Əvvəli burada: http://edebiyyatqazeti.az/news/proza/2635-covannino-quareski
İkinci əhvalat
Boskaççoya hərdən şəhərlilər gəlirdi: inşaatçılar, avtomexaniklər. Gəlirdilər ki, çayın üstündəki dəmir körpünün boltlarını sıxsınlar, ya da kanalların divarlarını sementləsinlər.
Onların başında küləş şlyapaları, ya da lotu-lotu yanakı qoyduqları beretləri olurdu. Nitanın traktirində oturub pivə ilə kərövüzlü bifşteks sifariş edirdilər.
Boskaççonun camaatı yeməyini evində yeyirdi, traktirə isə ancaq söyüşmək, keqli oynamaq, dəstə qurub çaxır içməyə gedirdilər.
- Çaxır var, yağlı şorba var, bir də göy soğanla qayğanaq, - Nita onları qapının kandarında görən kimi xəbər verirdi.
Onda şəhərlilər küləş şlyapalarını peysərlərinə tərəf itələyib yumruqlarını stola döyə-döyə, Nitanın məziyyətlərini müzakirə edir, qazlar kimi səs-səsə verirdilər.
Şəhərlilərin qandığı bir şey yox idi: kəndi dolaşanda səs-küy salır, dava-dalaş edirdilər - elə bil qarğıdalı zəmisinə doluşmuş donuzdurlar. Öz evlərində at ətindən kotlet yeyir, Boskaççoya gələndə isə buranın ancaq çaxırını içmək mümkün olduğu halda, pivə istəyir, üç yüz əlli baş mal-qarası, on iki övladı, on beş hektar torpağı olan mənim atam kimi kişilərə qarşı kobudluq edirdilər.
İndi artıq heç nə əvvəlki kimi deyil, indi kənddə də bəziləri beretini lotu-lotu yan qoyur, at ətindən kotleti məmnuniyyətlə yeyir, traktirdə işləyən qızları şit-şit müzakirə edirlər, bu mənada teleqraf, dəmir yolu öz işini görüb.
Onda hər şey tamam başqa cür idi və şəhərlilər Boskaççoda görünəndə, çoxları evdən çıxmaq istəyəndə fikirləşirdi ki, qoşalüləsini qırma ilə doldursun, yoxsa donuz gülləsiylə.
Allahın xeyir-duası altında olan Boskaçço kəndinin idmi belədi də...
Bir dəfə samanlıqda yıxılı şalbanın üstündə oturmuşduq, atamın çinar ağacından taxıl üçün kürək yonmasına baxırdıq. Birdən Kikko qaça-qaça özünü yetirdi.
- Uh, uh, - dedi. Kikkonun hələ iki yaşı vardı, uzun cümlələr söyləyə bilmirdi. Mənim üçün hələ də sirr olaraq qalır ki, atam onun sözlərindən necə baş çıxarırdı.
- Orda ya yad adam var, ya da yekə bir heyvan, - atam tərcümə etdi, qoşalüləsini istədi. Sonra Kikkonun dalına düşüb çəmənlikdəki göyrüş ağacının altına getdi.
Orada altı nəfər şəhərli kişi vardı, əllərində üçayaq, qırmızı-ağ ağaclar vardı - nəyisə ölçüb-biçir, yoncalığımızı tapdalayırdılar.
- Siz burda neynirsiz? - atam ən yaxında durmuş qırmızı-ağ ağaclı kişidən soruşdu.
- İşimizi görürük, - o üzünü heç bizə çevirmədən ağızucu dilləndi. - Siz də öz işinizlə məşğul olsaydınız, vaxtınıza da, gücünüzə də qənaət edərdiniz.
- Gedin burdan, mane olmayın, - yoncalığın ortasında üçayağın yanına toplaşmış kişilər çığırışdı.
- İtilin burdan! Rədd olun! - atam səsini başına atıb qoşalüləsini şəhərli zırramalara tuşladı.
İstər-istəməz bizə sarı çöndülər, cığırda duran çinar kimi qamətli kişini görüb şey-şüylərini də götürüb dovşan kimi qaçdılar.
