Gözyaşı Konağı. Ada, 1876 - Şebnem İŞİGÜZEL

Türk dilindən uyğunlaşdıran: Nərmin CAHANGİROVA

Şəbnəm İşigüzelin "Xanənə ay doğacaq" ilk kitabı  1993-cü ildə çap olunmuş, elə həmin ildə də Yunus Nadi hekayə mükafatı qazanmışdır. Sonralar davamlı olaraq "Hekayəmi kim danışacaq"(1994)  hekayə kitabını, "Köhnə dostum kərtənkələ" (1996) romanını,  "Nəşəli qadınlar arasında" (2000) esse kitabını, "Sarmaşıq" (2002), "Kirpiklərimin kölgəsi" (2010),  2011-ci ildə uşaqlar üçün "Anam, qarğa və mən",  Venüs (2013) romanlarını yazmışdır.

Gözyaşlarının kökləri gülümsəmənin köklərindən daha dərindədir.

CIORAN

1876-cı ilin yazında nikahdan kənar uşağımı dünyaya gətirmək üçün evin kişilərinin xəbəri olmadan Böyükadaya göndərildim.  Bədriyyə kalfanı da mənimlə göndərdilər. Evin qadınları atama və kiçik qardaşıma bir əhvalat uydurdular. Pul qazanmaq eşqiylə yaşayan atam məni düşünəcək, yoxluğumdan narahat olacaq halında deyildi. Təkcə qardaşım bir müddət uzaqda yaşayacağımı eşitdikdə təəccüblənmişdi. Süfrə arxasında itburnu doşabını qaşıqlarkən donub qalmışdı. Onun danışdıqlarına görə, guya ki, bir qəza nəticəsində saçlarım yandığı üçün Bədriyyə kalfa ilə bibimin Bəyaziddəki malikanəsinə gedəcəyimə və az da olsa özümü yaxşı hiss edəcəyimə inandırılmışdı. Evin qadınlarının uydurduğu hekayəni həzm etmək içərisində mixək dənələri üzən doşabı udmaq qədər çətin olmamışdı. Anam atamı yaxşı tanıyırdı. Qardaşımı demirəm belə. Arxamca düşməz, mənimlə maraqlanmaz, ölsəm belə dərd etməzlərdi.

Yeni tikilən malikanəmizdə qalacaqdım. Atam evin içinin təmirini anamın öhdəsinə buraxmışdı: "Nə istəyirsən, necə istəyirsən elə də et. Amma məni qaz kimi yolma. Dəyirmanın suyu artıq bitib!" Əgər mənim məcburi gedişim olmasaydı anam evi yaya hazır edəcəkdi. İndi isə atama bəhanələr uydurmaqla məşğul idi.

 "Bir az da pul versəydin hər şey ürəyimcə olardı. Mən ev tikdirdim, amma hamı imarət  deyir. Divarların əl işi ilə bəzənməsini istəyirdim. İndi ucuz olsun deyə usta köməkçisinə elətdirəcəyik. Bir ay əvvələ qədər atamın adaya getmək fikri yox idi. "Mən pul qazanarkən də dincəlirəm" - deyirdi. Saraya borc pul verməsi ilə fəxr edirdi. "Eybi yox, italyanların otelində qalmağa davam edərik". Yediyi, içdiyi xəbərsiz olduğumuzu düşündüyü ikinci qadını ilə əlaqəli idi, başqa heç bir səbəbi yox idi.  

Nikahdan kənar hamiləliyim mövzusunda anam və bacılarımla dil tapa bilmirdim. Bu müşkül vəziyyət onların cəmiyyət həyatına və mövqeyinə kölgə salacağı üçün məni gizlətmək istəyirlərdi.

Əvvəlcə yaşlı bir adamla evləndirmək istədilər.

Ondan əvvəl isə uşağın kimdən olduğunu öyrənməyə çalışdılar.

Ən qəribəsi isə bütün bunları evin kişilərindən xəbərsiz  olaraq edirdilər.

Üçü birləşib məni döydülər, atama "pilləkəndən yıxılıb", dedilər.

Bibimin mənə yazığı gəldi. Anamla Fatmadan heç xoşu gəlməzdi. Hicranı da çox quru hesab edərdi. Üzümə baxarkən "yazıq qızı gör nə hala qoyublar", demişdi.

Həm onlara verdiyim əziyyətə, həm də ki, edilən təzyiqlərə dözə bilməyib bir gecə özümü yandırmaq istədim. Yanıb kül olsam hər şey bitəcəkdi. Uzun saçlarım var idi. Hamamdakı kisəçi qadın "Bax, biləyim qalınlığındadır, maşallah. İstanbulun bütün qadınlarını kisələmişəm. Beləsinə heç rast gəlməmişəm. Axıb gedən su kimidi", deyib saçlarımı təriflərdi.

Bir anda çıraq kimi tutuşub yanmağa başladım.

"Bəxtindən gecə oyanan Bədriyyə kalfa görüb söndürüb".

Saçlarım yanmışdı. Bunu öz istəyimlə etsəm də həyəcanla yanan saçlarımı tutduğum üçün əllərim də yanmışdı. Başımı və əllərimi Doktor Agopun hazırladığı məlhəmlərə buladıq. Əllərimə pambıqdan tikilmiş əlcəklər geydirildi və bir ay içimi çəkə-çəkə acı bir kədər və tərif edə bilmədiyim bir ağrı ilə yatıb ayıldım. Yeganə təsəllim bədənimin və üzümün yanmaması idi.

"Qurğuşun tökdürün, dua yazdırın, qızın başına gəlməyən qalmadı!" - deyən atamın səsini eşitdim. Özümü yandırdığım gecə evdə yox idi. İkinci qadınının yanında idi. Bədriyyə də oyanmamışdı. Topal ayağını sürüyərək önu çağıran sərxoş qardaşımın yatağını isitməyə getmişdi. Qardaşım hər gecə evə sərxoş gəlirdi. Bir az  içkini azaltsa anam onu evləndirəcəyini deyirdi.

Qardaşımın otağımın qapısından başını içəri salıb baxışını, bunu görən anamın yeni dəbə düşən qırmızı xalı döşətdirdiyi pilləkənlərdən enərkən söylədiklərini eşitmişdim. "Allah qoruyub zavvallı qızı". Deməzdim ki, Allah məni qoruyub. Hələ uşaq ikən Quran dərsinə gedəndə Hicrana "Mən inanmıram" - demişdim. O da gedib Fatmaya çatdırmışdı. Beləcə, ilk şilləmi yemişdim.

Fürsət tapan kimi anamla ittifaq quran Fatma ət suyundan olan şorbanı qaşıq-qaşıq mənə içirən Bədriyyə kalfanın yanında dayanıb deyinirdi. "Ağılsız. Özünü işə saldığı kimi bizi də bədbəxt edəcəkdi. Cəmiyyətə çıxmaq arzumuzu gözümüzdə qoyacaqdı. Allah sənə lənət eləsin! Zina edərkən ağlın hardaydı? Paşa ilə ilə evlənməli olan Hicranı niyə düşünmədin ay günahkar, ay əxlaqsız?"

Halbuki hər şey onları qorumaq üçün idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!