Şəhid qızının istəyi... - Ayişə NƏBİ - Mistik hekayələr silsiləsindən

 

Məktəbdə oxumağımdan otuz il keçib, bunu bilirəm, o yuxunu görməyimdən isə neçə il keçib, bilmirəm. Yadımda qalan tək-tük yuxulardan biridir, elə o vaxt da bu yuxu məni çox heyrətləndirmişdi, həm də yuxuya məna verə bilməmişdim.

Sabah durub yuxumu heç kimə danışmadım, öz-özümə xeyli düşündüm, sonra yadıma düşdü ki, bəlkə, mən "Quran" oxuya bilirəm deyə, bu yuxunu görmüşəm, yuxuma girib bəlkə, məndən "Quran" istəyir, axı həmişə deyirlər ki, ölülər yuxuna girəndə demək səndən ya bir şey umur, ya qazanında gözü var, adına halva çal, ya da yazığı orda incidirlər ona "Quran" oxutdur. Hansı ola bilər, görəsən, o məndən nə uma bilərdi. Mənim qazanımdan inanmıram bir şey umsun, onlar elə tayfa deyillər. Qocalar belə deyirdilər, bir adamdan danışanda mütləq onun əslini-nəslini sıraya düzüb irsi xasiyyətlərini sadalayar, sonra da ot kökü üstə bitər, - deyib adamı ya  yaxşılayar, ya yamanlayardılar. İndi mən də onlar kimi deyirəm ki, yox, elə nəsildən deyil ki, mənim qazanımdan nəsə umsun. Demək, mollalar demiş, yəqin, onu orda incidirlər. Bu fikrə  necə gəlirlər, onu da bilmirəm, başqa üçüncü yoldan isə heç danışmırlar. Bəlkə, dua ilə danışır ölülər bu dünyadakılarla, bilmirəm, uzun sözün qısası, bu yuxunu düşünə-düşünə sabahı axşam elədim.

Uşaqlıqdan bəri onun heç üzünü görməmişəm, heç yadıma düşməyib. Hardadır, neyləyir bilmirəm, heç kimdən soruşmamışam da. Ancaq bir dəfə eşitdim ki, könüllü Qarabağ döyüşünə gedib və şəhid olub. Mən də hamı kimi rəhmət oxudum, cavan ömrünə yazıq deyə heyifsiləndim, sonra da yenə hamı kimi "Vətən sağ olsun" - deyib unutdum.

Çöldür. Dərəli-təpəli, yaşıllıq bir yerdi. Hava xoşdur, mən harasa gedirəm. Gah yavaş-yavaş gedirəm, gah dayanıb ətrafa baxır, öz-özümə buralar nə yaxşıdır, otu da qurumayıb, - deyirəm. Ətrafda heç kim yoxdur, ancaq yaxınlıqda insanların olduğunu bilirəm.  

Heç bir hissim-düşüncəm olmadan gedirəm, balaca körpüdən keçirəm. Bu körpünün altından axan arx qışda çoxalır, yayda bir az sısqalaşırsa da yenə də bolsulu olur, bəzi yerdə dayaz axıb altındakı daşların parıltısını göstərir, bəzi yerlərdə də daralıb "nərildəyir", balaca çayı əvəz  edir. Yayda məhlənin qadınları burada qaynar asıb yun yuyur, palaz yuyurlar. Əvvəllər paltar da yuyurmuşlar, indi daha yumurlar, çünki kəndin içinə dupduru dağ suyu çəkilib, həm də qaynar asmaq daha o qədər də dəb deyil.

Körpüdən iki yol ayrılır, biri qəbiristanlığa gedir, o biri sonunda iki ev olan məhləyə aparır, kəndin qurtaracağındakı bu iki ev Nəbi baba ilə Göyüş dayının evləridi. Yan-yana olan bu evlərinin ikisinin də dalı kəndə tərəfdir. Həmişə düşünürdüm ki, bunlar niyə evlərinin arxasını bizə tərəf tikiblər, yoxsa kənd onlara bir pislikmi edib. İkisinin də üzü qəbiristana tərəf idi. Deyirdim, görəsən, onlar qəbiristanı görüb gecələr qorxmurlar?

Bir dəfə Yaqutdan soruşdum, o da təəccüblənib, nədən qorxaq dedi. Evimizdən qəbiristanlıq görünmür ki. Dedim, nə olsun görünmür, axı siz hamıdan yaxınsınız. O da, - yox, odur e, Səmər xalanın evi  bizdən daha yaxındır, onlardan qəbiristanlıq görsənir də, heç onlar da qorxmur, - sonra ədayla, -  Bıy, sən qorxursan ki, - deyə məndən soruşdu, mən qorxsam da özümü sındırmadım.

