ALBER KAMYU
Fransız yazıçısı, publisisti və filosofu Alber Kamyu 1913-cü ildə Əlcəzairdə doğulub. Ölümündən sonra "Qərbin vicdanı" təxəllüsünü alıb. Atası Lyüsen Kamyu şərab anbarı nəzarətçisi olub, Birinci Dünya müharibəsi illərində piyada qoşunlarında xidmət edib. 1914-cü ildə ölümcül yaralanıb və səhra xəstəxanasında dünyasını dəyişib. Qulaqları zəif eşidən, savadısz anası Kutrin Senka ispan əsilli olub.
Alber Kamyu 1932-1937-ci illərdə Əlcəzair Universitetində fəlsəfə təhsili alıb. O dövrdən esselər, məqalələr, nəsr əsərləri yazmağa başlayıb. A.Jid, F.Dostoyevski, F.Nitsşe yaradıcılığından təsirlənib. "Taun" (1947), "İlk insan" (yarımçıqdır, 1994-cü ildə çap olunub) kimi romanların, "Yad" (1942), "Yıxılmaq" (1956), "Xoşbəxt ölüm" (1971) kimi povestlərin, onlarla hekayə, dram əsəri, esse və ona dünya şöhrəti gətirən fəlsəfi əsərlərin müəllifidir.
Alber Kamyu 1957-ci ildə "ədəbiyyata verdiyi qiymətli xəzinəyə və insan vicdanının fövqəl təsvirinə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Dünya şöhrətli yazıçı-filosof 1960-cı ildə vəfat edib.
TİPASADA NİKAH
(esse)
Yazda tanrılar Tipasanı məskən seçir və orada hər şey günəş dilində danışır, yovşan ətrindən məst olur, gümüşü zirehə buxovlanmış dənizdə boğulur, masmavi səma ətraf çiçəklərdə və sal daşların qoynunda itir. Günün başqa saatlarında ətraf günəş işığından gözlərini qıyıb qaranlığa qərq olur. Gözlər kirpiklərə qonan titrək işıq və rəng zərrələrindən başqa nəsə görə biləcəyinə əbəs yerə ümid edir. Ətirli otların kəsif qoxusu boğazı qıcıqlandırır, nəfəs almaq çətinləşir. Ətraf kəndlərin başının üstünü kəsdirən təpələrin arxasından sıyrılaraq, ağır-ağır, arxayınlıqla dənizə baş vuran qara, nəhəng Şeunu zorla seçirəm.
Kəndi ötüb keçirik, buradan buxta görünür. Sarımtıl-mavi aləmə qərq oluruq, yayda Əlcəzair torpağının yetişdirdiyi xoş rayihə bizi nəfəs kimi qoynuna alır. Ətraf villaların divarlarından boy verən yasəmən kolları göz oxşayır; bağçalarda bir qədər sonra al-əlvan rəngə boyanacaq solğun bənizli ketmilər hələ də qalır, bir də uzaqdan baxanda qaymaq köpüyünü xatırladan, zərif-bənövşəyi iris kollarının əhatəsində mürgü döyən bəyaz qızılgül dənizi. Hər daş parçası hərarət saçır. Qızıl düymə kimi bərq vuran avtobusdan enəndə kənd-kənd dolaşan qəssabların qırmızı maşınlarının siqnal səslərilə qarşılaşrıq.
Limanın sol tərəfində sarıçiçək kollarıyla saqqız ağaclarının arasından keçən, xarabalığa doğru uzanan və sementlə bərkidilməyən daş plitələrlə döşənmiş pillələr var. Yol kiçik mayakın yanından keçərək səhrada itir. Mayakın ətəyində lap aşağıya, qayaların altına qədər uzanıb gedən ətli, bənövşəyi, sarı, qırmızı çiçəkləri olan qəribə bitkilər yetişib, dəniz onları nəfəsi kəsilənə qədər öpüb oxşayır. Düz günəşin altında dayanmışıq, arabir əsən külək üzümüzün bir tərəfinə sığal çəkir, göydən dənizə şığıyan, bircə qırışığı belə olmayan, öz bəyaz təbəssümü ilə ağlı başdan çıxarıb gülümsəyən işıq selinə baxırıq. Xaraba səltənətə qədəm qoymazdan əvvəl yad seyrçilər kimi son dəfə bu mənzərəyə tamaşa edirik.
