyildi, vaxtın lazım idi...
***
Sən yığışıb getdin. Getməmişdən əvvəl gəlib mənimlə xudahafizləşdin: "Sağ olun!". Dinmədim. Sənə "yaxşı yol" deməyə dilim gələrdimi!? Gülməli çıxmazdımı "mənim taleyimdən getdiyin üçün sənə yaxşı yol arzulayıram" deyəydim!?
Bir daha "Sağ olun!" - deyib, qapıya yönələndə dilləndim:
- Dayan, maşınla aparım.
- Yox! - deyib, tələsik eşiyə çıxdın.
Mən tez qalxıb, sən məni görməyəsən deyə, pərdənin dalından pəncərədən baxmağa başladım. Sən yolu keçib, əlindəki çantanı oturacağın üstünə qoydun. Arxan mənə dayandın. Bir azdan avtobus da gəldi və minib qabaq cərgədə əyləşdin.
Maşın uzaqlaşanacan gözüm dalıyca qaldı. Bir dəfə də olsun çevrilib illərlə gəlib-getdiyin, yaşayıb-işlədiyin, qəmlənib-şadlandığın, sevib-sevildiyin məkana baxmadın. Sənin getməyindən çox, bu məni yandırıb-yaxdı.
Nə ağrısız ayrılırdın məndən!
Dözmədim. 30-35 dəqiqə sonra əl telefonuna iki dəfə fasiləsiz zəng elədim, cavab vermədin. "Yaxşı yol!" deyəcəkdim sənə.
***
Yadıma 20 Yanvar faciəsi düşür. Rus-erməni birləşmələri Bakıda qırğın törədəndə İlham adlı bir gənc də həlak olmuşdu. Bu itkiyə dözməyən Fərizə - İlhamın həyat yoldaşı nağıllardan bizə tanış olan fədakarlıq göstərmişdi - intihar eləmişdi. Bu böyük məhəbbətin qarşısında indi baş əyirəm.
Rus qadınları da XIX əsrdə öz sevdiyi insanların dalıyca Sibirə gedərdilər. Amma sən, nə qədər xahiş elədimsə də, iki gün qalmadın. Hər şeyi altı altda, üstü üstdə qoyub getdin. Bu hərəkətin qırxı çıxmamış körpəsini ərinin üstünə atıb gedən gəlini xatırlatdı. Sən bu boydamı nifrət eləyirdin mənə!? Can sınağı olsaydı neyləyərdin görəsən!?
İndi fikrimdəki yalnız sənsən. Sənin yarımçıq taleyin düşündürür məni. Bu taleyi axı mən vermişəm sənə. Sən necə xoşbəxt olacaqsan!? Mənim yanımdan gedəndən sonra heç bu barədə fikirləşmisənmi?
Bayaqdan işçilərə qız-qadın kimi baxırdım. Sən gedəndən sonra onlar mənimçün adi işçi olub.
Gecələr mürgü döydüyüm anlar olur ömrümdən indi. Daha dost-tanışı da təbəssümlə qarşılaya bilmirəm. Qulağım səsdədi; hər an zəngini gözləyirəm.
Sən ürəyimin söykənəcəyi olsan da, məni bu kimsəsiz dünyada tək qoyduğun üçün ayaqlarına getməyi özümə sığışdırmıram.
Bu məhəbbət sönənə kimi ona çır-çırpı atacam. Daha onu alovlandırmaq fikrim yoxdu. Bilirəm, vaxt gələcək, bu gedişin ağrısını duyacaqsan. Hələ ki mənim "haqsız işlərimdən, laqeydliyimdən, danlaqlarımdan" səngər qurub, ayrılıq iztirablarını dəf eləyirsən. Haçansa geri qayıtmaq arzusu sinəni yumruqlayanda, çalın-çarpaz əllər uzanacaq qarşına. Görəcəksən... vicdanındı. Onda ayılacaqsan ki, mənim taleyimə qayıtmaq haqqını uduzmusan.
Şairlər ömrü boyu gözəllərin vəfasızlığından yazıb. Bu yazılara həmişə şübhəylə baxmışam. Sənin gedişindən sonra yanıldığımı dərk etdim.
Dərk etdim ki, demə, qadın səninlə olanacan səninmiş.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!