Dəli gülüş... - Meyxoş ABDULLAH - hekayə

Şənbə günü idi... O, yatağında uzanıb gözünü qapayaraq fikrə getmişdi. Hər gün beləydi, oyanandan sonra bir müddət yerinin içindəcə yarıyuxulu halda uzanaraq səssiz-səmirsiz fikrə dalardı. Qəribəydi, səhərin açılmasını heç sevməzdi. Hər açılan səhər ona ağrı-acıdan savayı bir şey gətirməzdi.

Hə yaxşı ki, bu  dünyada anası, bir də onu bu həyata bağlayan bircə qızı vardı, yoxsa onlarsız günü necə olacaqdı? Təkcə bunlarmı? Axı, deyəsən, onun həyatında  çəkdiyi bütün ağrı-acılara bais olan bir şey də vardı, o da divardan asılan sədəfli sazıydı... - deyə Qəmər düşündü. Həyatının acılı-şirinli xatirələrinin səbəbkarıydı o saz. Bəlkə də, o saz olmasaydı Qəmər başqaları kimi xoşbəxt bir həyat sürərdi... Bəlkə də...

Ömrüboyu beynində dolaşan  bu bəlkələrin cavabı qarşısında aciz qalan Qəmər bir onu bilirdi ki, o, dünyanın ən bədbəxt adamıdır. Ağlı, gözəlliyi, fərasəti ola-ola bu həyat onunçün cəhənnəm əzabından da betər olmuşdu.

Qəmər yatağının içindəcə gözlərini dolandırıb divardan asılmış saza baxdı. Saz, sanki divarda çarmıxa çəkilmişdi. Qəməri də bu həyat elə saz kimi çarmıxda saxlayırdı. Elə bil, saz onun özünə oxşayırdı, sir-sifətindən məzlumluq tökülürdü.

Ömründə ilk dəfəydi ki, onun saza yazığı gəldi. Yatağından  qalxıb divardan sazı aldı və doğma balası kimi sinəsinə basıb əvvəlcə qoxuladı.  Neçə müddətdi ki, o, saza toxunmurdu. Keçmiş xoşbəxt günlərinin ətri gəlirdi sazdan. Mizrabı alıb simlərin üstə gəzişdi, saz "gülümsədi". Qəmərin də dodaqları qaçdı. Ürəyindən bir "Ruhani" çalmaq keçdi. Havanın soyuq olmasına baxmayaraq, Qəmər otağının pəncərəsini taybatay açdı və gözlərini yumaraq  sazı "Ruhani" havası  üstə köklədi.

Çiskin, soyuq payız yağışıyla Qəmərin gözlərindən süzülən göz yaşları keçmiş xatirələri yuyub suya çəkirdi, sanki.

Qəmər elə dolmuşdu ki, ürəyi həyəcandan  qəfəsə salınmış quş kimi çırpınaraq, perikib qəfəsdən azad olmaq və göyün ənginliklərinə kimi qalxmaq istəyirdi... O, keçmiş ağlı-qaralı günlərini, sevgiylə dolu gənclik çağlarını, nakam arzularını göz önünə gətirdikcə, sazın iniltisylə, ürəyinin fəryadı otağının pəncərəsindən süzülüb göylərə bülənd olurdu...

Qəmər birdən-birə "Ruhani"dən "Aran gözəlləməsi"nə keçdi. Bu onun ən çox sevdiyi saz havası idi. Elə bu vaxt hardansa beyninin hansı küncündəsə ilişib qalmış el şairi Elman Tovuzun "Dünya" şeiri yadına düşdü.

Sən məni bağışla, Ya Qibləgahım!

Bəlkə də, göylərə yetişmir ahım.

Nə suçum bəllidir, nə də günahım,

Nədən, "ömürlükdü" bu cəzam, dünya?!.          

Qəmər oxuduqca küçədən keçənlər ayaq saxlayıb onun sazının, sözünün sehrinə qulaq kəsilmişdilər. Hamı çiyinlərini çəkərək sabah-sabah, payızın pərişan vaxtı, bu dəli-dolu aşıq qızın ürəklərə çalın-çarpaz dağ çəkən səsini dinləyirdilər.

Qəmər  isə öz aləmindəydi. Onda ayılıb gördü ki, yaşadığı binanın ətrafı adamlarla doludur. Hamı da əli qoynunda dayanıb ona tamaşa edir.

Geri boylananda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını gördü. Əvvəlcə, yuxusundan hövlnak ayılan adam kimi diksindi, sonra isə sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başladı... Onun bu dəli gülüşü, sanki həyatın üzünə vurulan tərs  bir silləyə bənzəyirdi...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!