Bir-iki addım atan kimi yovşan ətri boğazımızı qıcıqlandırır. Onun boz telləri uzandıqca-uzanan xarabalığa sərilib. Bürküdən şirəsi axır, adama elə gəlir ki, yerdən göyə qədər nə varsa, hər şey bu ətirdən məst olur, xumarlanır. Üzü eşqə və arzulara doğru gedirik. Hər şeydə möhtəşəmlik axtaran fəlsəfi hökmlər çıxarmaq fikrində deyilik. Günəşdən, öpüşlərdən, ətrafdakı qarışıq ətirlərdən başqa hər şey bizə boş və mənasız görünür. Mənə qalsa, bura tənhalıq axtarışına çıxmamışam. Bir vaxtlar sevənlərə qoşulub tez-tez buralara gəlirdim, onların simasından parlaq təbəssüm oxunurdu və bu təbəssüm eşqi təcəssüm edirdi. Burada olduğumda qaydalar və üsullar məni maraqlandırmır. Burada təbiətin qarşısıalınmaz sərbəstliyi ilə dənizin pozğunluğu məni ağuşuna alır. Sevimli baharına qovuşan, insan əli dəyməyən parıltısını itirən xarabalıqlar daş qalaqlarına çevrilərək yenidən təbiətə qarışıb. Təbiət sərsəri oğullarının qayıdışını bayram etmək üçün çiçəklərini səxavətlə onların ayaqları altına döşəyib. Günçiçəyi yumru başını forumun plitələrinə soxub, qırmızı ətirşahlar nə vaxtsa evlər, məbədlər, şəhər meydanları olan yerləri al qana boyayıb. Buna rəğmən elm bəzi alimləri yenidən tanrılara qaytarır, yüzilliklər xarabalıqları yenidən onların anaları üçün iqamətgah edir. Nəhayət, keçmiş onları tərk edir, azadəliklə nəfəs alan cismlərinin hakimiyyəti altına girməyə, artıq heç nə mane olmur.
Ayaqlarım altda qalan yovşanların ətrindən doyana, daşların hərarətini canıma çəkənə, nəfəsimi dünyanın çılğın nəfəsinə kökləyənə qədər xeyli vaxt keçir! Təbiətdəki ətirlərdən xoşhallandım, həşəratların vıjıltısından xumarlandım, bütün ruhumla, canımla qızmar səmanın nəhayətsizliyinə məğlub oldum. Özün olmaq, itirdiyin daxili harmoniyanı geri qaytarmaq o qədər də asan deyil. Amma nəhəng Şenua dağ silsiləsinə baxarkən qəribə sakitlik hiss edirəm. Dərindən və azad nəfəs alıram, ruhi bütövlük və mənəvi rahatlıq duyuram. Bir yamacdan o birinə qalxıram, hər dəfəsində məni mükafat gözləyir, məsələn, götürək elə sütunları gün işığında bərq vuran bu məbədi, pillələrdən baxanda çəhrayı damları, yaşıl eyvanları olan kənd bütünlüklə görünür. Ya da Şərq tərəfdəki böyük bina: divarları hələ də qalır, qazılıb didik-didik olan sərdabələr üzük qaşı kimi ətrafını dövrəyə alıb, torpaqla bir olan bəzi yerləri güclə seçilir. Bir vaxtlar orada ölülər rahatlıq tapardı, indi isə sarı şəbbülər, adaçayı bitir. Sent-Salsa - xristian tikilisi, amma hər bir dərmə-deşiyinə baxmağa dəyər, biganəlik hissini özümüzdən uzaqlaşdıran kimi qulağımıza dünyanın melodiyası dəyir: yamaclar şam və kaparis ağaclarıyla doludur və haradasa iyirmi metr aralıda dəniz quzu kimi mələyir. Sent-Salsa ucalan yamacın yastışəkilli zirvəsi var, külək eyvanında at oynadır. Bu genişlik səhər günəşinin şəfəqləri altında azadəliklə nəfəs alır.
