Qayıdış... - Sadıq Elcanlı - hekayə

Ağac onu da başa düşdü ki, bu, yolun sonudur, daha nə irəliyə, nə geriyə, nə sola, nə sağa heç nə, heç bir yol yoxdur.  Və öz-özünə güldü; bədbəxt, sən onsuz da yolsuzsan, ömürlük bir yerə məhkumsan, əyilirsən, düzəlirsən, amma yarımca addım da...

Neçə vaxtdır ki, ağac olduğunu düşünürdü.  Üstəlik onu da hiss edirdi ki, get-gedə kökləri qıc olub yerbəyerdən çat verir, qırılır, yarpaqları elə hey saralıb tökülür, budaqları günbəgün quruyur; son ümid yeri gövdəsi idi, gövdəsinə sığınıb gözləyirdi.

- Manqal üçün quru odun lazımdır, gör bu yaxınlarda nə tapa bilərsən.

- Odur, ağacın quru budaqları...

- Ağaca dəymək olmaz!

- Söhbət ağacdan yox, quru budaqlardan gedir, ağaca yük olan ölü budaqlardan!

- Yaxşı, sən deyən olsun, maşının yük yerindən baltanı götür, dırmaş ağaca!

Sonra balta səslərindən qulaq tutulurdu.  Hər dəfə balta qalxıb enəndə az qalırdı qulaq pərdələri cırılsın; hər balta səsi canında küt bir ağrıya dönüb göynəyirdi; elə acı, elə Allahsız göynəm idi ki...

Manqal alovlanmışdı. Quru budaq parçaları çırtaçırtla yanırdı...

- Şişlər hanı?

- Gətirmişəm, manqalın yanındadır.

- Ət doğranıbmı?

- Hə, hamısını sənin öyrətdiyin kimi doğramışam.

- Gedib hamısını gətir, öyrətdiyim kimi şişlərə çək, beş-on dəqiqəyə duzunu səpib düzərsən manqala, közün üstünə. Mən gedim bulaqdan su gətirim, araq və qarpız da yəqin buz kimi olub, hamısını gətirib süfrəni düzəldim...

Sonra közün üstündə yanıb qovrula-qovrula qışqırırdı ki, sən bu zülmü necə götürürsən, Allah?!

Allah kədərli idi, kədəri köz kimi körüklənirdi, qəlbi quru budaqlar kimi yanırdı, gözləri qan çanağına dönmüşdü. Mələklər təşviş içində vurnuxur, heç vaxt görmədikləri bu ağır, yanğılı mənzərədən dəhşətə gəlirdilər...

Bəsdir daha!!! - Qəfil qışqırığa hamı diksindi.

İclası aparan hamıdan çox diksinmişdi, elə diksinmişdi ki, eynəyi gözündən yerə düşmüşdü; əyilib eynəyini götürdü, sınıb-sınmadığını yoxlayıb rahat nəfəs aldı:

- Kim idi o yaramaz?!

- Mən idim... Bağışlayın, cənab...

- Nəyi bağışlayım?! Niyə bağışlayım?! Necə bağışlayım?!

- Mən... Mən... Ağac... Manqalın üstündə...

Hamı güldü. Əslində, bu, gülüş deyildi, hırıltıdan qulaqları tutulurdu.

- Çıx! Çıx bayıra! Sənin adam olmağına hələ çox qalıb, odunun biri odun!

Müavin direktorun səsinə səs verdi:

- Düz deyirsiniz, bu, heç vaxt adam olmayıb; kötük idi, kötükdür və kötük olaraq qalacaq. Bunda mərifətdən, mədəniyyətdən əsər-əlamət...

Hırıltıdan yenə qulaq tutuldu. Yeganə gülməyən birinci müavin idi, qızarmışdı, əsəbi şəkildə demək istəyirdi ki, qaydaya əməl etmək, öz növbəni gözləmək lazımdır; sən özün nə vaxt adam olacaqsan, ay adi müavin oğlu adi müavin...

