Dağlar dünyasının əbədi xoşbəxti - Sadıq Elcanlı - Publisistik düşüncələr...

Kəndlər ruhumuzun, yaddaşımızın yurd yerləri, nəsilbənəsil dədə-babalarımızın xatirələr məskəni, əzəli milli-mənəvi dəyərlərimizi qoruyub-saxlayan, yaradıb-yaşadan əbədi həyat qaynağı, canlı tarix meydanıdır. Kəndlər etnogenetik tarix yollarının ilkin bir-birinə bağlayanı, əzəl cığıraçanıdır. Hansısa yazımda işlətdiyim bir cümləni bu məqamda bir daha təkrar edirəm: Şəhər tarix yoluna çıxanda müdrik bir qoca ilə rastlaşdı, bu, kənd idi...

Bu cümlələri yaza-yaza müasir müstəqillik dövründə kəndlərimizə genişmiqyaslı dövlət qayğısı, tarixdə analoqu olmayan kompleks abadlıq, tikinti-quruculuq işləri haqqında düşünürəm. "Naxçıvan: Azadlığın addımları", "Şərqdə doğan günəş" və başqa sənədli filmlərin çəkilişləriylə bağlı Naxçıvan Muxtar Respublikasında olarkən müşahidə etdiyim strateji bir xəttin - kəndlərdə yüksək standartlara cavab verən müasir mədəni mərkəzlərin yaradılması siyasətinin bu gün bütün Azərbaycanda reallaşması qürur doğurur. Bəli, ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyevin müdrik, məqsədyönlü, uzaqgörən siyasəti, tələbkar, ardıcıl, yaradıcı diqqət və qayğısı ilə bu gün Azərbaycan kəndləri həqiqi inkişaf, İntibah dövrünü yaşayır; yeni-yeni məktəblər, xəstəxanalar, müxtəlif sosial-mədəniyyət obyektləri tikilir, indiyə qədər mavi yanacağı olmayan ucqarlara qaz xətləri çəkilir (Mətbuatımızda geniş şəkildə işlədilən "kəndlərimiz qazlaşdırılır" ifadəsi, mən bilən, o qədər də uğurlu deyil. - S.E.), asfalt yollar salınır, müxtəlif təyinatlı iş yerləri açılır, təzə suvarma kanalları şəbəkələriylə istifadəsiz torpaqlar canlanır, məhsuldar dövriyyəyə qoşulur, kəndli özünə, az qala yadırğadığı torpağa qayıdır, pambıqçılıqda, taxılçılıqda, baramaçılıqda, meyvəçilikdə, eləcə də digər sahələrdə Azərbaycan kəndi yenidən öz sözünü deməyə başlayır.

Qəlbimdə şahlıq taxtı quran bu duyğularla dədə-baba kəndim Surraya gedirəm. Neçə müddətdir yataq xəstəsi olan bacım Şəkəri, bu yaxınlarda Kərbəla səfərindən qayıdan böyük qardaşım Məşədi Bayramı, eləcə də kənd qəbiristanını, doğma ruhları ziyarət etmək niyyətindəyəm.

Həyat yoldaşım və oğlumla birlikdə bacılarım Şəkərlə, Sərvinazla görüşüb böyük qardaşım, hamılıqla Qağa dediyimiz Bayramın görüşünə yollandıq.

Səksən iki yaşlı qardaşım bizim gələcəyimizi gözləyirmiş, böyük sevinc, məmnunluq içərisində idi. Kərbəla səfərindən qeyri-adi bir şövqlə danışır, müqəddəs məkanda yaşadığı sirli-sehrli duyğuları bizimlə bölüşürdü. Son vaxtlar onu belə hüdudsuz sevinc, şadyanalıq içərisində görməmişdim.

