Dünyaya gələndə eləcə rəngi qaraydı, anası onu qara doğmuşdu. Gəlişiylə dünyadakı ağlı-qaralı uşaqların sayını bir nəfər də çoxaltmışdı. Dünya da, həmişəki kimi, öz işindəydi, fırlanıb gedirdi. Doğulanda gözləri elə də iri görünmürdü, ikimərtəbəli, əyri üst dişləri də mövcud deyildi. Uşağı tutan qadın onu bir parça ət kimi havada yelləyib üslufca anasının qucağına qoydu: Qaradır e... Qapqara, yupyumru uşaqdır, al əmizdir!
- Təki bəxti ağ olsun! - anası təbəssümünü boğub uşağı qucağına aldı, əzizlədi, sığalladı sonra nimdaş əsgiyə bükdü. Uşağın əzizlənməyi, sığallanmağı burdaca bitdi. Sonralar onu sığallamaq, əzizləmək anasının heç yadına da düşmədi, daha doğrusu, başı qarışdı, vaxtı olmadı. Vaxtı hardandı, gecə-gündüz təkbaşına çalışıb dörd uşağa baxırdı. Əsas olan o idi ki, uşaqların qarınları doysun, ac qalmasınlar, ac qalmasalar necə olsa böyüyəcəkdiər... Uşaq da adam balası kimi birdəfəlik başa düşdü ki, bu əzizlənmək, sığallanmaq-filan onluq deyil, o da o biri bacı-qardaşları kimi, eləcə aralıqda böyüdü, iriləndi, dəyişdi. Bir də baxdılar həyət-bacada o tərəf-bu tərəfə qaçır, tozla-torpaqla oynayır. Adı da elə xəstəxanada çağırdıqları kimi Qara qaldı. İş elə gətirdi ki, uşağın sir-sifətinin qara olması bir yana, gözləri də yumrulanıb iriləndi, hələ bu azmış kimi, üstdən "itdişləri" deyilən ikimərtəbəli dişləri də çıxdı. Düzdür, deyirdilər üstdən çıxan dişləri sim salmaqla, nə bilim nəyləsə müalicə edib düzəltmək olardı. Amma anasının vaxtı hardandı Qaranın dişləri ilə də maraqlansın?.. Hərdənbir, vaxt tapanda, hamama salıb üz-gözünü kisə ilə bərk-bərk sürtərdi. Qara da təbii ki, ağarmazdı, sürtülməkdən üz-gözü acışar, hirslənib anasının qolunu çimdikləyər, bəzən sabunlu-sabunlu hamamdan çıxıb küçəyə qaçardı.
Qara bir göz qırpımında böyüdü, küçəyə-bayıra ayaq açdı. O gün gəldi ki, evlərinin yanındakı dayancaqda dayanıb köhnə avtobusları izlədi. Elə həmin gün onun dünyasına, sanki böyük bir fırça ilə rəngli boya çəkdilər. Bəlkə də, heç çəkmədilər, dünyada həmin rənglər vardı, sadəcə, uşaq həmin gün rəngləri duyub dərk etməyə başladı. Birdən-birə həvəsləndi, ürəyi uçundu, oturub saatlarla, günlərlə sürücülərə, tısbağa yerişli köhnə avtobuslara tamaşa etdi. Sonra sürücülər Qaranı ora-bura buyurdular, siqaret, su dalınca dükana göndərdilər. İnsaflı sürücülərdən biri "kişilik" edib bir gün onu avtobusun qabağında əyləşdirdi. Qara sərnişinlərdən pul yığdı, qapını açıb bağladı. Axşam "insaflı" sürücü onun ovcuna bir neçə qəpik basdı. Qara sevinə-sevinə pulları anasına göstərdi. Anası razılıqla gülümsündü, onun başını sığalladı. Qara daha da ürəkləndi, sürücülərin yanında "malış" işlədi. Üzləri tüklü, yorğun sürücülər onunla məzələndilər, kefləri yuxarı olanda ərklə sataşdılar, əsəbiləşəndə onu söyüb hirslərini yatırdılar. Əvvəllər Qara eşitdiyi söyüşləri havadaca tutub, ürəyində özü bildiyi şəkildə cavab versə də, sonralar fikir vermədi, daha heç kimdən də küsüb-incimədi, eləcə əyri dişlərini göstərib hırıldadı. Sürücülərin ərk yerinə, zarafat yerinə çevrildi Qara. Üzü bərkidi daşlaşdı, bir də hiss elədi ki, heç ağlaya da bilmir. Uşaqlı-böyüklü məqamı gələn kimi zırhazır ağlayan adamları görüb başa düşdü ki, bu ağlamaq nə deyilən şeydirsə onda yerli-dibli yoxdur. Bəzən olan-olmazları, pis hadisələri kino lenti kimi beynində o tərəf-bu tərəfə fırlatdı, amma gözündən yaş gəlmədi ki, gəlmədi. Anası əminliklə bildirdi ki, Qara ağlasa, o gün göydən yerə daş yağacaq. Anasının sözlərinə əməlli-başlı inandı Qara.
