Fateh Sultan Məhmədin varlığı xristian, yəhudi dünyası üçün bir, müsəlman aləmi üçün başqa bir hadisədir. Onun hünkarlığından bəhs etmək cəsarət və (qövmünün qalına qail olan) gerçək qeyrət istər. İstanbulu fəth edib Bizans imperatorluğunu diz çökdürməsi də ayrı bir zamanüstü ruh yapısına sahiblikdən söz açar. Onun bir düşünür kimi də kimliyi tarix səhnəsindən məlum. Mənim üçün Fatehin digər bir dəyəri eşi-əmsalı görünməyən fövqəl fitrətə sahib olmasıdır. O fitrət ki, bu gənc sultanın etdiyi bütün (hidayətə ermiş) hərəkətləri, atdığı bütün addımları, qisasdan, öfkədən uzaq verdiyi bütün qərarları göylərin ritminə, diktəsinə uyğun olaraq atar, edər, yapar, qoyar, götürər. Bu vasf hər dünya insanına, dünya padişahına nəsib olan kamil keyfiyyət, özəl xüsusiyyət deyil.
Fateh adı ruhumuza yar adıyla yazılmış İstanbulu fəth etməmişdən öncə gecə-gündüz yatmadan düşünüb. O, sanki bu şəhri əldə etmək, almaq, ona Osmanlı imperiyasının baş şəhəri statusunu qazandırmaq üçün göylərin mərhəmətindən göndərilir. Özgür fərasət sahibi Fatehin aldığı təhsil, gördüyü tərbiyə də bu işdə az rol oynamır. Fatehin tabe olduğu mənəvi böyükləri də İstanbulun alınmasında, Bizansın dizinin yerə gəlməsində əsas rolları alır. Fatehin sahib olduğu qutlu şəcərə, uzaqlara dayanan soylu keçmişi, daşıdığı gen nəhayət, onun ruhuyla dil tapıb buluşma, danışma, anlaşma imkanı əldə edə bilir. Bax, məsələnin əsas kökü də elə burdanca başlar. Daşıdığın ruh və gen eyni qaynaqdan, eyni mərhəmlik və ədalət səltənətindən, eşq mülkündən baş alıb gəlməli. Ruhla genin dilaoqundakı eşq bir impercahan dövlətinin aləmlərə şayan mədəniyyət adlı sərəncamına təşnəlik gətirən hal sunar. Fateh bütün həyatı və fəaliyyəti ilə göylərlə bağlı olan, yuxularla da belə gedib vara bilməyəcəyimiz yuxarılarla hərəkət edən üç qitənin hökmdarıdır.
***
1451-52-ci ilin yaz ayında Rumeli Hasarının qarşısına xeyli inşaat malzəmələri, materialları gətirilir. İstanbulun fəthinə isə hələ 1 il var. Sultan Məhməd quru yoluyla Boğaza gələrək texniki heyətdən, mühəndislərdən hasarın çəkilməsi ilə bağlı dənizin axıntısı barəsində məlumat əldə edir. İki sahil arasındakı məsafəni ölçdürür və qalanın tikiləcəyi yeri bizzat özü təyin edir.
Sultan Məhməd hasarın divarlarının inşasının ərəbcə "Muhəmməd" kəliməsi şəklində tikintisini istəyir. Elə planını da bu yazıya görə müəyyənləşdirir. Bu plana görə mim (M) hərfinin yerində bir qüllə tikilməli, qüllələrdən ikisi, bir- birinin yanında və burnun ətəyində olmalıdır. Üçüncü qüllə isə dənizə daha yaxın olacaqdı.H və D hərflərinin tikiləcəyi yerə də qalalar inşa ediləcəkdi. Hasarın tikilməsi və başa gəlməsini Fateh Sultan Məhməd bizzat maraqlanmış, işin başından heç vaxtı ayrılmamış, inşaat işlərinə sanki birbaşa nəzarəti öz üzərinə götürmüşdür. Bu tarixi hasarın memarı da məşhur türk memarı Müslihiddin Ağadır. Nəhayət, Rumeli hasarı bizanslıların gözlərini kəlləsinə çıxardacaq dərəcədə 4 ay içərisində tikilib başa gəldi.