Axşam biz yenə samanlıqda, kötüyün ətrafında oturmuşduq, atam kürəyi yonub qurtarmaq üzrəydi. Bu vaxt həmin altı şəhərli iki dəstə polislə gəldi. Polis dalınca dünyanın o başına - lap Qassola stansiyasına getməyə məcbur olmuşdular.
- Bunlardır, - o alçaqlar barmaqlarını atamıza tuşlayıb dedilər.
Atam öz işində idi, heç başını da qaldırmırdı. Polislərin başçısı kapitan idi, soruşdu ki, burda nə baş verib?
- Heç bir şey olmayıb. Sadəcə, altı nəfər yad kişi gördüm mənim yoncalığımı tapdalayırdılar, onları qovub torpaqlarımdan çıxardım.
Kapitan dedi ki, bu adamların başçısı mühəndisdir, qalanları da onun köməkçiləridir, gəliblər ki, buxarla işləyən tramvay üçün dəmir yolu çəkmək məqsədilə ölçü-biçi aparsınlar.
- Bunu mənə özləri də deyə bilərdi. Mənim torpaqlarıma girmək üçün icazə almalıdırlar, - atam əl işini seyr edə-edə dilləndi. - Mən hələ öz torpaqlarımdan tramvayın keçməsinə qəti icazə vermədiyimi demirəm.
- Bizə belə rahat olsa, tramvay bu torpaqlardan keçəcək, - mühəndis kinayəylə dilləndi. Amma həmin an atam kürəyin dəstəsində nahamar bir yer görmüşdü, onu hamarlayırdı.
Kapitan dedi ki, mühəndislə köməkçilərini torpağa buraxmağa borclusunuz.
- Bu, dövlət işidir! - deyə vurğuladı.
- Bax, hökumətdən möhürlü kağız gələr, buraxaram, - atam astadan dedi. - Mən öz hüquqlarımı bilirəm.
Kapitan razılaşdı ki, atam öz hüquqlarının təmin olunmasını yerində tələb edir və mühəndis mütləq möhürlü sənəd təqdim etməlidir.
Ertəsi gün mühəndislə beş köməkçisi yenə gəldilər: onlar küləş şlyapalarını, beretlərini saymaz-saymaz lap yan qoymuşdular.
- Bu da sənəd, - mühəndis dedi və atama bir kağız uzatdı.
Atam kağızı götürüb evə tərəf getdi, biz də dalınca.
- Tələsmədən oxu, - mətbəxə girəndə mənə əmr elədi. Mən aramla oxudum, sonra təkrarən bir də oxudum.
- Get onlara de ki, gələ bilərlər, - atam sonda qaş-qabağını töküb dilləndi.
Mən yüyürdüm, qayıdanda uşaqlarla birlikdə, atamın dalınca çardağa qalxdıq. Zəmilərə açılan girdə pəncərənin qabağında yerimizi rahatladıq.
Bu altı sarsaq yolun ağına düşüb nəsə oxuya-oxuya göyrüş ağacının altına gedirdilər. Sonra birdən baxdıq ki, qəzəbdən əl-qollarını ölçə-ölçə nəsə çığırışırlar. Biri evimizə sarı yüyürmək istəyirdi ki, qalanları qoymadı.
Şəhərlilər həmişə belə eləyir: elə bil indicə cumacaq, amma qabağını mütləq kimsə kəsir.
Yol qırağında bir az oturub mübahisə elədilər, sonra çəkmələrini, corablarını çıxarıb, şalvarlarını çırmadılar. Ehtiyatla yoncalığa girib addım-addım irəlilədilər.
İt əzabı gecə yarısından sübhə kimi davam etmişdi: dərin şum üçün dörd dənə ağır kotan səkkiz-on öküzün köməyilə bütün yoncalığı şumladılar. Dalınca bir neçə arxı basdırıb su axarlarını başqa yerlərdən qoymaq lazım idi ki, təzə şuma su buraxmaq mümkün olsun. Lap sonra da peyin xəndəyində mal-qaradan horra kimi nə qalıbsa, hamısını şumluğa tökdülər - azı on çəllək olardı.
Çardaqdakı pəncərənin qabağında günortaya kimi oturub şəhərlilərin palçıqda necə eşələndiklərinə tamaşa etdik.
