"Kameral təsvir", "Mütrüb dəftəri" və keçmişimiz üzərində gəzişmələr - Məti Osmanoğlu yazır - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

 

Ötən əsrin 90-cı illərindən publisist kimi tanıdığımız, ictimai reallıqlara öz prinsipial yanaşması ilə seçilən tədqiqatçı alim Nazir Əhmədlinin xüsusi inad və fədakarlıqla bir-birinin ardınca çap etdirdiyi "kameral təsvirlər"ə - Rusiya İmperiyasının XIX əsrdə tərtib etdirdiyi vergi kitablarına Azərbaycan cəmiyyətinin müəyyən bir qisminin, özü də savadlı və ictimai-siyasi cəhətdən fəal insanların bəslədikləri münasibət, yaratmağa çalışdıqları ictimai rəy istər-istəməz Əbdürrəhim bəy Haqverdiyevin "Mütrüb dəftəri"ni yada salır. Hekayənin qəhrəmanı Qasım əmi camaata məsləhət eləyir: "Camaat! Biz indiyədək dövlətin heç bir əmrindən boyun qaçırmamışıq: qızıl pulu, tüstü pulu, dinməver pulu... hamısını öz vaxtında vermişik; biyara buyurublar getmişik... Amma indi bir dəftər gətirib veriblər mollaya. Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına "mütrüb dəftəri" deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi? Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın! Canım, rusun biri niyə mənim arvadımın adını bilsin? Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik. Buna, araba ilə dovşan tutan rus deyirlər. Bu gün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb saldat aparacaq. Biz, dübarə deyirəm, mütrüb dəftərini qəbul eləməyəcəyik".

Bu məsələnin zarafat tərəfidir. Məsələnin ciddi tərəfi isə budur ki, dövlətin, xalqın, tayfanın, nəslin, kökün, ayrı-ayrı fərdlərin keçmişinin öyrənilməsi üçün vaxtında qələmə alınmış, maddiləşdirilmiş bir sətir yazı,  bir vərəq kağız, bir arayış, bir siyahı, bir dəftər (lap olsun "mütrüb dəftəri") bəzən sonradan yazılan silsilə məqalələrdən, cild-cild kitablardan, danışılan və yazılan dastanlardan daha tutumlu və qiymətli olur. Tarixin bünövrəsində maddi sənəd, konkret fakt olmayanda irəli sürülən mülahizələr təxəyyüldən güc almalı olur, tarix əvəzinə naşı yazılmış bədii mətn, elm əvəzinə mif yaranır...

Bu baxımdan, müxtəlif dövrlərə aid tarixi sənədlərin əldə edilməsi, dilimizə çevrilməsi, nəşr edilərək ictimailəşdirilməsi müstəsna əhəmiyyət daşıyır və Nazir Əhmədlinin misilsiz əməyi yüksək qiymətləndirilməlidir.  

Nazir müəllim indiyədək İrəvan şəhərinin, Göyçə və Dərələyəz mahallarının vergi kitablarını tərcümə və nəşr etdirmişdi. Bu silsilənin davamı olaraq 1860-cı ildə Rusiyanın dövlət məmurları tərəfindən tərtib olunmuş "Qazax nahiyəsinin kameral təsviri" kitabı da həm elmi tədqiqat aparan, həm də öz əsli-kökü ilə maraqlanan insanlar üçün əvəzsiz mənbədir.

Aydınlıq üçün qeyd edək ki, Rusiya imperiyasının işğal edərək öz coğrafiyasına  qatdığı torpaqların "Kameral təsvir"ini tərtib etməsi daha çox iqtisadi və idarəetmə məqsədi daşıyırdı: hər bir yaşayış məntəqəsinin vergi mükəlləfiyyəti olan əhalisinin, eləcə də vergidən azad edilmiş şəxslərin müfəssəl qeydiyyatı aparılır, bu sənədlərdə kişi cinsinə mənsub ailə üzvlərinin adları, eləcə də ümumi sayı, ailədə neçə kişi və neçə qadın olduğu qeyd edilirdi.

