"Ədəbiyyat qəzeti"nin son nömrələri görkəmli yazıçımız Kamal Abdulla ilə oxucuların demək olar ki, görüş yerinə çevrilib. Müəllifin ədəbi esseləri davam etdiyi bir zamanda onlar haqqında mülahizələr söyləmək, bəlkə də, tələskənlik kimi görünəcək. Amma müəllifin son ədəbi məhsulunu kitab halında buraxmamış, onunla bəzi mülahizələrimi bölüşmək istəyirəm.
Qəzetin son illər oxucuları, bəlkə də, həmin ədəbi esse axarının hardan baş götürdüyündən xəbərsizdi: Kamal Abdulla "300 azərbaycanlı", Bakı, - Mütərcim, - 2007".
Bu addakı nəfis kitabın annotasiyasından: "Kitab müəllifin sənətkarlıq, ədəbiyyat, həyat barədə 1980-ci illərdən üzü bəri yazdığı "əvvəl-axır yazılanlar" və "Yolun əvvəli və axırı" adlı əsərlərində topladığı və dövri mətbuatda dərc etdirdiyi ədəbi-bədii esselərdən ibarətdi".
Həmin kitablarla tanışlıq sonrası Kamal Abdullanın essenin ədəbiyyatımıza mütəşəkkil şəkildə ayaq açdıranlarından hesab etmək olar.
K.Abdullanın əsərlərinə olduqca bənzərsiz, cəlbedici ad qoymaq, rəngarəng mövzular tapmaq qabiliyyətini də xüsusi qeyd etmək lazımdı. "300 azərbaycanlı" esselər toplusu da həmin qəbildəndi (Kitabın adı və içindəkilər ilk baxışda novella təsiri bağışlayır. Oxuduqca, müəllifin esselərini milliləşdirmək, Azərbaycan vətəndaşı etmək qayəsi üzə çıxır).
Kitabdakı və qəzetdə nəşr olunanların hamısını esse hesab etmək olarmı (onlar esse tələbinə cavab verirmi), elə mülahizələrimiz bu barədə olacaqdı. Həmin kitaba istedadlı şairimiz Ramiz Rövşən ön söz yazmışdır ki, fikirlərimin çoxunu onunkularıyla əsaslandıracağam. "Nur dağına gedən yol" və həmin yol müəllifin esse adlandırdığı qısa (nur qığılcımları da adlandırmaq olar) başlayır.
Son zamanlar təcrübəli və istedadlı yazıçılarımızın roman və hekayələrdən sonra esselərə meyli yenidən xeyli artıb. Bunlar da həmin ədəbi formanın ədəbiyyatımızda doğmalaşmasına, milli "əlbisələrimizdə görünməyinə gətirib çıxarır. Hələlik esse kimi təqdim olunan yazıların çoxu (Cəlaləddin Rumi Mövlanəninkinə bənzər) müdrik kəlamlara, mənsur şeirlərə, bəziləri də qısa, ibrətamiz hekayətlərə bənzəyir (onların əksəriyyət təşkil eləyən həmin qəbildən olanlarına məncə, hekayələr də demək olar ki, bir növ adı da doğmalaşar). Onların yığcam yazılıb da bədiilik və məzmunca daha parlaqları, yəqin ki, özünə dilimizdən doğma bir ad qazanacaqdır (Bu yerdə vaxtilə Elçinin həmin qəbildən olan yazılarına meteor adı verdiyini xatırlatmaq istəyirəm).
Həmin mülahizələrimi söyləməyim son zamanlar istedadlı qələm dostum Kamal Abdullanın "Ədəbiyyat qəzeti"ndə "Əvvəl-axır yazılanlar" başlığı altındakı irili-xırdalı esseləriylə tanışlıq sonrası yaranmışdır (Onu deyim ki, K.Abdulla esse sahəsində mütəşəkkil qələm çalan ədiblərimizdəndi. Olduqca maraqlı esselər silsiləsi xeyli əvvəl kitab üzü görüb, oxucu rəğbəti qazanmışdır).
Kamal Abdullanın yeni esse silsiləsi nəyə görəsə mənə yurdumuzun hər tərəfində gördüyüm, saf sularına çəkilmək istədiyim çeşmələri xatırlatdı. Həmin çeşmələrin el yolu üzərinə çıxana kimi torpaq altında xeyli yol gedib. Nəhayət, özlərinə yol açmaları bəllidi (Həmin çeşmələrin içindəki xırda daşlarda çeşmə saflığında ləllər, cəvahiratlar kimi görünür). Və mənə elə gəlirdi ki, birinci esse kitabındakından fərqli, həmin silsilənin irili-xırdalı nümunələri də Kamal Abdulla daxilində bir xeyli çeşmə yolu qət etdikdən sonra əvvəl-axır üzə çıxa biliblər.
K.Abdullanın çağlamağı davam edən çeşmələrə bənzəyən "Əvvəl-axır yazılanlar" silsiləsini nəyə görəsə iki hissəyə bölməli oldum. Çünki onların yığcam yazılanları və hekayətə çevrilənlərinin ayrı-ayrı təmini və bəhrəsini hiss eləyə bildim. (Yığcam yazılanlar mənə Cəlaləddin Rumi yaradıcılığını xatırlatdı. Onların mənsur şəkli kimi gördüm).
