Covannino Quareski - Don Kamillonun kiçik dünyası - Roman. İlqar Əlfinin tərcüməsində - Üçüncü əhvalat

 

Üçüncü əhvalat 

Qız? Nə qız, balam? Olmaz. Traktirdə bir balaca səs-küy salmaq, mahnı oxuyub şənlənmək, buyur, buna hazıram. Amma cızıqdan çıxmaq, qətiyyən. Görüşdüyüm qız var artıq, hər axşam məni Fabbrikone yolundakı üçüncü teleqraf dirəyinin altında gözləyir.

On dörd yaşım vardı. Velosipeddə Fabbrikone yolu ilə evə qayıdırdım. Yolun qırağındakı daş hasardan üstündə bolluca meyvəsi olan gavalı budağı sallanırdı, Günlərin birində ordan keçəndə velosipedimi saxladım.

Tarlalar tərəfdən əlində zənbil olan bir qız çıxdı, onu səslədim. Yəqin, təxminən on doqquz yaşı olardı, məndən xeyli hündür idi, bir sözlə, uşaq deməzdin ona.

- Mənə kömək elə, qaldır, - dedim.

O, zənbilini qoydu, belinə dırmaşdım. Budağın üstü kəhrəba kimi gavalı ilə doluydu, köynəyimin ətəyinə sığan qədər dərdim.

- Önlüyünü tut, yarısını sənə verim, - qıza təklif elədim, amma istəmədi, dedi ki, lazım deyil.

- Nədir, gavalı xoşlamırsan? - soruşdum.

- Xoşlayıram, amma nə vaxt ürəyim istəsə, özüm dərirəm. Bu bizim ağacdır, mən burda yaşayıram, - dedi.

Mənim on dörd yaşım vardı, hələ də qısa şalvar geyinirdim, amma artıq bənna yanında köməkçi idim, heç kimdən qorxum yox idi. O, boyca məndən hündür idi deyə, lap yetkin qadına bənzəyirdi.

- Deməli, lağ edirsən mənə, - səsimi ucaldıb ona hirsli-hirsli baxdım, - istəsəm, səni çırpa da bilərəm, ay uzundraz.

Heç bir şey demədi.

İki-üç gündən sonra onunla yenə həmən yolda rastlaşdıq.

- Salam, uzundraz! - qışqırıb üzümü eybəcər şəklə saldım. İndi elə eləyə bilmirəm, alınmır, amma onda alınırdı. Üz-gözümü eybəcər şəklə salmağı bunu Neapolda öyrənən ustamızdan da yaxşı bacarırdım.

Sonralar onunla daha bir neçə dəfə rastlaşdım, amma dayanmırdım, ötüb keçirdim. Amma bir dəfə səbrim tükəndi, velosipeddən atılıb qabağını kəsdim.

- De görüm, niyə zillənirsən mənə? - deyib kepkamı yan qoydum.

Qız gözlərini geniş açdı. Açıq rəngdə idi gözləri, lap su kimi, mən heç kimdə bu rəngdə göz görməmişdim.

- Sənə baxan var? - Ürkək-ürkək dilləndi.

Velosipedimə oturub çığırdım.

- Özünü gözlə ha! Zarafat eləmirəm.

Təxminən bir həftədən sonra onu yenə yolda gördüm, məndən xeyli irəlidə gedirdi. Yanında bir oğlan vardı deyə, yaman hirsləndim. Pedala güc verdim. Oğlanın iki addımlığında sükanı qəflətən burdum və yanından ötəndə ona elə çiyin vurdum ki, əncir qabığı kimi şappıltıyla yerə sərildi.

Dalımca söydüyünü eşidən kimi dayandım, velosipeddən enib onu altına çınqıl tökülmüş teleqraf dirəyinə söykədim. Gördüm ki, yaman gəlir üstümə. Onun iyirmi yaşı olardı, bircə yumruğu bəs idi ki, ağız-burnum dağılsın. Amma mən də bənna yanında işləyirdim deyə, heç kimdən qorxmurdum. Əlverişli məqamı gözləyib ona bir daş tolazladım, düz sifətindən tutdu.