Qazax nahiyəsinin kameral təsvirin nəşr edilməsinin əhəmiyyətini, ilk növbədə, bunda axtarmalıyıq ki, kitabda Qazax nahiyəsinin 1860-cı ildə mövcud olan coğrafi hüdudları (bu nahiyənin əhatə etdiyi torpaqların təxminən yarısı Sovet dövründə Ermənistana verilib) və həmin hüdudlara daxil olan hər bir yaşayış məntəqəsinin adı, orada məskun olan əhalinin etnik və dini mənsubiyyəti, kişilərin adbaad siyahısı, siyahıya düşən insanların yaşları göstərilib. Kitabın elmi redaktoru akademik Şahin Mustafayev "kameral təsvir"in əhəmiyyətindən danışarkən haqlı olaraq onun həm üzdən görünən, həm də ilk baxışda nəzərə çarpmayan aspektlərini vurğulayır: "Qazax nahiyəsinin kameral təsviri bu ərazidə məskun olan və vergi mükəlləfiyyəti daşıyan əhalinin sayı və etnokonfessional tərkibi haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bununla yanaşı, zahirən quru və statistik mahiyyətli sənəd kimi görünən bu mənbəyə daha diqqətli və yaradıcı şəkildə yanaşdıqda onun dərin qatlarından Qazax əhalisinin günlük təsərrüfatı, məişət həyatı, ailə ənənələri və bu kimi digər etnoqrafik xarakterli təsəvvürlər də əldə etmək mümkün olur. Qazax bölgəsində orta ailə təqribən neçə nəfərdən ibarət idi? Ailə başçısı üçün hansı yaşa qədərki dövr reproduktiv hesab edilə bilərdi? Uşaqların arasında orta yaş fərqi neçə olurdu? Bu və bu kimi suallarla mənbəyə müraciət etdikdə xalqımızın məişət həyatı və tarixi ilə bağlı son dərəcə maraqlı sosioloji və etnoqrafik nəticələr əldə etmək olar".   

Mənə elə gəlir ki, kitabın daha bir faydalı cəhəti də zaman keçdikcə insanların yaddaşında öz keçmişi barədə kök atan mifləri yerindən tərpədə bilməsidir. Miflərin yerindən tərpədilməsi, bəzən də dağıdılması isə insanların inancına müdaxilə etmək qədər həssas məsələdir. Ancaq mif elə mif kimi qiymətlidir. Onu qurdaladıqca ehkam pozulur və həqiqətin yolu dolaşıq düşür. Bu miflərin necə yaranmasını, bizim ənənəvi "sənədləşdirmə" metodumuzu Əbdürrəhim bəy zarafata salsa da, Qasım əminin dili ilə dəqiq ifadə edib: "Hər kəsin sinnini bilmək istəyirsiniz, məndən soruşun! Bax, bu uşaq Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan Səfdərin oğludur; çəyirtkə taxılları tərk eləyən ili doğulub. Bu uşaq, pişiksatan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub. Bu uşaq balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub". 

...Mənim atamın ana nəslinin - Gülallıların Şıxlı kəndinə nə vaxtsa uzaq keçmişdə Osmanlıdan gəldiyi haqqında çox eşitmişəm və hamımız da bunu belə qəbul eləmişik. Rəhmətlik Aşıq Yaqub (onun özü də bu nəsildəndir) nəslin tarixi barədə maraqlı əhvalatlar danışır, həmin əhvalatları dastan poetikasının elementləri ilə bədiiləşdirir, hər bir hadisəni və detalı çox inandırıcı təsvir eləyirdi. Yaqub, əslində, reallığı dastanın ölçülərinə salırdı. Onun danışdığı əhvalatlar reallıqdan daha çox, sanki dastanın içində baş verirdi və mənə elə gəlir ki, müasir aşıqlarımızın yaratdıqları dastanların bu baxımdan təhlilə cəlb edilməsi folklorşünaslıq elmimiz üçün maraqlı ola bilər. Aşıq Yaqub danışırdı ki, Şıxlıya ərgənlik yaşında gələn Mutu (Gülallı tayfasının bu kəndə gələn ilk nümayəndəsi) ağalıqdan - Şıxlinskilərdən qız istəyir. Qızın özü də, valideynləri də şərt qoyurlar ki, adını dəyişsən, bu iş baş tuta bilər. Mutu da razılaşır. Toy olur, gəlin gəlir. Gəlin Mutudan soruşur ki, indi sənin adını necə çağırım. O da qayıdır ki, mən bu dünyaya Mutu kimi gəlmişəm, bu dünyadan da Mutu kimi gedəcəm. Sən necə istəyirsən, elə çağır... Xanımı da onu ömrünün sonuna kimi öz adı ilə çağırır...

"Kameral təsvir" kitabında Mutunun övladları ilə bağlı məlumat da var. Məlumatın ən faydalı tərəfi bundadır ki, Gülallı nəslinin Şıxlı kəndinə haradan və nə vaxt gəldiyini dəqiqləşdirmək mümkündür. "Təsvir"də adı keçən Məmməd Mutu oğlunun 1860-cı ildə 45 yaşı olduğu və Tiflis nahiyəsinin Guxret kəndindən gəldiyi göstərilir. Məmmədin ailəsində üç kişi və iki qadın qeydə alınıb. Mutunun daha bir övladının - 34 yaşlı Alının ailəsi isə daha böyük olub: bu ailədə 5 kişi və 13 qadın qeydə alınıb.

