"Uliss"i necə oxumalı? - Azər Qismət

Kiçik bir tədbirdə, kiçik bir dairədə Azərbaycanın bəzi yazıçıları arasında sorğu keçirdim. Daha doğrusu, soruşdum ki, "Ceyms Coysun "Uliss" əsərini sona qədər oxuyan varmı?". Biri 10, biri 25, lap sonuncu 32 səhifə oxuduğunu bildirdi. Cavab verən sonuncu yazıçı həyatda çox səbirli olduğundan düşündüm ki, səbrin son nöqtəsi 32 səhifə imiş. İrland yazıçısının adıçəkilən romanını necə oxumaq barədə illərlə adi məsləhətlərdən tutmuş fundamental əsərlərə qədər yazılıb. Çox təəssüf ki, bəzən əsəri oxumayanlar elə lap başlanğıcdan qorxudulur: "Yaxşısı budur ki, bu əsəri oxumağa cəhd göstərməyin, alınmayacaq". Hardasa haqlıdırlar. Ancaq bu dünyada ölümdən başqa hər şeyə çarə var. Sadəcə, əsəri müəyyən epizodlara bölüb asan mütaliəyə girişmək mümkündür. Ancaq bir məsələdə tam səmimi görünürlər ki, "Uliss" romanını tam mütaliə edib başa çatdırmaq üçün oxucu 8 dil bilməlidir. Bircə o aydındır ki, Coys qədər oxucuların hissi və əsəbi ilə oynayan ikinci yazıçı hələ doğulmayıb.

"Uliss" modernizmin zirvə nöqtəsi sayılır. 100 məşhur əsərdən biridir. Əslində, süjet xətti sadə olsa da, əsər özündə külli miqdarda tarixi, fəlsəfi, ədəbi və mədəni illüziyaları toplayıb. Kitab yəhudi əsilli Leopold Blumun sadə həyatından bəhs olunur. Söhbət 16 iyun, 1904-cü ildən gedir. "Uliss"in sadiq oxucuları həmin tarixi "Blum günü" kimi də qeyd edirlər. Blum iyunun 16-dakı gününü nəşriyyatda, küçədə və Dublin kafelərindən birində, tanışının dəfnetmə mərasimində, körfəzin sahilində, doğum evində keçirir. Doğum evində Stiven Dedalla tanış olur. Dedal orta məktəb müəllimidir. O, yenicə tanış olduğu Dedalı gecəyarısı evinə aparır. Romanın əsas qızışdırıcı məqamı Blumun xəyanətkar arvadı ilə bağlıdır. Blum arvadına qarşı hər hansı ölçü götürə bilmir. Romanda incə xətt həm də "ata-oğul" məsələsidir. Ata rolunu Blum, oğul rolunu Dedal oynayır. Onlar doğma deyillər. Sadəcə, Coys "atalar və oğullar" məsələsini qabardıb.

Ceymc Coysu zamanın parodiya ustası kimi də təqdim edə bilərik. Parodiya təkcə audio səciyyə daşımır. Məsələ burasındadır ki, Coys romanda müxtəlif epoxa nasirlərinin yazı üslubunu parodiya üslubunda təkrarlayıb. Bunu qəsdən edib, yəni oğurluq-filan yoxdur. Bir romanda yüzlərlə müxtəlif üslublu romanları toplamağı qarşısına məqsəd qoyub və öhdəsindən gəlib. Coys əvvəlcə əsəri "Uliss Dublində" adlandırmaq istəyib. Dostlarına deyib ki, çoxsaylı hekayələrini bir romanda toplamaq niyyətindədir. Sonra fikrindən daşınıb, hekayələrdən ibarət kitabını "Dublinlilər" adlandırıb. "Uliss" əsərinə isə 1914-ci ildə başlayıb.

Aydın məsələdir ki, hər bir oxucu "Uliss"i Coysun qurduğu mexanizm əsasında oxumalıdır ki, nəsə anlasın. Əks halda, çətinlik yaranacaq. Bu əsəri oxumaq üçün Coysun özü olmaq lazımdır. Ədəbiyyatşünaslar hesab edir ki, yalnız 10-cu cəhddən sonra əsəri anlamaq asanlaşır. 20-ci cəhddə isə Coysun özü göz önünə gəlir. Sonuncu variant 50-ci cəhddədir. Bax onda əsər yarıyacan anlaşılır. Bir məsələ çox vacibdir. Romanı oxumağa çalışan şəxsin intellektual bazası olmalıdır. O, tarix, fəlsəfə, ədəbiyyat və incəsənət dünyasını çoxdan ötüb keçməlidir. Məsələn, Azərbaycanda deyilir ki, Məhəmməd Füzulinin qəzəllərini anlamaq üçün "Qurani-Kərim"in bütün ayə və surələrini bilmək vacibdir. Çünki Füzuli əsərlərini Qurandan təsirlənərək yazıb. Ceyms Coysu da anlamaq üçün beynin doluluğu vacib şərtdir. Nəzərə alsaq ki, "Uliss" həm də beyin gimnastikası üçün əla vasitədir, onda tərs oxucuların da sayı artır. Oxuculara əsas məsləhət ondan ibarətdir ki, romanı şərhlərlə bərabər dərc edilən formada alsınlar. Birinci epizodu oxuyandan sonra şərhə nəzər salsalar, romanın oxunuşu asanlaşacaq. Düzdür, hər epizoddan sonra şərhə nəzər salmaq yorucu olsa da, başqa çıxış yolu yoxdur, asan variant belədir. Şərhi oxuyub anlamaq və yenidən birinci epizoda qayıtmaq. Məhz belə etdikdə Coysun yazı mexanizmi barədə məlumat alacaq, həm də gizli kodun açarını tapacaqsız.

