Unudulmaz xatirələrin işığında...Cəlal Məmmədov - 100 - Cəmşid CƏMŞİDOV yazır

 

Bir insan barəsində xatirələrimlə bölüşmək istəyirəm, işıqlı bir insan barəsində. Bəzən həyatımızda elə şəxsiyyətlər, elə görüşlər olur ki, taleyimizdə, mənəviyyatımızda silinməz izlər buraxır. Aldığın öyüdlər, təmənnasız, səmimi ürək yanğısı səni Bakı ruzigarları tək, keçirdiyin sarsıntıların caynağından qopararaq, adi çətinliklərdən tutmuş, həyatın ağır iztirablarına qədər, sipər kimi qoruyur. Ancaq sonra, bunun ani bir qurtuluş yox, bir sınaq, bir imtahan olduğunu anlayırsan, bərkiyirsən, təcrübə sənə həyatın sarsıntılarına sinə gərməyi, təpərli olmağı öyrədir...

Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882-1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dilinin gözəl mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan görkəmli alimimiz Əziz Şərifin müəllimi, molla Abbas Məmmədzadənin (1846-1916) oğlu idi. Mirzə Cabbar İrəvan Müəllimlər Seminariyasını bitirmişdi, dövrünün tanınmış ziyalılarından idi. İrəvan Müəllimlər Seminariyasında türk dili müəllimi kimi çalışmış, 1918-ci ildə İrəvandan Naxçıvana köçmüş, oradakı ali ibtidai məktəbdə dərs demişdi. Bu illər ərzində o, türklər, ruslar və farslar üçün türk dilini tədris edən, hər biri ayrılıqda üç kitab, tək və şərikli olmaqla 20 dərslik çap etdirmişdi. 1920-ci ildə Bakıya köçən Mirzə Cabbar öncə ADU-da, daha sonra Politexnik İnstitutunda Azərbaycan dilindən mühazirələr oxuyur, 1935-ci ildə dil və ədəbiyyat üzrə elmlər namizədi və professor, 1937-ci ildə isə elmlər doktoru adına layiq görülür. O, Əsəd Şeyxzadə, Maqsud Məmmədov, akademiklər Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, professor Əziz Əliyev və digər görkəmli şəxsiyyətlərin müəllimi olmuşdur. Görkəmli alim 1937-ci ildə, bir çox Azərbaycan ziyalıları kimi, ədalətsiz hökmlərin nəticəsində həbs olunmuş və güllələnmişdir...

Mən Cəlal müəllimi orta məktəb yaşlarından tanıyırdım, qonşuluqda yaşayırdıq, daha doğrusu, keçmiş N.Nərimanov, indiki H.Cavid prospektlərindəki qonşu kvartallarda. Evimizdə söhbəti gedərdi, atamla dostluq münasibəti vardı, ədəbiyyat, elm adamları idilər. Ötən əsrin uzaq 40-50-ci illərində, eyni fakültədə olmasa da, eyni universitetdə oxumuşdular. Biz də, - mən və qardaşım, - onun oğlanları ilə bir məktəbdə oxumuşduq, bizim də yoldaşlıq münasibətlərimiz vardı. Sonralar, məktəb illəri və universitet qayğıları arxada qalanda, öncə oğlu Farizi, bir neçə il sonra isə məni uzun zaman çalışdığımız təhlükəsizlik orqanlarına işə dəvət etdilər...

