Milli ənənələr, kütləvi mərasimlər - İlqar Fəhmi yazır - İlqar FƏHMİ

Dünəndən bu günə və bu gündən sabaha atılan körpü...

İlqar FƏHMİ

 

Əvvəli ötən sayımızda

Qoç döyüşünə qoç dayanar

Bu yarışların içində qoç döyüşləri, zənnimcə, xüsusi əhəmiyyətə malikdir və bu xüsusda ayrıca danışmağa ehtiyac var. Çünki hər bir xalqın totemləri olduğu kimi, Azərbaycan xalqının da ən əhəmiyyətli totemlərindən biri Qoç obrazıdır. Bu məqamda məşhur bir atalar sözünü diqqətə çəkmək yerinə düşər - "Qoç döyüşünə qoç dayanar".

Qafqazda yaşayan azərbaycanlıların mifologiyasını gözdən keçirəndə bir çox mifik obrazların içərisində məhz Qoç obrazının xüsusi mistik əhəmiyyətə malik olduğunu müşahidə edirik.

Hətta Azərbaycan xalqının mifik tarixinin ən əhəmiyyətli nağıllarından olan "Məlikməmmədin nağılı"na da diqqət etsək, ən əsas obrazlar sırasında "Ağ qoç və qara qoç"u görərik.

İribuynuzlu qoç döyüş, qəhrəmanlıq rəmzidir, həm də xeyir (ağ qoç) və şər (qara qoç) təmsilçisi kimi çıxış edir. Bir çox mif və nağıllarımızda, hətta daşüstü rəsmlərdə, qəbirüstü abidələrdə indiyədək qoç şəklini görmək mümkündür. 

Alimlərimiz Qoç obrazının mifik-mistik   mahiyyəti barədə çox yazıblar və zənnimcə, bu sahədə araşdırmaları yenə də genişləndirməyə ehtiyac var. Çünki döyüşkən, qorxmaz  Qoç obrazını Azərbaycanın qədim mifologiyasının əsas simvolu kimi bütün dünyaya təqdim etmək olar...  

Bir daha təkrar edirəm ki, məhz bu baxımdan, Novruz bayramı tədbirləri çərçivəsində, teatrallaşdırılmış, estetikləşdirilmiş  qoç döyüşlərinin keçirilməsi böyük marağa səbəb olar və mifik əhəmiyyət kəsb edər...

Təbii ki, bu mərasimlər əvvəlki kimi yox, müasir dövrə uyğunlaşdırılmış, bir qədər fərqli formada keçirilməlidir ki, hansısa tənqidlərə tuş gəlməsin. Əks halda, müəyyən qınaqlar yarana bilər, çünki XX əsrdə Sovet dövründə bu cür mərasimlər həmişə tənqid edilib, cəhalət nümunəsi kimi təqdim olunub və ziyalıların təfəkküründə belə stereotip formalaşıb ki, xalqın içində mövcud olan bütün bu cür əyləncə xarakterli adətlər yalnız nadanlıq, mədəniyyətsizlik, barbarlıq nümunəsidir, ona görə də aradan qaldırılmalı, unudulmalıdır...

Yenə təkrar edirəm ki, müasir estetika ilə tərbiyə almış insanlar tərəfindən bu cür qınaqların yaranmaması üçün müəyyən dəyişikliklər aparıla bilər, bütün haqqında danışdığım ənənələr müəyyən formada müasir dövrün estetikasına uyğunlaşdırıla bilər. Əgər buna nail olunsa və bütün bu ənənəvi milli oyunlar, əyləncəli yarışmalar hansısa formada yeniləşdirilsə, daha gözəl təsir bağışlayar, Novruz bayramının əyləncəli şou xarakterinin güclənməsinə yardımçı olar...  Əlbəttə ki, hər şey təbliğatdan və təqdimatdan asılıdır.

(Burda bir haşiyə çıxmaq istərdim. Bu gün Qərb mədəniyyətinə baxanda görürük ki, onların keçmişindən gələn bir çox mədəniyyət, mətbəx və s. bu cür nümunələr var, onları elə gözəl şəkildə cilalayıb təqdim edirlər ki, heç hansısa cəhalət nümunəsi olduğu da yada düşmür. Tutalım, Orta əsrlərdə aclıq çəkən səfillərin göllərdən tutub yediyi ilbizlər bu gün Fransa mətbəxinin ən qiymətli və dəyərli nümunəsi sayılır. Niyə? Çünki düzgün estetik təbliğat quraraq hər zibildən konfet düzəldə biliblər... Çox nümunələr gətirmək olar, lakin mövzudan kənara çıxmaq istəmirəm).

Zorxana

Tarixən bütün milli-etnik bayramlarda aktiv iştirak edən pəhləvanlar haqqında da bir neçə kəlmə demək istərdim. Zənnimcə, bunun ən gözəl nümunəsi Zorxana idman növüdür ki, son illərdə bu idmanın yenidən dirçəldilməsi üçün çoxsaylı tədbirlər həyata keçirilir. Federasiya yaradılıb, beynəlxalq yarışlar keçirilir ki, xalq içində çox böyük maraqla qarşılanır. Tarixən zorxana pəhləvanları qapalı meydançalarda çıxış etməklə bərabər, Novruz şənliklərində açıq səma altında, xalqın qarşısında çıxış ediblər.