Hər dəfə kişilərdən hansınınsa ayağı sürüşüb yıxılanda Kikko quş kimi qaqqıldayırdı. Şorbanın artıq masa üstündə olduğunu bizə deməyə gəlmiş anamın da kefi kök idi.
- Ona baxın, üzünün qırmızısı da qayıtdı. Fağır cücə, sən demə, istəyirmiş kefi açılsın. Allaha şükür ki, bu oyun sənin ağlına gəldi! - atama dedi.
Axşama şəhərlilər yenə karabinyerlərlə gəldilər, yanlarında qara geyimli bir nəfər də vardı. Kim bilir kim idi, hardan dartıb gətirmişdilər.
- Bu cənablar deyir ki, siz onların işinə pəl vurmaq üçün torpaqlara su buraxmısınız, - qarapaltar cənab dedi. Atam onu görəndə nəinki ayağa durmamışdı, heç o səmtə baxmamışdı da.
Atam fitlədi, hamı - ev adamları da, işçilər də samanlığa çıxdılar, uşaqlı-böyüklü, azı əlli nəfər olardılar.
- Deyirlər ki, mən bu gecə göyrüşün yanına su buraxmışam, - atam dedi.
- Bu zəmi iyirmi beş gündür ki, su altındadır, - qocalardan biri dedi.
- Hə, düz iyirmi beş gündür, - uşaqlı-böyüklü hamı təsdiqlədi.
Yəqin, o biri göyrüşün yanındakı yerlə səhv salıblar, - qoca çoban dilləndi, - gəlmə adam çaşar da, burda nə var ki...
Qəzəblərini zorla boğub getdilər.
Ertəsi günün səhəri atam atları arabaya qoşmağı tapşırdı, minib getdi şəhərə. O, üç gündən sonra qayıtdı, qaşqabaqlı idi.
- Relslər burdan keçəcək, çarə yoxdur, əlimizdən gələn bir şey qalmadı, - anamıza dedi.
Şəhərdən yenə adamlar gəldi, onlar şumlanmış, lakin artıq suyu çəkilmiş təpələrin arasına paya çaldılar. Relslər bizim yoncalıqdan keçəcəkdi, sonra da yolla paralel lap Qassola stansiyasına qədər uzanacaqdı.
Tramvay böyük şəhərdən Qassolaya kimi gedəcəkdi. Bu çox rahat idi. Amma dəmir yolu atamın torpaqlarından keçirdi, özü də zorla, acıqcan edəcəkdilər bunu. Əgər ondan nəzakətlə istəsəydilər, hətta dəyən ziyanı ödəməsələr belə, güzəşt edərdi, inkişafın əleyhinə deyildi axı. Bəyəm, Boskaççoda ilk müasir qoşalüləni alan mənim atam olmayıb?
Amma bunu zorla eləmək!..
Şose boyu şəhərlilər sırayla daş yastıqlar düzür, şpalları basdırır, relsləri bağlayırdılar. İşlər davam etdikcə, arxasınca mal-material dolu vaqonları çəkən lokomotiv də irəliləyirdi. Sonuncu vaqonlarda gecə fəhlələr yatırdı.
Dəmir yolu artıq yoncalığa lap yaxınlaşmışdı və günlərin birində səhər-səhər fəhlələr bizim canlı çəpərləri qırmağa girişdilər. Atamla birinci göyrüşün altında oturmuşduq, atamın öz balası kimi sevdiyi köpəyimiz Qrinqo da yanımızda idi.
Elə ki, çəpərdəki dəlikdən fəhlənin beli göründü, Qrinqo yola cumdu, çəpərin arasında görünən yad adamlara baxıb tüklərini qabartdı. Gördülər ki, köpək onlara imkan verməyəcək burdan keçsinlər.
Onlardan biri addımını irəli atdı, Qrinqo dişlərini onun hülqumuna qıcayıb irəli sıçradı.
Otuz nəfər olardılar, hamısının da əlində bel-külüng. Bizi görmürdülər - aranı ağac kəsmişdi.
Mühəndis əlindəki ağacı yellədi.
- Ay it, itil burdan.
Lakin Qrinqo onun baldırından yapışdı, kişi anqırtıyla yerə yıxıldı.