Sonra bir gün Yaqutun anası öldü, Nəbi babanın da oğlu öləndə uşaq ağlımla dedim ki, onlar evlərinin üzünü qəbiristana tərəf qoyublar deyə, onlardan adam ölür.

Körpüdən keçib qəbiristan yoluna girdim, bir az gedib Kor bulağa çathaçatda hələ o  budaqları nəhəng dəyə kimi gərilən ceviz ağacına  çatmamış otlu cığırda dayandım, hardan peyda oldu bilmədim, qarşıma  balaca bir qız çıxdı, o mənim əksimə  kəndə tərəf gedirdi. Otlu cığırda üz-üzə gəldik, ikimiz də dayandıq, bir az beləcə üz-üzə dayanıb ikimiz də nə deyəcəyimizi unutmuş kimi bir-birimizə baxıb təbəssüm etdik. Bir-birimizi tanımağa cəhd edirdik, ancaq nə mən onu tanıyırdım, nə də o məni, ancaq o mənim kim olduğumu bilirmiş kimi yad-yad baxmırdı. Mən yolumdan çəkil mənasında dilləndim:

- Sən kimsən, burda neynirsən?- adətən bu boyda uşaq buralarda tək gəzməzdi.

O adını dedi, amma dediyi ad mənim yadımda qalmadı. Onun azca qıvrım, ipəkli saçlarına, ağ bənizinə, üzünün gözəlliyinə baxıb, - sənin adın Laləzar deyilmi, - dedim, o, - yox, - dedi. Mən, - qoy, sənin adın Laləzar olsun, sənin gözəlliyinə Laləzar adı yaraşır, deyərək onun könlünü xoş eləmək istədim. Bu sözümə o heç fikir vermədi, cavabında:

- Atamın yanından gəlirəm, - dedi. Sonra bir az durub mənim yanıma keçdi, - Məni atamın yanına apar.

- Bəs atamın yanından gəlirəm dedin, axı.

- Yox, gedə bilmədim, atam uzaqdadır, mən onu uzaqdan görürəm, yanına gedə bilmirəm.

- Bəs mən necə gedim? Atan kimdir ki?

- Atam sənin sinif yoldaşın İsmayıldır.

- İsmayıl səni niyə tək buraxıb bu çöldə?

- Yox, o buraxmayıb məni, o özü çıxıb gedib, mən də indi onun yanına getmək istəyirəm, - deyib əlimdən tutur, nəsə deməyimi gözləmədən mənimlə yan-yana durub yeriməyə başlayır. Üçüncü addımında mən də ona qoşuluram. Yeridikcə otlar ayağımızı yalayıb əyilir, sonra biz keçən kimi yenə də düzəlirdi. İkimiz birlikdə qəbiristanlığa gedən cığırla bir az gedirik. Sonra bu dar cığırda ikimizin bərabər gedə bilmədiyimizi görüb əlimi buraxır, özü qabağa keçir və mənə dalımca gəl deyirmiş kimi baxıb yoluna davam edir, düzlükdəki kolxoz əkininin ortasından keçən çığırla əkini yarıb gedirik, qəbiristanlığın bəri yanından ot bitmiş dar yol keçirdi, buradan bəzən tək-tük halda maşın da keçərdi. Buradan bir-iki dəfə qızlarla yol otu yığmışdım.

Yolu keçib qəbiristanın üstündən kənd səmtindən  Ağtapa tərəf addımladıq. Mən dinmədən bu balaca qızın dalınca gedirdim. Gözləyirdim görəm, bu qız məni hara aparır. Gedib Ağtap tərəfdən qəbiristanlığa girdik. Biz uşaq olanda gəlib burada oynayar, qəbirlərin sinə daşlarına yazılmış qəmli bayatıları oxuyardıq. Məmmədalı babamın günbəzinə baxar, içəri girməyə ürək eləməzdik, həmişə uşaqlara, bu, Məmmədalı babamın qəbridir, yanında da Yaxşı nənəyə yer saxlayıblar, deyərdim fəxrlə. Çünki qəbiristanda bircə Məmmədalı babamın günbəzi vardı. Anam deyirdi ki, babam deyərdi, yol keçib gecəyə düşəndə qəbiristanda belə günbəzlərdə gecələmək üçün tikirlər bunları, bura da bir kənd kimidir, yoxsa ölünün nəyinə lazımdır ki, üstündə günlük olsun.  Uşaqlardan kimsə oraya başqa adam basdırılmayacaqmı, - deyə soruşanda, yox deyirdik, bura ikinəfərlikdir, çünki onların uşaqları yoxdur. Sonra bir-bir qəbirlərin üstünü oxuya-oxuya gəzərdik, qabağımıza yerə batmış köhnə qəbir çıxsa ayağımızı ona toxundurmadan ya hoppanar, ya da hərlənib gedərdik. Ən çox cavan ölənlərin qəbirlərində maraqlı bayatılar olardı, onları çox oxuyardıq, həm də hərə  özü  üçün oxuyardı, biri oxuyub digərləri dinləməzdi.

