Sözümüzün məşəlçiləri - Rüstəm KAMAL

Rüstəm KAMAL

Çaylar məcrasını dəyişir, şəhərlər yer üzündən silinir, dövlətlər tarix səhnəsindən yox olur, amma türkün sözü yaşamaqdadır. Bunun üçün minnətdar olacağımız şəxslər - katiblər, münşilər var. İndi onların adlarını kim xatırlayır? Onların adları, əməlləri tarixin tozlu hücrələrində qalıb unudulub. Görünür, böyük şairlərin, ünlü alimlərin kölgəsində qalmaq və unudulmaq onların acı taleyidir…

Onların adları hərdən bir qədim əlyazmaların arasından boylanır - səbrli, təvazökar katibin - Münşinin nəfəsini hiss edirsən. Bəzi ədiblər, ziyalılar Münşi, Katib adını özlərinə təxəllüs kimi seçdilər. İskəndər Türkman bəy Münşi, Katib Çələbi, Əbül-Fərac Əl-İsfahanı əl-Katib... İskəndər bəy Münşi "Tarixi aləmayari - Abbasi" əsərində bir neçə katibin - Münşinin xidmətlərindən, yüksək mərtəbələrə çatmasından iftixarla söz açır.

"Ot quruyur, çiçəklər tökülür, söz isə nəsildən-nəslə keçir". - Xristian mətnlərinin üzünü köçürən bir katib - rahib belə deyirdi…

Canlı sözümüzü gözlərinin nuru ilə, barmaqlarının istisi ilə əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürmüş bu cəfakeşləri - dilimizin məşəlçilərini unutmağa haqqımız yox…

Yayın bürküsündə, qışın soyuğunda, yarımqaranlıq zirzəmilərdə, rütubətli emalatxanalarda, saray kitabxanalarında, dükanlarda, məscid-mədrəsə künclərində Şeyx Nizaminin "Xəmsə"sini, Dədə Qorqud öyüdlərini Şah Xətainin "Dəhnamə"sini, Seyid Nəsiminin ilahilərini, Molla Pənahın gözəlləmələrini, yazıya köçürdülər.

Bunu yazdım qış idi,
Qələmim qamış idi.
Oxuyan məzur tutsun,
Əlim üşümüş idi.

Ağır, məşəqqətli zəhmətləri müqabilində aldıqları qəpik-quruş, qazandıqları xəstəlik və unudulmazlıq olub. Özləri də əlyazmaların sonunda etiraf edirlər:

Çox əmək, zəhmət çəkib gördüm ələm,
İndi isə təmmət deyib saldım qələm.

Onlar fələyin gərdişindən, güzəranlarından şikayət etsələr də, oxucuların onları dua ilə yada salacaqlarına ümid bəsləyirdilər, Allahın günahkar bəndələri kimi bir dua təmənnasında olmaları onların halal haqqı deyilmi?

Katiblik Orta əsrlərdə irsi xarakter daşıyırdı, nəsil məsləyi, sənəti sayılırdı. Bu nəsillər "ət-tüğrayi" ləqəbini daşıyırdılar. Atabəylər dövlətində ən məsul vəzifələrdə çalışmış Təbriz əsilli ət-tüğrayilərin adları tariximizin şərəfli səhifəsinə düşübdür.

Fazillər və ariflər ruzi-bərəkətləri halal olsun deyə katiblik-münşilik sənətini seçirdilər. Dövrün məşhur qaziləri, zahidləri, tanınmış fiqhləri katiblik edib yazdıqlarını satıb dolanardılar, cəmiyyətdə nüfuz sahibi olurdular. İskəndər bəy Türkman Münşi onlardan birinin adını əsərində şərəfləndirir: "Öz qabiliyyət və istedad zivəri ilə zinətlənmiş və yaxşı təhsil görmüş mərhum Mirzə Kafi Münşi də o sahibdövlətlə (Məlik Bəhramla) qohumluğuna görə yüksək məmləkətlər münşisi mənsəbinə çatdı və o həzrətin kimya təsirli təlimi nəticəsində bu peşədə xeyli tərəqqi etdi, öz mövzun qələmi ilə başqa münşilərin qələmləri üstündən yoxluq rəqəmi çəkdi…

O silsilədən olan adamlar uzun müddət bu əbədi dövlətdə həmin yüksək vəzifədə çalışmaqdadırlar".