Məktəb yaşı çatanda, daha doğrusu, yaşı iki il ötəndən sonra anası ona ucuz, ağ rəngli məktəbli köynəyi aldı. Qardaşının iki ölçü böyük olan şalvarının balağını qatlayıb əyninə geyindirdi, sevinə-sevinə məktəbə apardı. Anasının üzündəki sevinci görüb Qara da istədi sevinsin, hay-küylə, itələşə-itələşə siniflərə doluşan uşaqlara qoşulsun, amma alınmadı. Buralar ona yad göründü, sanki beyninə yerləşdirilmiş bir burğu onu aram-aram sıxmağa, boğmağa başladı. İlk dəfə hiss elədi ki, adamın içində özündən başqa bir kəs də var, istədiyi şeylərə mane olur, onu özündən azdırır. Beləcə, Qara cəmi iki gün dərsdə otura bildi. Elə hey fikri o baş-bu başa şütüyən avtobusların yanında qaldı, sürücülərin lağ-lağı söhbətləri, söyüşləri üçün burnunun ucu göynədi. Dərsdən qaçıb çantasını evin bir küncünə tulladı, özünü dayanacağa çatdırdı. Bir daha məktəbə getmədi.
Sürücülər də bir aləmdilər... Hay-küyləri, macəraya bənzəyən əhvalatları, səsləri dünyanı götürürdü. Hərdən xəlvəti getdikləri "levi" yerlərdən, orda baş verən intim hadisələrdən Qaranın yanında söz açır, sonra göz vurub məzələnirdilər. Bəzən elə şeylər danışırdılar ki, Qaranın təpədən-dırnağacan bütün bədəni gizildəyirdi. Yaşının və dünyanın elə vaxtlarıydı ki, o, ürəyinin səsini aydın şəkildə eşidirdi. Sürücülərin dediyi "levi" yerlərə, orda təsəvvür etdiyi ağ, hamar dərili qadınlara ürəyində özünə də hələ tam aydın olmayan bir həvəs yaranırdı, bütün bədəni alışıb yanırdı. Bir də ki, sürücülərə həsəd aparırdı, onlara əlçatmaz varlıq kimi baxırdı. Ürəyində cürbəcür, rəngli istəklər doğurdu: böyüyb mən də belə avtobus sürəcəm, əlimə pul gələndə mənim də sevgilim olacaq. O günlərə inanırdı, hələliksə yalnız avtobusun qapısının ağzında durmaq hüququ vardı.
Sonra Qara böyüdü, bığ yerləri tərlədi, əsgərliyə getdi. Əsgərlikdə də onu ora-bura qovdular. Orda da heç kimi yarıtmadı. Sağ deyiləndə sola döndü, sol deyiləndə sağa döndü, bəzən əsgər yoldaşlarının lağ yerinə çevrildi. Qulluğunun yarısını komandirin həyətində həyət-baca işləri görməklə, tikintidə fəhləlik etməklə birtəhər başa vurdu. Və nəhayət ki, yenidən öz sürücü dostlarının yanına döndü.
