Şah Abbas Cənnətməkan... - Əfqan Əsgərov - Yeni romandan parçalar

1. Yol uzun, döngəsi çox

- Ey gözü göylərdə olan, hərdən ayaqların altına da bax.

Şah oğlu şah Abbas bu kəlamı ilk dəfə kimdən eşitdiyini xatırlamırdı. Ona elə gəlirdi ki, xatırladığı "Quran" ayəsi kimi göydən enmişdir. Xatırladığı anası Fəxrənnisə bəyim hələ sağ idi. Fəxrənnisə bəyim oğlunun başına sığal çəkib demişdi:

- Ayaqları altını görən yıxılmır, oğul... Göylər şahı qartal da ayaqlarını üç dəfə yerə vurmamış qanad açmır...

Hər uşağın öz lələsi olsa da, doğma ana əvəzsiz idi. Onun sözü də, sığalı da, öyüdü də əvəzsiz idi.

Ana sözlərini eşidəndə balaca Abbas yıxılanda da ağlamırdı. Ağrı-acının arasından yenə anasının səsini eşitmişdi:

- Qalx görək... Özü yıxılan ağlamaz...

"Bəs, insanı başqaları yıxarsa necə?".

Bunu o, anasından soruşmamışdı. Heç başqalarından da soruşmamışdı.

Deyir şah olmaq istəyən gərək uşaqlıqda da ağlamasın. Çünki ağlayan şahın göz yaşını silmirlər. Silsələr, belə şahın milləti də ağlar qoyar. İndi isə baş vəziri ordubadlı Hətəm bəyə tərəf dönüb hökmlə soruşdu:

- Vəzir, ölkədə hamının bir-birinə badalaq gəldiyi bir vaxtda yıxılanlar nə etməliydi?!.

Vəzir Hətəm bəy təzim edərək susdu. Bu sualı o, şah Abbasdan əvvəl də eşitmişdi. Şah bu sualları adətən dərdi tüğyan edəndə verirdi. Hətəm bəy şah Abbasın necə dərdi ölkə boydadı millət adlı dərd idi.

Lələsinin dediyi bu idi ki:

- Gözüyaşlı böyüyən şahın başı daşlı olar. Uşaqlığı göz yaşları içində keçən şah həmişə də başı daşlı olar.

- O millət ki, hələ islamiyyətdən çox-çox əvvəl gündoğardan günbatara yürüşlər etmişdir. O millət ki, ən müqəddəs andı bayraq olmuşdur! O millət ki, doğma torpağı duaya çevirib qoynunda gəzdirmişdir.

Kim bilməsə də, Hətəm bəy bilirdi ki, şah Abbas ilk ordu qurmağa qədim türk qayda-qanunuyla başlamışdı. Şah Abbasa qədər Səfəvilər dövlətinin yürüşləri də, qələbələri də olmuş, ancaq nizamlı qoşunu olmamışdı. Lazım gəldikdə car çəkilir, hər bəylərbəyi başının dəstəsiylə gəlirdi, kimi at belində, kimi dəvə belində. Şah İsmayıl da beləcə müharibə aparmışdı, şah Təhmasib də, şah Məhəmməd Xudabəndə də. Xüsusən Məhəmməd Xudabəndənin şahlığı vaxtında bəylər bəyləri çox hikkəli olmuşdular. Şah tələb etdiyi qədər yox, özləri bildikləri qədər piyada və süvari. Elə bu səbəbdən də gündoğarda özbəklər, türkmənlər, əfşarlar ölkənin bütövlüyünü parçalamaq, günbatarda isə qardaş dedikləri osmanlı paşaları səfəvilərdən mənasız bəhanələrlə daha çox torpaq qoparmaq istəyirdilər. Əsas bəhanə də o idi ki, "Siz şiə məzhəbindənsiz"...

Sultan Səlim Yavuz Ərzurumda, Diyarbəkirdə minlərlə türkü "şiyə" - deyib qılıncdan keçirmişdi.

Çaldıranda əsir götürdüyü minlərlə Səfəvi əsgərlərin boynunu vurdurmuşdu. Gürcüstan, Çuxursədin, Azərbaycanın rayonun çox hissəsi - Qarabağ, Şəki, Şirvan, Dərbənd itirilmiş, dağıdılmış, ən böyük şəhərimiz olan Təbriz viran qalmışdı.