Biz, adını Laləzar qoyduğum qızla hərlənib Ağtap tərəfdən qəbiristanlığa girdik, təzə qəbirlərin yanından  keçdik, köhnələrə baxdıq, Məmmədalı babamın günbəzinin yanından keçdik, qəbirlərin arasında gəzdik. Mən heç nə soruşmurdum, balaca qız da heç nə demirdi. Qəbiristanlığa girəndə yenə əlimdən tutmuşdu. O sanki bilərəkdən heç bir qəbrə yaxınlaşmırdı, qəbirlərə çəkinə-çəkinə baxır, tez də gözünü çəkirdi. Bir az gəzdik qəbirlərin arasında, sonra gəlib bir qara mərmər başdaşının qabağında dayandıq, daşın üstündə əsgər paltarı geymiş cavan oğlan şəkli vardı. Balaca qız əlimi buraxıb elə həmin əlini uzadıb başdaşındakı şəkli göstərdi:

- Baax, mənim atam budur. Mən şəklə baxıb bir an duruxdum, kim olduğunu düşündüm. Qız mənim düşündüyümü görüb:

- O sənin sinif yoldaşındır, İsmayıldır, dedi. Bir dəfə dərsi bilməmişdi, müəllim onu danlamış, siz də ona ləqəb taxıb gülmüşdünüz.

- Mən də gülmüşdüm?

- Hamınız gülmüşdünüz.

Sonra da o pis oxuyur deyə sən onunla heç danışmamışdın. Amma bax, o sizi qorudu, Vətənini qorudu, qəhrəmanca həlak oldu.

- Amma siz, yaxşı oxuyanlar hələ də yaşayırsınız, eləmi demək istəyirsən? O susdu. Yəqin, demək istədiyi çox söz vardı. Altı-yeddi yaşlarında olardı qız:

- Atamı heç görməmişəm, - dedi, - mən doğulandan atam burdadır, bu şəkildən baxır mənə. Onu bu şəkildən tanımışam.

İndi bu balaca qızdan məni bura niyə gətirdin deyə soruşsam, yox, necə soruşum, bu saat bu qız məndən daha müdrikdir, adam bəzən yaşamağa utanır, mən bu saat anlaşılmazlıq içindəyəm. Hələ də anlamıram qız məni buraya gətirib nə demək istəyirdi, mən illərdir bu adamı görməmişəm, uşaq vaxtı gördüyümdür, aramızda dostluq, yoldaşlıq da olmayıb, o məndən nə uma bilər, deyə öz-özümə düşünürəm. Elə bu vaxt qız üzümə baxıb:

- Səni, bilirsənmi, bura niyə gətirdim? - dedi.

- Yox.

- Mənim atam şəhiddir, o sağdır. Sən istəsən mən onu görə bilərəm.

Dönüb heyrətlə qıza baxıram. Necə, deyə sual vermək istəyirəm, amma səsim çıxmır. Onun ümidlərini necə qırım? O:

- Sən dua oxu, sən dua oxusan mən onu görəcəm. Yaxşı? Nə olar, oxu da, mən onu görmək istəyirəm, oxu da, bütün bildiyin duaları oxu, o qalxsın, mən onu görüm.

- Yaxşı, amma duayla insan qəbirdən necə... Sözümü yarımçıq kəsdi:

- Sən oxu, mən də başqa uşaqlar kimi, ata istəyirəm, mən niyə daşa ata deyirəm, daş mənə ata olar?