Münşilər əhli - hal, yüksək və zərif zövq əhli idilər. Onların içində bir şairlik damarı var. Əlyazma mətninin haşiyələrində münşi sevdiyi poetik parçaları, qutsal kəlamları köçürürdü. Onların tərtib etdiyi, köçürdüyü əlyazmalar qiymətli sənət əsəri kimi saxlanılırdı, ya da hörmətli, nüfuzlu  insanlara bəxş edilirdi. "Vaqif… bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhd Əlyuna ithaf olaraq yazdı, üzü köçürülmək üçün özü ilə götürdüyü xəttata verdi" (Y.V.Çəmənzəminli. "İki od arasında") 

Katib - münşi həmişə öz qələminə hörmət edibdi. Qələminə, xüsusən qələminin ucunun itilənməsinə, yonulmasına xüsusi qayğı göstərirdi. Onun inancına görə, katibdə qələmin yeri, döyüşçüdə nizənin yeri kimidir. Qələm ucunun yaxşı yonulması gözəl xəttin yarısı deməkdir. Tarixi qaynaqlarda qələm ucunun yonulması üsulları ilə bağlı maraqlı şərhlər, traktatlar da mövcuddur.

Xəttin gözəlliyi orta çağ insanının estetik dəyərlərindən biri idi. Xəttatlıq əxlaqın göstəricisi idi: "yazının saflığı" "ruhun saflığı" hesab olunurdu. Katibin xəttatın "içi saf, dışı saf" (Qazi Bürhanəddin) olmalıdır. Əhmət Hamdi Tanpınar deyir ki, Müştakimzadənin "Tuhfe-i Həttat"ında hər hərfi bir mələk gözləyir. Yazıçı daha sonra əlavə edirdi ki, xətt sənətindən hərf mələkləri qeyb olduğundan arxasındakı böyük mədəniyyət də geri çəkildi, yerində  "sadəcə əsl bir həndəsə" olaraq qaldı…

Münşi katibi yazıçı deməkdir. Münşilər ədəbiyyatımıza, yazı mədəniyyətimizə bir üslub strategiyası, fərqli ritorik sistem, yəni "münşiyanə üslub" gətirdilər "Munşiyanə üslub dedikdə klassik Şərq bəlağət sənətindən bəhrələnən, müxtəlif bədiiyyat vasitələrindən geniş istifadə edilən məktub və əsərlərin dili başa düşülür" (Paşa Əlioğlu).

Əlbəttə, katibliyin ən yüksək və qutsal statusu - Tanrı kitabını - Qurani-Kərimi yazıya almaq idi. "Dədə Qorqud"da Quranı yazıya alan katib "alimlər sərvəri" kimi Osman Uffan oğlu (Üçüncü xəlifə Osman ibn Afvanın vaxtında Əbu Bəkr əs Siddiq dəri, xurma yarpaqları, sümüklər üzərində yazılmış və ayrı-ayrı adamların əzbərləyib yadda saxladıqları Quranı axtarıb tapmağa başladı) öyülür və vəsf edilir:

Yazılıb-düzülüb göydən endi,
Tanrı elmi Quran görkli
Ol Qurani yazdı- düzdü
Üləmalar ögrənincə ölçdü-biçdi
Alimlər sərvəri Osman
           Uffan oğlu görklü.

Orta əsrlər katibi-xəttatı bu işin müqəddəsliyini anlayırdı. Əlyazma onun üçün dini-mistik akt kimiydi. Şair-katib öz əlyazmasını "bəsmələ" ilə, yəni "Bismillahi ər-rəhman ər-rəhim" sözləri ilə başlayırdı.

Quranın üzünü köçürmək həqiqəti dərk etmək imkanı və məqamı idi. Quranın sakral mənalı sözləri yazmaqla, köçürməklə həm də Tanrıya, Onun Rəsuluna və Kitabına sitayiş edirdi. Qurani-Kərimin mətnini köçürmək iman məsələsi idi. Tanrı kitabının hər surəsinə, hər ayəsinə, hər bir hərfinə toxunma, əlinin və qələminin qutsal mənalarla təması onun içini işıqlandırırdı, saflaşdırırdı.