Miflərə ehtiyac duyan insanlar kasıb olur. Burada tanrılar gündüz vaxtı axan çay yataqlarındakı nişan ağaclarına xidmət etmək üçündür. Mənzərəni təsvir edərək deyirəm: "Budur, bu qırmızı, bu göy, bu da yaşıldır. Bu dəniz, bu dağlar, bu da çiçəklərdir". Bu yerdə Dionisi xatırlamağın nə mənası var axı, sadəcə saqqız ağacının tumurcuqlarını barmaqlarımın ucuyla götürüb burnuma yaxınlaşdırmaqdan xoşlandığım üçünmü. Və o qədim himn - sonradan haradansa gəlib beynimdə dolaşır - Demetrə həsr olunub: "Bütün bunları öz gözlərilə görənlər insanların xoşbəxtidir". Dünyəvi olanı görmək və görmək, - bu məsləhəti unutmaq olarmı? Elevzin şəbihlərində iştirak edənlərə baxmaq bəs edir. Heç burada da bəşəriyyətə sona qədər yaxın olacağımı ağlımdan keçirmirəm. Lümlüt soyunub dənizə atılmalıyam, üstümə hopan bəşəri qoxuları yuyub təmizləməliyəm, bədənimi ağuşuna alan dənizlə torpağın sevgisini seçib ayırmalıyam. Suya girirəm, sanki soyuq qətran içindəyəm, az qala nəfəsim kəsilir; sonra üzürəm; su qulaqlarımda uğuldayır, burnumdan axır, boğazım acışır və mən üzürəm - qollarım sudan çıxır, par-par yanır, sanki lak çəkilib, həm də günəş şüalarından belə parıldayır, hər bir əzələmi oynadaraq qalxıb enir; bütün bədənimdən su axır, hay-küy salaraq, ayaqlarımla təkan verirəm, dalğaları yarıram, və - qarşımda üfüq yoxdur. Sahildə qum üstə çökürəm, yenidən bədənimin və sümüklərimin ağırlığını hiss edərək heysiz uzanıb qalıram. Günəşdən ağlımı itirmiş kimi hərdən qollarıma baxıram, damlaların necə qopub ayrıldığını izləyirəm, elə ki, dərim quruyur, günəş işığından qızılı rəngə çalan tüklərin arasında anındaca duz ləkələri əmələ gəlir.
Burada seçilmişliyin mahiyyətini dərk edirəm: bu, sərhədsiz sevgi deməkdir. Bu dünyada ancaq bir sevgi var. Qadın bədənini qucaqlamaq - bu, eynən göy üzündən dənizə səpələnən işıq kimidir. İndicə yerə çöküb ətrini canıma çəkmək üçün özümü yovşanlığa atacağam, dərk edəcəyəm ki, hər şeyi təbiətin diktəsi ilə edirəm, günəş hələ də parıldayır və mən nə vaxtsa öləcəyəm. Bu yerdə qumara mütləq mənada öz həyatımı qoyuram; daşların əks etdirdiyi, dənizin nəfəsini içinə çəkdiyi, cırcıramaların özünəməxsus nəğməsini duyaraq istidən qızışan həyatımı. Sərin külək, mavi səma. Mən bu həyatı həyəcanla vəsf edir, dayanmadan onun haqqında danışmaq istəyirəm: taleyimə görə - insan taleyinə görə - onunla qürur duyuram. Amma mənə çox deyiblər: burada qürur duymalı heç nə yoxdur. Yox, var: bu günəşlə, bu dənizlə, mənim gənclik eşqilə atılıb-düşən qəlbimlə, şoran bədənimlə və təbiətin sarılı, mavili rənglərinə boyanan, özündə zərifliyi və möhtəşəmliyi əks etdirən bu nəhayətsiz mənzərə ilə. Bütün bunlara sahib olmaq - bundan sonra bütün gücümü sərf edib buna nail olmalıyam. Burada özüm olaraq qalmağıma heç nə mane olmur, heç nədən çəkinmirəm, maska taxmağıma ehtiyac qalmır: sadəcə, səbirlə yaşamağı öyrənməliyəm. Bu, çox çətin bir elmdir, amma müdrikliyin bütün düsturlarını özündə əks etdirir.