Gün gəldi Qara malışlıqdan çıxıb sürücü oldu. Malış işlədiyi köhnə marşrutların birini sürməyə başladı. Hətta iş elə gətirdi ki, bir vaxt sürücülərin nağıl kimi danışdıqları o "levi" yerlərdə də dəfələrlə oldu. Düzdür, yenə də sürücülərin zarafatına, lağlağısına tuş gəlirdi, necə deyərlər, onlar üçün hələ yarı malış, yarı sürücü idi. Amma Qara yenə də əvvəlki Qaraydı, zarafatlardan incimirdi, taleyindən narazı deyildi. Taleyi də elə böyük tale deyildi... ovuc içi kimiydi, ən uzaq istəyi sürücülük idi, ona da çatmışdı. Ola bilər başqaları üçün burdan o tərəflərdə də müxtəlif istiqamətlərə uzanan böyük-böyük yollar vardı. Amma Qara üçün burdan o tərəf bağlı qutu idi.
Bir gün anası Qaranı özündən bir neçə yaş böyük qızla evləndirdi. Qız anasının qohumlarındandı və əvvəlcə Qara qızı görərkən qəti şəkildə evlənməkdən imtina etdi. Qızın üzü bir qədər uzunsovdu, Qara onu görən kimi kənddə gördüyü at gəlib dayandı gözünün qarşısında. Həm də, qız çox kökdü, bir sözlə, onun zövqündə deyildi. Amma anası da dirənmişdi:
- Əlin çörəyə çatıb, daha evlənmək vaxtındı. Bu gün-sabah ölüb gedəcəm, bircə sən ortalıqda qalacaqsan. Özün də elə dünya gözəli deyilsən!
Anasının sözlərindən sonra Qara təsadüfi hallarda, ayda-ildə bir dəfə, yalnız xeyrə-şərə gedərkən baxdığı güzgünün qarşısında uzun-uzadı dayandı, özünə tamaşa etdi və nə fikirləşdisə evlənməyə razılıq verdi. Beləcə, gözünü yumub açınca qızı Qaranın evinə gətirdilər. Anası da elə özünün dediyi kimi, az keçmiş dünyadan köçdü. Anasının yasında hamı hönkürüb ağlayarkən Qara nə illah elədisə gözündən yaş gəlmədi. Yasa gələnlərin gözlərini ona zillədiyini görüb ağlamaq istədi, amma alınmadı, o bir damla su gözünü yaşartmadı ki, yaşartmadı. Beləcə, yasa gələnlərin Qaranın gözlərində yaş görmək arzuları ürəklərində qaldı.
Ailə-uşaq sahibi olandan sonra elə oldu ki, Qaranın sevgilisi də peyda oldu. Sevgilisi deyəndə bir az böyük alınır... Eləcə, üz-gözündən kasıblıq yağan, nimdaş geyimli, arıq, solğun bənizli gənc qadındı. Səhərlər eyni dayanacaqda avtobusa minib harasa gedir, gün batanda geri qayıdırdı. Özü də həmişə Qaranın avtobusuna minir, eyni oturacaqda əyləşir, gözlərini yola zilləyirdi. Qara da onun görkəminə baxıb kasıb olduğunu hiss eləmişdi, odur ki, qadından yolpulu almazdı. İş elə gətirdi ki, Qara ehtiyac içində yaşayan bu qadına əl tutdu, hərdənbir bazarlıq elədi, imkan olanda azdan-çoxdan ovcuna pul basdı, uşağına əyin-baş aldı. Uşaq da ona öyrəşdi, avtobusa minən kimi gəlib ərklə Qaranın yanında dayandı, ona sifarişlər verdi. Qadın getdikcə onu ehtiyacın girdabından çıxarmağa çalışan bu qara, sir-sifətdən bir qədər kələ-kötür oğlana arxa-dayaq kimi baxdı, ona ərk elədi, isinişdi. Ehtiyacı, əyər-əskiyi olanda ona yaxınlaşdı, sözünü-sovunu, dərdini ona söylədi. Qara da bacardığı qədər ona kömək elədi, himayəsini əsirgəmədi. Sürücülərin lağ yerinə çevrilən bu qara oğlan qadının gözlərində dağları yaran Fərhada, Koroğluya, nə bilim qadınların sevimlisi Alen Delona çevrildi. Qarayla qadın bir-birlərinə öyrəşdilər, bağlandılar. Hərdənbir xəlvətliyə düşəndə eləcə avtobusda görüşdülər, uşağın başını qatıb avtobusun arxasına keçib ötəri də olsa eşq yaşadılar, sevişdilər. Bu sevdadan sürücülər də xəbər tutdular. Bir az Qarayla məzələndilər, deyib-güldülər, sonra özlərini yığışdırdılar. Nə qədər olmasa, ortada qadın vardı. Əlbəttə, lağlağı edən sürücülər-filan Qaranın vecinə deyildi, kişi kimi öz bildiyi şəkildə yolunu gedirdi, Allah verən ömürdü yaşayırdı.