Bir sözlə, Səfəvi dövlətinin məhvini baş siyasətə çevrilmişlər. Bir tərəfdən də Portagiz gəmiləri Hörmüz adasını tutub İranın bizim dəniz yolunu kəsmişdi. Çindən, Hindistandan gələn tacirləri Hörmüz boğazında soyurdular. Ticarəti olmayan ölkəyə: "Yavan çörəyin ümidinə qalıb" - deyirlər.

- Atam Məhəmməd Xudabədənin şahlığı vaxtında, bəzən heç yavan çörək də tapılmırdı, ölkədə dünya nizamı pozulmuşdu. Bəylər varlandıqca azğınlaşır, rəiyyət köpük qusurdu. Xəzinə elə başlamışdı ki, qızıl qab-qaçağı doğratdırıb pul kəsdirməyə məcbur olmuşdu. Əlacsızlıqdan orduya geyim tapa bilmirdik. Qoşuna çarıq tikdirib geydirdim. Şahın özü də çarıq geyib ordunun qabağına düşdü. Hansı bəylərbəyi, hansı xan çarıq geyərdi? Hansı?!.

Vəzir Hətəm bəy həmişə olduğu kimi, yenə də qalxıb əllərini sinəsinə cütləyərək mütiliklə baş əydi və susdu.

Şah Abbas sözünə davam etdi:

- İtin quduzluğu neçə gün çəkir, vəzir?!.

Hətəm bəy təzim etdi:

- Qırx gün, şah həzrətləri...

- Bunu bəylərbəyləri bilmirmi? Bilirdilərsə itirilmiş torpaqları qaytarmaq əvəzinə şah sarayına cumub əllərinə keçəni soyub-talayırdılar. Ölkədə qiyamət tufanı əsirdi. Bilirdilər ki, ya qudururlar?! Millətin bəyi də olmalıdır, rəiyyəti də. Bəy quduranda rəiyyət başına haranın daşını töksün?

Şah Abbas sözünə azacıq ara verib hirsli halda:

- Vəzir, sən çox susacaqsan?! - dedi. - Başa düş ki, vəzir susmaq üçün yox, tədbir üçün lazımdır. Bu, saray dövlətin düşünən beyindirsə, o beynin bir gözü sənsən! Başa düş ki, dünyanı düzəltməliyik!

Vəzir ordubadlı Hətəm bəy yenə təzim etdi:

- Şah sağ olsun...

Vəzirin sözünü bitirməyi gözləmədən şah Abbas təzə hökmü verdi:

- Mənə bir savadlı, gözüaçıq, daş yaddaşlı, vicdanlı, müdrik Münşi lazımdır. Bizim nöqsanımız odur ki, tarixi qələmə almaq əvəzinə, yazılanı pozuruq. Bu tarix yazılmalıdır. Yazılan qalır, yaşayır, deyiblər. Avropada əli qələm tutan tarix yazır. Keşişlər də tarix yazırlar. Bizdə olduğu kimi "duva" yox, tarix yazırlar. Qurd ağzın bağlamırlar, dil bağlamırlar, yol açırlar... Tarixi olmayan millət ölümə məhkumdur, vəzir. Bu tarix məndən, səndən çox gələcək övladlara lazımdır. Tarixi yazan Allah adamı olmalıdır, vəzir. Düzü düz yazmalıdır! Bəyə, xana, sultana, əmirə, heç kəsə əyilməməlidir. Bir Allah qarşısında hesabatda olmalıdır.

Hətəm bəy, sanki öz arzusunu eşidirdi. Tez şaha baş əydi:

- Belə bir alim var, şahım... - dedi.

Şah Abbas baş vəzirinin sədaqət və mərdliyinə arxayın olsa da, ilk dəfə görürmüş kimi bir daha ona zəndlə baxdı:

- Vəzir, o, haqqa arxalanmalıdı! Yaltaq Münşi göydən enmiş olsa da, mənə lazım deyil. Ölkəni bu qara günə salanlar vicdanla qulluq edənlər yox, yaltaqlana-yaltaqlana şaha, saraya vicdansız qulluq göstərənlər olmuşlar. Sən öz namizədinə arxayınsanmı?..

Vəzir Hətəm bəy baş əydi:

- Mən ona inanıram, şahım... Mən şah qarşısında, böyük Allahın şahidliyi ilə vicdanıma and içirəm, əlahəzrət.