Şərqin və Azərbaycanın bir çox böyük şairlərinin Quranın üzünü köçürməsi bu inancdan gəlir. Bir müsahibədən oxumuşam ki, Ustad Şəhriyar da ömrünün son illərində Quranı köçürürmüş və nədənsə bu zaman böyük şairin keçirdiyi mistik hissləri anlamaq istəmişəm:

"- Eşitmişəm ki, Quranı öz xəttinizlə köçürürsünüz, onun bəzi hissələrini nəzmə çəkirsiniz? Bu, doğrudurmu?

- Mən bir müddət Qurani-Kərimi öz xəttim ilə yazmağa məşğul idim. Amma onu şeirə çəkmirəm".

Fars şeirinin nazlandığı saraylara buraxılmayan sözümüz köçəbə çadırlarında yaşadı, ozanların yüyrək dilində, dərvişlərin uca könlündə el-el, oba-oba  dolaşdı. Günlərin birində, adını bilmədiyimiz bir ozan - katib Qorqud atanın kəlamlarını, oğuznamələri yazıya aldı. Maraqlıdır: akademik Kamal Abdulla oğuznamələrin üzünü köçürən həmin katibi Dədə Qorqudla eyniləşdirir: "Dədə Qorqud adlı ozan - səliqəyə salan ozan-yazıya alan katib". Oğuznamələr "hər üç yaradıcının nəfəsini hiss etməyə imkan verir. Əgər Dədə Qorqudun yaradıcı qüdrəti bütün hadisələrin, ədəbi-bədii obrazların mayasındadırsa, "səliqəyə salan" ozan artıq Dədə Qorqudun özünü, üçüncü, kənar səxs kimi hadisələrin cərəyan mərkəzinə sala bilir".

Vatikanla yanaşı, "Kitabi-Dədəm Qorqud"un nüsxəsi saxlanılan Drezden şəhəri mənim üçün dünyanın qutsal və mübarək məkanlarından biridir. "Dədə Qorqud" boylarını - oğuznamələrini yazıya alan (üzünü köçürən) həmin katib isə türk dünyasının mifik, müqəddəs varlığıdır. Dədə Qorqud dilinin ecazkarlığını kağıza köçürə bilən katibin möhtəşəm əməli göstərir ki, atalarımız yalnız igid döyüşçülər, "dini-Məhəmməd yolunda" vuruşan qazi ərənlər olmayıblar, həm də atalarımızın müqəddəs kəlamlarını, ucakönüllü dərvişlərin ilahilərini, əcdadlarımızın hünər  dastanlarını yazıya alan böyük alimlər olublar.

Hər dəfə "Kitabi-Dədə Qorqud"u əlimə alanda, Drezden  nüsxəsində üst sağ küncdə "tarixi-vəfati - Osman, sənə 993" yazısı, aşağıda sağ küncə doğru "Məhəbbətnamə ağzında yazılmışdır" qeydinin sehrindən qopa bilmirəm. Tədqiqatçıların fikrincə, bu cümlə əlyazmadakı xətt növünə işarə edir, yəni həmin qeyd katibə məxsusdursa, "Məhəbbətnamə ağzı" sözlərini əbsəd hesabı ilə Drezden nüsxəsinin yarandığı tarix kimi (hicri 664 (miladi 1284) qəbul etmək olar…

Ozan təhkiyəsinin sehri, qopuzun magik ritmi katibin səbirli yaradıcılıq ehtirası ilə necə qovuşubdur! Bu mübarək əlyazmalar (Drezden və Vatikan nüsxələri) onu türkün ən böyük şairi hesab etməyimizə imkan verir. İlahi, həmin katib-şair "İxlas" surəsini necə düzüb qoşub!

Yucalardan yucasan,
Kimsə bilməz necəsən, əziz Tənri!
Anadan doğmadın sən,
atadan olmadın,
Kimsə rizqin yemədün,
Kimsəyə güc etmədün.
Qamu yerdə əhədsən,
Allahü səmədsən!..

Doğrudan da, otlar quruyur, çiçəklər tökülür, söz isə nəsildən-nəslə keçir - bunun üçün sizə bir şükranlıq borcumuz var, ey sözümüzün məşəlçiləri!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!