1979-cu ilin mart ayı idi, 26 yaşım vardı, universitetdəki təhsilimi çoxdan başa vurmuşdum, Moskva Mərkəzi Dövlət xarici dil kurslarının eksternlə qəbul olunduğum italyan dili şöbəsinin sonuncu kursunu bitirməkdə idim. İlk tərcüməm "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuşdu. Ümumilikdə on müəllifin 16 novellasını "İtalyan novellaları" başlığı altında çapa hazırlamışdım, tərcümə ədəbiyyatımızda italyan dilindən çevrilmiş ilk bədii əsər olmalı idi. Çox düşünüb-daşındıqdan sonra atam məni Cəlal müəllimin yanına, Azərbaycan Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsinə apardı. Cəlal müəllim Komitə sədrinin birinci müavini idi. Mehribancasına görüşdükdən sonra gəlişimizin məqsədini açıqladıq. "Şamil, sən bu cavan oğlanı da bizim günümüzə salmaq istəyirsən?", - deyə Cəlal müəllim zarafatla mənə baxıb gülümsədi. Cəlal müəllim italyan dilindən çevirdiyimi biləndə çox təəccüb etdi, o vaxtlar bizdə italyan dili tədris olunmurdu. Dövlət Konservatoriyasında, anası İtaliyanın Modena şəhərindən olan, məşhur partizan Şahbaba Məcidovun oğlu, dostum Şauro Məcidovun əsasən vokalistlər üçün nəzərdə tutulan qısa kursundan başqa, respublikada italyan dilindən əsər-əlamət yox idi. Moskvada oxuduğumu dedim, A.Moraviadan qəzetdə çap olunmuş tərcüməmi göstərdim. Qovluğu açıb bir qədər oxudu, rusca, yoxsa azərbaycanca təhsil aldığımı soruşdu, azərbaycanca oxumuşam, dedim, ancaq uşaqlıqdan rusca da danışıram. Gözünü qovluqdan çəkmədən, pis deyil, dedi, bu bir yenilikdir, çap edəcəyik. Özümə yer tapmırdım, o, makina vərəqlərinin sayına gözucu nəzər salıb telefonun dəstəyini qaldırdı. Danışdığı "Yazıçı" nəşriyyatının direktoru Əjdər müəllim idi. Qeyd elə, dedi, gənc bir tərcüməçi gələcək, italyan dilindən tərcümədir, plana salarsan, yox, səksəninci ilin, təxminən 6 çap vərəqi, yox, azdır, 35 min tirajla!.. Dəqiq belə bir söhbət getdi. Hə, nə deyirsən, - deyə yenə üzümə baxıb gülümsədi. Sarsılmış halda təşəkkürümü bildirib, dizimin üstündə hazır tutduğum kitabı ona uzatdım. Üz qabığını tanıdı, onun "Halə" kitabı idi, lütfən, üstünü yazın, - deyə, xahiş etdim. O, kitabı açıb, titul vərəqindən soldakı səhifədə yazdı: "İstedadlı, əməksevər, gələcəyi şəksiz gözəl olacaq Cəmşidə (Dostumun oğlu mənim də dostumdur) Müəllifdən, - İmzaladı, - 14.III.79". Buralardan keçəndə baş çək, - dedi. Dövri mətbuatda çap olmağına kömək edəcəm. Gələcək iş yerin barədə də düşünərik. Problemin olanda da gəl, - dedi. İl yarımdan sonra Leninqradda oxuyarkən Bakıda ilk kitabım işıq üzü gördü, atam onun 25 nüsxəsini və qonorarımın yarısını ora göndərmişdi.

Bu görüşdən iki həftə sonra həyatımda gözləmədiyim bir hadisə baş verdi, sevindirici olduğu qədər də ədalətsiz, ancaq xoş sonluqla bitən bir hadisə. Neçə illər idi ki, oxuduğum filologiya fakültəsinin 3-cü kursundan, AMEA-nın Tarix İnstitutunda çalışan gözəl insan, Qafqaz Albaniyası tariximizi ilk dəfə işıqlandıran, türkcanlı alim, əslən Lənkəran yəhudilərindən olan tarix elmləri doktoru Zelik İosifoviç Yampolskinin məsləhətləri ilə, - Zelik İosifoviç, Cəlal müəllim və atam universitetdə eyni vaxtda oxumuşdular, dost idilər, - gecə-gündüz latın dilini "əzbərləyir", rəsmi xarici dil kimi I kursdan fars dilini öyrənirdim. Bundan xəbər tutan, həmin institutun "III-VIII Orta əsrlər tarixi" şöbəsinin müdiri, bizim günlərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Rauf Hüseynov evimizə zəng edib görüşməyi təklif etdi. Təhsili rusca olan bu vətənpərvər alim məni öz şöbəsinə işə götürməyi, Leninqrada elmi təcrübəyə yollanmağı təklif etdi. Fars, latın və italyan dillərini bilirsən, - deyirdi, Leninqradda qədim erməni dili olan qrabarı mənimsəyərsən, onlar tariximizi təhrif edirlər, saxta tarixi "abidələrini" oxumaq vaxtı çatıb, ancaq mütəxəssisimiz yoxdur, ən qədim dövrlərdə Qafqaz ərazisində türk tayfalarının mövcud olduğunu yazan Qədim Roma tarixçisi Kornelius Tatsitusu da latınca oxumalısan. O, bunları söyləyib, razılığımı aldıqdan sonra İnstitutun direktoru İqrar Əliyevin yanına getdi. İqrar müəllimin tarix elmimizə baxışı türk yönəmli alimlərimizin, o cümlədən mənim atamın fikirlərindən radikal şəkildə fərqlənirdi. Rauf Hüseynovun israrlı sübutlarına o, " bu uşaq tarixçi deyil, filoloqdur, götürə bilmərəm" və ya "biliklərini yoxlamaq lazımdır", "qoy Zelik zəmanət versin" və s., - deyə cavab verirdi. Zelik İosifoviç gözəl bir təqdimat yazdı. Ancaq İqrar müəllim, nəhayət ki, sözünün canını dilinə gətirdi: "Bilirsən, Rauf, bu da yaza-yaza, atası kimi, tariximizi aparıb türkçülüyə çıxaracaq...". Nə isə, artıq, incimirəm, hər bir alimin öz əqidəsi var, ancaq kimisi millətinin tarixində qalır, kimisi də yox, - mənim atam qalıb.         