Bir gün Qara bir zənbil bazarlıq elədi, bu dəfə zənbili daha həvəslə doldurdu, bir neçə dəfə o əlindən-bu əlinə ötürüb gülümsündü, üzü-gözü işıqlandı. Dayanacaqda dolu zənbili qadının əlinə verdi:
- Apar evə, gözəl bir süfrə aç, sizə gələcəm. Bəlkə, gecəni də sizdə qaldım. Qadın zənbili sevinclə götürüb quş kimi süzdü, xəlvətə salıb Qaranın yanağından bir öpüş də götürdü.
Səhəri gün hava qaralanda Qara son dayanacaqda sərnişinləri düşürüb, qadının yaşadığı ucqar qəsəbəyə yollandı. Qapını döymədən ərklə özünə doğru çəkdi, onsuz da bilirdi ki, qapı açıqdı. Qadın doğrudan da gözəl bir süfrə açmışdı. Qazanda qaynayan bozbaşın iyi hər yana yayılmışdı. Qaranı görən qadının yanaqları allandı, nəvazişlə xoşgəldin elədi, əliylə xalatının açıq qalmış yaxasını dartışdırdı. Qara onu ehtirasla sinəsinə sıxdı, pişik kimi sığalladı, üz-gözündən öpdü, sonra evin küncündəki divana tərəf çəkdi. Qadın göz-qaşla bir küncdə dayanıb maddım-maddım onları süzən uşağa işarə elədi. Qaranı masada əyləşdirdi. Ortaya yemək gəldi. Qara kasanın içərisinə iri loxmaları doğrayaraq iştahla bozbaşa girişdi. Uşaqlıqdan adətiydi sulu yeməyə çörək doğrayıb yeyərdi. Qadın heyranlıqla ona tamaşa edirdi. Özü də xeyli gözəlləşmişdi. Xalatının açıq yaxasından görünən qabarıq sinəsi həyəcanla titrəyirdi. Qadını gözaltı süzən Qara onunla birgə keçirəcəyi uzun gecəni xəyalında canlandırıb gülümsündü, ilk dəfə ağlına gəldi ki, deyəsən bu şairlərin qırıldatdıqları xoşbəxtlik deyilən şey doğrudan da varmış. Boş yerə yazmırlarmış... "Bilmək olmaz hələ, bəlkə, birini də mən yazdım..." - ağlına gələn sevgiyə aid sözləri bir-birinə uyğunlaşdırıb ard-arda düzməyə çalışdı.
Qapıya dəyən ağır zərbədən masanın üstündəki qablar cingildədi. Gözləri qızarmış, boynunun damarları çıxmış, üzü tüklü bir kişi içəri girdi. Qaranın ürəyi qırıldı. Dərhal anladı ki, gələn qadının keçmiş əridir. Özünü oğurluq üstündə yaxalanmış cani kimi hiss elədi. Doğrudur, qadının söylədiyinə görə, bu kişi çoxdan ondan ayrılmışdı, onunla əlaqəsi yoxdu, birillik həbsdən sonra itib haralarasa getmişdi. Amma nə qədər olmasa, yenə bu qadının üstündə adı vardı. Hiss elədi ki, indicə həngamə qopacaq. Açıq qapıya baxdı. Çıxıb qaçmaq da kişilikdən deyildi.