- Yaxşı, - deyib başlayıram dualar oxumağa. Ancaq mən İsa peyğəmbər deyiləm ki, nə qədər dua oxusam da ölünü dirildə bilmərəm axı. Bunu bu balaca həsrətli qıza başa da sala bilmərəm. Əlacsız qalıb onun qırıq könlünü bir az da qırmamaq üçün oxuyuram. Nəfəs almaq üçün dayanan kimi o, üzümə baxıb daşa sarılır. Sonra daşdan aralanıb başdaşının arxasına keçir, bir əli ilə  başdaşından tutaraq daşın ətrafında fırlanır, o da  dodaqaltı nəsə oxuyur, ağlamır, ancaq özü də hiss etmədən yaş süzülür yanaqlarından. Sonra gəlib şəkillə üz-üzə durur. Mən dayanmadan oxuyuram.

Mən oxuyuram. Qız daşın başına fırlanır.

Mən oxuyuram.

Oxuduqca başdaşının üstündəki şəkil sanki qabarıb canlanır. Mən bir an gözümü şəkildən çəkib yumuram ki, yəqin gözüm alacalandı. Sonra yenə açıram, qız olduğu yerdəcə heykəl kimi durur. Şəkil qabarır, daş da şəkillə birgə qabarır, irəli çıxır, indi şəkil düz qızın bərabərindədir. Mən heç nə bilmirəm artıq. Qız qorxub eləmədən dayanıb baxır. Şəkillə qız üz-üzədir.

Sonra bir an hər şey dondu elə bil, zaman dayandı, mən dəhşətli bir gərginlik hiss etdim, ətrafımda nə baş verirdi, anlamırdım. Qız tərpənmir, daş kimi baxırdı.

Mən nə olduğunu başa düşməyə çalışırdım, ancaq ağıl da, dərrakə də burada mənasını itirmişdi.

Sonra daş, sanki dərin bir nəfəs alıb yavaşca geri çəkildi, şəkil isə qızın yanında qaldı. Şəkil gözümüzün qabağında yavaş-yavaş böyüdü, adam boyu qalxdı, ölçüyə girdi, həcmə düşdü, adam forması aldı. Əsgər oldu, başdaşının üstündəki əsgər, eyni paltar, eyni papaq başında. Gülümsündü. Qızla üz-üzə durub bir-birlərinə baxdılar, qız əvvəl çaşqınlıq içində olsa da buna razılıqla yanaşdı, o da gülümsündü. Sonra ikisi də bir-birinə sarıldı. Mən dayanmadan oxuyurdum. Ata-bala sarılmışdılar. İkisi də xoşbəxt idi. Sevinirdilər. Məni görmürdülər. Mən oxuyurdum.

Oxuyuram, elə dua oxuya-oxuya öz səsimə yuxudan ayılıram. Yuxu o qədər gerçək idi ki, sanki doğrudan da Ağtapa, kəndə, kənd qəbiristanına gedib gəlmişdim. Yoldaşım tez soruşur, nə oldu yuxu görürdün? Nədi ki, danışırdım, - deyə soruşuram. O, - hə, nəsə uzun uzun danışırdın.

- Nə deyirdim?

- Bilmirəm, çoxunu başa düşmədim. Nəsə oxuyurdun.

- Məni sənmi oyatdın?

- Yox, özün oyandın.

Oyandım, yadıma salmağa çalışaraq bir müddət öz-özümə bu nə yuxudur deyə düşündüm. Əvvəl, əşşi, yuxudur da dedimsə də, sonra hər yuxunun bir mənası var, gedim bu yuxunu axar suya  danışım deyə fikirləşdim. Yuxudur da, nə olar, nə olmaz.

Doğrudan da mənim sinif yoldaşım İsmayıl şəhid olmuşdu, ancaq onun bir qızı vardımı,  bunu bilmirdim, bu nə demək idi, bu qız, onun sözləri, atama uşaq vaxtı gülmüsünüz deməsi, mənə dua oxutması, bunları öz-özümə götür-qoy edirdim.

Sabah durandan anlamaq üçün yuxunu beynimdə dolandırırdım, balaca qızın üzü, gözləri, sözləri gözümün qabağında canlıymış kimi dururdu. Yuxu o qədər aydın idi ki, sanki heç yuxu deyildi.

Bəlkə, doğrudan olmuşdu bu.

O gün günortaüstü Raya bibi bizə gəldi, onun gəlişinə biz həmişə sevinirik, ondan kəndin şəhidlərini soruşdum, o da kənddən şəhid olanlar haqqında danışdı, Hüseynqulu, Elçin, Rəfi, Elxan, Qaraməmmədli Hasanın oğlu İsmayıl. İsmayıldan danışanda mən tez, - onun uşağı varmı? - dedim. O da cavabında: - Var, ay umudum, 6-7 yaşında bir nazlı qızı var, - dedi.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!