Söhbətlərinin bir məqamı məni əməllicə heyrətləndirdi. Danışırdı ki, avqustun 25-i, gündüz-günortaçağı idi. Zəvvar yoldaşlarım dükan-bazara çıxmağı təklif etdilər, dedim ki, siz gedin, mən istirahət edəcəyəm; onlar gedəndən sonra yarımqaranlıq otaqda tək-tənha uzanmışdım; yuxulu, ya oyaq olduğumu kəsdirə bilmədiyim qəribə anlar idi; qəfildən ağpaltarlı bir nurani qoca peyda oldu, yaxamdan tutub çəkdi, "Bir ay vaxtın qalıb, bir ayın tamamında gələcəyəm" - dedi...

Böyük qardaşım Bayram bu epizodu birnəfəsə danışdı, sirli-sirli gözlərimə baxdı və qəribə bir sevinc içində pıçıldadı:

- O hesabla düz iki həftə vaxtım qalıb...

Mən etiraz etdim:

- Maşallah, səndə heç nə yoxdur, hələ uzun illər ömür sürəcəksən, şad-xürrəm yaşayacaqsan.

- Yox, o kişi yalan deməz, bir ayın tamamında arxamca gələcək, məni aparacaq...

Və sentyabrın 25-i səhər bazara gedib ayın-oyun alan, günortaçağı deyə-gülə çörəyini yeyib, rahatca namazını qılan Kərbəlayi Bayram bir göz qırpımında Haqqın rəhmətinə qovuşub - həmin nurani qocanın dediyi kimi, saatbasaat düz bir ayın tamamında...

***      

El ağsaqqalı olan, kəndin xeyrinə, şərinə can yandıran 82 yaşlı, səkkiz oğul atası qardaşım Bayram həmin son görüşdə Surranın su problemindən də danışmışdı, demişdi ki, köməyini əsirgəmə. Əslində, bu yazını da ona görə yazıram...

Niyyətim baş tutdu, doğmaları ziyarət edib xeyli yüngülləşdim, amma kənddə eşitdiklərim, gördüklərim, xüsusilə, Bayramın dedikləri ruhumda yeni bir ağırlıq yuvasına döndü. Xüsusilə, içməli su probleminin hələ də həll olunmaması haqlı narazılıq doğurur və bu məsələ məni də narahat etdi, düşündürdü.

Bu məqamda kiçik bir haşiyə çıxmağa ehtiyac duyuram.

Hazırki inzibati ərazi bölgüsünə görə Şabran şəhərinin bir məhəlləsi olan Surra kəndi həmişə içməli su sarıdan korluq çəkib. Təxminən, otuz il əvvəl mən o vaxtkı "Gənclik" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində bu haqda yazmış, bir müddət sonra "Mənim mövqeyim" adlı kitabımda həmin yazıları da yenidən çap etdirmişdim. O yazılardan bir abzası olduğu kimi yada salıram:

"Surra kəndinin ən böyük qayğılarından biri içməli su sarıdandır. Uzun illərin haqlı şikayətlərinə, yazışmalarına, söz-söhbətinə baxmayaraq bu problem hələ də həll edilməmiş qalır. İndiyə qədər burada qumdan sızan çay suyundan istifadə edilir, həmin sızıntı-bulaqlar isə çayın bir-iki metrliyində yerləşir və çay bir balaca daşanda, eləcə də yay vaxtı quruyanda camaat içməli su dalınca rayon mərkəzinə getməyə məcbur olur. Halbuki, Surranın və ona yaxın ətraf kəndlərin bu ciddi ehtiyacını ödəmək üçün yuxarı dağlardakı, xüsusilə, Çinarlar və Nohurlardakı bol, həm də yüksək keyfiyyətli su mənbəyindən istifadə olunması o qədər də böyük vəsait, daimi xərc (nasos, elektrik enerjisi) tələb etmir. Dağların döşündə, meşələrin qoynunda çağlayan bol sulu, şəfalı bulaqları kəmərlər vasitəsilə aşağı kəndlərə gətirmək minlərlə ailənin rahatlığı, könül xoşluğu, xeyir-duası deməkdir.  Rayon partiya komitəsinin yeni rəhbərliyi bu istiqamətdə ciddi, operativ iş görməli, real çıxış yolu axtarıb tapmalıdır. Görüşüb söhbət etdiyim kənd adamları buna ürəkdən əmindirlər. Onlar problemlərin həll ediləcəyinə inanırlar" ("Ədəbiyyat və incəsənət" qəzeti, 5 may 1989-cu il).