Şah Abbas bir də Hətəm bəyi sınağa çəkdi:

- Yaxşı düşün, vəzir... Bu, vicdan söhbətidir. Başqalarına yüz səhvi bağışlasam da, vəzirə bircə səhvi də bağışlamaram.

Baş vəzir Hətəm bəy şahın qədəmlərinədək əyildi:

- O kimdi?..

- Adı İsgəndərdi, şahım. Əvvəl haqq-hesab işiylə məşğul olub. Gözəl xəttatdır. Sonra öyrəndim ki, tarixə şövqü daha böyükdür.

- Məsələn?..

- Şah sağ olsun, mən onun əl yazılarını oxumuşam. Cədvəllərinə baxmışam. Başımla cavabdehəm.

Şah Abbas rahat nəfəsini dərdi:

- Bəzən bir qoşun baş da dünyadan baş açmır, Hətəm bəy!

- Mən kimin qarşısında olduğumu bilirəm, əlahəzrət.

Şah Abbas qalxıb vəzirin bərabərində durdu və əlini onun çiyninə qoyaraq maraqla soruşdu:

- O nə cədvəllərdi?..

- Gündoğardan üzü bəri bütün Səfəvi - Azərbaycan nəslinin şəcərə cədvəlidir, şahım.

- Maraqlıdır... maraqlıdır... - deyə şah Abbas sol əli ilə alnını ovxalayıb yenidən taxtına oturdu. - Maraqlıdır... Hardadır o dediyin alim Münşi?..

Vəzir Hətəm bəy ixtiyarsız olaraq sağa tərəf döndü:

- Ərdəbildədi, şahım.

- Ərdəbildən?..

- Bəli.

Oralıdı?

- Məncə... oralıdı, şahım.

Şah Abbas baş divanı yekun vururmuş kimi əsasını qaldırıb yerə vurdu:

- Ora tez çapar göndər. bir məktub da yaz, yubanmadan gəlsin! Birbaş saraya gəlsin! Yaz ki, şahın olacaqsan!

Deyirlər, Makedoniya kralı Filipp ən yaxşı sərkərdələri saraya dəvət edir ki, oğlu İsgəndərə döyüş dərsi öyrətsinlər.

Çox ağıllı olan İsgəndər atasına təşəkkür edərək deyir:

- Mənə hikmət sahibi Ərəstunu müəllim çağır, ata.

Atası çar Filipp deyir:

- Axı sən ölkələr fəth etməlisən, dünyanın var-dövlətini xəzinənə yığmalısan...

İsgəndər nəzakətlə cavab verir:

- İncimə, çar ata, ölkənin varidatı xəzinədəki qızıllarla yox, elm və hikmət sahiblərinin sayı ilə ölçülür. Sərkərdə çar Filippin oğlunu mahir döyüşçü edə bilər. Amma mən, çar Filippin oğlu İsgəndərəm. Bundan sonra həm də Allah oğlu çağırılmaq istəyirəm. Bunu da təkcə böyük Ərəstun bacarar, ata.

Çox keçmir ki, Ərəstun hikmətinə yiyələnən İsgəndər Misirə, İrana, Əfqanıstana, Hindistana çatır. Dünənki ana uşağı İsgəndər, ilahi varlığa çevrilir.

Kimi onu peyğəmbər, kimi onu Allah oğlu sayır.

Çoxları özünü Allah adlandırıb, əslində, heç Allahın qulu da olmayıb.

- Böyük İsgəndərin adı "Qurani-Kərim"ə yazılıb, vəzir, - deyə şah Abbas vəzir Hətəm bəyə bir də sual verdi: - O Münşinin adı necə oldu?..

- İsgəndər... mənim şahım...

Şah Abbas cavabdan xoşlanaraq gülümsündü:

- Böyük İsgəndərin adaşıdı ki!.. Onu tez tapmaq lazımdır!

 

2. Yazıya pozu yoxdur

Bir həqiqət var ki,

yazını pozan çoxdur.     

Yalan-gerçək deyirlər, əyirlər, hər kəsin taleyi İlahi tərəfindən onun alnına yazılır. Alın yazısının olub-olmamasını, hətta peyğəmbərlər də oxuya bilməmişlər. Bu səbəbdən müqəddəs kitablarda da axtarmayın.

Bəs niyə "yazıya pozu yoxdur" - demişlər?

Səfəvilər xanədanında baş verənlər doğrudanmı alın yazılarıdı?