Cəlaləddin Rumi deyimlərindən:
Çox insanlar gördüm
əynində libası yox,
Çox libaslar gördüm,
içində insanı yox...
və ya:
Bu dünya aldıqca nəfəsindir,
qaldıqca qəfəsindir...
Kamal Abdulla:
Sər verərəm, sirr vermərəm...
Və ya:
Adam var dünyasını dəyişir,
Adam var ki, ölür.
adam var ki, gorbagor olur.
(Bu kəlamlar, əlbəttə, hərəni öz dünyagörüşüylə düşündürə, səyahətlərə apara bilər. Birincidə Səhl Sunbatların sirr, Babəklərin sər verdiyini xatırladım.
İkincidə, sələflərimiz Nizami, Füzuli, Xətai, Sabirin ancaq dünyalarını dəyişdiyini, həmişə sıralarımızın önündə olduğunu düşündüm. Həyat möhlətində iz qoya bilməyənlərə yanıb-yaxıldım. Qacar, Sisyanov kimi gorbagorlara acıdım).
K.Abdullanın həmin qəbildən olan yazılarını çesməsinin içməli suyu hesab edirəm. Və belə tamlı suyun bütün oxucular tərəfindən məmnuniyyətlə içiləcəyini hesab edirəm.
Çeşməsinin axarısa hekayələrə çevrilir. Bu gün esse kimi təqdim olunan həmin hekayətlərdən (dupduru lətafətlərdən) gələcək hekayə, povestlərə doğru dirilik suyu axır. Necə ki, həyatdakı çeşmələrin suyunun içiləni içilir, ondan üzülənləri çaylara doğru süzülənləri boyunca da lilparlar, yarpızlar bitir.
"Əvvəl-axır yazılanlar"ın bir hissəsini mənsur şeir adlandırmaq olar (Həm də mənsur şeirlərin ən uğurlularından).
"Yenə o bağ olaydı...". Bu nisgilin ölçüsü yox, boyu yox, buxunu yox. Çəkisi yox.
Yenə o bağ olaydı, - nə üçün o bağ, başqası deyil?
Yenə o bağ olaydı... Bəlkə də...
Arzunun dərəcəsi ağlasığmazdı. Zamanı geri qaytarmaq qədər.
Yenə o bağ olaydı. Mümkün deyil.
Yenə o bağ olaydı...
Yenə o bağ olacaq.
Sözümə müəllifin ilk esselər kitabına ön söz yazmış Ramiz Rövşənin fikirləriylə qüvvə vermək istəyirəm: "Kamalın da, mənim də əziz müəllimimiz Bəxtiyar Vahabzadə yazdığı şeirləri özünün özünə məktubu adlandırırdı. Mən eyni sözü Kamalın bu kitabındakı bir çox esselər haqqında da deyərdim. Doğrudan da, burdakı mətnlərin çoxu şeir gücündədir və təkcə ədəbi-fəlsəfi yox, həm də poetik enerji daşıyır. Kamalın bu kitabı yəqin ki, "özünün özünə məktubların başqa ünvanlara da çatmasına, başqa gözlərlə də oxunmasına duyduğu ehtiyacdan yaranıb.
Ön söz müəllifinin belə bir mülahizəsi də məndə sualdan-sual doğurdu: Ramiz Rövşən: Oxucu olmaq nə deməkdi, oxucu olmağın bir tərifi, düsturu varmı?
Vaqif Nəsib: Esse nədir, onun özünün başqa janrlar kimi bir tərifi, düsturu varmı?
Ramiz Rövşənin ön sözündəki bir mülahizə də bənzərsizliyi ilə diqqəti cəlb edir: "Kitablar iki cür olur; oxucuların seçdiyi və oxucunu seçənlər. Bu kitab ikincilərdəndi". "300 azərbaycanlı" və "Ədəbiyyat qəzeti"ndəki silsiləsiylə Kamal Abdulla oxucularını seçməyə çalışmışdır.
Onların biri K.Abdullanın yaradıcılığının mütəşəkkil izləyicisi kimi mən də həmin yazılarıma müəllifin özünün də oxucu kimi kənardan baxmasını arzulayıram. Şəxsən mən qısa, müdrik kəlamların əksəriyyətini onun nur yolunun qığılcımları, xeylisini mənsur şeir, yerdə qalanını esse hesab edirəm.
İnanıram ki, həmin qığılcımların çoxu müəllifin sonrakı əsərlərini nurlandıracaq.
Kamal Abdulla yaradıcılığının vəhdətini ilahidən verilmiş bir yanacaq təşkil edir. Və həmin vəhdətdən yaradıcılığının çoxçeşidli sahələri təbii irmaqlar kimi baş götürüb ellərə, obalara axmağında davam edir. Onlardan biri də yəqin ki, esse çayıdır.
Çeşməyə bənzətdiyimiz "Əvvəl-axır yazılanlar"ın gözü hesab olunan yığcam, müdrik sözdən sədəfə çevrilənlərini oxucuların şərbət payı hesab etmək olar. Çeşmə axarı boyu lilpara, yarpıza çevrilənlərin öz ətri, tamı olan mənsur şeirlərə.
Axıb irmağa calananlarını gələcək hekayə, povest, romanlara mövzu aparan masmavi ləpələrə (esselərə).
Yəqin ki, kitab halında nəşr etdirərkən qorqudşünas alimimiz bunları ayrı-ayrı boylara böləcək və adlarını paylayacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!