O yazılardan sonra adıçəkilən bol su mənbəyindən Surra kəndinə xüsusi xətt çəkilmiş, içməli su problemi demək olar ki, həll edilmişdir. Lakin az sonra naməlum səbəblərdən o su xətti dağıdıldı, Surranın su problemi yenidən gündəmə gəldi. Nəhayət, müstəqillik dövründə, Şabran şəhərinin su-kanalizasiya sistemi əsaslı şəkildə yenidən qurularkən Surra kəndinin (rəsmən Surra məhəlləsinin!) içməli su problemi də həll olunmağa başladı, hətta işin müəyyən hissəsi də görüldü, lakin kiminsə laqeydliyi, işə yarıtmaz münasibəti üzündən bu xeyirxah əməl yarımçıq qaldı. Sonra uzunmüddətli yazışmalar, günahkar axtarmaq, günahı onun-bunun boynuna yıxmaq başladı. Və Surranın içməli su problemi növbəti dəfə dalana dirəndi...

Surra əhalisi, dediyim kimi, adətən Dəvəçiçayın sahil bulaqlarından, yəni çayın sızıntı sularından istifadə edib. Taxtakörpü su anbarına gələn bulanlıq Samur suyunun yuxarı bölgələrdə Dəvəçiçaya qarışması, beləliklə, kəndin içindən keçən çayın tam bulanması, lehməyə dönməsi ənənəvi bulaqları da sıradan çıxarıb, yararsız vəziyyətə salıb, dözülməz mənzərə yaradıb.

(Qardaşım Bayramın yasında kənd ağsaqqalı Əhməd dayı deyirdi ki, indi hərə özünə ayrıca bir quyu qazdırıb vəziyyətdən çıxmaq istəyir; bu, əlbəttə ki, çıxış yolu deyil, problemi bütövlükdə həll etmək lazımdır, necə deyərlər, sivil qaydada. - S.E.)

Kənddən keçən çayın lilli su ilə çirklənməsi, daimi bulanlıq vəziyyəti bir sıra fəsadlar törədir, bu yurdun çayla bağlı adət-ənənələrini, bütövlükdə elat mədəniyyətini zədələyir. Uşaqların, gənclərin yayda çay nohurlarında çimməsi, qadınların, qızların dumduru çay suyunda xalça-palaz yuması, mal-heyvanın təmiz çay suyu içməsi, əhalinin yüksək keyfiyyətli çay balığına həsrət qalması, daha nələr, nələr...

Yadıma ötən əsrin səksəninci illərində Ağdamın Abdal-Gülablı kəndində məşhur alim, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, o vaxt raykomun birinci katibi olan Sadıq Murtuzayev, rayon həmkarlar təşkilatının sədri Zeynal Məmmədov və teleoperator Nəriman Şıxəliyevlə birlikdə etdiyimiz söhbət düşür. Sadıq Murtuzayev Abdal-Gülablı kəndində qurub-yaratdığı qeyri-adi memarlıq kompleksi haqqında danışır, Xudu Məmmədov bu məkanda təbiət və insan münasibətlərinin uğurlu ekoloji-estetik həllini xüsusi vurğulayırdı. "Qoşa qanad" kitabıyla həm də sənətşünas-estetik kimi məşhurlaşan Xudu Məmmədov deyirdi ki, hər bir xalq, etnos, hətta kiçik bir kənd əhalisi belə öz təbiətinə, yaşadığı coğrafi məkana bənzəyir; dağlar qoynunda yaşayanlar vüqarlı, əyilməz olur, çay kənarında yaşayanlar dumduru duyğuları, təmiz ruhu, coşqun təbiəti ilə seçilir... Və böyük alimin sözlərini xatırlaya-xatırlaya onun ad və soyad adaşı, onun kim uca könül sahibi, üç dəfə Həcc ziyarətinə gedən dayıoğlum Xudu Məmmədovla Surra dağları haqqında söhbət edirik, Surranın çay, içməli su problemlərindən danışırıq... Bütün bunlar Surranın ənənəvi həyatını, əmin-arxayın yaşam tərzini, insan-təbiət eko-estetik harmoniyasını pozur, ümumi sosial-mənəvi gərginlik, əsəbi ovqat yaradır; halbuki, bu problemləri aradan qaldırmaq elə də çətin məsələ deyil; əlaqədar idarələrin, məmurların qısa müddətdə bu problemi həll edəcəyinə inanıram.