Şah Abbas Allaha, peyğəmbərə, imama bağlı adam olub. Ancaq təkcə "alın yazısı" hökmüylə barışa bilməyib.

- İnanıram ki, Allah-taala bu qədər fəlakəti alnımıza yazmış olsun...

Şah Abbas tarixçi İsgəndər Münşiylə görüşündə də alın yazısından, ümumən türk millətinin alın yazısından söhbət açdı və hətta bir hikmətli misal da çəkdi:

- Deyir, bir gün İblisdən soruşurlar ki, sən alın yazısından qorxmursan?

İblis gülür ki, Adəm övladlarının biri yazırsa, beşi pozur, niyə də qorxum?..

Şah Abbas tarixçi İsgəndər Münşinin xəyallandığını görüb, maraqla söz açdı:

- Sən məndən yaşca böyüksən, məndən çox görmüsən...

İsgəndər Münşi şaha baş əyib:

- Şah sağ olsun, - dedi. - Mən çalışmışam gördüklərimə tarixin gözüylə baxam, tarixin gözü millətin gözüdü. Siz müdrik misal çəkdiniz. Belə getsə, İblisin vəzifəsi çox yüngülləşəcək... Çünki qardaşın yazdığını doğma qardaşı pozur. Qardaş qardaşa yağı kəsiləndə də həm qüvvət tükənir, həm hörmət. Şah Təhmasib rəhmətə getdikdən sonra hər bəylərbəyi şah ola bilməsə də təzə "şah sahibi" olmaq istəyib.

Şah Abbas deyiləni təsdiqlədi.

- Mənə də sahib çıxanlar oldu... deyib. İsgəndər Münşinin sözünə qüvvət verdi.

- Şah sağ olsun, el içində deyirlər ki, tamah ağıla güc gələndə insan hər yamanlığa əl atır. Deyir, İblisdən soruşurlar, sən bu qədər ağıllı adamı Allah yolundan necə çıxarırsan? İblis cavab verir ki, insana ağıl verən gərək ona tamah verməyəydi. O gün bir İstanbul türkü mənə dedi: "Qardaşıq, cibimiz ayrı!" Axı cib ayrılığı ürək birliyini, can birliyini də pozur. Belə olmasaydı Pərixan xanım doğma qardaşı İsmayılın qətlinə fərman verməzdi. Vəliəhd Həmzə Mirzə kimi bir pəhləvanı, Krım xanı Adil Kireyi əsir etmiş bir igidi erməni dəllək Xeyrullanın əli ilə öldürtməyə İsmi xan cəsarət etməzdi. Nəhayət, ölkə tapdaq altında ola-ola bəylərbəyləri şəxsi qazanc üçün həm bir-birlərinə, həm də şaha hücuma keçməzdilər. Milləti ac qoyan, yetim-yesir qoyanlar "Millət! Millət!", - deyə şah sarayını dağıtdılar, utanmayıb hərəmxanaya soxuldular... Tamah gücünə arvad başı kəsdilər.

İsgəndər Münşi birdən-birə dayandı. Ən dəhşətli səhnənin Fəxrənnisə bəyimin, onun anasının və başqalarının şah hüzurunda öldürülməsini təsvir etmədi. O deməsə də, şah Abbas artıq İsgəndər Münşinin ürəyində qövr edən sözləri-naləni eşidirdi.

Şah Abbas qüssəli:

- Sən onu bilirsənmi mənə görə Əliqulu xanla Mürşüdqulu xan bir-birinin üstünə qoşun çəkib, cəngə giriblər?.. Buna "şah davası" da deyiblər, namusu, qeyrəti heçə endirənlər bu dəfə "Yaşasın yeni şahımız Abbas Mirzə!"  qışqıra-qışqıra məni Xorasan yolundan Qəzvinə gətirdilər.

Həmin adamlar Məhəmməd Xudabəndəni də belə çal-çağırla taxta çıxartmışdılar. Həmin Xudabəndənin ki, o vaxt da gözləri pis görürdü, qulaqları ağır eşidirdi. O vaxt da vəzir-vəkil həmin adamlar idi. O vaxt Məhəmməd Xudabəndəyə "Mənim şahım!" deyib, başına and içir, ürəkdə isə hər bəylərbəyi özünü şah sayırdı.

Tarixdən bir səhifə

Ölüm də bir qismətdi...