Fəhlələr bellərini oynada-oynada köpəyin üstünə tökülüşdülər. Qrinqo geri çəkilmirdi, qanına qəltan olmuşdu, amma qabağına çıxanı dişləyir, ayağını, əlini qapırdı.
Atam bığlarını gəmirirdi: soyuq tər basmışdı onu, üzünün rəngi kətan kimi qaçmışdı. Bircə fiti bəs idi ki, Qrinqo qayıtsın, sağ qalsın. Amma atam fitləmədi. Meyit rəngində idi, tər alnından sel kimi axır, dirsəyimi bərk-bərk sıxıb gözünü qırpmadan baxırdı, mən isə hönkürüb ağlayırdım.
Atam tüfəngini ağaca söykəmişdi, amma əlini də vurmadı.
Qrinqonun gücü lap tükənmişdi, o, indi yalnız iradəsinin gücünə döyüşürdü. Şəhərlilərdən biri əlindəki belin zərbəsilə başını əzdi, digəri belin iti ucuyla onu yerə sıxdı. Qrinqo yavaşca zingildəyib susdu.
Onda atam ayağa qalxdı, qoşalüləsini götürüb aramla şəhərlilərə tərəf getdi.
Görəndə ki, şişbığlı, çinar kimi uca, enlişlyapalı, qısagödəkçəli, uzunboğaz çəkməli dağ boyda kişi onlara necə yaxınlaşır, əllərindəki bellərin sapını bərk-bərk sıxıb gözlərini çəkmədən baxa-baxa gerilədilər.
Atam Qrinqoya yaxınlaşdı, əyilib xaltasından yapışdı, arxasınca əski parçası kimi çəkə-çəkə apardı.
Onu torpaq səddin ayağında basdırdıq. Mən torpağı elə möhkəm döydüm ki, kənardan görünməsin, atam da şlyapasını çıxardı.
Mən də çıxardım.
Tramvay Qassolaya heç vaxt gəlib çıxmadı. Əhvalat payızda olmuşdu, çayın suyu artmışdı, lildən sapsarı sular bir gecə səddi uçurdu. Su tarlaları, aşağı torpaqlarımızın hamısını, yoncalığı basdı, yol gölə döndü.
İşi dayandırdılar, gələcəkdə subasmadan sığortalamaq üçün tramvay yolunu bizim evdən səkkiz kilometr aralıda, Boskaççoda bitirdilər.
Çay məcrasına qayıdanda, bütün kişilər səddin uçuğunu düzəltməyə yollandılar. Biz yaxınlaşdıq, atam yenə dirsəyimi bərk-bərk sıxdı. Bənd düz Qrinqonu basdırdığımız yerdən uçulmuşdu.
İtin ruhu gör nələrə qadirdi!
Çuxurməhlənin möcüzəsi, məncə, elə budur. Notarius Françesko Luici Kamparinin realistcəsinə, xırda təfərrüatlara vararaq təsvir etdiyi (o, genişqəlbli, Çuxurməhləyə vurğun bir insan idi və qumru quşları həqiqətən bu yerlərin faunasının bir parçası olmasaydı, qətiyyən belə yazmazdı) dekorasiyada müxbir öz xəbərlərini yerləşdirir deyə, heç məlum deyil ki, hansı daha mötəbərdir: notariusun təsvirləri, yoxsa qəzetçinin uydurduğu xəbərlər.
Kiçik dünyanın aləmi budur: uzun düz yollar, qırmızı, sarı, ya da tünd göy rəngə boyanmış kiçik evlər üzümlüklərin arasında itir. Avqust gecələrində bəndin arxasından nəhəng, al qırmızı Ay çıxır və adama elə gəlir ki, o tamam başqa zamanınkıdır. İnsan arxın qırağındakı çınqıl təpədə oturub, velosipedini teleqraf dirəyinə söykəyib. Eşmə düzəldir özünə. Yanından keçirsən. Səndən kibrit istəyir. Söhbətləşirsiniz. Ona deyirsən ki, kənd "festivalına" rəqsə gedirsən, o da başını bulayır. Sən deyirsən ki, orada çoxlu gözəl qızlar olur, o yenə başını bulayır.
Ardı var...
Tərcümə etdi: İlqar Əlfi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!