Cəlal müəllim və həyat yoldaşı Tahirə xanım axşamlar çox sevdikləri Akademiya bağında gəzişərdilər. Tahirə xanım Tibb İnstitutunu bitirmişdi, uzun illər Bakı Səhəri Oktyabr (Yasamal) rayonu səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Cəlal müəllimə yaxın olan az sayda qələm sahibi bilirdi ki, onun həyat yoldaşı məşhur tənqidçi Əli Nazimin doğmaca bacısıdır. Cəlal müəllim və Tahirə xanım ayrılmaz idilər. Bu iki insan necə də bir-birinə yaraşırdı! Axşamlar mən də dostlarımla görüşə Akademiya bağından keçib gedirdim. Tez-tez Cəlal müəllimlə rastlaşır, salamlaşırdıq. Akademiyada işə düzələ bilməməyim içimi yandırırdı. Taleyimin daha bir qisməti idi ki, o, gözlərimdəki kədəri duymamış olmadı. Yol gedə-gedə əhvalatı ona danışdım, sabah mütləq zəng edərsən, - dedi, ayrıldıq.

Ertəsi gün aprelin 2-də böyük bir ziyalı komandası bildiyi dillərin ucbatından "bəlaya" düşmüş bir gəncə yardım etməkdən ötrü toplaşmışdı. Cəlal müəllim, atam və məni uşaqlıqdan tanıyan, atamın işlədiyi Əlyazmalar İnstitutunun direktoru Cahangir Qəhrəmanov, birlikdə akademik Ziya Bünyadovun yanına yollandılar. Mən orada gözləyirdim. Ziya müəllim italyanca bildiyimi eşidəndə "harada öyrənmisən?"- deyə italyanca soruşdu. Cavab verdim. "Ona "Oriente Moderno"nu (Romada çap olunan "Müasir Şərq" jurnalı) verin", - dedi, "oxuyan yoxdur deyə, yüzlərlə nüsxə Akademiyanın kitabxanasında toz içində çürüyürr". Sonralar, onun Moskvada yazdığı namizədlik dissertasiyasının "İtaliyanın Afrikadakı imperializmi" mövzusunda olması mənimçün gözlənilməz oldu. Daha sonralar həmin o toz basmış "Oriente Moderno"lardan birində yaradıcılığı ilə daha yaxından tanış olduğum görkəmli türkoloq, "Kitabi-Dədə Qorqud"un Vatikan nüsxəsini tapıb üzə çıxarmış  Ettore Rossinin 110 illiyinə xatirə məqaləsi yazıb, 1924-cü ildə Məhəmməd Əmin Rəsulzadə haqqında yazmış olduğu orijinal bir məqaləsini də tərcümə edib şərh verdim. Ziya müəllimin xahişlərinə baxmayaraq, Tarix İnstitutuna işə düzəlmək məsələsi xətm olundu. Cahangir müəllim harasa getməli idi, Cəlal müəllim Ziya Bünyadovu və atamı kənara çəkib dedi: Gedək, ustada baş çəkək, 5-ci mərtəbəyə düşüb, sol dəhlizlə getdik. Nizami adına Ədəbiyyat İnstitutu idi. Cəlal müəllim Ziya Bünyadovu görcək təlaşa düşən katibəyə yaxınlaşıb İnstitutun direktoru Mirzağa Quluzadəni soruşdu, Ziya müəllim qızın məruzəsini gözləmədən, "Mirzağa", - deyə qapını itələyib içəri keçdi, o birilər də ardınca, sonra da məni çağırdılar... Mirzağa müəllim elə həmin gün, aprelin 2-də əmrimi verib məni "Ədəbi əlaqələr" şöbəsinə işə götürdü. "Nizami Gəncəvinin italyan şərqşünaslığında tədqiqi və tərcüməsi" mövzusu üzərində çalışmağa başladım, düz iki il, ancaq sonra, - sonra başqa cür oldu... Mirzağa müəllimlə təmasda olduğum o az müddətdə, bu mehriban insan hər dəfə məni görəndə kədərlə deyərdi: "Sən olmasaydın, bəlkə də, o üç dostumu bir daha birlikdə görməyəcəkdim", kədərinin səbəbini sonra anladım, xəstə idi, səkkiz ay sonra, dekabrın 12-də Mirzağa müəllim vəfat etdi.