Müavin çox mötəbər mənbədən dəqiq məlumat almışdı ki, birinci müavin vurulmaq, ən azı işdən qovulmaq ərəfəsindədir və buna görə onun qızara-qızara düşündükləri heç vecinə də deyildi, əksinə, bir pillə yuxarı yüksələcəyi ümidi və inamı ilə bəxtəvərlik badələrini nuş edirdi, eləcə xoşbəxtlik dəryasına baş vura-vura, qalstukunu düzəldə-düzəldə dedi:

- Vaxtında mövqe və münasibət bildirmək, həqiqi vətəndaşlıq qeyrətiylə həqiqəti demək lazımdır, qızara-qızara susmaqla çox da uzağa getmək olmaz. Susmaq səhvlərlə barışmaq, alçaqlarla bir yerdə olmaq əlamətidir, belələrinə sıralarımızda yer olmamalıdır və yəqin ki, olmayacaq!  Çox qısa zamanda haqq və həqiqət öz yerini tutacaq!

Hamı əl çaldı; alqış və hırıltı səslərindən qulaq tutulurdu.

Qulaqlarını tutdu, amma səslər azalmadı. Heyrətlə ətrafına baxdı, heç kim yox idi. İclas hanı bəs? Büzüşüb balacalaşa-balacalaşa, lap yumağa dönə-dönə acı-acı gülümsündü, gözlərinin dərinliyində dəli bir hönkürtü dil açdı; qəfildən əliylə ağzını qapadı, körüklənən hönkürtü səsini boğub korun-korun tüstüləndi...

- Əmi, ay əmi...

Hər tərəf tüstü içində idi, tüstüdən göz-gözü görmürdü.

- Amca, ay amca...

Tüstü qara lehmə, iylənmiş bataqlıq palçığı kimi bütün varlığını, bütün ruhunu bürümüşdü, yerlər, göylər üfunətli palçıq içində idi.

- Dyadya, ey, dyadya...

Palçıq qara-qançır girdab kimi bütün yerləri, göyləri, bütün dünyanı özünə çəkib udur, yox edir, doydum demirdi...

- Müsyö, ay müsyö...

Mələklər iyrənc palçığa heyrətlə baxır, xısın-xısın nəsə danışa-danışa başlarını bulayırdılar. Bircə şeytan nəşəylə gülə-gülə deyirdi ki, əvvəli palçıq olanın sonu da palçıq olar, qorxunc, üfunətli, iylənmiş palçıq! Bataqlıq palçığı!..

- Mister, ey, mister...

Balaca qız uşağı idi, gözlərindən bıldır-bıldır yaş axa-axa onun şalvarının dizindən tutub çəkirdi, evdə, qonşuda, küçədə, ekranlarda eşidib öyrəndiyi bütün sözlərlə onu çağırırdı.

Bir anda min ilin yuxusundan oyanıb titrədi, əyilib uşağın qabağında diz çökdü, hönkürtüsü boğulan gözləriylə ona baxdı:

- Nə deyirsən, canım-gözüm? - Və hönkürtü bütün bənd-bərəni söküb dağıtdı, qarşısıalınmaz selə, daşqına döndü; hələ dünyada qəfil hönkürtünün qabağını heç bir qüvvə, heç bir bənd ala bilməyib...

Uşağın gözləri sübh günəşi kimi heyrətlə açılmışdı:

- Əmi... Amca... Dyadya... Müsyö... Mister... Nolar, ağlama. Bax, mən daha ağlamıram, sən də ağlama...

Hər iki əliylə var gücüylə ağzını qapadı, hönkürtüsünü boğdu; bənd-bərəni söküb dağıdan dağıdıcı daşqın, qəfləti sel səngiyib boğula-boğula susdu.

Uşaq böyük bir iş görübmüş kimi fərəhləndi, hətta gözlərində ilk badam gülü kimi təzə-tər təbəssüm çiçəklədi, sir-sifətində gülüş qırıntıları sayrışdı:

- Bax belə, sən yaxşı əmisən... amcasan... dyadyasan... müsyösən... mistersən... Ağlama, - balaca əlləriylə selin, daşqının ayaq izlərini, çala-çökəklərdə ilişib qalan göz yaşlarını silə-silə ona ürək-dirək verdi, -  hər şey yaxşı olacaq, bir də heç vaxt ağlama; bilirsən, böyüklər ağlayanda uşaqlar ölmək istəyir... - Susub başını qaldırdı, buludların arasından ağappaq iplər kimi şüaları sallanan günəşə, ondan da ucalara baxdı. - Nolar, böyükləri ağlamağa, uşaqları ölməyə qoymayın...

Leysandan sonra açılan səma dumduru idi. Dünyanın duruluğu gözlərini qamaşdırırdı.

Sakitləşmişdi. Uşaqdan soruşdu:

- Məni niyə çağırırdın?

Uşaq ağacın quru budağına ilişən şarını göstərdi:

- İstəyirdim ki, onu xilas edəsən.