Günortaya yaxın xarabalıqların arasından çıxıb liman yaxınlığındakı kafeyə qayıtdıq. Günəş adamın başının üstünü kəsdirib yandıranda, rənglər adamın gözündə qarışanda bu sərin, kölgəli zalda oturub bir stəkan buzlu nanə suyu içməyin öz ləzzəti var! Pəncərədən baxanda dəniz mənzərəsi və tozdan nəfəsi kəsilən yol görünür. Pəncərə qarşısında oturub günəşin ağ şəfəqlərindən ağaran səmaya baxıram, gözlərimi qıyıram - gözlərim gözqamaşdırıcı işıqdan qapanır. Sir-sifətimiz tərlidir, amma əynimizdəki yüngül paltar öz təravətini qoruyub-saxlayıb və üz-gözümüzdən dünya ilə nikahdan xoşbəxt olan insanın yorğunluğu əks olunur.
Bu kafedə yaxşı yemək olmur, amma bəs qədər meyvə var - ən çox da iri-iri şaftalılar, ye, şirəsi çənəndən axsın. Şaftalının dadına baxdıqca qanımın necə qaynadığını hiss edirəm, gözlərimi bərəldib ətrafa baxıram. Özündə hər şeyi əks etdirən günorta sakitliyi dənizin sinəsinə çöküb. Təbii ki, hər bir gözəl vücud öz gözəlliyi ilə fəxr edir və bu gün də dünya bizi öz gözəlliyi ilə valeh edib. Əgər həyat eşqi mənim üçün özündə hər şeyi ehtiva edirsə, nədən onun - dünyanın - qarşısında həyat eşqimi inkar etməliyəm? Xoşbəxt olmaq ayıb deyil! Bundan sonra axmaq - kraldır, amma mənim üçün həyat eşqilə məst olmaqdan qorxanlardı axmaq. Bizə qürurdan o qədər dəm vurublar ki: bilirsiz də, bu şeytani günahdır. Özünüzü gözləyin, çığırıb deyirdilər, yoxsa sizi öz canlı qüvvəniz məhv edəcək! Əsil-nəcabətimin mötəbər olduğunu öyrəndikdən sonra doğrudan da qürur... Amma indiki şəraitdə həyatdan qürur duymaq hüququmdan imtina edə bilmirəm, sanki dünya-aləm bu duyğunu əlimdən almaq üçün qəsdimə dayanıb. Tipasada görmək və inanmaq - eyni şeydir, mən də əlimlə toxunduğum, ya da dodağımla duyduğum bir şeyi inadla inkar edən deyiləm. Gördüklərimdən hər hansısa bir sənət əsəri kimi mənəvi qida aldığımı bildirmək istəmirəm, mən onun haqqında danışmaq istəyirəm və bunlar ayrı-ayrı şeylərdir. Tipasa mənim üçün dünya haqqında təsəvvürlərini dolayı yolla bildirən personajdır, Onlar bu nəzər-nöqtəsinin xeyrinə şahidlik edirlər, özü də kişi kimi, möhkəm. Bu gün o, mənim personajımdır və hələ ki, mən onu təsvir etməkdən xoşlanıram, deyəsən bu sərxoşluqdan ayıla bilməyəcəyəm. Hər şeyin öz vaxtı var - yaşamağın və həyata bağlanmağın. Bir gün yaratmaq zamanı da gələcək və bu, çox təbii bir şeydir. Bədənimin hər bir hüceyrəsini duyaraq, qəlbimin hər əzələsini hiss edərək ömür sürmək mənə yetir. Tipasanın həyatı ilə yaşamaq və bu həyatı təsvir etmək. Sonra da sənət gələcək. Buradan da azadlıq yuvalanır.