Mənim atam əla mexanik idi. Əgər əlinə qaz açarı alıb çölə çıxdısa, bütün qəsəbə dəhşət içində pərən-pərən olurdu. Amma atam belə əlimdə daş görəndə çəkilir, məni cəzalandırmaq üçün yatmağımı gözləyirdi. Hələ bu, atam idi ha, yoldan ötən sarsağın biri deyildi. Nə isə, sir-sifətini dağıtdım, sonra da cəld velosipedimə minib aradan çıxdım.

Bir-iki axşam Fabbrikone yolundan gen gəzdim, amma sonra yenə qayıtdım. Elə ki, həmin qızı gördüm, amerikalılar kimi, arxa təkərin üstündən yerə sıçradım.

İndiki yeniyetmələrin velosipedinə baxanda gülməyim tutur: təkərüstülər, zənglər, tormoz, elektrik işıqları, sürət ötürücüləri... nə olsun ki? Mənim velosipedim "Frera" idi, pas basmışdı, amma meydana gedən yoldakı on altı pilləkəni onunla enirdim, yerə düşməyəcəkdim ki. Məşhur velosipedçi Gerbi kimi sükandan möhkəm yapışıb, ildırım sürətiylə enirdim pilləkəni...

Nə isə... velosipeddən qızın yanında düşdüm. Sükandan zənbil asmışdım, içindəki çəkici çıxardım.

- Səni bir də başqası ilə görsəm, onun da başını əzəcəm, səninkini də, - dedim.

Qız su rəngli gözlərilə mənə baxıb səsini qısaraq soruşdu:

- Niyə belə deyirsən?

Heç özüm də bilmirdim, amma bunun əhəmiyyəti yox idi.

- Kefinə bax, belədir, - cavab verdim. - Sən ya tək gəzəcəksən, ya da mənimlə.

- Mənim on doqquz yaşım var. Sənin isə yaşın on dörddən çox olmaz. Heç olmasa, on səkkiz olaydı da. Belədə, mən yetkin qadınam, sən isə uşaq.

- Gözləyərsən! On səkkiz yaşım olmasını gözləyərsən! - qışqırdım. - Ehtiyatlı ol, səni başqasıyla görməyim, yoxsa işin bitər.

Mən onda bənna şagirdi idim, heç kəsdən qorxmurdum. Amma elə ki, söhbət qadınlardan düşürdü, aradan çıxırdım. Mənim qadın tayfası ilə nə işim? Amma bu qız fərqli idi, başqalarına yaxın durmamalıydı.

Az qala dörd il ərzində onu demək olar ki, hər axşam görürdüm. Bazar günlərindən başqa. Fabbrikoneyə gedən yoldakı üçüncü teleqraf dirəyinin yanında gözləyirdi yolumu. Yağış yağanda əlindəki çətiri açıb altında dururdu.

Mən velosipedimi əyləmədən, gedə-gedə çığırırdım.

- Salam.

- Salam, - deyə cavab verirdi.

On səkkiz yaşım tamam olan gün velosipeddən düşdüm.

- On səkkiz yaşına çatdım, - dedim, - indi gəzə bilərik. Amma özünü gicliyə qoysan, payını alacaqsan.

Onun artıq iyirmi üç yaşı vardı, yetkin bir qadın idi. Amma gözləri əvvəlki kimi su rəngində idi, danışanda da zorla eşidirdin.

- Sənin on səkkiz yaşın var, - cavab verdi, - mənimki iyirmi üçdür. Belə cavan oğlanla gəzdiyimi görsələr, oğlanlar daşqalaq eləyər.

Velosipedimi buraxıb yerdən yastı bir daş götürdüm, teleqraf simlərinə işarə etdim.

- Ora bax, üçüncü dirəkdəki ağ şeyi görürsən - izolyator qarqarasını deyirəm.

Başını tərpətdi.

Nişan alıb daşı atdım, dirəkdə ancaq qarqara keçən dəmir qarmaq qaldı - soxulcana oxşayırdı.

- Əvvəlcə qoy, daşı mənim kimi atmağı öyrənsinlər.

- Mən bunu elə-belə dedim, - vəziyyətdən çıxmağa çalışdı. - Qadının yeniyetmə ilə gəzməsi yaxşı şey deyil. Bax, əgər orduda qulluq eləmiş olsaydın...