***

Söhbət etdiyim kənd sakinləri xüsusi olaraq vurğulayırdılar ki, Şabran rayon İcra Hakimiyyəti Surranın su problemi ilə dəfələrlə maraqlanıb, əlaqədər mərkəzi idarələr qarşısında məsələ qaldırıb, lakin real əmələ çevrilməyən vədlərdən başqa heç bir iş görülməyib. Əlbəttə, bu işi AZƏRSU görməlidir, daha doğrusu, müəyyən qədəri görülən iş başa çatdırılmalı, yarımçıqlığa son qoyulmalıdır. Necə olub ki, Şabran rayon mərkəzinin əsaslı şəkildə qurulan təzə su-kanalizasiya sisteminin layihə-smeta sənədlərində şəhərin bütöv bir məhəlləsi yaddan çıxıb? Əgər layihə-smeta sənədlərində Surraya içməli su xətti çəkilməsi yaddan çıxmışdısa, bəs yarıya qədər görülən həmin iş nəyin əsasında reallaşıb? Planlaşmada Surra məhəlləsi unudulmuşdusa, yerli mütəxəssislər, eləcə də mərkəzi idarələrin əlaqədar vəzifə sahibləri niyə vaxtında yada salmayıb, müdaxilə etməyib? Bu məmur laqeydliyinə, biganəliyə nə ad vermək olar? Bəlkə, Surranın köçürülməsi ilə bağlı şayiələr bu yarımçıqlığa əsas verib? Nəhayət, bütün bu çoxsaylı suallara nə vaxt cavab veriləcək? Artıq köçürülmə söz-söhbəti gündəmdə olmadığı üçün bir hissəsi görülən yarımçıq iş nə vaxt başa çatdırılacaq? Surranın su həsrətinə, əzablı nigarançılığına nə vaxt son qoyulacaq?

Kənd əhalisinin mənə verdiyi bu sualları mən də əlaqədar idarələrə, yerli və mərkəzi qurumların böyük və kiçik məmurlarına ünvanlayıram. Və çox arzulayıram ki, həmin suallara realist, operativ, xüsusilə, Surra camaatını razı salacaq əməli, ədalətli cavab verilsin.

Kərbəlayi Bayram Məşədi Qurbanqulu oğlunun rəhmətə getdiyinin səhərisi günü Surraya qəfil yağış yağdı; neçə aydı yandım deyib göylərə göz dikən Surra dağlarının üzü güldü. Qaragiləsinin vaxtı keçən, qərbisinin - cır armudunun vədəsi yaxınlaşan, turş alaca narının qar yağanda dadlı şirinlikdən sinəsi partlayan, quzey Daşlı dərəsində kəklikotusu ruh oynadan, güney yamaclarında yovşanı min illərin xatirələrini danışan, Qara qayasında Qaraca çobanların qəlbi əbədiləşən, Qızıl qayasında Qızılbaş igidlərinin ruhu dincələn Surra dağları yas yerini dörd bir tərəfdən dövrələmişdi; hansı tərəfə baxırdınsa, ilk-əzəl dağlar görünür, dağlar ruhumuzu salama gəlirdi. Və duyğularımda qəti bir inam, ümid vardı ki, fani dünyadan əbədiyyətə köç edən qardaşım bu dağlar dünyasının əbədi xoşbəxtidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!