Heç vaxt Tipasada bir gündən artıq qalmamışam. Elə vaxt olur ki, aradan uzun bir zaman keçir və sonra sən tanış mənzərəyə doymaq bilmədən yenidən baxırsan. Dağlar, səma, dəniz - hər şey eynən qəfildən bizi öz halsızlığı, ya da gözəlliyi ilə məftun edən tanış simalar kimidir: bu vaxta qədər də baxmışıq, - baxmışıq ki, görək. Amma hər şey gözəlliyini qoruyub-saxlamaq üçün vaxtaşırı yenilənməlidir. İnsanlar da hər şeyin onları tez təngə gətirdiyindən şikayət edirlər, səbəb də heyranlıqdan doymadan nəyə heyran olduqlarını unutmaqları olur.
Axşamüstü parkın daha səliqəli, abad bağça hissəsinin şosse ilə birləşən tərəfinə qayıtdım. Günəşin və ətirlərin meydan oxuduğu hər şey arxada qaldı, hava axşam sərinliyində mürgüləyirdi, adamın ruhu sakitləşirdi, dincini alan bədən sevginin məmnunluğunu oyadan daxili sakitlikdən qida alır. Skamyaya çöküb ətrafın qaranlığa qərq olmağına, hər tərəfdən hücum çəkib gələn alaqaranlığa tamaşa etməyə başladım. Özümü hər şeydən doymuş kimi hiss edirdim. Möhkəm və nahamar nar çiçəkləri başımın üstündən sallanıb qalmışdı, yazın bütün ümidi bu qönçələrdə əriyib itirdi. Məndən arxada rozmarin bitmişdi, onun məstedici ətrini hiss edirdim. Ağacların arasından təpələr görünürdü, ondan o tərəfə isə - üstündəki səma yelkənli qayığı xatırladan dəniz və sahil... İçimdə qəribə bir sevinc vardı, belə sevinci adama yalnız rahat vicdanı bəxş edə bilir. Elə hisslər var ki, onu yalnız rollarının öhdəsindən yaxşı gəldiklərini hiss edən aktyorlar keçirir, yəni qarşıya qoyulan məqsədə çatmaq üçün ideal personaj yaratmaqla əvvəlcədən cızılmış bir rəsmi gerçəkləşdirə bilmək hissidir bu! Mən də eyni hissləri keçirirdim: rolumun öhdəsindən bacarıqla gəlmişdim. Boynuma düşən adamlıq vəzifəmlə məşğul olmuşdum və bu uzun gün ərzində həyatdan aldığım nəşəni müstəsna uğurum kimi qəbul edirdim, bəzən məlum şəraitdə xoşbəxt olmaq vəzifəsini icra etmək adamda narahatlıq yaradır. Belə hallarda yenidən tənhalığa qapılmaq qorxusu var, amma bu dəfə tam rahatlıq və arxayınlıq...
Artıq, quşlar da ağaclara qonub. Qaranlığa boyun əyməzdən əvvəl torpaq dərindən köks ötürdü. Az sonra ilk ulduzun parıltısı ilə dünya özünü gecəyə təslim edəcək. Parlaq tanrılar öz hər günkü işlərini başa vuracaq, onların yerini başqa tanrılar alacaq. Onlar tutqun və yorğun simaları ilə torpağın tərkindən çıxacaqlar.
Hələ ki, ağacların rəqs edən qızılı barmaqları arasından sıyrılıb gələn dalğaların sahilə çırpılaraq əks-səda verən səsini dinləyirəm. Dəniz, səhra, sakitlik, bu torpaqdan qalxan ətirlər... Özümə həyatın ətirli tərəfini götürürəm və yetişmiş meyvə kimi onun dadına baxıram, dodaqlarımdan süzülən şirəsini həyəcanla hiss edirəm. Yox, məsələ mənlik, ya da dünyalıq deyildi, məsələ mənimlə sevgi dünyası arasında doğulan harmoniyada və sakitlikdəydi.
Müstəsna imtiyazlarla əhatə olunan sevgiyə iddia etdiyimi fəxrlə etiraf edirəm, çünki mən onu bütöv - günəşdən və dənizdən doğulmuş, həyat eşqilə çağlayan, öz böyüklüyünü sadəliklə nümayiş etdirə bilən və sahildə dayanıb ətrafındakı bütün təbəssümləri dərk edərək, səmanın nurlu təbəssümünə təbəssümlə cavab verən qövm kimi görürəm.
Rus dilindən tərcümə edən:
Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!