Fateh Sultan Məhməd ismi qaybda ruhumuza izahsız sərzənişlərlə, ağılalmaz sevdayla yazılmış İstanbulu almamışdan, Bizansı dağıtmamışdan, Ayasofiyada azan oxutmamışdan öncə, məhşərə qədər bütün məğlubiyyətlərimizi silib-süpürən, Boğazın Avropa yaxasında mədəniyyətimizə metafizik hasilat qazandıran bu məşhur hasarı tikdirir. Bu hasarın çəkilişi dairəvi və yaxut da kvadrat, düzbucaqlı şəklində də ola bilərdi. Yetər ki, bu ərazidə özünə istehkam əldə etmək məqsədi ilə bir yerləşim mərkəzi ərsəyə gətirilsin. İstanbula daha da yaxınlaşmaq, hücum imkanlarını daha da əlverişli etmək məqsədilə seçilmiş, müəyyən edilmiş bu yerdə qeyd etdiyim şəkillərdə bir hasar tikilə bilərdi. Özü də elə bir vaxtda, hansı ki, Fateh hər anına qənaət etdiyi, hər an tələsdiyi bir zamanda 4 ayda başa gələn bir hasarın tikilməsini 1 aya da, uzaq başı 2 aya da bitirə bilərdi. Bu dönəm elə bir dönəmdir ki, bütün Qərb dövlətləri, bütün islam dünyasının düşmənləri, onların bütün niyyətlərini pozğuna uğratacaq, havaya sovuracaq Fatehin bu planından xəbərdar idilər. Hər vəchlə onun qarşısını almaq üçün, istənilən yollara baş vurmaqdan da çəkinmirdilər. Hətta Fatehin aradan götürülməsi üçün də gizli niyyətlərini işə salmaqda tənbəllik etmirdilər. Yaxşı başa düşürdülər ki, firdövs cənnətlərini öz qövmü, ümməti üçün dualayan Fateh ona qədərki Osmanlı sultanlarının heç birinə bənzəmir. Onun geniş zəkasından, nəhəng dühasından təşviş keçirməyə bilmirdilər. Qərarlı və tədbirli əxlaqa, yapıya, xarakterə də sahib olduqların gözəl anlayırdılar. Hətta hakimiyyət daxilndə parçalanmalara, dövlətin qüdrətini sarsıtmaq naminə ierarxiyaya da nail olmaq naminə gecə-gündüz demədən işləyirdilər. Kimsə elə zənn etməsin ki, Fatehin İstanbulu fəth etmə planı, cəsarəti qarşısında dönəmin bütün Qərb dövlətləri, xristian dünyası sakitcə əlini- qolunu sallayıb durmuşdular. Onlar hətta Fatehdən də iki qat çox çalşırdılar k, onun, Osmanlının strateji planı olan İstanbulun əldə edilməsi heç cürə gerçəkləşməsin. Buna görə də, Fateh bu yolda olduqca titiz davrandığı kimi, vaxtının azlığından olduqca tələsməyinin fərqindəydi. Nəhayət, ilk addım atılır. İstanbulun fəth edilməsinə gedən yoldakı ilk addım, ilk bəsmələ çəkilişi, bu ərazidə, Boğazın Avropa yaxasında ərəb hərfləriylə "Muhəmməd"in mübarək adının yazılmasıyla gerçəkləşir.
Fateh Sultan Məhməd bir mədəniyyətin metafizik dayaqlarla yapılanmasında yazının mahiyyətinin nə olduğunu anlayan bir kişiliyə sahib şəxsiyyətdir. O yazının gerçəkliliyini, ümmət və millət varoluşu yolundakı geriçəkilməmə kimi bir dirənişin diriliyini yaxşı anlayır. Ona görə də, yazının bizzat mahiyyətinə daxil olur. O bilir ki, bir yurda, bəldəyə, şəhrə, iqlimə daxil olmağın cəsarəti, yaranışdan bu yana keçib gəldiyimiz yollarda yükləndiyimiz yorğunluğu mədəniyyətin canından çıxarmağın ələdüşməz vədəsi, vaxtı, zamanı hətta yazıdan keçir. Bu yazını isə Fateh daha mükəmməl şəkildə, kağızın, dərinin üzərində deyil, o gün dünya tarixinin yaddaşını təzələyən və yeni bir dönəm başladan torpağın üzərində, bir şəhrin sinəsində gerçəkləşdirir.