Əsəri oxumaq xüsusi yanaşma tələb edir. Yəni, adi qaydada mütaliə kodu sındırmayacaq. Heç kim inciməsin, ancaq kitab xüsusi oxucu dairəsi üçün nəzərdə tutulub. "Marginal" ifadəsi burada yerinə düşür. "Uliss" romanını oxumağa görə oxucuları 2 qismə ayırmaq mümkündür: 1-ci qism oxucular yalnız cümlələri oxuyur və heç bir şərhə nəzər salmır. Bəzən bitib-tükənməyən 5-10 səhifəlik cümləni oxumaq onların xoşuna gəlir, bundan zövq alırlar. 2-ci qism oxucular isə hər cümlənin alt qatını anlamağa çalışırlar. Gəlin, həmin oxucuları prinsipial adlandıraq.

Bundan başqa, "Uliss"i oxumaq üçün İrlandiyanın tarixini və həmin illərdəki ictimai-siyasi hadisələrini də bilmək lazımdır. Digər asanlaşdırcı vasitə Coysun əvvəlki əsərlərinin mütaliəsindən keçir. İlk hekayəsindən tutmuş sonuncusuna qədər mütləq nəzər salınmalıdır. Fikir etməyin. Müəyyən məsləhətlərə əsasən romanı oxuyub başa çatdırmaq mümkündür. Əsərin reputasiyasına baxmayaraq, müəyyən məsləhətlərə əməl etməklə anlaşılır ki, əsər elə də çətin deyilmiş.

Birinci məsləhət: Romanı oxumazdan əvvəl nə istədiyinizi bilməlisiz. "Uliss" 18 epizoddan ibarətdir. Hər bir epizod bir-birinə bənzəmir. İstər üslub, istərsə də cümlə uzunluğuna və mövzu seçiminə görə fərqlidir. 14-cü epizod bütün dövlərin ingilisdilli yazıçılarının parodiyasıdır: Çoserdən tutmuş Dikkensə qədər. 18-ci epizod isə 10 000 sözdən ibarət uzun monoloqdur. O da 2 cümləyə yerləşdirilib. Saqqız kimi uzanan cümləni oxumaq hər bir oxucudan yüksək səbir tələb edir. Hər bir epizod ayrıca kitab şəklindədir. Elə "Uliss"in möhtəşəmliyi də bundadır.

İkinci məsləhət: Romanı oxumaq üçün hər bir sətri izah edən ayrıca kitab alın. Çünki roman kalamburlarla dolub-daşır. Həm də əsəri mütaliə edərkən yarımçıq qoymaq, hansısa işin qulpundan yapışmaq qəti qadağandır. Yoxsa, həmin səhifəyə yenidən qayıdarkən çaşıb qalma ehtimalı yüz faizdir. Əsas odur ki, məzuniyyət götürüb evdə oturun, soyuducuda kifayət qədər qida ehtiyatı toplayın, dostlar və qohumlar zəng etməsinlər, harasa dəvətdən imtina da mümkündür. Ceyms Coys əsəri elə mexanizmlə qələmə alıb ki, oxucu ona özünü kökləyərək yanaşsın. Yəni, "mənim əsərim ya oxunmalı, ya oxunmamalıdır".

Üçüncü məsləhət: Əsəri qarşınıza qoyanda onun barəsində müxtəlif ədəbiyyatşünasların fikirlərinə əhəmiyyət verib üşənməyin. Elə hesab edin ki, bu kitab komediya janrında yazılıb, özü də çox sadədir. 700 səhifəlik əsər Çarli Çaplinin həyatı barədədir, yaxud "Robinzon Kruzo" kinofilmidir. Gülmək üçün əsas da tapaq. Məsələn, Coys "Odisseya"nın qəhrəmanlarını Dublinin yazıq sakinlərinə döndərib. Təsəvvür edəndə necə də gülməli çıxır. Beləliklə, romanı intellektual komediya hesab etsəz, işlər yüngülləşəcək.

Dördüncü məsləhət: Siz əsəri tam başa düşməyəcəksiz. Elə epizodlar var ki, Coys onun anlaşılmaması üçün çox tər töküb. Həmin yerlərdə üzülməyin. Yenə də gülməyə başlayın ki, başa düşmədiz.  Həmin hissələrin üstündən keçin.

Beşinci məsləhət: Epizodların başlığına diqqətlə nəzər salın. Özünüzü kökləyin ki, söhbət nədən gedəcək.

Altıncı məsləhət: Coys əsərdə 2 sxem cızıb. Siz də həmin sxemlərdən yararlanın. Yəqin ki, açar kod elə sxemlərdədir.

Yeddinci məsləhət: Romanın mütaliəsini asanlaşdırmaq üçün kiməsə oxutdurun. "Uliss" oxunanda deyil, eşidiləndə anlaşılır. Heç olmasa 50 faiz.

Səkkizinci məsləhət: Əsəri oxuyarkən cədvəl tutun. Yaxud ay ərzində neçə səhifə oxuyacağınızı qeyd edin. Hər gün belə qaydaya əməl olunmalıdır. Əks halda, bir günlük istirahət sizi həvəsdən salacaq.

Bax belə. İstənilən halda ədəbiyyat adamları hesab edir, ya Coys psixi xəstə olub, ya da oxucularla məzələnib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!