Zənnimcə, müasir dövrdə də açıq səma altında, Novruz bayramı tədbirləri sırasında müxtəlif istiqamətli Zorxana yarışları keçirilsə, çox maraqlı olar...

Novruz mifologiyasını əks etdirən attraksionlar

Tarixən bütün xalqlarda milli bayramlarda müxtəlif attraksionlar həyata keçirilib ki, bunlar da həmin xalqın etnik tarixini, milli ənənələrini əks etdirib, sadəcə, attraksion olmayıb, həm də müəyyən milli fəlsəfə daşıyıcısı olub... Son illər bir çox Avropa və Rusiya rejissorları öz tarixi filmlərində bu cür milli bayramlardakı attraksionları çox yüksək səviyyədə canlandıra biliblər. Çox uzağa getməyək, elə məşhur rus rejissoru Nikita Mixalkovun "Sibiriada" filmində rus xalqının qədim "Maslenitsa" milli bayramındakı attraksionları, atəşfəşanlığı yüksək səviyyədə canlandırması bu bayram ənənələrinin gələcək tarix üçün qorunub saxlanılmasında müstəsna rol oynayıb...

Zənnimcə, biz də Novruz bayramı üçün bu cür maraqlı attraksionlar düşünüb tapmalıyıq. Şəxsən mən belə düşünürəm ki, bu işdə Novruz öncəsi dörd çərşənbə - dörd ünsür simvolikasından istifadə etmək olar.

Mifik təfəkkürə diqqət etsək görərik ki, torpaq, su, od, hava (sıralama şərtidir) ünsürlərinin hər biri böyük fəlsəfi yük daşıyır. Və məhz bu səbəbdən hər bahar öncəsi tək təbiət yox, sanki insanların ruhu da bu dörd ünsürdən keçir, saflaşır, paklaşır, yeni həyat əldə edir...

Düşünürəm ki, məhz bu məqamı, yəni tarixən hər çərşənbədə bir ünsürlə bağlı keçirilən ayinləri (suya vermək, od üstündən tullanmaq) hansısa bir attraksionda birləşdirmək maraqlı olardı.

Tutalım, təsəvvür edək ki, müasir oda, suya davamlı şəffaf materiallardan böyük bir tunel düzəldilir. Tunelin girişi yeraltı keçid formasında torpağın altından başlayır (Torpaq ünsürü), ardınca şəffaf tunel suyun (dənizin) içinə baş vurur (Su ünsürü - insanlar özlərini suyun içində hiss edir), sonra tunel yuxarı qalxıb körpü şəklində, böyük tonqalın alovunun içindən keçir (Od ünsürü - bu da alovun üstündən tullanmağı simvolizə edir), nəhayət, tunel yuxarıda qurulmuş meydançaya, yəni havaya çıxır (Hava ünsürü).

Hansısa bir şərti adla (misalçün, Arzu yolu və ya Novruz körpüsü) adlandırılan bu tuneldən keçən adam sanki təbiətin canlı elementlərinin - bitkilərin doğuluş yolunu təkrarlayır - torpaqdan keçir, suya daxil olur, suyun aydınlığında ruhu təzələnir; oradan alovun içindən keçir, bütün ağırlığını-uğurluğunu, problemlərini, gərginliklərini alova verib yandırır və nəhayət, səmaya - havaya çıxır, torpaqdan baş qaldıran bitki kimi yeni həyata başlayır...   

Təbii ki, bu yalnız bir təklifdir. Başqa bu formalı maraqlı attraksionlar da düşünüb tapmaq olar ki, birbaşa Novruz ənənələriylə bağlı olsun.

Kütləvi yürüşlər...

Tarixən bütün xalqlarda bayram şənliklərinin əhəmiyyətli bir hissəsini də kütləvi yürüşlər təşkil edib. Bu yürüşlər bəzən milli etnik, bəzən də dini pərdə altında həyata keçirilib. Adətən, insanlar toplaşıb hansısa müqəddəs sayılan bir məkanı toplum halında ziyarət ediblər...

Elə xristian xalqlarında məşhur "Xaç yürüşləri" ənənəsini qeyd etmək olar (XI əsrdə Qüdsün alınmasına yönələn Xaç yürüşü müharibələri ilə qarışdırmayaq. Misalçün, rus dilində bu məfhumları fərqləndirməkçün birinə "Krestovıye poxodı", digərinə isə "Krestnıy xod" adı verilib... Amma bizim dilimizdə bunları fərqləndirmək çətin olur).

Xəbərdar olanlar bilir ki, bu ayin zamanı ön cərgədə ruhanilər, arxada isə dindarlar olmaqla, böyük sıralarla əllərində xaç tutan insanlar bir məbəddən digərinə, yaxud müqəddəs su mənbəyindən məbədə yürüş edirlər və bu yürüş zamanı xorla müəyyən mahnılar oxunur...