Zatən yer üzündəki bütün əşyalar bir işarət, bir hərf, bir simvoldur. Ancaq Fateh torpaq üzərində yazdığı peyğəmbərimizin adını daha anlamlı, daha bərəkətli, daha magik bilir. Fateh İstanbula sözsüz ki, Quranla, peyğəmbərlə daxil olur. Ancaq bütün bunların kökündə bir yazı məsələsi hər şeyin mahiyyətinə yeni çalar, yeni rəng qatır. Bir dövlət, etnos, ümmət uğrunda çıxılan yolun qutsallığını daha dəyərli, daha qayibanə, daha ötəli edir. Bu dəyərli qılınan və gerçəkliyində yazı dayanan o sirrin aləmə şayan səriştəsi nəydi, qafil?!
Hz. MUHAMMƏD YAZISI
Qurani-Kərimdəki ilk söz və ilk ayə "ikra bismu rabbukəlləziy xələq…." Şəklində - Yaradan Rəbbimin adıyla oxu əmridir. Bir sözlə, İlahi müjdə yer üzünə oxu kəliməsilə təşrif gətirib. Özü də əmr formasında, əmr şəklində. İslamı qəbul edən, müsəlman olan, Muhammədi olan can, oxu əmri vaqeəsi içində yaz-yazı-yazmaq kimi spiritual əyləmlərin, davranışın, işin, mədəniyyətin də içində rol almış olur. Bir şüurlu can nəyi oxumalıdır. Yer üzündə onun küllünün bir zərrəsiyik. Biz ki Onun yer üzündəki oxunulası yazılarıyıq. Biz ki, Onun yer üzündə yazısıyıq həm də. Yazı yazını necə oxuyar. Yazı yazını tamamlayar, yazı yazıya açıqlıq gətirib zehniyyəti açıqlığa qovuşdurar.Yazı sözü yozmaq sözündədir. İnsan gördüyü yuxunu ancaq və ancaq xeyirliyə yozar. Bizim bu dünya həyatımız da yuxu deyilmi ki, Qurani-Kərim öləcəyimizi, daha doğrusu, bu dünyadakı yuxumuzdan ayılıb o dünyada oyaq şəklinə salınacağımızı bildirir.Ona görə də yaradılış əsəri insana elə yazı-yazmaq üzərində pərvəriş tapıb, elə əxlaqını da yazı üzərində, yazı üzərindən sürdürməklə həyata, yaşama, əbədi yolçuluğa davam edir. Bu anlamda insanın dəftərə, kağıza, kitaba keçişi, yazıya adlaması, elə əslində bu dünya həyatında ərsəyə gətirdiyi şəkillənmiş nəyi varsa, yazıdan ibarət olaraq oxunacaq, yəni yozulacaqdır. O hadisə, o vaqeə yozulur ki, o da yuxudur. Yəni yu-x(H)u-Ya hu-dur. Ya Allahdır. Ya Haqqdır, haqq olandır, həqiqət olandır. Həqiqət olan da, haqq olan da yozulan bizim yazımıza qədər yol alar. Bu yazı həm də bizim şəxsi taleyimizdən ötə millət,ümmət, ölkə, etnos, xalq, yurd, dövlət olma taleyimizdir. Bütün bunlar yazıyla gerçəkləşər, yazıyla baş aılıb gələr, yazıyla da baş alıb gedər.