Cəlal müəllimin ədəbiyyat tariximizdə, xüsusilə də bədii tərcümə və kitab nəşriyyatı sahəsində böyük xidmətləri olub. O, ADU-nun hüquq fakültəsini bitirsə də ədəbiyyat üçün yaranmışdı. Çoxları bilmir ki, Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı kimi namizədlik işini bitirsə də, akademik Heydər Hüseynovun Şeyx Şamili milli qəhrəman, "Qafqaz evi" ideyasını isə dəyərli fikir kimi təbliğ edən "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" əsərinə verdiyi müsbət rəyə görə Cəlal müəllimi aspiranturadan və Yazıçılar İttifaqından kənar etmişdilər (orijinal yumor hissinə malik olan Zelik İosifoviçin zarafatları "dözülməz" idi, bir dəfə ürəkdən gülərək mənə danışmışdı ki, həmin o ağır illərdə, Cəlal müəllimin dilxor vaxtları olsa da, onunla birlikdə atamı kənara çəkib tam ciddiliyi ilə ona demişdi: qardaş, adını çağırmaq təhlükəli olduğundan, daha səninlə dostluq edə bilmərik, əgər bunu istəmirsənsə gərək razılıq verəsən səni "Anti Şamil" çağıraq)...

Sonrakı illərdə Cəlal müəllim "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist"qəzetində redaktor müavini, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışmış, 1975-ci ildən ömrünün sonunadək Azərbaycan Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində fəaliyyət göstərmişdi. Onun yaradıcılığında nəsr, tənqid, jurnalistika, bədii tərcümə, teatrşünaslıq və publisistika hərtərəfli şəkildə əks olunurdu. O, "Nuranə", "Gəlirəm, Sagül", "Halə", "Həsən bəy Zərdabi", "Mərziyə Davudova", "Ələsgər Ələkbərov", "Rza Təhmasib" kimi maraqlı əsərlərin müəllifidir, M.S Ordubadi, Əbülhəsən, Qılman İlkin, İsmayıl Şıxlı, Nəbi Xəzri, Mirzə İbrahimov kimi yazıçıların yaradıcılığı onun səmimi tənqidi məqalələrində tam dolğunluğu ilə öz realist əksini tapmışdır. Cəlal müəllimin yaradıcılığında tərcümə fəaliyyəti xüsusi yer tutur. Rus dilinin incəliklərinə dərindən bələd olan tərcüməçi A.Fadeyevin "Gənc qvardiya", B.Polevoyun "Əsl insan haqqında povest", V.Q.Belinskinin, A.Makarenkonun seçilmiş əsərlərini uğurla Azərbaycan dilinə çevirmiş, M.S.Ordubadi, M.Hüseyn, Ə.Məmmədxanlı, S.Rəhimov kimi ədiblərimizin əsərlərini rus dilinə tərcümə etmişdir. Cəlal Məmmədov "Əməkdar incəsənət xadimi", SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı laureatı idi.

Cəlal Cabbar oğlu Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etdi. Həmin gün SSRİ Siyasi Bürosunun üzvü, ümummilli liderimiz Heydər Əliyev onun ailəsinə başsağlığı teleqramı göndərmiş, dəfni ilə əlaqədar təşkilat komitəsinin yaradılmasına göstəriş vermişdi. Cəlal Məmmədov Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur. Mənalı həyatının ömür-gün yoldaşı Tahirə xanım da 2000-ci il noyabrın 25-də dünyasını dəyişdi. Ancaq Cəlal müəllimin xatirəsi onu tanıyan insanların yaddaşında, oğlanları Farizin və Firuzun, qızı Dilarənin, nəvələri Nigar və Niginin, Fəridin, Kamalın, Səbinənin qəlbində həyatları boyu yaşayacaq...

Bəlkə də, heç vaxt bu cür həssaslıqla qələmə almadığım bu yazı ilə gözəl bir insanın - Cəlal Cabbar oğlu Məmmədovun xatirə hekayətini bitirmək istərdim. Mən onu bir əsrin adamı kimi də təsəvvür edə bilmirəm, o, gözlərim önündə yalnız həmişəcavan bir insan tək, təkrarsız mehribanlığı, müstəsna davranışı ilə seçilən bir şəxsiyyət təcəssümü, əsl azərbaycanlı ziyalısı kimi qalmışdır, - qürur dolu, unudulmaz xatirələrinin işığında...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!