Kepkamın dimdiyini sola itələdim.

- Əzizim, nədir, məni otarırsan? Ordudan qayıdanda mənim iyirmi bir yaşım olacaq, səninki isə iyirmi altı. Onda yenə eyni mahnını oxuyacaqsan da.

- Yox, - cavab verdi. - On səkkizlə iyirmi üç hara, iyirmi birlə iyirmi altı hara - tamam başqa şeylərdi. Nə qədər gec olsa, fərq bir o qədər azalır. Kişi üçün iyirmi birlə iyirmi altının elə bir fərqi yoxdur.

Bu mülahizə mənə düzgün gəldi, amma başını belə asanlıqla aldatmaq mümkün olanlardan deyildim.

- Yaxşı, biz bu söhbətə mən ordudan qayıdan kimi dönərik, - deyib velosipedimə mindim. - Amma bax ha, qayıdanda səni burda görməsəm, lap atanın çarpayısının altında gizlənsən belə, tapıb təpəni yaracam.

Onu hər axşan həmin dirəyin altında görürdüm, amma bir dəfə də velosipeddən düşmədim. Ona "axşamın xeyir" deyirdim, o da "axşamın xeyir" deyib cavab verirdi. Məni orduya çağıranda onu görən kimi səsimi başıma atdım:

- Sabah orduya gedirəm.

- Yaxşı yol, görüşənədək, - deyə cavab verdi.

Bütün əsgərliyimi xatırlamaq vaxtı deyil. On səkkiz ay kazarmada qaldım və bütün bu müddəti heç dəyişmədim - əsgərliyə qədər necə idimsə, elə də qalmışdım. Düzdür, cəmisi təxminən üç ay təpik döydüm, qalan vaxt ya karserdə olurdum, ya həbsdə.

İl yarımım bitən kimi məni evə buraxdılar.

Çatanda artıq axşam idi, əsgərlik paltarımı dəyişməyə də vaxt olmadı, velosipedə minib Fabbrikone yoluna üz qoydum.

Əgər indi də bəhanə gətirsə, velosipedi başına çırpacaqdım.

Hava qaralırdı, ox kimi uçurdum. Fikirləşirdim ki, harda axtarım onu. Amma axtarası olmadım: gözləyirdi, üçüncü dirəyin altında idi - danışdığımız kimi.

Heç dəyişməmişdi, gözləri də əvvəlki idi.

Velosipeddən düşdüm.

- Tərxis olundum, - dedim, əmri ona göstərdim. - Bax, burda İtaliya oturmuş halda çəkilib, deməli, tam tərxis olundum. Əgər İtaliya ayaq üstə çəkilmiş olsaydı, müvəqqəti icazə demək idi.

- Bu yaxşı oldu, - dedi.

Mən elə tələsirdim ki, boğazım qurumuşdu.

- Mənə iki-üç dənə yetişmiş gavalı verə bilərsən? - xahiş etdim.

Köksünü ötürdü.

- Bağışla, ağac yanıb.

- Yanıb? - təəccübləndim. - Buralarda nə vaxtdan gavalı ağacları yanır?

- Yarım il əvvəl yandı. Bir gecə samanlıq od tutdu, alov evə keçdi, bağdakı bütün ağaclar kibrit çöpü kimi alışdı. İkicə saatda hər şey yandı, iki dənə daş divar qalıb, görürsən?

Mən həyətin içərilərinə baxdım, qapqara divar gördüm bir də arxasından batan günəşin qırmızıya boyadığı səmanı.

- Bəs sən necə oldun?

- Mən də yandım - köksünü ötürüb dilləndi, - mən də qalan şeylər kimi yandım. Bir ovuc külüm qalıb.

Mən üçüncü teleqraf dirəyinin yanında durmuş qıza diqqətlə baxdım, üzünün, bədəninin o üzündən dirək, arxın yanındakı çəmənlik görünürdü.

Barmağımı alnına toxundurdum, ağac dirəyə dəydi.

- Ağrıtdım səni?

- Yox, heç ağrımadı.

Bir az susduq, qırmızı səma getdikcə qaralırdı.