Kişi birbaşa Qaranın üstünə gəldi:
- Ə, adama oxşamaz, sən mənim ailəmə sataşırsan?
Qara qaşığı yerə qoydu, ağzındakı loxmanı udub udqundu. Qulağının dibinə dəyən yumruqdan səndələsə də yıxılmadı. Kişi onun cavabını gözləməyib qadının üzərinə yeridi.
- Az, sən bununla mənə xəyanət edirsən? Elə hesab edirsən ki, çıxıb getmişəmsə, deməli ölmüşəm?! Daha qayıtmayacam bu xarabaya?
Qadın kəkələdi. Kişi ona zərblə bir sillə çəkdi. Qadın səndələyib döşəməyə yıxıldı. Sonra kişi əlini cibinə apardı, par-par parıldayan bıçağı çıxarıb qadının boğazına dirədi.
"Öldürəcək, bu saat öldürəcək". Qaranın beynindən ildırım sürətilə bu fikir keçdi. Düşündü ki, qadını qorumaq lazımdı, nəsə etməlidir. Kişinin əlində bıçaq olmasaydı üstünə atılıb qolunu burardı. Amma indi bu mümkün deyildi, qeyri-ixtiyari ətrafa boylandı. Əlinə zərbə vurmağa tutarlı bir şey keçmədi. Dəmir ayaqlı stula gözü sataşdı, stulu götürüb arxadan kişinin başına çırpdı. Kişinin başından qan açıldı, səndələyərək arxaya əyildi, əlindəki bıçaq yerə düşdü. Qara əyilib cəld bıçağı götürdü, var gücüylə açıq qapıdan çölə atdı, onsuz da kişinin bıçaq götürməyə heyi qalmamışdı, yerə sərilib çabalayırdı.
Bir qədər keçmiş həyətdə polis maşını dayandı, ardınca təcili yardım maşını qapının ağzında göründü. Evin ətrafına adamlar yığışdı. Danışıq səsləri, hay-küy bir-birinə qarışdı. İki nəfər polis işçisi Qaranın qolunu buraraq qandalladı, həyətdəki polis maşınına tərəf apardı. Həyətə çıxandan sonra Qaranın birdən-birə keyi açıldı. Bir an öncə baş verənləri vahiməli yuxu kimi xatırladı. Göyə boylandı. Gözəl bir payız günəşi elə bil sevincək olmuş, hər tərəfi qıpqırmızı şüalarla işıqlandırmışdı. Yer-göy işığın içindəydi. Günəşin nə vecinəydi Qara adlı adam var, yoxsa yox. Deyəsən, heç qoca dünyanın da vecinə deyildi, dünya o tərəf-bu tərəfə nə qədər Qaralar ötürmüşdü...
Qara ömründə ilk dəfə günəşi belə yaxından duydu, ona xeyli tamaşa elədi, sonra gözləri həyətin küncündə ağaca söykənib ağlayan qadına sataşdı. Dünyanın vecinə olmasa da, Qaranın vəziyyəti qadının vecinəydi, özü də lap çox vecinəydi. Qadın çiynini çəkə-çəkə ağlayırdı, çiynindən bədbəxtlik yağırdı. Qaraya elə gəldi ki, qadının çiyinləri, əlləri, üzü-gözü elə anadangəlmə bədbəxtdi. Lap elə bədbəxtliyin heykəlidir qadın. Deyəsən, heç Qara özü də xoşbəxt deyildi...
Hiss elədi ki, tüklü üzündən aşağı nə isə yuvarlanır, üzünü qıdıqlayır. Əlini üzünə apardı, əli islandı. Baş verən hadisəyə özü də inanmadı, Qara ağlayırdı, ömründə ilk dəfə ağlayırdı, gözlərindən yaş süzülürdü.
Amma anasının dediyi o daş məsələsi yoxuydu.
Qara ağlayırdı, amma göydən daş yağmırdı. Anası onu aldatmışdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!