Bu tipli yürüş ənənələri demək olar ki, bütün xalqlarda var, sadəcə,  forma və məqsədlər müxtəlif olur. Son yüzilliklərdə bizim xalqın arasında buna bənzər kütləvi yürüşlər iki formada təzahür edib. Birincisi, Aşura mərasimləri zamanı, ikincisi, Novruz bayramında. Məlumdur ki, Novruz bayramında hər ailə həyatdan gedən əzizlərinin qəbirini ziyarət edir, qəbirin üstünə bayrampayı düzür, şam yandırır ki, mərhumun ruhu şad olsun... Bu da minillik tarixi ənənəmizdir. Sanki hər kəs bildirmək istəyir ki, əziz olan adamları dünyadan getsə də unudulmayıb, xatirələri hələ də diridir...

Bir çox bölgələrdə indiyə qədər Novruz bayramından əvvəl məzarlığa gedən yollarda sanki bir yürüş olur... Məncə, bu ənənəni də müəyyən formada geniş şəkildə tətbiq eləmək olar.

Misalçün, bayram ərəfəsində, hansısa təyin edilmiş bir axşamda, Bakı sakinləri Bayraq meydanından (və ya Qız qalasının yanından) Şəhidlər xiyabanına böyük bir yürüş eləsinlər (mümkündür ki, yürüş eyni zamanda bir neçə yerdən başlasın). Hərənin də əlində bir şam (yaxud müasir kiçik fənər) olsun...

Və təsəvvür edin ki, qaranlıq vaxtı necə həssas, təsirli və mistik bir görüntü alınar - gecənin qaranlığında yüzlərlə, minlərlə kiçik işıqlar hərəkətə gəlib şəhidlərimizin məzarlığına doğru yol alır, şamları (və ya fənərləri) şəhidlərimizin qəbirləri üstünə qoyurlar  və orada bütün işıqlar birləşir, sanki şəhidlərimizin ruhunun daim diri olduğunu, onların ölməzliyini dönə-dönə xatırladır...

Misalçün, bu yürüşün adını "Əbədiyyət yürüşü" və ya "Ölməzlik  yürüşü" də qoymaq olar (Düzdür, şəhərin mərkəzində bu cür kütləvi yürüşlərin keçirilməsi, nəqliyyat üçün müəyyən problemlər yarada bilər, amma məncə, iki-üç saatlıq bir neçə yol bağlansa problem olmaz. Hər halda, müəyyən beynəlxalq tədbirlər zamanı yolların bağlanması təcrübəsi var...).

Epiloq

Əlbəttə, bu, təxmini fikirlərdi, şərti təkliflərdir, bunların üstündə daha dəqiqliyinə qədər və daha incəliklə işləmək, başqa yeni təmtəraqlı, maraqlı, gözoxşayan, dinamik, hərəkətli, hətta bir qədər hay-küylü attraksionlar fikirləşmək mümkündür.

Çünki kütlə psixologiyasını dərindən analiz edəndə, görürük ki, toplumun məhz bu cür dinamik, kütləvi, təmtəraqlı mərasimlərə, əyləncəli şoulara həmişə tələbatı olub. Buna görə də tarixən xalqlar arasında müxtəlif təmtəraqlı bayramlar keçirilib ki, insanların kütləvi mərasimlərə olan tələbatı ödənilsin. Hətta sovet dövründə də müxtəlif nümayişlər, paradlar, mayovkalar həmin məqsədi daşıyırdı...

Bu gün Azərbaycanda həmin mərasimləri Novruz şənlikləri əvəz edir, Novruz həm də, sadəcə, bir bayram yox, Azərbaycan xalqının çoxminillik tarixini, adət-ənənəsini, milli fəlsəfəsini əks etdirir. Bu baxımdan, xalqımızın geniş mərasimlərə, interaktiv tamaşalara, kütləvi oyunlara olan tələbatını məhz Novruz bayramındakı tədbirlərlə ödəmək mümkündür, sadəcə, bunun üçün mütəmadi olaraq alimlər, rejissorlar, araşdırmaçılar bir araya gəlməli, tarixi-etnik ayin və mərasimlərin arasından müasir zamana reallaşdırılması mümkün olanları seçib dövrə uyğunlaşdırmalıdırlar... Hətta bunun üçün daimi fəaliyyət göstərən hansısa komissiya da yaradıla bilər. Əlbəttə ki, bu təşkilati məsələlər aidiyyətli qurumların səlahiyyətindədir, mənsə, bir yazar olaraq, sadəcə, öz fikirlərimi bölüşdüm. Ola bilər ki, bu fikirlər birmənalı qarşılanmasın, bəyənilməsin. Mümkündür. Lakin əsas nailiyyət budur ki, qədim mədəniyyətimizin daşıyıcısı olan Novruz bayramı şənlikləri bu gün bütün dünya azərbaycanlıları tərəfindən müxtəlif formalarda hər il qeyd olunur, yenə də birləşdirici milli bayram funksiyasını həyata keçirir.  

İndi isə Novruz bayramının fəlsəfi yükü və mifik simvolikası barədə danışmaq istərdim...

Ardı var...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!