Vəzir-vəkil şah ilə millət arasında pərdə olmalı, daş-divara çevrilməməlidir. Vəliəhd Həmzə-Mirzə də öldürüldükdən sonra şah Məhəmməd Xudabəndənin sanki gözləri açılmışdı. Amma görməli bir şey olmayan vaxtda gözlərin açılması kimə lazım idi?..

Deyir, anadan kor doğulmuşun gözləri o vaxt açılır ki, güvənməyə kimi-kimsənəsi qalmır, hara dönürsə, Əzrayılı görür.

Can çəkə-çəkə yalvarır:

- İlahi!.. Belə görən gözləri neyniyirdim?..

Mürşidqulu xanın dəstəsi Məşhəddən Qəzvinə gələnə qədər azı yüz dəfə artmışdı. Yolboyu, "Bizim şahımız Abbas Mirzədir!" - deyən ləşkərə bütün bəylərbəyləri qoşulurdu. Bütün Qəzvin küçələrə, sanki pişvaza çıxmışdı.

Yaşlılar xatırlayırdılar ki, günəş tutulanda belə olardı, camaat əlinə keçən sinini, qazanı döyəcləməklə zülmət içindən təzə günəşin doğacağını gözləyirdi.

Halsızlıqdan yatağa düşmüş şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin sağ-salamat gəldiyinə hədsiz sevinərək, gözləri yaşara-yaşara onu qucaqlayıb öpdü. Sonra əlləri əsə-əsə tacı oğlunun başına qoyub, özü onu şahlıq taxtına oturtdu.

Beləliklə, şah Abbas dövrü başladı.

O vaxt şah Abbasın 16 yaşı ancaq olardı. Bütün bəylərbəyləri hələ də onu uşaq sayırdılar. Bunu hər bir bəylərbəyinin gözlərindən oxumaq olurdu. Onlar növbəylə yeni seçilmiş şahın hələ bərkiməmiş əlini öpərkən dildə də olmasa, ürəkdə deyirdilər ki, "biz çalan havaya oynamasan başına vida de!..".

Tacqoyma mərasimi bitəndən sonra Şah Abbas bir daha bəylərbəylərini hüzuruna dəvət etdi. Onlara məlumat verildi ki, "Sabah bu vaxt ilk müşavirə olacaq. Hamı gəlməlidir. Şah həzrətləri istəyir ki, onun hüzuruna qılıncsız, yaraqsız gəlsinlər!".

Bu hökmü eşidənlər bir-birlərinə bic-bic baxıb, ürəklərində "Bu lap ana uşağıdı ki... - dedilər. - Beləcənə qorxsa yaxşıdı, "Xox" eliyən kimi tac-taxtı qoyub qaçacaq...".

Deyilir ki, iki cür "başkəsən" var: Biri, "basaram-kəsərəm" deyir, axırda deyinə-deyinə bağışlayır.

İkincisi, ətirləyib-sığalladığı başı gülə-gülə kəsir.

Şah Abbas nə birincidən, nə də ikincidən idi. Hələ bir toyuq başı da kəsməmişdi. Amma and içmişdi!

And içmişdi ki: Doğmalarının qanı yerdə qalmayacaq! Şah atamı bihörmət edənlər bihörmət də ölməlidir!

Bəylərbəyləri məclisə cəm olandan sonra şah dikəlib onlara cəmi iki sual verdi:

- Şahbanu Fəxrənnisəni və vəliəhd Həmzə Mirzəni öldürənlərin cəzası nədir?

Hamı bir-birinə baxıb xorla dedi:

- Ölüm!..

- Bəs, qatillərin kimliyini bilə-bilə onların qanlı əllərini hörmətlə sıxanların cəzası nədir?!

Hamı bir-birinə baxıb, xorla dedi:

- Ölüm!..

Şah Abbas əsl hökmdar qətiyyətiylə şah əsasını yerə vurdu:

- Hökm divanxana məclisinindir! Yerinə yetməlidir!

Hər tərəfdən içəri girən silahlı qorçular bəylərbəylərini bir göz qırpımında yaxalayıb apardılar. Çox keçmədi ki, qudurub özünə qənim kəsilmiş bəylərbəylərinin başları nizələrə keçirilərək saray meydanına çıxarıldı.

Belə yerdə deyiblər:

- Yaş ovuna çıxan yaşını, baş ovuna çıxan başını itirər.

 

Müəllim sözü

Elə dünən axşam şaha  qəsd ediləcəyi xəbəri gəlmişdi. Bu səbəbdən də şah Abbas bazara baş vəzir Hətəm bəyi tərk-libas göndərmişdi. Göstəriş vermişdi ki, xəbərin doğru-yalanlığını aşkar etsinlər.