Fateh Sultan Məhmədin İstanbulu Yazıyla-Muhammed (ismiylə) yazısıyla alması düşündürücü və etgiləyici bir vaqeədir. Yazının magiyasını, sirrini anlayan bu nəhəng Sultan, anlamağını bir tərəfə qoymadan, yəni anladığını işə də tətbiq etməyə, özü də böyük bir qövmün, etnosun, ümmətin yolunda, Allahın yolunda sınaqdan keçirdi. Fateh Sultan Məhmət İstanbulu top-tüfənglə deyil, yazıyla, gerçək yazıyla aldı. Fateh müdhiş bir təhsil almış şəxs idi. O, Quranı, Quran elmlərini, dövrünün digər dəqiq elmlərini mənimsəmiş birisiydi. Quranı dərk edən bir zehniyyət və vusal üfüqünün açıldığının fərqində olan bu hünkar, cahan sultanı, yaxşı dərk edirdi ki, bu fəth olayı da yalnız və yalnız İlahi qaydalarla, İlahi əsaslarla, kurallarla, İlahi yasalarla, İlahi üsullarla öz həqiqətini tapır. Ancaq bu İlahi həqiqətin başında bulunacaq həqiqəti tapmaq gərək idi. Bu İlahi həqiqətin başında bu çıxılmış yolda bulunan, tapılan həqiqət isə yazı idi.
Fateh Sultan Məhməd xristian dünyasını, səlib vəhşiliyini, qərbin bağışlanılmaz mərifətini, İstabulun gücünü bu yazıyla, bu qala, hasar şəklində olan yazıyla tilsimləməyi bacarmışdır. Yazınının tilsimini isə kimsə aça bilməz. O tilsimi Allahdan başqa kimsə dağıda bilməz. Bütün bu imkan və gözəlliyi, üstünlüyü isə Fatehə öz zəkası, ağlı, çalışqanlığı, imanı vermişdir.
***
Sizcə, Fateh bu qədər adlar içində nədən Muhəmmədin adını yazdırdı İstanbulun torpağının bir parçasına? Ən azından Allah-ın adını yazdıra bilməzdimi bu yerə?
Muhəmməd adının özəlliyi və açımı nələri ortaya qoyur? Muhəmməd adının açımı və özəlliyi Fatehin çıxdığı yoldakı uğurlarına hansı işığı tutur? (Əgər Allah özünü yerdə təsdiqləmək üçün hz. Məhəmmədi seçirsə, Fateh nədən o yazı seçimində Allahın dediyini etməməli idi?)
Sözsüz ki, Fatehi bu qutsal səfərə vadar edən əsas məsələ, hz. Muhəmmədin bir zamanlar söyləmiş olduğu hədisdir ("İstanbul mütləq fəth olunacaqdır. Bu şəhrin alınmasına komutanlıq edən və bu şəhrin alınması uğrunda şəhid olan əsgərlər nə xoşbəxtdirlər"). Çoxları bu hədisi səhih olmayan qismindən iddiasını irəli sürsələr də, gerçək inanc və baş vermiş bu günəqədərki hadisələr, bu hədisin səhih olduğunu ortaya qoyur.
Muhəmməd adındakı hər hərfin əbcəd hesabı 114 rəqəminə dəng gəlir. Bilinən o ki, bu rəqəm islam elmində Qurani- Kərimin göylərdən göndərilən surə sayısına da ayaq uydurmuş olur. Yəni Qurandakı surələrin sayısı 114-dür. Uca Yaradan yer üzünə insanlıq naminə göndərdiyi surələrin sayısı ilə Muhəmməd adındakı əbcəd rəqəmin eyniliyi kim olursa-olsun, onda bir düşüncə yarada bilir. Necə ola bilər ki, bu rəqəmlər eynilik təşkil edir? Uca Rəbbimiz öz nurunu, ilahi ehkamını Quranla və bu Quranı da Muhəmmədlə tamamladı. Hz. Muhəmmədi isə yer üzündəki inanclı kəsimlərlə tamamlayacağı şübhəsizdir.
Muhəmməd isminin açımının gerçək gücü və gözəlliyi, rəngarəngliliyi Muhyiddin İbn Arabinin füsusül - Hikəm kitabında öz İlahi məna həllini tapıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!