- Yaxşı, indi biz nə edək? - handan-hana soruşdum.

- Mən səni gözləyirdim. Gözləyirdim ki, deyim, bunda heç bir günahım yoxdur. İndi olar gedim?

Onda mənim iyirmi bir yaşım vardı. Baxışlarda sırada dimdik dururdum, əlimdə də yetmiş beş çaplı tüfəng. Qızlar görən kimi, general qabağında durmuş əsgər təki döşlərini irəli verirdilər, gözlərilə yeyirdilər məni.

- İndi necə, gedə bilərəm?

- Yox, dedim. - Sən məni o vaxta kimi gözləməlisən ki, burdakı xidmətim bitsin, mənim başımı belə asanlıqla aldada bilməzsən, əzizim.

- Yaxşı, - dedi və mənə elə gəldi ki, üzündə bir təbəssüm işarıb keçdi.

Amma mənim belə sarsaq işlərlə aram yoxdur. Velosipedimə minib getdim.

O vaxtdan on iki il keçir. Hər axşam onunla görüşürük. Yanından ötürəm, velosipeddən düşmürəm.

- Salam.

- Salam.

Başa düşürsüz? Traktirdə mahnı-zad oxumağa həmişə hazıram. Amma məndən başqa bir şey ummayın: istədiyim qız var, hər axşam Fabbrikone yolundakı üçüncü teleqraf dirəyinin altında məni gözləyir.

Bu yerdə kimsə soruşacaq məndən: "Bu əhvalatları bizə niyə danışırsan?".

Ona görə ki, belə lazımdır, deyəcəm. Çünki oxucu başa düşməlidir ki, çayla dağlar arasındakı torpaq parçasında başqa heç yerdə baş verməyən şeylər olur. Və bu şeylər buraların mənzərəsinə heç yad deyil. Orada elə hava var ki, dirilər üçün də, ölülər üçün də yaxşıdır, orda, hətta itlərin də ruhu var. Bunu ki bildilər, don Kamillonu da Pepponeni də, qalanlarını da o dəqiqə başa düşəcəklər. İsa Məsihin danışması da burda kimsəni təəccübləndirmir. Başa düşəcəklər ki, burda bir-birinin başını asanlıqla, amma abır-ismət çərçivəsində, nifrətsiz yara bilərlər. Bir də bunu başa düşərlər ki, ən qatı düşmənlər də mahiyyəti təşkil edən nəsnələrdə bir-birilə razılığa gəlirlər burda.

Çünki burda hava çayın əbədi və azad nəfəsilə təmizlənir. Həmin o sakit və əzəmətli çayın, bəndinin üstündən hər axşam velosipedli ölüm keçən çayın. Bəlkə də gecələr bənddən keçən, ayaq saxlayıb oturaraq aşağıdakı balaca məzarlığa baxan sənsən. Birdən əgər yanında hansısa ölünün kölgəsi oturursa, qorxmursan, onunla sakitcə söhbət edirsən.

Bəli, bütün yollardan aralı bu bir parça torpaq parçasının havası belədir. Hə, belə bir yerdə siyasi intriqanın nəyə çevrilə biləcəyi də onda aydın olur.

Bir də bu əhvalatlarda tez-tez çarmıxa çəkilmiş İsanın səsinin eşidildiyindən deyim. Bilirsiz, burda axı üç qəhrəman var: keşiş don Kamillo, kommunist Peppone (3), bir də İsa.

Bu yerdə bir izahat vermək lazımdır. Əgər ruhanilərin don Kamillodan xoşu gəlmirsə, bu söz-söhbətdən inciyirlərsə, təpəmi şamdanla partlatmağa ixtiyarları var; əgər kommunistlər Pepponeyə görə pərt olursa, məni dəyənəkləyə bilərlər. Lakin əgər kiminsə xətrinə Məsihin sözləri dəyirsə, burda əlimdən heç nə gəlməz: mənim əhvalatlarımda mənim İsam, yəni vicdanımın səsi danışır.

Bu isə mənim daxili, şəxsi işimdir.

Odur ki, hər kəs öz hayındadır, bircə Allah hamının hayında.

Tərcümə etdi: İlqar ƏLFİ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!