Günortaüstü şah Abbasa təzə xəbər çatır ki, bu işi görmək istəyən bir müəllimdi və o, şahı öldürmək yox, soymaq istəyir... Şah Abbası fikir götürür: "Müəllim hara, sui-qəsd hara?.. Bu da bir sirri-xudadı?..".

Şah əmr edir ki:

- O müəllimi tapın gətirin!

Çox keçmədi ki, saray keşikçiləri üz-gözündən nur yağan arıq bir kişini içəri gətirdilər və şahın işarəsiylə tez də otaqdan çıxdılar.

Gördüyünə inanmayan Şah Abbas təəccüblə soruşur:

- Məni soymaq istəyən sənsən?..

Kişi nəzakətlə baş əyir:

- Bəli, şahım. Mən səni soymaq istəyirəm.

Şah Abbası gülmək tutur:

- Məni? Axı sən nə oğruya oxşayırsan, nə də çapqınçıya. Axı yalın əllə necə soyacaqsan?

Müəllim gah yerə baxır, gah göyə:

- Şah sağ olsun, - deyir... - Şahı soymağa nə ox lazımdı, nə qılınc.

Şah bu dəfə lap ürəkdən gülür:

- Axı, necə soyacaqsan?

- Lap rahat.

- Rahat... Necə?..

- Vəzir-vəkil necə soyur, mən də eləcə... yaltaqlana-yaltaqlana, tərifləyə-tərifləyə, hərifləyə-hərifləyə... soyacam...

Müəllim uşaq məsumluğu ilə yerə baxır. Nəhayət, fikrini toplayır:

- Əlahəzrət, icazə versən bir əhvalat danışaram...

- Buyurun, müəllim, buyurun.

Müəllim yenə yerə-göyə baxıb, bir də fikrini cəmləyir:

- Şah sağ olsun, bəlkə, eşitmisən... Deyir, bir şəhərdə çox məşhur olan bir oğru yaşayır. Bir gün eşidir ki, qardaşı da oğurluğa getmək istəyir. Tez onu çağırıb soruşur:

- Kimi soymaq istəyirsən?..

Kiçik qardaş xəncəri, qılıncı göstərib lovğa-lovğa deyir:

- Lap padşahın özünü!..

Böyük qardaş gülür:

- Padşahı soymağa qılınc, xəncər nə lazım?

Kiçik qardaş təəccüblə soruşur:

- Bəs nə lazımdır?.. Bəlkə, tüfəng alım?

Böyük qardaş barmağı ilə dilini göstərir:

- Bax, bu!.. Dil lazımdı, dil! Qılıncla, tüfənglə taciri, sövdəgəri soyarlar... yadında saxla! Padşahı yox! Yarıqanadın qan sorduğunu eşitmisən? Əvvəl öz qurbanını diliylə keyidir, sonra qanını elə sorub içir ki, heç ruhu da incimir.

Müəllim sözünə ara verib, nəfəsini dərdi:

- Əlahəzrət, Şah Təhmasibdən bəri uca rütbəli yarıqanadlar neçə illərdi şah sarayını  mağaraya çeviriblər. Onlar dünənədək sənin atan şah Xudabəndəni məharətlə aldadıb, o rəhmətliyin qanını sorublar. Onlar ölkəni, milləti soyublar. İndi də şübhə etmirəm ki, cavan Şah Abbasa iştahalanıblar. Çox cavansan... Bəs soymaq necə olar?.. 

Şah Abbas müəllimə heyranlıqla qulaq asıb ixtiyarsız olaraq: "Təriflə-həriflə... təriflə-həriflə" pıçıldadı və ehtiramla:

- Əyləşin, müəllim, əyləşin, - dedi.

Müəllim bir addım geri durdu.

- Əyləşə bilərəm, şahım, axı mən də şahı soymaq iştahına düşənlərdən biriyəm.

Şah Abbas gülə-gülə qalxıb müəllimin qolundan tutdu:

- Təki məni belə müdrik insanlar "soysunlar". Mələk çildinə girmiş saray əyanları təkcə şahı yox, siz alimləri də soymuşlar. Az qalıb, müəllim, az qalıb.

Mən Ərdəbilə getmişdim, bütün ulularımın ruhuna and içmişəm, ölkədə Allah deyən qayda-qanunu yaradacam. Öldü var - döndü yoxdu!