Məsələ bundadır ki, Mutunun nəslinin XXI əsrdəki davamçıları indiyə qədər öz köklərinin Qarsdan və ya İğdırdan gəldiyini təsəvvür edirlər. Bu təsəvvürü yaradan iki amil var: nəslin yaşlılarının fərqli ləhcədə danışması; nəslin bəzi nümayəndələrinin Sovet hakimiyyəti dövründə Azərbaycanı tərk edib, Türkiyəyə getməsi və Qars yaxınlığında məskunlaşması.

"Kameral təsvir"də yazılanlar mövcud təsəvvürə aydınlıq gətirməklə məhdudlaşmır, onu sındırıb parçalayır: bundan sonra sən öz keçmişinlə bağlı yeni ölçülərlə düşünməli, yeni təsəvvür formalaşdırmalısan. Məsələn, mən bu kitabdakı məlumatlarla tanış olandan sonra nəslimin bir qanadının Şıxlı kəndində uzaq və mücərrəd zamanda deyil, XIX əsrin əvvəlində məskunlaşdığını dəqiqləşdirə bildim...    

Kitabdakı maraqlı materiallardan biri də "Kameral təsvir"ə əlavə kimi "Obozrenie Rossiyskix vladeniy za Kavkazom" ("Zaqafqaziyadakı rus torpaqları barədə icmal")  adlı statistik, etnoqrafik, topoqrafik və maliyyə münasibətlərinə həsr edilmiş kitabdan "Kazaxskaə distanüiə" hissəsinin tərcüməsinin verilməsidir. Onu da qeyd edək ki, həmin icmal 1836-cı ildə Sankt-Peterburqda nəşr edildikdən az sonra - 1840-cı ildə o vaxt Qafqazın öyrənilməsində xüsusi xidmətləri olan İvan Şopenin (qeydlərindən hiss olunur ki, Abbasqulu ağa Bakıxanovu tanıyırmış) "Zaqafqaziyadakı rus torpaqları barədə icmala dair bəzi qeydlər" adlı kitabı nəşr edilmişdir. Rusiya İmperiyasının Daxili İşlər Nazirliyi Şurasının statistika şöbəsinin müxbir üzvü İ.Şopen bəzi dəqiqləşdirmələr aparmağa çalışaraq göstərirdi ki, bu icmal şərqşünasların diqqətini cəlb etmiş, onun haqqında jurnallar xoş sözlər yazmışdır. "Zaqafqaziya ölkələri ilə qısaca tanış olmağı arzulayan hər kəs üçün bu "İcmal"ın zəruri bir təlimata və nüfuzlu mənbəyə çevrildiyi indiki zamanda mən... sevdiyim, öyrənilməsinə ömrümün ən gözəl illərini həsr etdiyim bir diyar haqqında bəzi əlavə məlumatları təmiz və səmimi bir istəklə öz gücüm daxilində yaymağı özümə borc bilirəm"...    

Əlbəttə, bu cür icmalların, onlara düzəlişlərin, dəqiqləşdirmələrin ümumi ruhunun, yazılma məqsədinin bizim mənafeyimiz naminə edildiyini düşünmək məsələnin mahiyyətini bəsitləşdirmək olardı - icmal və ona dair qeydlər Rusiya İmperiyasının Qafqazdakı maraqlarını ifadə edirdi. Rusiya İmperiyasının dövlət maraqları isə ayrı-ayrı xalqların - türklərin, ermənilərin, gürcülərin maraqlarından yüksək idi. Bununla belə, Rusiyanın Qafqazdakı işğalçılıq siyasətində xristian-müsəlman ayrı-seçkiliyini də görməzliyə  vurmaq mümkün deyil. Qafqazda əvvəlcə gürcülər üçün "Qruzinskoye qosudarstvo", sonra isə ermənilər üçün "Armyanskaya oblast" deyilən etnik inzibati qurumların yaradılması,  əhalisinin sayına və yerləşmə məkanına görə aparıcı toplum olan türklərinsə öz adlarından məhrum edilməsi, bu toplumun adının təhrif edilərək tatar adlandırılması bilməzlikdən irəli gəlmirdi: bu, düşünülmüş siyasi yanaşma idi. Bu cür yanaşma üçün müəyyən mənada bizim özümüz də şərait yaradırdıq. Şopenin Qafqazdakı müsəlman əyalətləri barədə qeydlərindən oxuyuruq: "Ümumiyyətlə, buranın insanları öz ölkələrinin coğrafi bölgüsünə az diqqət yetirirlər: onlar yalnız iki başlıca bölgü başa düşürlər: etiqad etdikləri din və mənsub olduqları tayfa (klan). Buranın istənilən sakinindən kim olduğunu soruşsan, müsəlmandırsa, cavabı bu olacaq: "müsəlmanam"... Sonrakı suallara cavab verərkən o sizə muğanlı, qacar, bayat, avşar, hacıbəyli və ya xınalıqlı, tat, sirt,  ləzgi, delaqarqa və ya başqa tayfadan olduğunu bildirəcək, axırda da yaşadığı yer haqqında məlumat verəcək: qarabağlı, şirvanlı, talışlı və s. və i.a. Əgər siz müsəlmandan onun başqa dindaşı barədə soruşsanız, eyni qaydada cavab verəcək, xristian barədə soruşsanız, sadəcə, deyəcək: "bu, ermənidir". Ancaq eyni şeyi xristiandan soruşsanız, o da dindən başlayacaq. Gürcü özünü "kartuli",  erməni "hay", müsəlmanı isə sadəcə, "türk" adlandıracaq".