Acı-acı gülümsədi:

- Xilas... Sən lap böyüklər kimi danışırsan. Bu dəqiqə sənin arzunu yerinə yetirib şarını xilas edərəm...

Quru budaqlarına uzun-uzadı baxdı, nigarançılıqla, diqqətlə, dönə-dönə baxdı, nəhayət ki, yaşıl şarı gördü, xeyli rahatlandı, hətta demək olar ki, bir anlıq xoşbəxt oldu. Şarın ağappaq ipi qupquru budağa dolaşmışdı, elə bil şar özünü asmışdı, yel vurduqca yellənirdi. Yarpaqları sarala-sarala tökülən əlini uzadıb şarın quru budağa dolaşan ipini açdı; əyilib yenidən balaca qızın qarşısında diz çökdü, özünü quru budaqdan asan yaşıl şarı ona uzatdı:

- Al, bu da sənin şarın.

- Bu, hamımızın şarıdır, təkcə mənim deyil.

- Necə yəni?

- Görmürsən? Üstündə bizim planetin şəkli çəkilib, bax da, bunlar qitələrdir, bunlar okeanlardır... Sən baxçaya getməmisən?

- Hımm...

- Mızıldama, ya hə de, ya yox, görünür, getməmisən, baxçada bunların hamısını öyrədirlər. - Qız balaca əlini uzadıb yenə onun göz yaşlarını sildi və kədər külçəsini daha yaxından görüb tez pıçıldadı. - Ağlama, kədərlənmə, mən heç kimə demərəm ki, sən heç nə bilmirsən, - bir qədər susub çiçəkləyən təzə-tər təbəssüm içində davam etdi, - mən sənə hamısını öyrədərəm, özünü quru budaqdan asan şarın axmaqlığını da, pişikləri tutmağın ən asan yolunu da, yağ-çörəyi ləzzətlə yeməyin sirrini də, hamısını, hamısını öyrədərəm, təki sən ağlama, kişilər ağlamaz. - Qəribə, sirli düşüncələr içində pıçıldadı, sanki böyük bir sirr açdı. - Kişilər ağlayanda dünya yetim qalır...

Uşaq susdu, elmi mühazirəsini danışıb qurtaran babası - qoca akademik kimi dərindən nəfəs aldı, eynən onun təki başını bulaya-bulaya öz-özünə deyindi: "İndiki insanlar heç nəyi bilmirlər, bilmək də istəmirlər, bunların axırı necə olacaq?.." - Eləcə öz-özünə deyinə-deyinə, danışa-danışa, əlindəki ağappaq ipdən asılan yaşıl şarını yellədə-yellədə uzaqlaşdı.

Quru budaqlar manqalın içində çırthaçırtla yanıb köz salmışdı, şişlərə çəkilən təzə ət cızhacızla bişib qızarırdı və qaydanı pozub növbədənkənar danışan adi müavinə hirs-hikkəylə baxan birinci müavin pörtüb qızara-qızara bilmirdi neyləsin, kəsilə-kəsilə yanında oturan təsərrüfat işləri şöbəsi müdirinin əlindəki ağappaq ipə baxırdı...

Qəfildən gördü ki, qupquru budaqlarında ətcəbala tumurcuqlar yuxulu gözlərini açır, bapbalaca yaşıl yarpaqlar gülüşür. Gün işığında gözü qamaşan ətcəbala gülüş səsləri dirilik suyu kimi qupquru budaqların canına hopur, canın sirli yollarında sürünür, iməkləyirdi. Allahın gülən gözləri əsl xoşbəxtliyin nə olduğunu göstərirdi. Və Adəm oğlu adam Allahın qadir qələmiylə yazılan, göstərilən bu möcüzəyə baxa-baxa çoxdan unutduğu özünü görür, neçə vaxtdır tərk etdiyi özünə qayıda-qayıda xoşbəxt olurdu.

***  

Xalqlar da belədir, zaman-zaman İtkin yollardan özünə dönür, yorğun yaddaş ağacında ətcəbala tumurcuqlar göz açır, yaşıl yarpaqlar gülüşür, qırılan köklərinə, quruyan budaqlarına qayıdır; onda köklər daha dərinlərə, budaqlar daha ucalara can atır, xoşbəxtliyin işığında Allahın gülən gözləri daha aydın görünür və bilənlər bilir ki, Allah bilir ki, bilənlər bilir. Bu, gülən gözlərin əbədi sirridir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!