Şahın mehribanlığından kövrəlmiş müəllim:

- Bir məsləhətim də var, şahım, çalış rüşvətin də kökünü kəs. Rüşvət uzunömürlü bəladı. Çalış kökünü kəs. Yaltaqlığın da, rüşvətin də. Rüşvət alaq otudur. Rüşvət olan yerdə ədalət göyərməz. Rüşvət olan yerdə qanun da acizdir, şah. Mən bunu rəhmətlik atana da dedim, ya eşitmədi, ya eşitmək istəmədi, ya da eşitməkdən çəkindi... Hörməti bu oldu ki, məni müəllimlikliyə bağışladı. Min rəhmət... Ancaq şahım, müəllim haqdan dönürsə, o, müəllim deyil. İnanıram ki, Şah Abbas məni eşidəcək.

- Buyur, müəllim, buyur.

Müəllim bilirdi ki, şah hüzurundan cəmi iki yol uzanır: "Ya cəza, ya xələt!".

Bunu duyan şah Abbas mehribanlıqdan doğmalıq hissinədək ucaldı:

- Əziz müəllim, insana böyük Allahdan sonra valideyn əzizdirsə, valideyndən sonra müəllim əzizlər-əzizidir. İlk müəllimim olan lələmin sözü: iblis kələyinə düşmüş insanı Allah-taala göydən yerə endiribsə, Adəm övladını təzədən göyə ucaldan müəllimdir. Böyük Allahın rəsullarını da o mərtəbəyə müəllim ucaldıb. Müəllim, eşidin!..

Müəllim bu sözlərdən doluxsundu. Sanki nə vaxtdan həsrətində olduğu şahın sözünü eşidirdi.

- Çox sağ ol, oğlu... - dedi. - Ya şah!.. Çox şükür ki, həsrət qaldığımız torpaqları qaytarırıq. Min şükür!.. Amma bir müəllim kimi xeyir-duam da var...

- Buyurun, müəllim, buyurun...

Müəllim qamətini bir az da düzəltdi:

- Əlahəzrət, yalvarıram, bundan sonra sənə meydan oxuyanlardan çox yaltaq məddahlardan qorun.

Müəllim ara verib nəfəsini dərdi.

Şah Abbas bir şagird kimi susub müəllimin daha nə deyəcəyini gözlədi.

- Ya şah... Böyük Allah yeri-göyü sözün köməyilə yaradıb. Müəllimin də gücü haqq sözünü deməkdir. Eşidilirsə, deməli o müəllim xoşbəxtdir. Sən ölkəni, milləti yaşatmaq üçün yaxşı işlərə başlamısan. Yaxşı iş üçün yaxşı istək iradən də var.

Şah Abbas əvvəlki doğmalıqla:

- Məsləhətinizi maraqla eşidərdim.

- Yüz yaşa səni, şahım... Belə bir rəvayət də var ki, bir kənddə bəyin keçisi canavar küçüyü doğur.

Bəy yapışır şeytanın yaxasından ki:

- Bu, sənin əməlindi!..

Şeytan ilan dili çıxarıb, yalvarır ki:

- Yaxamı burax, bəy...vallahi, belə deyil. Mən keçiyə ikibaşlı, üç-beş ayaqlı çəpiş doğuzdura bilərəm, amma keçinin canavar doğması olsa-olsa xalis insan əməlidi. Nə qədər ki, Harambala sənin çobanındı, keçin qurd küçüyü də doğacaq, hələ ayı balası da...

Şah Abbas müəllimin rəvayətindən təsirlənərək bir xeyli fikrə getdi. Sonra qalxıb imtahan verən şagird sayağı onun qarşısında müntəzir dayandı.

- Çox müdrik rəvayətdi, müəllim...

Müəllim, sanki şah hüzurunda olduğunu da unudub "dərsinə davam etdi":

Dediyim odur ki, şahlığa şahanə başlamısan, şahanə da davam elə. Şaha əsl qiyməti rəiyyətin güzəranı verir. "Dad haram əlindən!"

- Darıxma, əziz müəllim!.. - deyə şah Abbas müəllimi qucaqladı. Müəllim getdikdən sonra da şah Abbas eşitdiyi nasihətləri ürəyində xeyli götür-qoy etdi. Əvvəllər eşitdiyi hikmətli deyimləri yadına saldı.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!