Onu da qeyd edək ki, İ.Şopenin Qafqaz türklərinin dili ilə bağlı mülahizələrində ziddiyyət və dolaşıqlıq var. O, "qeydlər"də yazırdı: "Tatarlar və tatar dili sözləri bizim tatar adlandırdığımız xalqa, əslində, məlum deyil: onlar öz dillərini türk dili adlandırırlar. Bu, ümumi bir dildir, eynilə fransız dili vasitəsilə Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, onunla da Çindən Kazana, oradan da Mərakeşə və Məkkədən Hindistana gedib çıxa bilərsən".

İcmalda  Rusiya dövlətinin Qafqaz türklərini tatar adlandırması "ədalətsiz" hesab edilirdi. "Distansiyaların və Yelisovetpol dairəsinin (Gəncə) əhalisi əsasən, müsəlmanlardan ibarətdir, biz onları ümumi bir adla tatar adlandırırıq ki, bu, heç də ədalətli deyildir". Qafqaz ərazisində Rusiya İmperiyasının siyasətinin formalaşmasında birbaşa iştirak edən İ.Şopen isə elmin mövqeyindən çıxış edəndə bizi türk, dilimizi türk dili adlandırır, imperiyanın mövqeyindən çıxış edəndə isə Gəncənin və distansiyaların türk mənşəli müsəlman əhalisinin tatar adlandırılmasını əsaslı və düzgün hesab etdiyini bildirirdi...

Buna baxmayaraq, icmalın və xüsusilə Şopenin araşdırmalarının başlıca faydalı cəhəti bugünə qədər davam edən bəzi erməni miflərini dağıtmasıdır.  Məsələn, icmalda, Şopenin qeydlərində və siyahıyaalma sənədlərində Qafqazın erməni əhalisinin az hissəsinin yerli olması, böyük əksəriyyətinin isə Osmanlı və İran dövlətlərindən köçürülmə, Qafqaza sonradan gəlmə olduqları göstərilir.

İcmal XIX əsrin əvvəllərində bizim xalqımıza, tariximizə qarşı mövcud olan siyasi yanaşmaları öyrənmək baxımından da çox faydalıdır. Məsələn, mənim diqqətimi çəkən məqamlardan biri yayda yaylağa köçən tərəkəmə əhalisinin köçəri deyil, oturaq mədəniyyətə mənsub olmasının əsaslandırılmasıdır. Bunun üçün icmalda beş əsas göstərilirdi:

- əhalinin maldarlıqla yanaşı, əkinçiliklə də məşğul olması;

- onların qış evlərinin, bağ-bostanlarının, dəyirmanlarının və digər oturaq təsərrüfatlarının olması;

- yayda isti hava şəraitinin insan sağlamlığına mənfi təsirinin nəzərə alınması;

- yay vaxtı aranda əkin sahələrinə ziyan verməməsi üçün sürülərin yaylağa çıxarılması;

- otlaq sahələrinin qış mövsümü üçün xam saxlanılması. 

Bu qeydlərlə "Qazax nahiyəsinin kameral təsviri" kitabından aldığım ilkin və ümumi təəssüratları bölüşməyi özümə borc bildim. Bir həqiqət var ki, indi tarixə "mütrüb dəftəri" prizmasından baxmağın zamanı keçib. Keçmişimizin gözünün içinə düz baxa, onu dərindən öyrənə bilməyimiz üçün növbəti qiymətli mənbəni nəşr etdirdiyinə görə Nazir Əhmədliyə təşəkkür borcumuz var...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!